Azərbaycanın müdafiə naziri Brüsseldə İSAF əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşdə iştirak etmişdir

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Brüsseldə NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşdə iştirak etmişdir.

Azərbaycanın NATO yanında nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Şimali Atlantika Alyansının mərkəzi qərargahında keçirilmiş görüşdə nazirlər İSAF əməliyyatının hazırkı durumu, o cümlədən rəhbər rolunun Əfqanıstan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, Əfqanıstan təhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparmışlar. Bundan əlavə, görüşdə Əfqanıstanda qanunun aliliyinin gücləndirilməsi məqsədilə NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiq edilmişdir.

Nazir S.Əbiyev NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə də görüşmüşdür. Görüşdə Azərbaycan-NATO münasibətləri, NATO ilə operativ uzlaşmanın artırılması, ölkəmizin İSAF əməliyyatına töhfəsi və digər məsələlər müzakirə edilmiş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində S.Əbiyev Polşanın müdafiə naziri Boqdan Kliç ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2011.-11 iyun.- S.3.