XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası sərgisi uğurla başa çatmışdır

 

Bakı Sərgi Mərkəzində keçirilən, Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan "Caspian Oil & Gas" - XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası, həmçinin 1-ci Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgiləri iyunun 10-da işini uğurla başa vurmuşdur.

AzərTAc xəbər verir ki, hər il regionun neft sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirən sərgidə dünyanın 27 ölkəsindən 285 şirkət, o cümlədən neft və qaz sənayesi sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarəetmə, neft və neft məhsullarının nəqli üzrə rəhbər işçiləri, ekologiya işçiləri və elm xadimləri iştirak etmişlər.

Qeyd edək ki, builki sərginin sahəsinin 40 faizdən çoxunu, əsas etibarilə daimi iştirakçılar olan dünya şöhrətli bp, "Itochu", "OMV Gas International GmbH", Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Statoil", "Total", "TPAO" və başqa şirkətlər tutmuşdur.

Sərgidə neft və ya qaz yataqlarında çıxartma işləri, geofizika və geologiya, qaz və neft quyularının tikintisi və işlənməsi, platformalar və üzən qazma qurğuları, qaz çıxartma sənayesi üçün avadanlığının layihələşdirilməsi, istehsalı və texniki qulluq, boruların salınması və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təminatı, neft və qaz saxlama sistemlərinin təmin edilməsi və s. bölmələr fəaliyyət göstərmişdir. ARDNŞ-in, Fransa-Amerika birgə şirkəti olan "Schlumberger"in, Türk Petrolları Anonim Şirkətinin, Azərbaycanın Türkiyədə özəlləşdirdiyi "Petkim"in, Fransanın "GDF Suez"in, "Total"ın, həmçinin Malayziyanın "Petronas", Rusiyanın "Russneft", Almaniyanın RWE, Norveçin "Statoil", Avstriyanın OMV şirkətlərinin stendləri iştirakçıların xüsusi marağına səbəb olmuşdur.

Sərgidə nümayiş olunan "Bakı Ağ Şəhər" layihəsi də xüsusi seçilmişdir.

Neft-qaz sərgisi ilə eyni vaxtda keçirilən 1-ci Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisində energetika və elektrotexnika, alternativ enerji mənbələri, kabel-ötürücü məhsullar, işıqlandırma bölmələri nümayiş olunmuşdur. Sərginin nümayiş olunduğu 4 gün ərzində şirkətlər arasında bir sıra əməkdaşlıq müqavilələri imzalanmış, perspektivlər müzakirə olunmuşdur.

Qeyd edək ki, sərgilər Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin və ARDNŞ-in rəsmi dəstəyi, dünyada aparıcı sərgi və konfrans təşkilatçısı olan Böyük Britaniyanın "ITE Group PLC şirkəti və onun Qafqazda tərəfdaşı "İteca Caspian" LLC-nin təşkilatçılığı ilə keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 11 iyun.- S.5.