Nazirlər Kabinetində
görüş
Azərbaycanda rəsmi səfərdə olan İsveç Krallığının xarici işlər naziri Karl Bildtin başçılıq etdiyi nümayəndə heyəti iyunun 13-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.
Azərbaycan ilə İsveç arasında qarşılıqlı əlaqələrin hazırkı durumu və inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə Baş nazir Artur Rasizadə səfərin iki ölkə arasında münasibətlərin irəliləməsi istiqamətində önəmli addım olduğunu dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən Baş nazir bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü diqqətə çatdırdı.
İsveç Krallığının xarici işlər naziri Karl Bildt ölkəsinin bu münaqişənin tezliklə sülh yolu ilə həll ediləcəyinə əminliyini bildirdi. Qonaq ölkələrimiz arasında mövcud siyasi, iqtisadi və mədəni münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd etdi.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-14 iyun.- S. 2.