Sloveniyanın Novo Qoritsa şəhərində
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin
memorial muzeyi açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev
əfsanəvi qəhrəmanın memorialını ziyarət
etmiş, muzeylə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türk iyunun 10-da Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin memorialını ziyarət etmişlər. Dövlət başçıları əfsanəvi qəhrəmanın memorial muzeyinin açılışında da iştirak etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev qəhrəmanın abidəsi önünə əklil qoydu.
Mehdi Hüseynzadənin memorialı önündə təşkil olunan mərasimdə çıxış edən Novo Qoritsa şəhərinin meri Matej Arkon Azərbaycan Prezidentini bu şəhərdə görməkdən məmnun olduğunu bildirdi.
"Mehdi Hüseynzadə bizi birləşdirən şəxs idi və onun qəhrəmanlığı bütün ətraf kəndlərin əhalisi tərəfindən ehtiramla yad olunur, o, hər birimizin qəlbində yaşayır" - deyən mer alman faşizminin Mehdi Hüseynzadənin arzularını yarımçıq qoyduğunu, lakin bu yerlərin insanlarının azadlıq əzmini qıra bilmədiyini vurğuladı.
Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başin də Mehdi Hüseynzadənin xatirəsini anaraq, Mixaylonun əfsanəvi qəhrəmanlığından danışdı.
İkinci Dünya müharibəsi gedişində Azərbaycan əsgərlərinin sloven partizanlarının 9-cu korpusu tərkibində düşmənə qarşı birgə mübarizə apardıqlarını qeyd edən İ.Başin vurğuladı ki, yerli sakinlər Mixayloya hər zaman böyük hörmətlə yanaşırdılar.
Rəhbərlik etdiyi cəmiyyətin fəaliyyətinə toxunan İ.Başin əsas məqsədin Azərbaycan təşkilatları ilə elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əlaqələri genişləndirmək və ikitərəfli əməkdaşlığa yeni töhfələr vermək olduğunu bildirdi.
Sonra xor kapellasının çıxışı oldu.
Sloveniya Prezidenti Danilo TÜRK mərasimdə çıxış edərək dedi:
- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Azərbaycandan gəlmiş hörmətli qonaqlar!
Hörmətli dostlar, hörmətli vətəndaşlarımız, mərasim iştirakçıları!
Əvvəlcə bu tədbirə gəldiyinizə görə sizə dərin təşəkkürümüzü bildiririk. Biz bu günü böyük iftixar hissi ilə qeyd edirik. Əslində bu, ölkələrimizin nə qədər yaxın olduğunu bir daha nümayiş etdirir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün aramızda mövcud olan tarixi əlaqələr daha da möhkəmləndirilməlidir. Çünki tarixdə bizi bağlayan ümumi məqamlar vardır.
Biz gözəl bilirik ki, İkinci Dünya müharibəsində həm Sloveniya, həm Azərbaycan, həm də digər ölkələrin əsgərləri böyük şücaət göstərib və düşmənə cəsarətlə sinə gəriblər. Daha bir sevindirici məqam ondan ibarətdir ki, Sloveniya və Azərbaycan müstəqil ölkələrdir. Demək olar ki, onlar müstəqilliyini eyni vaxtda əldə ediblər. Bu il biz müstəqilliyimizin 20-ci ildönümünü qeyd edirik. Əslində, bizim oxşar tariximizi yaşamış ölkələr də öz müstəqilliklərini demək olar ki, həmin vaxt baş vermiş tarixi hadisələr nəticəsində əldə etdilər. Biz bu gün ümumi tariximizlə, keçmişimizlə fəxr edə bilərik. Çünki xalqlarımızın nümayəndələri faşizm və nasizmə qarşı böyük mücadilə və mübarizə aparıblar. Bu, bizi birləşdirən ümumi irsimizdir. Əslində, bu mübarizə olmasaydı, bu gün biz ümumi Avropa haqqında danışa bilməzdik. Onlar öz həyatlarını qurban verib və bizim gələcək nəsillərimiz üçün sülh şəraitində ümumi məkanın qurulması uğrunda mübarizə aparıblar.
Beləliklə, bu gün biz ümumi irsimizin, ortaq tariximizin oxşar məqamları haqqında danışa bildiyimiz üçün çox şadıq.
Əslində, bu gün biz çalışmalıyıq ki, hər hansı ziddiyyətlər, mövcud münaqişələr və baş verən müharibələr zamanı pozulmuş hüquqların bərpası təmin edilsin. Bu baxımdan biz hesab edirik ki, bu gün bu tədbirin burada keçirilməsi mühüm mədəni mesajı özündə əks etdirir. Bu, xoşməramlı mesajdır. Bu mərasimin keçirilməsi ilə bir daha onu qeyd edirik ki, biz bir-birimizə yaxın olmalıyıq. Biz keçmişimizi yaddan çıxarmamalı və onu daim qəlbimizdə yaşatmalıyıq.
Mən bu gün Sloveniya Respublikasının Prezidenti kimi bu tədbirdə iştirak etməkdən olduqca məmnunam. Bu gün biz vacib bir mərasimdə iştirak edirik. Cənab Prezident İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm ki, öz nümayəndə heyəti ilə şəxsən bu mərasimdə iştirak edir. Bu, bizim birliyimizin rəmzidir. Ümidvaram ki, bundan sonra da birgə tədbirlərimizi davam etdirəcəyik. Qeyd edim ki, atdığımız birgə addımların artıq yaxşı bünövrəsi vardır. Mən bu gün səmimi qəlbdən bu bünövrəyə əsaslanan əlaqələrin gələcəkdə də daha böyük nəticələr verməsini arzulamaq istərdim. Sonda bir daha Sizə və bütün mərasim iştirakçılarına dərin təşəkkürümü bildirirəm. Sağ olun.
Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:
- Hörmətli cənab
Prezident Danilo Türk!
Hörmətli Şampos və
Novo Qoritsanın sakinləri, əziz dostlar!
Bu gün Sloveniya-Azərbaycan
əlaqələrinin tarixində çox əlamətdar və
unudulmaz bir gündür. Bu gün biz Azərbaycan
xalqının böyük oğlu qəhrəman Mehdi
Hüseynzadənin - Mixaylonun memorial muzeyinin
açılışına toplaşmışıq.
İlk növbədə
Prezident cənab Danilo Türkə, Sloveniya dövlətinə,
Sloveniya xalqına Mehdi Hüseynzadənin xatirəsinə
göstərdikləri böyük hörmətə görə
Azərbaycan xalqı adından dərin təşəkkürümü
bildirirəm.
Mehdi Hüseynzadə burada
sloveniyalı dostları ilə bərabər partizan dəstəsində
faşistlərə qarşı döyüşmüş və
qəhrəmancasına həlak olmuşdur. Bu mübarizə və
xalqlarımızın birgə səyləri nəticəsində
faşizm kimi bəla üzərində hamımız birlikdə
qələbə qazanmışıq. Qəhrəmanlarımızın
əziz xatirəsi xalqlarımızın qəlbində daim
yaşayır və bugünkü mərasim bu sözlərin ən
gözəl təsdiqidir.
İkinci Dünya müharibəsində
600 min Azərbaycan vətəndaşı
döyüşmüşdür. Onların yarısı - 300
mini həlak olmuş, müharibədən
qayıtmamışdır. Müharibə zamanı sovet
ordusunun yanacağının 90 faizini Azərbaycan neftçiləri
təmin etmişlər.
Bu gün Sloveniya-Azərbaycan
əlaqələrinin inkişafında çox əlamətdar
bir gündür. Bu əlaqələrin gələcək
inkişafı üçün bu gün yeni imkanlar
açılır. Bizi çox gözəl dostluq əlaqələri
bağlayır. Bizim qarşılıqlı iqtisadi təşəbbüslərimiz
müzakirə edilir. Əməkdaşlığımızın
perspektivləri haqqında aramızda fikir
ayrılığı yoxdur.
Qəhrəmanlarımıza,
onların xatirəsinə olan hörmət və xoş
münasibət əlaqələrimizi daha da gücləndirir.
Sloveniya dövlətinə, şəxsən Sloveniya
Respublikasının Prezidentinə bu xoş münasibətə
görə bir daha minnətdarlığımı bildirmək
istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan
tərəfi də öz növbəsində ikitərəfli
əlaqələrin inkişafı üçün səylərini
əsirgəməyəcəkdir. Bizim birgə fəaliyyətimiz
sayəsində daha da yaxşı nəticələr əldə
olunacaqdır.
Mənim Sloveniyaya rəsmi səfərim
bu gün burada başa çatır. İki günlük səfər
çox məhsuldar olmuşdur. Mən səfərin nəticələrini
çox yüksək qiymətləndirirəm. Bir daha məni
Sloveniyaya dəvət etdiyiniz üçün, mənə və
nümayəndə heyətinə göstərdiyiniz səmimi
qonaqpərvərliyə görə sizin hamınıza minnətdarlığımı
bildirmək istəyirəm.
Çıxışımın
sonunda Mehdi Hüseynzadənin büstü önündə demək
istəyirəm: Yaşasın Sloveniya-Azərbaycan dostluğu!
* * *
Mərasimdə uşaq xoru da
çıxış etdi.
Sonra Azərbaycan və
Sloveniya prezidentləri Mehdi Hüseynzadənin memorial muzeyinin
açılışında iştirak etdilər.
Dövlət
başçıları xatirə lövhəsinin üzərindən
örtüyü götürdülər.
Prezident İlham Əliyev və
Prezident Danilo Türk muzeylə tanış oldular.
Məlumat verildi ki,
xalqımızın qəhrəmanlıq tarixində
mühüm yeri olan Mehdi Hüseynzadənin memorial muzeyindəki
bütün eksponatlar onun adı ilə bağlıdır. Burada
qəhrəmanın keçdiyi döyüş yolu
bütün təfərrüatları ilə əks
olunmuşdur. O dövrə aid fotolar, Mehdi Hüseynzadənin
döyüş yoldaşlarının təqdim etdikləri
qiymətli eksponatlar bu muzeyə gələnlərdə
Mixaylonun qəhrəmanlığı haqqında dolğun təəssürat
yaradır.
Muzeydə Mixaylonun abidəsi
də qoyulmuşdur. Vaxtilə ona məxsus olan
döyüş sursatları, şəxsi əşyalar da
muzeydə nümayiş etdirilir. Mehdi Hüseynzadə
haqqında çəkilmiş "Uzaq sahillərdə"
filmindən fotolar da buraya gələnlərə
xalqımızın igid oğlunun xatirəsinin hər zaman soydaşlarımızın
qəlbində yaşadığını bir daha
nümayiş etdirir. Bir sözlə, memorial muzeyin
yaradılması bu torpaqların faşizm təhlükəsindən
azad olunması yolunda öz canından keçmiş Mehdi
Hüseynzadənin xatirəsinə həm Azərbaycan, həm
də Sloveniya hökumətlərinin ehtiramını göstərir.
Azərbaycan Prezidenti
İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk muzeyin
xatirə kitabına ürək sözlərini yazdılar.
Mərasimdə iştirak edən
yerli sakinlər dövlət başçıları ilə
söhbətlərində bir daha vurğuladılar ki, Mehdi
Hüseynzadənin əziz xatirəsi hər zaman onların qəlbində
yaşayacaqdır.
Prezidentlər İlham Əliyev
və Danilo Türk Mehdi Hüseynzadənin büstü
önündə xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2011.- 12 iyun.- S. 2, 3.