Azərbaycanın İsveç və
Finlandiya ilə əlaqələrinin inkişafı məsələləri
müzakirə olunmuşdur
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov İsveç Krallığına və Finlandiya Respublikasına səfəri çərçivəsində İsveç Parlamentinin sədri Per Vesterberq ilə görüşmüşdür.
Azərbaycanın İsveçdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlıq perspektivləri müzakirə edilmiş, qarşılıqlı münasibətlərin inkişafında qanunverici orqanların rolu qeyd olunmuşdur.
Sonra X.Xələfov Finlandiyada bu ölkənin xarici işlər nazirinin müavini Jaakko Laajava və nazirliyin Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya İdarəsinin rəisi xanım Nina Vaskunlati ilə görüşmüşdür. Görüşlərdə əsasən siyasi məsləhətləşmələr olmuşdur. Azərbaycan ilə Finlandiya arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən Azərbaycanın Avropa İttifaqı, Avropa Şurası və ATƏT ilə əməkdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Məsləhətləşmələr çərçivəsində qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər də müzakirə edilmişdir.
Görüşlərdə Azərbaycanın İsveç Krallığındakı və eyni zamanda Finlandiyadakı səfiri Rafael İbrahimov iştirak etmişdir.
X.Xələfov Finlandiya parlamentinin xarici əlaqələr komitəsinin sədri Timo Soini ilə də görüşmüşdür. Görüşdə cari il aprelin 17-də Finlandiyada keçirilmiş parlament seçkilərindən sonra ölkədə yaranmış vəziyyət barədə ətraflı məlumat verilmişdir. X.Xələfov Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini xüsusi vurğulamış, qarşılıqlı səfərlərin əhəmiyyətindən danışmışdır.
İyunun 10-da Finlandiya iqtisadiyyat və məşğulluq nazirinin müavini Erkki Virtanen ilə görüşdə X.Xələfov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə ətraflı məlumat vermiş, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinin hər iki ölkə üçün səmərə verəcəyini bildirmişdir. Konkret sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə biznes-forumların keçirilməsinin vacibliyi qeyd olunmuşdur.
X.Xələfovun "TeliaSonera Eurasia" rabitə şirkətinin direktoru Tero Kivisaari ilə görüşündə isə şirkətin Azərbaycan bazarında uğurlu fəaliyyəti, Azərbaycanda informasiya texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Azərbaycan
xarici siyasət idarəsi rəhbərinin müavini
Finlandiyanın Təhsil Nazirliyinin baş idarəsinin rəisi
Mikko Tammilehto ilə də görüşmüşdür.
Görüşdə iki dövlət arasında təhsil sahəsində
əməkdaşlığın genişləndirilməsi, təhsil
müəssisələri arasında əməkdaşlıq,
texniki-peşə təhsili sahəsində təcrübə
mübadiləsi və s. məsələlər müzakirə
edilmişdir.
Azərbaycan.- 2011.-12 iyun.- S. 6.