İsmayıllıda akademik Ramiz
Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü"
kitabının ictimai müzakirəsi keçirilmişdir
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir.
Tədbirdə məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov qeyd etmişdir ki, tarixi Azərbaycan torpağı olan Zəngəzur mahalının Gorus şəhərində absurd yalanların yer aldığı teatra bənzər məzhəkədə Ermənistan prezidenti Serj Sarkisyanın dilə gətirdiyi "uydurma tədqiqatlar" akademik Ramiz Mehdiyev tərəfindən elmi əsaslarla ifşa olunmuşdur. Ermənistan prezidentinin uydurmalarına ilkin tutarlı cavab məhz "Gorus-2010: absurd teatrı mövsümü"" əsəri vasitəsilə verilmişdir. Erməni saxtakarlığını tarixi dəlillərə istinadən ifşa edən bu əsər ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Bu tədqiqat əsəri nadir xəritələrin və qiymətli mənbələrin yer aldığı kitab şəklində də işıq üzü görmüş, mənfur erməni təbliğatına qarşı olduqca dəyərli mənbə rolunu oynamaqla, ideoloji mübarizədə daha zəngin faktlara söykənmək üçün kəsərli silaha çevrilmişdir.
Tədbirdə rayon ziyalılarından Əzizə Vahabova, Ramiz Baloğlanov, Rüstəm Səmədov, İsmayıl Tarverdiyev və başqaları çıxış edərək bildirmişlər ki, özlərini dünyaya "məzlum xalq" kimi təqdim edən ermənilər məkrli uydurmaları ilə, türklərə və azərbaycanlılara qarşı törətdikləri kütləvi soyqırımılarına və işğalçılıq siyasətlərinə hüquqi don geydirməklə dünya ictimaiyyətini çaşdırmağı qarşılarına məqsəd qoymuşlar. Amma onlar istədiklərinə nail ola bilməyəcəklər. Ermənistanın qeyri-konstruktiv mövqeyi erməniləri uçuruma sürükləməkdədir.
Çıxış edənlər bildirmişlər ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı məkrli erməni yalanlarına qarşı mübarizədə dəyərli elmi vəsait kimi ictimai-humanitar yönümlü fənlərin tədrisində də geniş istifadə edilməlidir. Rayon fəalları Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində ərsəyə gələn belə əsərin ermənilərin qanlı cinayətlərinin və hiyləgərliklərinin bütün dünyada ifşa olunmasında qiymətli mənbə olduğunu qeyd etmiş, müstəqilliyimizin qorunmasında daha ayıq-sayıq olmağın, dövlət başçısı İlham Əliyevin apardığı siyasəti dəstəkləməklə onun ətrafında daha sıx birləşməyin vacibliyini vurğulamışlar.
"Gorus-2010: absurd teatrı mövsümü" kitabının rus dilində olan nəşrinin rayonun İvanovka kəndində də müzakirəsinin keçirilməsi qərara alınmışdır.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2011.-11 iyun.- S. 4.