Milli iqtisadi potensialı milli ideya naminə səfərbər edən lider

 

Konkret tarixi şəraitdə müstəqillik nemətinə qovuşmuş xalqların milli mənafelərini qoruyaraq real hədəflərə doğru əzmlə irəliləməsi, mövcud resurslarından məqsədyönlü surətdə bəhrələnməsi prosesində milli ideya vacib rol oynamışdır. Hər bir dövlətin ərazi coğrafiyası, minilliklərlə formalaşan mental ənənə və dəyərləri, düşüncə sistemi, iqtisadi və mədəni-intellektual potensialı ilə cuğlaşan milli ideya ilk növbədə səfərbəredici imkanları ilə ictimai fikrə hakim olmuşdur.

 

Milli ideya - milli tərəqqinin vacib amili

 

Hər bir xalqın milli ideyası onun gələcək inkişaf yolu, taktiki və strateji hədəfləri, habelə beynəlxalq münasibətlər sistemindəki yeri barədə aydın təsəvvür yaradır. Milli ideyanın hədəflədiyi, önə çəkdiyi məqsədlərin mahiyyətindən asılı olaraq xalqların və dövlətlərin beynəlxalq miqyasda imici formalaşır. Başqa sözlə, əgər fərdin fəaliyyətini stimullaşdıran əsas amil onun məqsəd və arzularıdırsa, dövlətlərin uğur və inkişafını təmin edən başlıca meyar məhz milli ideyadır. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır: onu praktik gerçəkləşdirməyə imkan verən mütərəqqi ideologiyası olmayan dövlətin daimi inkişaf və uğurlarından söhbət belə gedə bilməz. Milli ideya dövlətlərin sosial-iqtisadi və intellektual resurslarını konkret siyasi məqsədlər naminə səfərbərliyə alır, milli ideologiya isə bu prosesdə bir növ vasitəçilik edir.

Əsrlər boyu azərbaycanlıların milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, xalqı aşkar-gizli mübarizə ruhunda kökləyən ən ali ideya Azərbaycanın istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi olmuşdur. Yalnız ötən əsrin sonlarında "soyuq müharibə"nin başa çatması zəminində cərəyan edən qlobal miqyaslı proseslərin məntiqi yekunu olaraq Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə xalqın qəlbində nisgilə çevrilmiş bu ideya deklorativ şəkildə gerçəkləşmişdir. Lakin ilkin mərhələdə, daha dəqiqi, 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifah halının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan verməmişdir. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması isə milli müstəqillik amilinin özünün mahiyyətinə xələl gətirmiş, onun ictimai rəydə adekvat dərkinə imkan verməmişdir.

Azərbaycanın müasir ictimai fikir tarixinin obyektiv araşdırılması sahəsində sanballı elmi əsərləri ilə fəlsəfi fikrin pozitiv məcrada inkişafına böyük töhfələr verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində haqlı olaraq yazır: "1991-ci ildə Azərbaycanın müstəqillik yoluna qədəm qoyması onun tarixində yeni səhifə açmaqla yanaşı, həm də o vaxt qarşıya çıxan məsələlərin təcili həll edilməsini kəskin zərurətə çevirmişdi. Lakin təəssüf ki, müstəqilliyin ilk illərində Azərbaycan dövlət quruculuğu ilə əlaqədar bütün təxirəsalınmaz məsələlərin - xarici təcavüzün dəf edilməsi, daxili siyasi vəziyyətin sabitləşdirilməsi, cəmiyyətin tam hərc-mərcliyə və vətəndaş müharibəsinə sürüklənməsinə yol verilməməsi, heç olmasa, minimum həyat qabiliyyətinə malik iqtisadiyyat yaradılması məsələlərinin az bir hissəsini də reallaşdıra bilməmişdi".

Hər bir xalqın vahid məqsədlər naminə toparlanması üçün zəruri vasitə olan milli ideya yalnız böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real təcəssümünü tapır. Bu mənada, hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də məhz budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən qorumuşdur. Məhz ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilmiş, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoymuşdur. Bu mərhələdən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən, ölkənin milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərini elmi şəkildə açıqlayan, yeni neft strategiyasını irəli sürən, cəmiyyətdə sabitliyin qarantı olan orta təbəqənin - sahibkarlar sinfinin formalaşması yönümündə ardıcıl addımlar atan ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin dövrün başlıca milli ideyasına çevirmişdir. Bu ideya respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva etmişdir.

1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev milli ideyanın təcəssümü olan məqsədlərin gerçəkləşməsi, ələlxüsus da müstəqillik amilinin praktik şəkildə bərqərar olması baxımından ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün bazisin formalaşmasını vacib saymışdır. Qısaca xatırlatmaq kifayətdir ki, ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılmış, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilmiş, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılmış, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik aktları qəbul edilmiş, respublikanın dünya təsərrüfat sisteminə inteqrasiyası sürətlənmişdir. Akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində qeyd olunduğu kimi, Heydər Əliyevin prezidentliyi dövründə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın yetkin dövlət kimi qəbul edilməsi təmin olunmuş, gələcəkdə müasir dünyaya sürətlə qovuşmasına şərait yaradılmışdır.

 

İnkişafa xidmət edən islahatlar

 

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi 2003-cü ildə xalqın böyük dəstəyi ilə Azərbaycan Prezidenti seçilərək hakimiyyət estafetini götürən cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində də məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atır.

Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü uğurlu siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində Prezident İlham Əliyevin Azərbaycanın inkişaf strategiyası ilə bağlı konkret fəaliyyət proqramlarına və monolit komandaya malik olduğunu xüsusi vurğulayır. Nüfuzlu filosofla tam razılaşmaq olar ki, dövlət başçısının çoxşaxəli fəaliyyətində milli ideya tam mahiyyəti üzrə dərk edilir: "Müstəqil milli dövlətçiliyin və identikliyin qorunub saxlanmasını və eyni zamanda, dünya birliyinə inteqrasiya strategiyasını nəzərdə tutan milli ideyanın Prezident İlham Əliyev tərəfindən fəlsəfi baxımdan dərk edilməsi onun bütün əməli fəaliyyətində əksini tapır. Böyük dövlət xadimi kimi İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər onu tarixi miqyaslı siyasətçi, millətin kollektiv tarixi təcrübəsini dövlət quruculuğu istiqamətinə yönəldən ali idarəçilik funksiyalarını yerinə yetirməyə sövq edir. Azərbaycan cəmiyyəti və dünya birliyi bu fenomeni 2003-cü ildən bu günə qədər müşahidə edə bilir. Milli və dövlət müstəqilliyinin qorunub saxlanması, dünya birliyinə inteqrasiya indi azərbaycanlıların milli mənlik şüurunun tərkib hissəsinə çevrilmişdir".

Hər bir ölkənin davamlı inkişaf və tərəqqisi yüksək idarəçilik keyfiyyətlərinə malik rəhbərlə qarşıda duran vəzifələrin məsuliyyətini dərk edən və səylə çalışan hökumətin səmərəli fəaliyyəti sayəsində mümkün olur. Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyəti inkişafa yönəlik məqsədləri gerçəkləşdirməyə nail olurlar. Bu mənada, dövlət başçısı İlham Əliyevin 8 illik prezidentliyinin ən uğurlu göstəricisi Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmasıdır. Ölkəmiz bu prosesdə hansısa dövlətin təcrübəsini heç də olduğu kimi tətbiq etməmiş, milli xüsusiyyətləri, siyasi və iqtisadi özəllikləri, sosial-demoqrafik amillər nəzərə alınmışdır.

Şübhəsiz, planlı iqtisadiyyatın fəsadlarını aradan qaldıran yeni bazar münasibətlərinin formalaşdırılması kifayət qədər ağrılı və çətin prosesdir. Yeni iqtisadi sistem heç də mütərəqqi ruhlu qanunların qəbulu hesabına formalaşmır, bunun əsas şərtlərindən biri də azad rəqabət mühitinin formalaşmasını təmin edən dərin institusional dəyişikliklər və mülkiyyət münasibətlərinin tamamilə yeni xarakter almasıdır. Bu şəraitdə formalaşan yeni iqtisadi sistemdə sosial-iqtisadi statusundan asılı olmayaraq hər bir insanın əmək və innovasiya potensialından səmərəli istifadəyə imkan verən sosial müdafiənin yüksək təminatı da xüsusi çəkiyə malik olur.

Azərbaycanda keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlıq institutunun formalaşmasında, mülkiyyətin çoxnövlülüyünün təmin olunmasında, özəlləşdirmə prosesinin başa çatdırılmasında, bazar institutlarının formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsində, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir.

 

Yeni mərhələnin uğurlu nəticələri

 

Ümumilikdə, 2003-2011-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanın müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir: son 8 ildə milli iqtisadiyyat 4 dəfə, büdcə xərcləri 12 dəfə, hərbi xərclər 20 dəfə, valyuta ehtiyatları 20 dəfə artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi cəmi 1,2 milyard manat idisə, bir neçə gün əvvəl Milli Məclisdə büdcədə edilmiş dəqiqləşdirmələrdən sonra bu rəqəm 15.554,2 milyon manat təşkil edir. Bu, təsdiq edilmiş proqnoza nisbətən 29,0 faiz, 2010-cu ilin faktiki icra göstəricilərinə nisbətən 4151,2 milyon manat çoxdur. İlk dəfə olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 20 milyard ABŞ dollarına yüksəlməsi də ölkənin ən yeni tarixinin əlamətdar hadisələrindən biridir. Son 8 ildə Azərbaycanda maaş və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluq 4 dəfədən çox azalaraq 49 faizdən 9,1 faizə enmiş, 900 mindən çox yeni iş yeri açılmışdır.

İnkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin ötən illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və digər mühüm vəzifələri aid etmək olar.

İqtisadi sahədə keçid dövrünün başa çatması ilə yanaşı, Azərbaycanın dünyada böyük maraqla qarşılanan milli iqtisadi inkişaf modelinin formalaşması da son illərin mühüm nailiyyətləri sırasında xüsusi vurğulanmalıdır. 2008-2010-cu illərdə əksər dünya ölkələrini iflic duruma salan qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirlərinin qabarıq hiss olunmaması, eyni zamanda, iqtisadi inkişaf prosesində pozitiv meyillərin qorunub saxlanılması bu modelin dayanıqlılığını bir daha təsdiqləyir. Akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində bununla bağlı yazır: "Azərbaycan iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan müəssisələri dünya maliyyə böhranını sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə və yeni müstəqil dövlətlərdə olduğu dərəcədə hiss etməmişdir. Hətta böhran dövründə Azərbaycan iqtisadiyyatının artım sürəti isə dünya ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi diskussiya mövzusuna çevrilmişdir. 2008-2009-cu illərdə - böhranın ən şiddətli dövründə belə, Azərbaycan iqtisadiyyatı 9 faiz artmışdı. Özü də ÜDM-in strukturunda istehsal sektorunun üstünlüyü qorunub saxlanmış, yəni, iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə 2009-cu ilin yekunlarına görə, ÜDM-in həcmi dram ilə götürdükdə 14,4 faiz, dollar ifadəsində 30 faizdən çox aşağı düşmüşdü. Böhranlı 2009-cu ildə Gürcüstanda da ÜDM 3,9 faiz azalmışdı".

Ümumilikdə, 2008-2010-cu illərdə bank sisteminin dəstəklənməsi də daxil olmaqla, ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə yatırımlarının təmin edilməsi, sosial öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi qlobal böhrana qarşı effektiv tədbirlər sisteminin yalnız müəyyən qismidir. 2008-2010-cu illərdə əsas səylər ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş, iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devolvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə yol verilməmişdir. Bütün dünyada böhranın əsasən banklardan başladığı, nəticədə işgüzar maddi fəallığın azalması, istehlak, biznes kreditləşməsində ciddi problemlərin yaranması, istehlak tələbinin enməsi və digər amillər nəzərə alınmaqla, iqtisadiyyatın lokomotivi sayılan bu sektora dəstək gücləndirilmişdir.

2009-ci ilin əvvəllərindən maliyyə böhranının ilk simptomlarını nəzərə alan Mərkəzi Bank respublika banklarının xarici borclanmasının idarəedilən təhlükəsiz səviyyədə saxlanılması üzrə konkret addımlar atmış və səmərəli nəticələr əldə etmişdir. Manatın sabitliyini qorumaq üçün valyuta bazarında tələb və təklif vaxtında tarazlaşdırılmış, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınmışdır. Həyata keçirilən preventiv tədbirlər nəticəsində respublika bankları likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmişdir. 2009-cu ildə bankların aktivləri 14 faiz, kreditlər 17 faiz, əmanətlər 23 faiz, bankların kapitalı 18 faiz artmışdır.

Qlobal maliyyə-iqtisadi böhran şəraitində milli bank sektorunun 1,2 milyard xarici borcunu qaytarması da antiböhran tədbirlərinin nəticəsi kimi diqqəti çəkir. Eyni zamanda, kredit üzrə uçot dərəcələrinin aşağı salınması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənmiş addım olaraq maliyyə böhranının respublikanın bank sektoruna ciddi təsir göstərməsinin qarşısını almışdır. Mərkəzi Bank kommersiya bankları üçün maliyyə vəsaitlərinin ucuzlaşdırılması, habelə ehtiyatların azaldılması siyasətini irəli sürərək likvidlik probleminin aradan qaldırılmasına nail olmuşdur. 2008-ci ilin oktyabrından Mərkəzi Bankın uçot dərəcəsini 15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə 12 faizdən 0,5 faizə endirilməsi nəticəsində bank sektoruna 1,8 milyard manat həcmində likvidlik dəstəyi vermişdir. Real sektora dəstək olaraq 2009-cu ildən bank və sığorta təşkilatlarının mənfəətlərinin kapitala yönəldilən hissəsi də vergidən azad edilmişdir.

Azərbaycanın qlobal böhrana qarşı əzmkar müqaviməti həm də onunla şərtlənir ki, respublikamız bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəmir, həm də müəyyən üstünlükləri ilə seçilir. Bu modelin üstün tərəflərindən biri də sərbəst inkişaf etmək iqtidarında olmasıdır. Respublikada daxili investisiyalar xarici sərmayə qoyuluşlarını üstələyir, qlobal layihələr dövlət büdcəsi hesabına reallaşdırılır. Zəngin təbii sərvətlərə malik olması Azərbaycan iqtisadiyyatının sərbəst inkişaf etmək imkanlarını təmin edir. Bu cəhətdən respublikamız hətta Avropa İttifaqı və Asiyanın yeni sənaye dövlətlərinə, habelə dünyanın bir sıra başqa inkişaf etmiş ölkələrinə nisbətən daha dayanıqlı iqtisadi sistemə malikdir. Məsələ ondadır ki, hazırda dünyanın bir sıra nüfuzlu ölkələrinin iqtisadiyyatı möhkəm təməli olmayan dayaqlar üzərində qurulmuşdur. Həmin ölkələrin istehsal sahələri əsasən başqa yerlərdən gətirilən enerji-xammal əsasında inkişaf edir. Ölkələr arasında münasibətlərin hər hansı bir səbəbdən pozulması isə onların iqtisadiyyatını iflic vəziyyətinə salır. Qlobal iqtisadi böhranın əksər dünya ölkələrini çətin vəziyyətə salması da, əslində, bu bağlılığın nəticəsi idi. Azərbaycanda istehsal edilən məhsullar isə əsasən daxili istehlak tələbini ödəməyə xidmət edir. Bu da kəskin dünya maliyyə böhranı fəsadlarının mənfi nəticələrinin Azərbaycan iqtisadiyyatına kəskin təsirini minimuma endirir.

Böhran illərində Azərbaycanın dinamik inkişafının ən qabarıq göstəricisi ölkənin strateji valyuta ehtiyatlarının 27 milyard ABŞ dolları artaraq 34,4 milyard dollara çatmasıdır. Valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətdə 60 faizdən çox olması da diqqətəlayiq faktdır. Dünyada ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstərici Azərbaycandan aşağıdır. Bütövlükdə strateji valyuta ehtiyatları özəl sektorun və dövlətin borcu da daxil olmaqla, ölkənin ümumi borclarını 3 dəfədən çox üstələyir. Bu da böhran kontekstində Azərbaycanda makroiqtisadi dayanıqlılığın ən mühüm göstəricilərindən biridir.

"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində həmçinin vurğulanır ki, Prezident İlham Əliyev müasir cəmiyyətin, müasir infrastrukturun yaradılmasını və müasir insanın formalaşdırılmasını modernləşmə sahəsində ölkə qarşısında duran əsas vəzifələr kimi müəyyən etmişdir. Akademik Ramiz Mehdiyev modernləşməni müasir dövlətin zəruri funksiyalarından biri kimi səciyyələndirir, eyni zamanda, Azərbaycanın innovasiya modernləşməsində maraqlı olduğunu xüsusi vurğulayır.

 

İqtisadi potensialı insan kapitalına çevirən strategiya

 

Hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni, intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital müasir qloballaşma dövründə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin başlıca rəhni kimi çıxış edir.

Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafına nail olunması, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi Azərbaycanda son illər həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə zəruridir.

Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən elm və təhsil islahatlarının başlıca qayəsi məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılması, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Cənab İlham Əliyev xüsusi qeyd edir ki, respublikamızda "qara qızıl"ı insan qızılına, insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır.

İnkişafın Azərbaycan modeli üçün xarakterik cəhətlərdən biri də Azərbaycanda informasiya və telekommunikasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsi, respublikamızın bu sahədə əlverişli tranzit ölkəsinə və regional mərkəzə çevrilməsidir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft ölkəsindən informasiya ixrac edən dövlətə çevrilməsini qarşıda əsas vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı son 8 ildə Azərbaycanda informasiya və telekommunikasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsi, respublikamızın bu sahədə əlverişli tranzit ölkəsinə və regional mərkəzə çevrilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü" əsərində yazır ki, elm və təhsilə qayğı, İKT-nin inkişafı müasir düşüncəli, kreativ Azərbaycan insanının formalaşdırılması məqsədinə xidmət edir: "Prezidentin müəyyən etdiyi strategiyaya görə, Azərbaycan yaxın 10-15 ildə informasiya-kommunikasiya texnologiyaları sahəsindən gələn gəlirlərin həcminin neft ixracından əldə edilən gəlirlərə çatdırılmasına nail olmağı planlaşdırır. Prezident hələ 2003-cü ildə Cenevrədə, informasiya cəmiyyəti qurulması problemlərinə həsr edilmiş dünya sammitindəki çıxışında dəqiq göstərmişdir ki, Azərbaycanın əsas məqsədi özünün "qara qızıl"ını insan kapitalına çevirməkdir və bu işdə aparıcı rollardan biri informasiya texnologiyaları sahəsinə məxsusdur. İKT artıq bu gün öz həcminə və potensialına görə energetika sahəsindən sonra ikinci yeri tutur, lakin inkişafın perspektivləri və dinamikası baxımından bu sektor şəksiz liderdir. 2003-cü ildən bəri bu sahədə orta illik artım sürəti 30-32 faiz səviyyəsində olmuşdur, halbuki dünya üzrə illik artım orta hesabla cəmi 10 faizdir".

Şübhəsiz, milli ideyanın mahiyyətində yer alan bu strateji məqsədin gerçəkləşdirilməsini təkcə dövlətin vəzifəsi kimi məhdudlaşdırmaq düzgün olmazdı. Bu prosesdə biznes qurumlarının, vətəndaş cəmiyyəti strukturlarının da iştirakı vacibdir. Bu baxımdan 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulamaq lazımdır. Azərbaycanda elm və təhsilə qayğı siyasəti də ictimai statusda fəaliyyət göstərən fondun da həyata keçirdiyi strateji əhəmiyyətli layihələrdə dolğun əksini tapır. Azərbaycanın yeni inkişaf mərhələsində qarşıya qoyduğu milli ideyaların gerçəkləşməsində fəal rol oynayan fond elm və təhsilin qlobal problemlərinin həlli istiqamətində həyata keçirilən siyasətə öz dəstəyini verir.

İstənilən ideya cəmiyyət üçün o vaxt cəlbedici görünür ki, onun praktik tətbiq və reallaşdırılması imkanları olsun. İrəli sürülən məqsədlər, ideyalar nə qədər cəlbedici görünsə belə, bütün bunların real icra mexanizminə əsaslanmaması bəzən onların kağız üzərində qalması, müxtəlif təqdimatlar, müzakirələr səviyyəsindən kənara çıxmaması ilə nəticələnir. Heydər Əliyev Fondunun ötən 7 illik fəaliyyətinin ən diqqətçəkən uğuru isə ondadır ki, təşkilat ictimai fəaliyyət müstəvisinə irəli sürdüyü ideyaların real icra mexanizmlərilə birgə qədəm qoymuşdur. Heydər Əliyev Fondu özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim etmişdir. Azərbaycan cəmiyyəti təşkilatın məqsədi, məramı barədə hər hansı yazılı proqramlardan, mətbu materiallardan deyil, fondun real fəaliyyət istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrənmişdir.

Nəinki Azərbaycandakı, eləcə də dünyadakı analoji xeyriyyə qurumlarından fərqlənən, genişmiqyaslı fəaliyyəti ilə milli məkanın sərhədlərini adlayan Heydər Əliyev Fondu bu gün maarifçilik missiyasını qlobal miqyasda davam etdirir. Pakistanda, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyanın müxtəlif şəhərlərində və digər ölkələrdə yeni məktəblərin tikilib istifadəyə verilməsi, eyni zamanda, beynəlxalq səviyyədə mühüm sosial proqramların həyata keçirilməsi bunu bir daha təsdiqləyir. Bütün bunlar isə ölkə vətəndaşlarının, bir qədər geniş çevrədə götürsək, dünyada Azərbaycana bağlı hər kəsin Heydər Əliyev Fonduna, təşkilatın rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin rəğbətini, dəstəyini qazandırmışdır.

Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədləri incələyərkən, aydın görünür ki, əslində, onların hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Fəqət, fərdi güclər birləşəndə, toplumun gücü qarşıya qoyulmuş hədəflərə doğru istiqamətlənəndə həmin məqsədlərin rellaşması da qaçılmaz olur. Bu mənada, Heydər Əliyev Fondu fərdlərin istək və arzuları kimi güc və imkanlarını da bir araya gətirmişdir. Mövcud potensialın Azərbaycanın bugünü və gələcəyi üçün ən vacib istiqamətlər üzrə aşkarlanmasına, milli ideyaya doğru hərəkətinə nail olmuşdur. Bu istiqamətlərin hər biri üzrə əldə edilmiş nəticələr bu gücü, inamı daha da artırmışdır. Bu yolda addımlayan hər kəs Heydər Əliyev Fondunun timsalında Azərbaycanın gələcəyinə, özünün, ailəsinin, övladlarının sabahına töhfə verdiyinin fərqindədir.

Milli ideya tarixən hər bir xalqın inkişaf və tərəqqisində lokomotiv rolunu oynayaraq onun firavan gələcəyi üçün uğurlu təməl hazırlamışdır. Bu mənada, müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Çünki bu gün Azərbaycana hər addımda ölkəni inkişaf etdirməyə, müasirləşdirməyə çalışan, yeni dünya nizamının tələblərinə cavab verən siyasət yürüdən müasir menecment təfəkkürlü və qətiyyətli lider rəhbərlik edir.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin

"İqtisadi nəzəriyyə-1" kafedrasının

müdiri, iqtisad elmləri doktoru, professor,

Azərbaycandan Kənarda Təhsil Almış

Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan.- 2011.-12 iyun.- S. 5.