Operamızın parlaq ulduzu

 

Azərbaycan musiqisi janrından asılı olmayaraq dili və dini bir-birindən fərqli millətlər və xalqlar tərəfindən sevilir. Bunun səbəblərindən əsası dilimizin musiqili, nəgməli, zərif və incə səslərdən ibarət olmasıdırsa, digəri ifaçılarımızın sənətə dərin məhəbbətidir. Xalq nəğmələrindən bəstəkar mahnılarınadək ucalan və bu gün artıq avropalıları belə heyran qoyan Azərbaycan musiqisi sərhəd tanımır.

Ötən əsrin yetmişinci illərində böyük səhnəyə gələn, daha doğrusu, operamızın səmalarında parlayan iki ulduzun səs şəfəqləri aylı gecələrimizi, günəşli gündüzlərimizi və sevgili könüllərimizi nurlandırdı. İlahi ecazkarlıq Xuraman və Fidan Qasımova bacılarının səsində sanki göylərdən, əlçatmazlıqlardan enib gəlirdi. Daha doğrusu, eyni bir ahənglə könülləri fəth edən səsin qanadlarında operamızın səhnə ulduzları ulu göylərdə pərvazlanırdı. Bu bacıların səs sənəti opera dili ilə sərhədləri aşaraq elləri dolaşdı. O illərdən ötən müddət ərzində opera səhnəsinin kəhkəşanında bərq vuran qoşa ulduz könülləri fəth etməkdədir.

Ömrünün 60-cı baharını yaşayan Xuraman Qasımova ötən illərə boylananda görəsən nələri düşünür? Hər halda onun haqqı çatır desin ki, uğurlu həyat və sənət yolu keçib. F.Əmirovun "Sevil"ində Sevil və Dilbər, Ü.Hacıbəylinin "Koroğlu"sunda Nigar, C.Puççininin "Bohema"sında Mimi və Mizetta, C.Verdinin "Otello", "Aida"sında Dezdemona və Aida, P.Çaykovskinin "Yevgeni Onegin" əsərində Tatyana obrazları sanki onun səsinin ölçüsünə yazılmışdır. Adları çəkilən əsərlərin Azərbaycan opera səhnəsində uzunömürlülük qazanmasında Xuraman Qasımovanın təkcə fitri istedadı deyil, gərgin axtarışları, zəhməti də mühüm vasitəyə çevrilib.

Yubiley günlərində yaradıcılığı ilə bağlı ona ünvanlanan sualları özünəməxsus formada cavablandıran Xuraman Qasımovanın qənaətincə, musiqimizin saf, təmiz səsə, yaxşı ifaya ehtiyacı daim olub və bu gün də duyulmaqdadır. Son illər mahnı, musiqi festivalları və müsabiqələrinin keçirilməsi zərurətə çevrilib: "Ona görə də istedadlı gəncləri tamaşaçıların özünün iştirakı ilə üzə çıxarmaq üçün Fidan xanımla birlikdə müsabiqələr keçirməyi planlaşdırırıq. Öz sahəmizdə gözəl səsə malik olanlar, müəyyən musiqi təhsili keçdikdən sonra qabiliyyətləri ortaya çıxan gənclər arasında belələri az deyil. Vaxtilə respublikamızda gənc vokalçıların müsabiqəsi keçirilib. İndi bu ənənəni davam etdirmək fikrindəyik. Müxtəlif müsabiqələrdə dəfələrlə münsiflər heyətində olmuşuq. Sevinc və fəxarət hissi ilə deməliyiəm ki, seçilmiş gənc vokalçılar məhz bizim fakültənin məzunlarıdır. Onu da qeyd etməliyik ki, hər gözəl səsi olan vokalçı pedaqoqa, hər pedaqoq isə səhnədə ifaçıya çevrilə bilmir. Ona görə də vokal fakültəsinin yetirmələrinin bəziləri səhnəni, digərləri auditoriyanı seçir. Musiqi mədəniyyəti böyük qüvvədir. Yüksək musiqi mədəniyyəti ilə hətta siyasətdə də böyük uğurlar qazanmaq olar".

Yubilyara görə, professional musiqi ilə məşğul olub-olmamasından asılı olmayaraq xalqımız kifayət qədər istedadlıdır, musiqiyə meyillidir. Musiqini sevən hər bir insan öz xalq mahnılarını, romanslarını, ifaçılarının yaradıcılığını yaxşı və yaxından tanıyır. Amma bu, hələ o demək deyil k, hər səsi olan səhnəyə çıxa bilər. Səhnənin öz qanun və tələbləri var.

Xalq artistinin fikrincə, musiqimizin saf, təmiz səsə, professional ifaya həmişə ehtiyacı var.

İncəsənət aləminin bazar meydanına çevrilməsinə çalışan şouların mənəvi dəyərləri ötüb-keçməsini qəbul edə bilməyən səhnə ulduzu əmindir ki, bütün bunlar ötəridir. Digər milli-mənəvi sərvətlərimiz kimi, Azərbaycan musiqisi də talan olunmamalı, layiqincə qoruyanlara tapşırılmalıdır. Burada xalqla peşəkar musiqiçilərin məsuliyyəti paralel bölüşdürməsi vacib amillərdəndir.

Uzun illər opera səhnəsini öz şaqraq səsi və zəngulələri ilə işıqlandıran Xuraman Qasımova 1977-ci ildə ifaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin birinci mükafatçısı, elə həmin il vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin və 1981-ci ildə Afinada keçirilən Mariya Kallas adına beynəlxalq müsabiqənin, həmçinin ifaçıların Çaykovski adına 8-ci beynəlxalq (Moskva, 1982) müsabiqəsinin laureatı kimi də tanınır.

Azərbaycan opera sənətinin ulduzu təkcə səhnədə parlamamış, kino sahəsində də öz istedadını ortaya qoymuşdur. Onun "Liftçi qız", "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır", "Nəğməkar torpaq", "Üzeyir ömrü", "Gələcəyin qurucuları", "Zəng", "Kədərimiz, vüqarımız", "Kinorejissor Həsən Seyidbəyli", "Maestro Niyazi" və "Ürəkdən-ürəyə" sənədli və bədii filmlərdə yaratdığı obrazlar yaddaşlarda iz salıb.

1986-cı ildən xalq artisti fəxri adını daşıyan Xuraman Qasımova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə dövlət başçısının sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.

1982-ci ildən Bakı Musiqi Akademiyasında çalışan Xuraman Qasımova 1993-cü ildən burada vokal kafedrasının müdiri, 1996-cı ildən isə professordur.

Peşəkar musiqiçinin elmi fəaliyyəti respublikamızdan kənarda da layiqincə qiymətləndirilmişdir. O, 1994-cü ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə - Türkiyə, Bolqarıstan, Çexiya, Slovakiya, Malta, Fransa, Avstriya, Norveç, Finlandiyada Xuraman Qasımovanın vokal sənətinin nümayişi, Azərbaycan mədəniyyətinin təbliği alqışlar və mükafatlarla qiymətləndirilmişdir.

Şöhrəti ilə səsi elləri dolaşan yubilyara - xalq artisti Xuraman Qasımovaya bundan sonra da parlamağı, musiqi dünyamızın ulduzu kimi şəfəq saçmağı arzulayırıq.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-12 iyun.- S. 7.