Prezident Administrasiyasının
şöbə müdiri
Əli Həsənov Berlində səfərdə
olmuşdur
Almaniyanın qabaqcıl
universitetlərindən biri olan Berlin Humboldt Universitetində fəaliyyət
göstərən Azərbaycan tarixi kafedrasının işi
ilə tanış olmaq, eləcə də universitetin tələbələri
qarşısında ölkəmiz haqqında məruzə ilə
çıxış etmək məqsədi ilə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, professor Əli Həsənov
iyunun 8-dən 11-dək Berlində səfərdə
olmuşdur.
İyunun 9-da Humboldt
Universitetində Almaniya ictimaiyyətinin və Azərbaycan
diasporu nümayəndələrinin iştirakı ilə təşkil
olunmuş görüşdə Əli Həsənov “Azərbaycanın
müasir inkişafı: Mövcud vəziyyət və
perspektivlər” mövzusunda geniş məruzə ilə
çıxış etmiş, iştirakçıların
çoxsaylı suallarını
cavablandırmışdır.
Professor Əli Həsənov
iyunun 10-da Humboldt Universitetində Azərbaycan tarixini öyrənən
tələbələr qarşısında “Cənubi Qafqaz,
mövcud geosiyasi vəziyyət və Azərbaycan”
mövzusunda ikinci məruzə ilə çıxış etmiş,
dinləyiciləri maraqlandıran çoxsaylı suallara cavab
vermişdir. Sonra şöbə müdiri Azərbaycan tarixi
kafedrasına, universitetin arxivi və kitabxanasına baş
çəkmiş, onların fəaliyyəti ilə
tanış olmuşdur.
Səfər proqramı
çərçivəsində Əli Həsənov Berlində
Almaniya Bundestaqının üzvü Philipp Misfelder ilə
görüşmüş, Almaniya ilə Azərbaycan
arasında münasibətlərin hazırkı vəziyyəti
və gələcək inkişaf yollarını müzakirə
etmişdir. Şöbə müdiri, həmçinin Berlindəki
Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinə
baş çəkmiş, Mərkəzin fəaliyyəti ilə
tanış olmuş, tövsiyələrini vermişdir.
Azərbaycanın
Almaniyadakı səfiri Pərviz Şahbazov görüşlərdə
iştirak etmişdir.
Şöbə
müdiri Əli Həsənov ölkəmizin Almaniyadakı səfirliyində
olmuş, səfirliyin kollektivi ilə geniş tərkibdə
görüş keçirmiş, Azərbaycan dövlətinin
xarici siyasətinin həyata keçirilməsi istiqamətində
qarşıya qoyulmuş vəzifələr və bu istiqamətdə
görüləcək işlərlə bağlı bir
sıra tövsiyələr vermişdir.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.- 2011.-11 iyun.- S. 5.