Hərbi münaqişələrin
törətdiyi faciələr Avropa Şurasında müzakirə
edilmişdir
Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası ərəfəsində qurumun Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsinin iclası keçirilmişdir. İclasda bir sıra ümumdünya və ümumavropa məsələləri ilə yanaşı, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı "Hərbi münaqişələr və ətraf mühit" adlı məruzəsinin də müzakirəsi keçirilmişdir. Yalnız Avropada deyil, bütövlükdə dünyada hərbi münaqişə və müharibələrin ekologiyaya vurduğu ağır və çox zaman sağalmaz zərbələrdən faktların dili ilə bəhs edən bu məruzə avropalı deputatların böyük marağına səbəb olmuş, geniş müzakirələr doğurmuşdur.
Məruzədə bir sıra başqa ölkələrlə yanaşı, Cənubi Qafqazda gedən proseslərə də diqqət yönəldilir, Ermənistanın Azərbaycana təcavüzünün ən ciddi fəsadlarından birinin məhz ətraf mühitə vurulmuş dərin yaraların olması haqda müfəssəl məlumat verilir. Adətən xüsusi araşdırmalar tələb edən bu qəbil məruzələrin hazırlanmasına AŞ PA ilyarım, yaxud bir qədər də artıq vaxt ayırır. Lakin bu mövzunun işlənməsinin komitə tərəfindən Rafael Hüseynova tapşırılmasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, artıq həm məruzənin mətni, həm də qətnamə layihəsi hazırdır. Azərbaycanlı deputat Avropa Şurası üzvlərindən başqa Avropa Parlamentindən də çoxsaylı deputatların qatıldığı iclasda "Hərbi münaqişələr və ətraf mühit" adlı məruzəsini təqdim edərkən demişdir: "Bizim hamımızın, zahirən böyük görünsə də, əslində, balaca olan və əlaqələr artdıqca getdikcə daha da kiçilən ortaq bir evimiz var. Bu ortaq evi - balaca Yer kürəmizi qorumaq hər kəsin borcudur. Hamımızın ortaq evi üçün isə ən böyük təhlükələrdən biri müharibədir. İstənilən müharibə böyük-kiçikliyindən asılı olmayaraq dağıdır, məhv edir və onun yaralarının sağalması üçün uzun illər tələb olunur. Müharibədən ən çox ziyanı bəlkə də elə ətraf mühit görür. Çünki müharibə bitəndən xeyli sonra da ətraf mühit müharibənin nəticələrinin yaratdığı acı nəticələrlə üz-üzə qalmaqda davam edir. Dünyanın bir çox bölgələrində, o cümlədən Avropada, eləcə də üzv ölkələrin bir qisminin ərazilərində müharibələrin davam etməsini, bu hərbi münaqişələrin ətraf mühitə necə ağır zərbələr vurduğunu nəzərə alsaq, təqdim edilən məruzənin nə qədər aktual bir problemə həsr edildiyi aydın olur. Müharibənin ən acı nəticələri dağıntılar və insan ölümləridirsə, ekologiyanın məruz qaldığı faciələri bununla müqayisədə daha dəhşətli olan "tədrici ölüm" adlandırmaq olar. Elmi araşdırmalara görə bir tank tırtılının səsindən 50-100 metr məsafədə gül kollarınıın 70-i, kiçik çay yataqlarından 2-si, bulaqlardan 5-i, davamlı immunitetli ağaclardan 20-si quruyub məhv olur, havadan atılan kiçikölçülü bombaların təsiri ilə ətraf mühitin normal iqlim şəraiti 16 gün ərzində pozulur, bir hərbi vertolyotun atdığı mərmilərin nəticəsində həmin ərazinin torpaq qatı çat verir və həmin qat bir daha bərpa olunmur, yağış yağarsa 15, yağmazsa 9 gün sonra mərmi düşən zolaq "ölü zona"ya çevrilir, 20 il o yerlərdə heç nə bitmir, ətrafdakı yaşayış məntəqələrində vərəm sindromu 2,5 dəfə artır. Bunlar müharibənin ekologiyaya vura biləcəyi zərərlərin cüzi bir hissəsidir. Təsadüf deyil ki, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların hərbi münaqişələr və ətraf mühit problemi ilə bağlı narahatlıqları elə bu qəbil faktlardan birinə diqqət yönəldilməsi nəticəsində başlanmışdır. 1960-cı illərdə ABŞ hərbi qüvvələrinin həmlələrindən sonra Vyetnam cəngəlliklərində kəskin yarpaq tökümü başlanan zamandan ətraf mühitin müharibələrin ən müqavimətsiz və ilk qurbanı olması məsələsi beynəlxalq səviyyədə aktuallaşdı. Problemin tənzimlənməsi üçün hüquqi bazanın yaradılması səmtində bir sıra ciddi addımlar atıldı. Hərbi münaqişələr zamanı ətraf mühitin qorunmasını təmin etməli olan beynəlxalq sənədlər sırasında 1978-ci ildə 20 ölkənin ratifisə etməsindən sonra işləməyə başlayan ENMOD - Modifikasiya haqqında Ekologiya Konvensiyasıdır. İşləməyə başladığı vaxtdan 30 il keçəndən sonra - 2008-ci ildə həmin sənədi ratifisə edən ölkələrin sayı 75-ə çatmışdır. Təkcə bu fakt məsələyə beynəlxalq diqqətin nə qədər artdığını təsdiq etməkdədir. 1977-ci il Cenevrə Konvensiyasının Birinci Protokolu da ətraf mühitin hərbi toqquşmalar zamanı mühafizəsini təmin etməli mötəbər sənədlər sırasındadır. Bu protokolun 2 maddəsi bilavasitə ekologiya ilə bağlıdır və ekoloji müharibəni birmənalı şəkildə qadağan edir. Ekologiyada istər hərbi münaqişələr, istərsə də elə təbii kataklizmlər nəticəsində baş verən fəsadların qətiyyən bir, ya bir neçə ölkənin deyil, əslində, bəşəriyyətin problemi olmasını İslandiyada baş verən və müəyyən müddətdə Avropa səmasını hamı üçün istifadəsiz hala salan vulkan əyani şəkildə sübut etdi. Yaxud Cənubi Qafqazda ekologiyaya münasibətdə artıq baş vermiş və bundan sonra da davam etməsi ehtimalı qüvvədə qalan fəlakətlərin yalnız münaqişə tərəfləri üçün deyil, bütün Yaxın və Orta Şərq, bütöv Avropa üçün həyati təhlükə mənbəyi olması inkaredilməzdir. Ona görə də araşdırdığımız problem müstəvisində biz yalnız üzv dövlətlərin ərazisindəki hərbi münaqişələrin ətraf mühitə vurduğu və vura biləcəyi zərərləri təhlil etməklə kifayətlənməmiş, Əfqanıstan, İraq, İsrail, Livan, Qəzza, Kosovo və digər bölgələri tədqiqata cəlb etmişik. Əlbəttə, ilk növbədə, arzuolunan əsas cəhət ümumən hərbi münaqişələrin olmamasıdır. Lakin məruzəmizdə və qətnamə hissəsində belə çağırışlar yer almışdır ki, hərbi münaqişələr baş verərsə, o zaman ortada olan beynəlxalq sənədlərin tələblərinə riayət edilməlidir. Məruzədə yalnız hərbi münaqişələrin cərəyan etdiyi vaxtda deyil, postmünaqişə dönəmində də ekoloji tarazlığın qorunması məsələsi önə çəkilir. Müharibə və hərbi münaqişələrin zərbə dalğası vasitəsilə ətraf mühitə ziyan vurulmasının davam etməsinə qarşı tədbirlərin görülməsi, qaçqınlar və ətraf mühit probleminin bir sıra spesifik aspektləri diqqət mərkəzində saxlanılır. Eyni zamanda, bu istiqamətdə kütləvi informasiya vasitələrinin də oynaya biləcəyi ciddi rol unudulmur, mətbuatın hərbi münaqişələr zamanı ətraf mühitin qorunması üçün daha da səfərbərləşməsinin son dərəcə əhəmiyyətli olmasına diqqət ayrılır, məhz mətbuatın yeri düşəndə hüquqi mexanizmlərdən də daha təsirli və operativ şəkildə ekoloji təhlükələrdən qorunmaq üçün qabaqlayıcı tədbirlər icra etmək sahəsində geniş imkanları vurğulanır. Hərbi münaqişələr də, ətraf mühitin qorunması məsələsi də böyük ölçüdə insan haqları ilə bağlı məsələdir və həmin səbəbdən də məruzə boyunca problemin bu aspekti də ardıcıl şəkildə izlənilir".
R.Hüseynovun müəllifi olduğu məruzədə Ermənistanın işğalçı ordusunun və Dağlıq Qarabağdakı separatçıların Azərbaycanın zəbt olunmuş ərazilərindəki çayları müxtəlif zəhərli tullantılarla ölüm xəstəliklər mənbəyinə çevirməsi barədə ifşaedici təfərrüatlar nümunə gətirilir.
Komitə üzvlərinin yekdilliklə qəbul etdiyi məruzənin bu ilin sonlarında Parlament Assambleyasının plenar iclaslarına çıxarılacağı nəzərdə tutulmuşdur.
Əsgər Əliyev,
AzərTAcın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.- 2011.- 11 iyun.- S. 5.