MDU-da Azərbaycan
Respublikasının müstəqilliyinin 20 illiyinə həsr
edilmiş ekspertlər seminarı keçirilmişdir
Moskvada ekspertlərin "Azərbaycan
Respublikası. Müstəqilliyin 20 ili" mövzusunda
seminarı keçirilmişdir.
Azərbaycanın
Rusiyadakı səfirliyinin dəstəyi ilə MDU-nun tarix
fakültəsi tərəfindən təşkil edilmiş
seminarın işində Azərbaycanın və Rusiyanın
tanınmış politoloqları, elmi dairələrin
nümayəndələri və tələbələr
iştirak etmişdir.
MDU-nun tarix fakültəsinin
dekanı Sergey Karpov seminarı açaraq belə
diskussiyaların iki dövlət arasında münasibətlərin
möhkəmlənməsi üçün əhəmiyyəti
barədə danışmışdır.
Azərbaycanın RF-dəki
səfiri Polad Bülbüloğlu da tədbir
iştirakçılarını salamlamışdır. O, XX əsrin
tarixinə qısaca nəzər salmış, bugünkü
Azərbaycanın uğurlarından söhbət
açmışdır. Səfir ölkənin ümumi
böhrandan çıxarılmasında ümummilli lider Heydər
Əliyevin müstəsna rolunu xüsusi
vurğulamışdır. Diplomat Azərbaycanın geosiyasi vəziyyətini
də səciyyələndirmiş, Azərbaycan ilə Rusiya
arasında münasibətlərin vacibliyini
vurğulamışdır. P.Bülbüloğlu Ermənistan-Azərbaycan
münaqişəsinin dinc yolla tənzimlənməsi məsələsi
üzərində ətraflı dayanmış, bu prosesdə
Rusiyanın mühüm rolunu və son illərdə
nümayiş etdirdiyi fəal mövqeyini qeyd etmişdir.
Sonra səfirlik tərəfindən
Bakıdan dəvət edilmiş Milli Məclisin deputatı,
müstəqil politoloq Rasim Musabəyov "Azərbaycan
Türkiyə və Rusiyanın strateji cazibə
meydanında" mövzusunda məruzə ilə
çıxış etmişdir. Politoloq bir məqama
xüsusi diqqət yetirmişdir ki, Azərbaycan Türkiyə
və Rusiya ilə münasibətlər qurur, bu münasibətlərin
Türkiyə ilə Rusiya arasında müşahidə edilən
yaxınlaşma kontekstində çox yaxşı perspektivləri
vardır. Onun sözlərinə görə, Azərbaycan bu
üçbucağı qapayır və regionun aparıcı
ölkələrinin yaxınlaşması Azərbaycanın mənafelərinə
tamamilə uyğundur.
Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun direktoru İlham Məmmədzadə "Modernləşmə
xətti və Azərbaycanda elmin vəzifəsi"
mövzusunda məruzə ilə çıxış
etmişdir. Məruzədə qloballaşan dünyada Azərbaycanın
inkişafının əsas aspektlərinə toxunulmuşdur.
Diskussiyalarda rusiyalı
ekspertlər: Postsovet məkanının öyrənilməsi
mərkəzinin rəhbəri Aleksey Vlasov, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun postsovet
araşdırmalar mərkəzinin direktoru Stanislav
Çernyavski, Rusiya Elmlər Akademiyası Aralıq dənizi
və Qara dəniz ölkələrinin öyrənilməsi mərkəzinin
rəhbəri Alla Yazıkova, habelə təhlükəsizlik,
energetika, humanitar məsələlər və tarix məsələləri
üzrə bir sıra məşhur ekspertlər də iştirak
etmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2011.-11 iyun.- S. 5.