Azərbaycan Prezidenti İlham Əliyev
Lyublyana şəhər meriyasında olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyaya rəsmi səfəri çərçivəsində iyunun 9-da Lyublyana şəhər meriyasında olmuşdur.
Dövlətimizin başçısını meriyanın qarşısında Lyublyananın meri Zoran Yankoviç qarşıladı.
Z.Yankoviç Prezident İlham Əliyevi salamlayaraq yeddi il əvvəl iş adamı qismində Bakıda olduğunu məmnunluqla xatırladı. O, Bakı ilə Lyublyana arasında əməkdaşlığın daha da inkişafı üçün çalışacağını bildirdi.
Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində qazandığı qələbəyə görə təbrik edən Lyublyana şəhərinin meri gələn il Sloveniyanın bir çox incəsənət adamının Azərbaycana səfər edəcəyini qeyd etdi.
Dövlətimizin başçısı Lyublyana şəhərinin inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirdiyini bildirdi.
Prezident İlham Əliyev son bir neçə il ərzində Lyublyananın daha da müasirləşdiyini, abadlaşdığını və çox gözəl Avropa şəhərinə çevrildiyini vurğulayaraq dedi:
- Mən görürəm ki, həm şəhər rəhbərliyi, eyni zamanda, sakinlər öz şəhərlərinə çox böyük məhəbbətlə yanaşırlar. Burada abadlıq, quruculuq və bərpa işləri böyük zövqlə aparılmışdır. Bütövlükdə Sloveniya-Azərbaycan əlaqələrinin inkişafı üçün bu gün çox əlamətdar bir gündür. Bu gün keçirdiyim görüşlər, apardığım danışıqlar və sabah keçiriləcək tədbirlər ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və bu əlaqələrimiz gündən-günə güclənir. Eyni zamanda, sabah keçiriləcək birgə biznes forum iqtisadi sahədə də əlaqələrin inkişafı üçün çox təsirli olacaqdır. Çünki qarşılıqlı maraq çox böyükdür və birgə iş görmək üçün bütün imkanlar vardır. Eyni zamanda, parlamentlərarası əlaqələr də yaxşı səviyyədədir. Mən burada köhnə dostumu görməkdən də çox məmnunam. Biz Strasburqda birlikdə işləmişik və çox yaxşı günlərimiz, yaxşı söhbətlərimiz olub. Azərbaycan artıq 10 ildir ki, Avropa Şurasının üzvüdür. Amma görüşlərimizin baş tutduğu o vaxt biz Avropa Şurasına təzə üzv olmuşduq və əlbəttə ki, bizim üçün hər şey orada təzə idi. Biz istəyirdik ki, tezliklə Avropa Şurasına inteqrasiya edək, öz yerimizi tutaq və cənab Yankoviç də bizə çox kömək göstərmişdi.
"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan gənclərinin qazandıqları qələbə münasibətilə təbrikinizə görə təşəkkür edirəm. Bir ildən sonra sloveniyalı qonaqları qəbul etməyə hazırıq, o cümlədən sizi, cənab mer. Amma ümid edirəm ki, siz ondan əvvəl Bakıya gələcəksiniz və biz əlaqələrimizi davam etdirəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Dövlətimizin başçısı meriyanın xatirə kitabına ürək sözlərini yazdı.
AzərTAc
Azərbaycan.- 2011.-11.iyun.- S.3.