Avropa Şurasında
islahatların zəruriyyəti yenə diqqət mərkəzindədir
Artıq iki ildən çoxdur ki, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) hər sessiyanın gündəliyinə geniş müzakirələr doğuran bir məsələ daxil edilir. Bu, Avropa Şurasını islahatlar, mütərəqqi dəyişikliklər hesabına əvvəllər olduğundan da çevik bir təşkilata döndərmək, bir sıra köhnəlmiş təsiri buraxan iş üsullarından azad olmaqdır. Lakin zahirən sadə görünən həmin vəzifələrin necə həll edilməsi kifayət qədər mürəkkəb olduğundan bu ətrafda müzakirə və mübahisələr hələ ki, yekunlaşmır.
Eyni mövzu assambleyanın növbəti yay sessiyasının gündəliyinə də daxil edilmişdir. AŞ PA-nın ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsinin Avropa Parlamentinin və bir sıra digər mötəbər beynəlxalq təşkilatların, eləcə də tanınmış avropalı ekspertlərin iştirakı ilə iyunun 9-10-da Strasburqda keçirilmiş iclasında Avropa Şurasında mümkün islahatlar problemi başlıca diskussiya hədəflərindən biri olmuşdur. İrəli sürülən və komitənin sessiya öncəsi son iclasında müzakirəyə çıxarılan təkliflərdən biri Parlament Assambleyasının müəyyən strukturlarının ləğv edilməsi, bir sıra komitələrin birləşdirilməsi, bununla da maliyyə qənaətinə nail olunması, problemlərin daha mərkəzləşmiş şəkildə öyrənilməsinə meydan açılmasıdır.
Gərgin keçən və iştirakçıların, demək olar ki, hamısının söz aldığı müzakirələrdə Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin və sözügedən komitənin üzvü Rafael Hüseynov da çıxış edərək demişdir: "Avropa Şurası 60 yaşını arxada qoyaraq artıq ömrünün 63-cü ilini başlamışdır. Yarandığı vaxtdan bəri bu təşkilat dünyanın siyasi mənzərəsinin dəyişməsində, Avropada insan haqlarının, demokratiyanın, mətbuat və söz azadlığının təmin olunmasında misilsiz xidmətlər göstərmişdir. Xüsusən sıralarına yeni müstəqillik əldə etmiş dövlətləri qəbul etdikdən sonra AŞ PA-nın məsuliyyəti bir qədər də artmış, həmin ölkələrdə demokratik təsisatların bərqərar olması üçün mövcud təcrübədən maksimal dərəcədə yararlanmaqla ciddi işlər həyata keçirilmişdir. Təbii ki, dəyişən vaxt Avropa Şurasından da dəyişməyi, yeniləşməyi, özünün keçdiyi yollara yalnız iftixarla deyil, tənqidi nəzərlə də baxmağı tələb edir. Söz yox ki, hansısa strukturları ixtisar etmək, hansısa komitələri birləşdirmək və yaxud istiqamətini başqalaşdırmaq da islahat sayıla bilər. Lakin bu gün Avropa Şurasının əsas ehtiyac duyduğu islahat bu deyildir. Avropa Şurası indi daha çox nüfuzunu artırmaq naminə tədbirlər icra etməlidir. Beynəlxalq təşkilatın nüfuzu isə ilk növbədə onun sözü ilə işi arasında rabitənin nə dərəcədə sıx olmasındadır. Təəssüf ki, hazırda Parlament Assambleyasında da, Avropa Şurasının Nazirlər Komitəsində də bu istiqamətdə hiss olunacaq səviyyədə böhran yaşanmaqdadır. Avropa Şurasının üzvü olan 47 dövlətdən 2-si - Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir. Əsas amalı insan haqları, demokratiya olan bir təşkilatın bir üzvü digər üzvünün ərazilərinin 20 faizini işğal etmiş, 1 milyon insanını qaçqına və məcburi köçkünə çevirmiş, problemlə bağlı AŞ PA 2005-ci il yanvarın 25-də 1416 nömrəli ayrıca qətnamə də qəbul etmiş, orada elə birinci paraqrafda Ermənistanın təcavüzkar olduğunu, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmış olduğunu rəsmən əks etdirmişdir. Avropa Şurasının qətnaməsi, sadəcə, kağız, adi qəzet məqaləsi deyil, icrası zəruri olan mötəbər sənəddir. Lakin qətnamənin qəbulundan 6 il keçsə də, aralıqdakı müddətdə eyni məsələ ilə bağlı Parlament Assambleyasında onlarca çıxış edilsə, Avropa Şurasının baş katibinə, Nazirlər Komitəsi sədrlərinə onlarca suallar ünvanlansa və 40-a yaxın yeni sənəd hazırlansa da, heç bir irəliləyiş yoxdur. Avropa Şurası özü deyib özü eşidəcəksə, sözü əmələ çevrilməyəcəksə, qərarlarının heç bir kəsəri olmayacaqsa, təbii ki, nüfuz aşağı düşməlidir. Həm də acınacaqlısı odur ki, məzmunca kəskin, nəticə etibarilə kəsərsiz və fəaliyyətsiz olan bu qəbil Avropa Şurası qətnamələri 1 deyil, 5 deyildir. Ona görə də mənim qəti qənaətimə görə Avropa Şurasında islahatlardan söhbət gedirsə, biz ən əvvəl buradan başlamalı, itən, aşağı düşən nüfuzu bərpa etmək, yüksəltmək üçün qəbul edilmiş qərar və qətnamələrin icrasının mütləqliyini təmin etməyə qadir olan təsirli mexanizmlərin yaranmasına nail olmalıyıq. Digər halda bütün başqa islahat cəhdləri, hansısa komitələri birləşdirmək təşəbbüsləri ilə guya nəyəsə nail olmaq niyyətləri effekt verməyəcək, sırf kosmetik xarakterli olduğundan arzulanan nəticənin əldə edilməsinə gətirib çıxarmayacaqdır".
Müzakirələrdə iştirak edən bir çox deputatlar, o cümlədən komitənin və assambleyanın ən sanballı üzvlərindən sayılan böyük britaniyalı deputat Alan Mill məhz belə yanaşmanın doğru olduğunu təsdiqləmiş, Avropa Şurasında islahatların daha realist səmtdə aparılmasının vacibliyini vurğulamışdır.
Əsgər ƏLİYEV,
AzərTAcın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.- 2011.-12 iyun.- S. 6.