Ali qonağın şərəfinə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Sloveniya Respublikasına rəsmi səfəri
Xəbər verdiyimiz
kimi, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri
çərçivəsində Prezident Danilo Türkün
adından dövlətimizin başçısının
şərəfinə rəsmi ziyafət verilmişdir.
Prezidentlər rəsmi ziyafətdə çıxış
etmişlər.
Azərbaycan Prezidenti
İlham Əliyevi ölkəsində görməkdən məmnun
olduğunu bildirən Sloveniya Prezidenti Danilo TÜRK bu səfərin
ölkələrimiz arasında əməkdaşlığı
bütün səviyyələrdə genişləndirmək
qətiyyətini sübut etdiyini vurğulayaraq dedi:
- Tarixən
dostluğumuz və qarşılıqlı anlaşmamız
ölkələrimizin oxşar addımlarına əsaslanırdı.
İyirmi il öncə bir-birindən asılı olmayan qaydada
sloveniyalılar və azərbaycanlılar müstəqillik qərarını
verdilər. Qətiyyətli və fəal iş sayəsində
biz yeni mərhələyə qədəm qoyduq. Bu gün
keçmişimizə nəzər salmaq fürsətimiz var və
fərəh hissi ilə bildiririk ki, biz son iyirmi il ərzində
bir çox nailiyyətləri əldə etmişik. Tarix boyu
sloveniyalılar və azərbaycanlılar arasında əlaqələr
formalaşmışdır. Sloveniyalılar İkinci dünya
müharibəsi zamanı ərazimizdə milli azadlıq
mübarizəsində Azərbaycan
döyüşçülərinin cəsarətini yüksək
qiymətləndirirlər. Onların sırasında öz
şücaəti və qəhrəmanlığı, eləcə
də gücü, fəal işi və təvazökarlığı
ilə tanınan bir nəfər də var idi - Milli Qəhrəmanınız
Mehdi Hüseynzadə - Mixaylo. Onun qəhrəmanlıq
tarixçəsini yaddan çıxarmamaq məqsədi ilə
silahdaşı Çiril Zupaniç həmin hadisələri
kitabında yazaraq onları əbədiləşdirmişdir.
Sloveniya ilə Azərbaycan arasında yenicə
yaradılmış Dostluq Cəmiyyətinin məqsədi gələcəkdə
Mixaylo haqqında məlumat və bilgiləri yaymaqdır.
Sloveniya Prezidenti ölkələrimiz
arasında mədəni əlaqələrin əhəmiyyətinə
toxundu. Səfər çərçivəsində imzalanan mədəniyyət,
təhsil və elm sahəsində əməkdaşlığa
dair sazişin bu sahədə əlaqələrin
inkişafı üçün yeni imkanlar
açdığını vurğuladı. Sloveniya dövlətinin
başçısı onu da bildirdi ki, ölkələrimizin
şirkətləri enerji, informasiya, ətraf mühit
texnologiyası, mühəndis işi və əczaçılıq
sahələrində təmaslar qurub, Azərbaycanda kiçik
su elektrik stansiyalarının tikintisində Sloveniya şirkətləri
ilə əməkdaşlığa dair plan qüvvəyə
minib.
Danilo Türk Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə də
toxunaraq dedi:
-Mən bu məsələnin
həllinə yönəlmiş dialoqunuz sahəsindəki irəliləyişi
və səylərinizi alqışlayıram.
Danışıqlarda irəliləyişin hər bir əlamətini
və bu sahədə vəziyyətin
yaxşılaşdırılması məqsədi ilə
atılan hər bir addımı görməkdən məmnunam.
Mən, Dovildə, mayın 26-da "Böyük səkkizlik"
ölkələrinin sammiti çərçivəsində
Rusiya, Fransa və ABŞ prezidentlərinin - ATƏT-in Minsk
qrupunun həmsədr ölkələrinin rəhbərlərinin
bəyanatını alqışlayıram. Həmin bəyanatda
onlar məsələnin sülh yolu ilə həlli
üçün prinsiplər üzərində
razılığa çağırmışlar. Ümid edirəm
ki, iyunda Kazanda keçiriləcək üçtərəfli
görüşdə razılıq əldə olunacaqdır.
Biz demək olar ki, eyni fikirdəyik - nizamlanmaya yönəlmiş
səylər status-kvonun daimi olmasının qarşısını
almaq üçün sürətləndirilməlidir. Bu məsələnin
həlli digər münaqişələrin həllinə də
müsbət təsir göstərə bilər.
Avropa
İttifaqının üzvü kimi Sloveniya bu təşkilat
ilə Azərbaycan arasında əməkdaşlığın
genişləndirilməsi üçün fəal
çalışır. Avropa İttifaqı Azərbaycanı
mühüm tərəfdaş hesab edir və Azərbaycan ilə
daha fəal münasibətlər qurmaq arzusundadır. Buna
görə Avropa İttifaqı Azərbaycanı özünə
daha da yaxınlaşdırmaq məqsədi ilə yeni siyasət
və proqramlar formalaşdırır. Bu baxımdan mən
"Şərq tərəfdaşlığı" layihəsini
qeyd etmək istərdim. Sloveniya bu proqramın həyata
keçirilməsində fəal iştirak edir.
Prezident Danilo Türk onu
da bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan
arasında gələcək assosiasiya sazişi siyasi və
iqtisadi münasibətlərin təkmilləşdirilməsi
üçün mühüm alətdir. Enerji təhlükəsizliyi,
enerji resursları və marşrutlarının şaxələndirilməsi
də ümumi maraq doğuran mühüm sahədir.
* * *
Azərbaycan Prezidenti İlham ƏLİYEV
çıxış edərək dedi:
- Hörmətli cənab
Prezident!
Xanımlar və cənablar!
İlk növbədə,
mənə və nümayəndə heyətinə göstərdiyiniz
qonaqpərvərliyə görə, cənab Prezident, Sizə
minnətdarlığımı bildirirəm. Gözəl
ölkənizi ikinci dəfə ziyarət etməyimdən
çox məmnunam.
Mən ikitərəfli əlaqələrimizin
genişlənməsi və keyfiyyətcə yeni mərhələyə
qalxması məqsədi ilə qarşılıqlı səfərlərin
həyata keçirilməsini vacib hesab edirəm. Bu baxımdan
Sizin 2009-cu ildə Azərbaycana uğurlu səfərinizi
xüsusi qeyd etmək istəyirəm.
Bu gün əlaqələrimizin
yeni mərhələsində ölkələrimiz arasında
sənaye, energetika, nəqliyyat, informasiya texnologiyaları,
turizm, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə
əməkdaşlığın inkişafı
üçün geniş perspektivlər mövcuddur.
Lakin etiraf etmək
lazımdır ki, iqtisadi münasibətlərimizin göstəriciləri
ölkələrimizin potensialına cavab vermir. İki ölkə
arasında ticarət dövriyyəsi və sərmayə
qoyuluşunun həcmi arzu olunan səviyyədə deyildir.
İnanıram ki, səfərim zamanı keçirdiyimiz
görüşlər, apardığımız fikir
mübadiləsi və müzakirələr ölkələrimiz
arasında münasibətlərin yeni müstəviyə
yüksəlməsinə təkan verəcəkdir.
Azərbaycan və
Sloveniya xalqları çətin günlərdə bir-birinə
dayaq olmuşlar. İkinci dünya müharibəsi illərində
faşizmə qarşı mübarizədə burada qəhrəmancasına
həlak olmuş "Mixaylo" təxəllüsü ilə
tanınan Mehdi Hüseynzadə daim hər iki xalqın xatirələrində
yaşayır.
Sloveniya xalqı bu
gün də öz qəhrəmanlarını unutmur. Novo
Qoritsa şəhərində müxtəlif ictimai
qurumların nümayəndələrinin, xüsusilə, Mehdi
Hüseynzadənin silahdaşlarından ibarət 80-ə
yaxın sloveniyalının yeni yaranmış Sloveniya-Azərbaycan
Dostluq Cəmiyyətinə üzv olması
xalqlarımızın bir-birinə olan hörmətini və
diqqətini nümayiş etdirir.
Azərbaycan ilə
Sloveniyanın beynəlxalq və regional təşkilatlarda -
xüsusilə, BMT, ATƏT, Avropa İttifaqı, Avropa
Şurasında əməkdaşlığı böyük məmnunluq
doğurur. Azərbaycanın xarici siyasətində Avropa
İttifaqı və Avratlantik strukturlarla əlaqələr
mühüm yer tutur. Azərbaycan ilə Avropa İttifaqı
arasında 2006-cı ildə imzalanmış "Enerji sahəsində
strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu",
eləcə də bu ilin yanvar ayında imzalanan "Cənub
qaz dəhlizi haqqında Birgə Bəyannamə" bunun bariz
nümunəsidir. Artıq regionun əsas iqtisadi mərkəzinə
çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji
təhlükəsizliyinin təmin olunması üçün
bundan sonra da öz töhfəsini verməyə
hazırdır.
Biz enerji
resurslarımızın bütün istiqamətlərdə
dünya bazarlarına çıxarılmasında
maraqlıyıq və istehsal etdiyimiz neftin və qazın
Avropaya nəqli üçün irəli sürülən təşəbbüsləri
nəzərdən keçirməyə hazırıq. Azərbaycanın
həyata keçirdiyi irimiqyaslı neft-qaz layihələri
bizim etibarlı tərəfdaş olduğumuzu sübut edir və
bundan sonra da bütün maraqlı tərəflərlə əməkdaşlıq
etməyə imkan verir.
Yuxarıda qeyd edilənlərlə
yanaşı, regionun inkişafı üçün ən
böyük təhlükə mənbəyi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin öz həllini
tapmamasıdır. Bildiyiniz kimi, Azərbaycanın
Dağlıq Qarabağ regionu və 7 digər rayon 20 ilə
yaxındır ki, Ermənistan tərəfindən
işğal olunmuşdur. Bu, Azərbaycanın ümumi ərazisinin
təxminən 20 faizini təşkil edir. Ermənistanın həyata
keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində
bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Münaqişə ilə
bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi,
İKT, ATƏT, Avropa Şurası, NATO və digər beynəlxalq
təşkilatların qərar və qətnamələri
vardır. Bu münaqişə ancaq beynəlxalq hüquq və
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır.
Hörmətli cənab
Prezident, icazə verin, bu badələri Sizin şərəfinizə,
Azərbaycan ilə Sloveniya arasında səmimi dostluq və
faydalı əməkdaşlıq əlaqələrinin
inkişafı şərəfinə qaldırım.
AzərTAc
Azərbaycan.- 2011.-12 iyun.- S. 1.