İsveç
Krallığının xarici işlər naziri Karl Bildt
İçərişəhəri gəzmişdir
İyunun 13-də İsveç Krallığının xarici işlər naziri Karl Bildt İçərişəhərlə tanış olmuşdur.
"İçərişəhər" Dövlət Tarixi - Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, ilk növbədə qonağa Azərbaycan memarlığının incisi olan Qız qalası abidəsi və burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumat verilmişdir.
Nazir Bakı şəhərinin qədim iqtisadi əlaqələrinin göstəricisi və Şərq həyatının əvəzedilməz atributu olan ikimərtəbəli Karvansara, 1169-cu ildə inşa edilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olmuşdur. Sonda Karl Bildt ötən il bərpa edilmiş "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda olmuş və Fəxri qonaqlar kitabında öz ürək sözlərini yazmışdır.
Azərbaycan.- 2011.-14 iyun.- S. 2.