Milli Kitab Mükafatının qalibləri ilə görüş keçirilmişdir

 

Xəbər verildiyi kimi, ötən həftə - iyun ayının 4-də layihənin qaliblərinin adları acıqlanıb. Pərviz Cəbrayılov 1-ci, Məqsəd Nur 2-ci, Nəriman Əbdürrəhmanlı və Natiq Rəsulzadə isə 3-cü yerin sahibi olublar. Kamran Nəzirli isə Amerika ədəbiyyatı nümunəsinin ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsinə görə qalib elan edilib.

Birinci yerin sahibinə 3000, 2-ci yerin sahibinə 2000, 3-cü yerin sahiblərinin hər birinə 1000 manat məbləğində pul mükafatı verilib. ABŞ-ın Azərbaycandakı səfirliyi isə Kamran Nəzirliyə ən yaxşı ədəbi tərcüməyə görə 1000 manat mükafat təqdim edib.

"Bakcell"in baş ofisində keçirilən görüşdə şirkətin baş icraçı direktoru Riçard Şirer qaliblərə Azərbaycan ədəbiyyatına tövhə olacaq yeni-yeni əsərlərin yazılmasında müvəffəqiyyətlər arzulayıb: "Bakcell" Azərbaycan şirkəti olaraq Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına dəstək göstərməyi Korporativ Sosial Məsuliyyət proqramının vacib missiyası hesab edir. Milli Kitab Mükafatı bu sahədə ən vacib təşəbbüslərdən biridir və biz bu layihəni dəstəkləməkdən olduqca məmnunuq".

Qeyd edək ki, Milli Kitab Mükafatı qaliblərinin əsərləri "Bakcell"in dəstəyi ilə həm kağız, həm də elektron kitab formatında çap ediləcək və Azərbaycan oxucularına, eləcə də ölkədən kənarda yaşayan soydaşlarımıza təqdim olunacaq. "Bakcell Azərbaycan ədəbiyyatının inkişafına dəstək göstərməkdə davam edəcək və biz əmin olmaq istəyirik ki, Azərbaycan yazıçılarının əsərlərini xaricdə yaşayan Azərbaycan dilli oxucular da daxil olmaqla hamı əldə edə bilsin. Bu gün internet vasitəsilə təhsilin geniş vüsət aldığı bir dövrdə elektron kitablara tələbat artmaqda davam edir. İndi Azərbaycan dilində çox az sayda kitabları elektron formatda əldə etmək olar. Bunu nəzərə alaraq, Azərbaycan ədəbiyyatının rəqəmsal infrastrukturunun təbliğatına dəstək göstərmək bizim növbəti hədəflərimizdən biri olacaq. "Əli və Nino" Nəşriyyat Evi və "Bakcell" şirkəti Azərbaycanda ilk dəfə olaraq Milli Elektron Kitab Mükafatını təsis edəcək" - deyə Riçard Şirer bildirib.

 

 

Azərbaycan.- 2011.-12 iyun.- S. 8.