Azərbaycan teatrı yenidən Tbilisi səhnəsində

 

Təkcə respublikada deyil, onun sərhədlərindən çox-çox uzaqlarda və böyük salonlarda yaddaqalan obrazları ilə sevimli tamaşaçılarının asudə vaxtının səmərəli keçirilməsinə kömək göstərmiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir qrup aktyoru may ayının son günlərini də qastrol səfərində keçirib. Gürcüstanlı və orada yaşayan azərbaycanlı tamaşaçıların qarşısına bu dəfə teatrın kollektivi M.F.Axundovun "Sərgüzəti-vəziri-xani-Lənkəran" və H.Mirələmovun "Xəcalət" əsərləri ilə çıxıb. Tamaşaların hər ikisinin də anşlaqla keçməsi barədə KİV-ə məlumat verən xalq artisti Ramiz Novruzov onu da xüsusi qeyd edib ki, qonşu gürcü xalqının və oradakı soydaşlarımızın qonağı olmaq onlar üçün şərəfdir. Lakin 1984-1985-ci illərdən indiyə kimi müəyyən obyektiv və subyektiv səbəblərdən qastrol səfərləri reallaşmırdı. Nəhayət, indi onlar Tbilisidə, Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrının səhnəsində təkcə Lənkəran xanının sərgüzəştləri ilə dostlarını güldürməyib, "Xəcalət"lə Qarabağ dərdini bədii vasitə ilə anladıblar.

Xatırladaq ki, hər iki teatrın bir-biri ilə əməkdaşlıq sahəsində yaxşı ənənəsi var. Bakıda və Tbilisidə müştərək tamaşalar hazırlamaqla tərəflər iki Qafqaz xalqının qədim mədəni əlaqələrinin qırılmaz tellərlə bir-birinə bağlılığını nümayiş etdirirlər.

Yeri gəlmişkən, hər iki teatrın növbəti birgə layihəsi Bakıda Hüseyn Cavidin "Şeyx Sənan" əsərini tamaşaya hazırlamaqdır. Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının bədii rəhbəri, rejissor Qoçe Kapanadzenin bu yaxınlarda A.Şaqarelinin "Xanuma" əsərini Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyması da məhz qeyd etdiyimiz əlaqələrin daha da möhkəmləndirilməsi, xalqlarımızın mədəni həyatındakı yeniliklərlə tanışlıqdır.

 

 

Azərbaycan.- 2011.-12 iyun.- S. 7.