Ramiz Mehdiyev: Bakı Beynəlxalq Humanitar Forumu ümumbəşəri qarşılıqlı humanitar əlaqələr problemini əhatə edir

 

Moskvada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin iclası başa çatmışdır.

Akademik Ramiz Mehdiyev iclasın yekunlarını kütləvi informasiya vasitələri üçün şərh edərək demişdir ki, Bakı Forumunun keçirilməsi ilə əlaqədar bütün məsələlər kompleksi işçi qaydada müzakirə edilmişdir. O demişdir: "Təşkilati, hətta mən deyərdim, nəzəri xarakterli məsələlər və bu humanitar forumun müzakirəsinə çıxarılmalı olan məsələlər də var idi. Çünki humanizm, humanitar məsələlər insan həyatının demək olar ki, bütün fəaliyyətini əhatə edir. Buna görə də forum bu baxımdan müəyyən mənada orijinal olacaqdır. Bu gün burada işçi qrupu iclas keçirir. O, həyata keçirilməsi zəruri olan daha konkret məsələləri həll edəcəkdir".

Forumun son dərəcə maraqlı və zəngin olacağını bildirən Sergey Narışkin demişdir: "Biz diskussiyaların mövzuları və iştirakçıların tərkibi barədə razılığa gəldik. Plenar iclaslardan əlavə, bir neçə panel iclası da olacaqdır. Onların sayını və adlarını deməyəcəyəm, lakin müəyyən maraq yaratmaq üçün 3 panel diskussiyasının adlarını çəkirəm: "İqtisadi inkişafın müasir modellərinin humanitar problemləri"; "Humanizmin fəlsəfi problemləri"; "Biotexnologiyalar və etika problemləri". Bunlar çox ciddi, fəlsəfi, humanist mövzulardır. Həmin diskussiyalarda bizim cəmiyyətlərin qarşısında, bəşəriyyət qarşısında duran suallara cavab verilməlidir".

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iyunun 25-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazanda keçiriləcək görüşündən nə gözlənilməsi barədə sualı cavablandıraraq bildirmişdir ki, üç prezidentin görüşündə Dağlıq Qarabağ məsələləri də müzakirə ediləcəkdir. Həmin görüşdən nə gözlənilməsi barədə indi nə isə demək çətindir. R.Mehdiyev vurğulamışdır: "Hər halda, biz bu görüşdən çox şey gözləyirik. Ümid edirik ki, bu görüş həmin məsələnin, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə təkan verəcəkdir. Bu mənada Azərbaycanın mövqeyi məlumdur, cənab Prezident İlham Əliyev bunu dəfələrlə demişdir. Bu, ərazi bütövlüyü və Dağlıq Qarabağ üçün yüksək muxtariyyətdir. Aşkardır ki, həmin məsələlərin müzakirəsi bu rakursda aparılacaqdır. Bu görüşün nə ilə nəticələnəcəyini indi söyləmək çətindir. Hər halda, Azərbaycan ictimaiyyəti gözləyir ki, bu görüş həmin problemin həllində irəliləyiş üçün yeni təkan verəcəkdir".

Ramiz Mehdiyev qarşıdakı humanitar forumun orijinallığının nədən ibarət olacağı barədə sualı şərh edərək demişdir ki, bu forumun orijinallığı onun bu qəbildən ilk forum olmasıdır. O, sözünün sonunda demişdir: "Əvvələn, bu, beynəlxalq forumdur. İkincisi, bir amili xüsusi vurğulamalıyıq ki, bu forum iki prezidentin - Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə keçirilir, iki dövlət belə bir beynəlxalq forum keçirilməsi məsuliyyətini öz üzərinə götürmüşdür. Orijinallıq da elə bundadır. Bundan əlavə, bizim ölkələrimizin prezidentlərinə qədər heç kəs bu ümumbəşəri, ümumdünya miqyaslı qarşılıqlı humanitar əlaqələr problemini dünya ictimaiyyətinin müzakirəsinin gündəliyinə daxil etməmişdir".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-11 iyun.- S. 4.