Rayonumuzun tarixini özündə
yaşadan qəzet
"Hacıqabul"
qəzetinin yaranmasından 20 il keçir. Əslində, qəzetin tarixi belə
qısa deyil. Təəssüf ki, Hacıqabul rayonunda bu haqda ətraflı
məlumat yox dərəcəsindədir. Aparılan
araşdırmalardan isə məlum olmuşdur ki, qəzet
Qazıməmməd rayonu yarandığı vaxtdan nəşr
olunmağa başlamışdır. O, əvvəllər
"Qazıməmməd bolşeviki", sonralar "Kommunizm
yolu" adlanmışdır.
"Qazıməmməd
bolşeviki" 1940-cı ildən nəşr olunub. İki səhifəlik
qəzetdə rəsmi materiallar, müxbir məktubları, tənqidi
mövzular dərc edilirdi. 1941-ci ildə qəzetin 84 nömrəsi
çıxmışdır. Müharibə dövründə
isə qəzetin nəşri
dayandırılmışdır.
Amma 1946-cı ildə
"Qazıməmməd bolşeviki" Cavanşir
Bağırovun məsul redaktorluğu ilə yenidən
işıq üzü gördü. Həmin il qəzetin 14,
1947-ci ildə 28, 1948-ci ildə 20, 1949-cu ildə 27, 1950-ci ildə
32, 1951-ci ildə 35, 1952-ci ildə 60 nömrəsi çap
olunmuşdur. 1952-ci ildə "Qazıməmməd
bolşeviki"nin redaktoru M.Cəbrayılov, yazarları isə
H.İsayev, Ə.Cəbrayılov və başqaları idi.
1953-cü ildən 1959-cu ilədək,
yəni Qazıməmməd rayonu ləğv edilənə qədər
"Kommunizm yolu" başlığı ilə
çıxan qəzet 1991-ci ildə Hacıqabul rayonunun
yaradılmasından sonra yenidən "Hacıqabul"
adı altında nəşrini bərpa etdi.
Bu gün
"Hacıqabul" redaksiya ilə oxucular arasında
körpü yaratmağa nail olub, ziyalıların, rayon
ictimaiyyətinin rəğbətini qazanıb. Qəzet öz
səhifələrində istər rayon mərkəzində,
istərsə də kəndlərdə baş verən yenilikləri,
eləcə də mövcud problemləri
işıqlandırır. "Hacıqabul" əvvəllər
öz oxucuları ilə həftədə bir dəfə, indi
isə ayda iki dəfə görüşə gəlir.
Redaksiyamız yeni bina və inventarla təmin olunub. Bu işdə
bizə rayon rəhbərliyi ilə yanaşı, Prezidentin
yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək
Fondu maddi kömək edir. Kollektivimiz də bu qayğıya
yüksək yaradıcılıqla cavab verməyə
çalışır.
Məlahət ƏSGƏRQIZI,
"Hacıqabul" qəzetinin baş redaktoru
Azərbaycan.- 2011.- 12 iyun.- S. 7.