Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ali təhsil və elmi tədqiqat müəssisələrinə şamil olunmayacaqdır

 

Milli Məclisin iclasında

 

İyunun 10-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdi, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar onları maraqlandıran məsələlər barədə fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Bu günlərdə yağan dolu və leysan nəticəsində Füzuli rayonuna dəyən ziyandan söz açan Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, təbii fəlakət əhaliyə və onların əmlakına, əkin sahələrinə ciddi zərər vurmuşdur. Lakin çox böyük ziyana düşmüş insanların nə əmlakının, nə də əkin sahələrinin sığortası var. Ölkəmizin sığorta qanunvericiliyinin kifayət qədər mükəmməl olduğunu deyən Bahar Muradova əhali arasında maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyacın olduğunu bildirdi. Milli Məclis Sədrinin müavini bu məsələdə cavabdeh qurumların fəaliyyətsizliyini də diqqətə çəkdi.

Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı danışıqlarda yeni mərhələnin başladığını deyən Bahar Muradovanın sözlərinə görə, hər bir siyasətçi, hər bir mətbuat nümayəndəsi buna bir nömrəli məsələ kimi yanaşmalı, öz töhfəsini verməyə çalışmalıdırlar.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihələri ilə bağlı məlumat verdi. Komitə sədri bildirdi ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa bu məzmunda 19.3-cü maddənin əlavə olunması nəzərdə tutulur: "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır".

Əmək Məcəlləsinin 4-cü maddəsinə nəzərdə tutulan dəyişiklikdə isə göstərilir ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ali təhsil və elmi tədqiqat müəssisələrinə şamil edilmir.

İclasda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov elmi dərəcəsi olan şəxslərin sayı barədə məlumat verdi. Qeyd etdi ki, hazırda Azərbaycanda elmi dərəcəsi olan 10723 nəfərdən 1827 nəfəri elmlər doktoru, 8896 nəfəri isə elmlər namizədidir. Bu insanlardan 5910 nəfəri pensiya yaşındadır. Bunların 1460 nəfəri elmlər doktoru, 4460 nəfərə yaxını isə elmlər namizədi olan şəxslərdir. Səlim Müslümovun sözlərinə görə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik qüvvəyə mindikdən sonra pensiyaların artımla verilməsi üçün 1 ayda 830 min manata yaxın, 6 ayda isə 5 milyon manat vəsaitə ehtiyac var. DSMF sədri onu da qeyd etdi ki, bu praktika Litva, Ukrayna və Rusiyada da var.

Müzakirə olunan məsələlərlə bağlı deputatlardan Gövhər Baxşəliyeva, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Hikmət Atayev, Siyavuş Novruzov, Abel Məhərrəmov, Elton Məmmədov, Astan Şahverdiyev fikirlərini bildirdilər.

Hər iki qanun layihəsi təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İcra məmurları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "İcra haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlarda, Mülki Prosessual, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Cinayət və Mülki məcəllələrdə, Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihələri, o cümlədən "Azərbaycan Respublikası Ali Məhkəməsi və İqtisad Məhkəməsi hakimlərinin xidməti vəsiqəsinin nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2000-ci il 30 sentyabr tarixli 930-IQR nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə məlumat verdi.

Qısa müzakirədən sonra qanun layihələri və qərar layihəsi təsdiq olundu.

Qısa fasilədən sonra Milli Məclisin iclası davam etdirildi. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi ilə bağlı məlumat verdi. Bildirdi ki, qanunun 12-ci maddəsinin ikinci hissəsinə bu məzmunda ikinci cümlənin əlavə edilməsi nəzərdə tutulur: "Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur".

Qanun layihəsi qəbul olundu.

İclasda "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi də müzakirə edildi. Layihə ilə bağlı Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi. Valeh Ələsgərov layihə barədə məlumat verərək qeyd etdi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilib. Vergi Məcəlləsinin 106-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycanı təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatların vergidən azad edilməsi nəzərdə tutulur. 122-ci maddəyə təklif olunan dəyişikliyə görə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur.

Layihə ilə bağlı deputatlardan Etibar Hüseynov, Arif Əşrəfov fikirlərini bildirdilər. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq olundu.

İclasda son olaraq "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edildi. Layihə ilə bağlı məlumat verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dedi ki, müstəqilliyimizin 20 ili həm də milli-mənəvi dəyərlərə qayıdış dövrüdür. Dövlətimiz müstəqillik əldə etdikdən sonra dünyəvi dövlətçilik modelini seçmiş, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çox mühüm addımlar atılmış, "Dini etiqad azadlığı haqqında" qanun qəbul edilmişdir. 1992-1995-ci illər Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı istiqamətində müəyyən təbəddülatlı və çətin dövr kimi yadda qalmışdır. Həmin illər sovet imperiyasından sonra yaranmış boşluğun nəticəsində ayrı-ayrı dini qurumların, təriqətlərin Azərbaycanın mənəvi məkanına daxil olması dövrü olmuşdur. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyasının müvafiq müddəaları dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində irəliyə atılan addımlar oldu. 1997-ci ildən dövlət-din münasibətlərində olan çatışmazlıqların aradan qaldırılması üçün qanuna edilən dəyişikliklər ayrı-ayrı zərərli cərəyanların qarşısını aldı. Hər bir dəyişiklik zamanın çağırışına uyğun olaraq edilmişdir. Hazırda müzakirəyə təqdim olunan layihəyə əsasən qanuna 19 dəyişiklik və əlavə nəzərdə tutulur. Rəbiyyət Aslanova bununla bağlı ətraflı məlumat verdi.

Müzakirələr zamanı deputatlardan Tahir Rzayev, İlyas İsmayılov, Qüdrət Hüseynquliyev, Musa Qasımlı, Siyavuş Novruzov, Fəzail Ağamalı, Aydın Mirzəzadə layihə ilə bağlı fikirlərini diqqətə çatdırdılar. İclasda iştirak edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Sabir Həsənli də layihəyə münasibətini bildirdi.

Yekunda qanun layihəsi təsdiq olundu.

 

                

Azərbaycan.- 2011.-11 iyun.- S. 4.