"Qloballaşma, milli ideya və müasir Azərbaycan" mövzusunda milli müzakirələr keçirilmişdir

 

İyunun 13-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə "Qloballaşma, milli ideya və müasir Azərbaycan" mövzusunda milli müzakirələr keçirilmişdir.

AzərTAc xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" məqaləsindən irəli gələn ideyaların müzakirəsinə həsr olunan tədbirin əsas mövzuları milli ideya və yeni milli gerçəklik, qloballaşan dünyada milli identikliyə çağırışlar, milli ideya və milli inkişaf strategiyası, azərbaycançılıq XXI əsrdə, ideya, missiya, dövlətçiliyin fundamental resursu və digər məsələlər olmuşdur.

Tədbirin aparıcısı, professor Hamlet İsaxanlı qloballaşma şəraitində milli dəyərlər məsələsinin görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin əsərlərində geniş şərh edildiyini bildirmiş, milli ideyanın inkişafının tarixi mərhələləri barədə danışmışdır. XXI əsrdə qloballaşmanın geniş vüsət aldığını vurğulayan Hamlet İsaxanlı bu prosesin ən mühüm cəhətinin informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı olduğunu demişdir.

Azərbaycanda milli kimlik ideyasının tarixi inkişafından danışan H.İsaxanlı bildirmişdir ki, bu proses ölkəmizdə XIX əsrin ortalarından etibarən inkişaf etməyə başlamışdır. Məhz bu əsrdə Avropada başlayan millətçilik hərəkatları Azərbaycana da mühüm təsir göstərmişdir. Vurğulanmışdır ki, Azərbaycanın görkəmli filosofu, dramaturq Mirzə Fətəli Axundzadə tərəfindən dini kimlikdən ayrılan milli kimlik ideyası sonrakı proseslərdə xalqımızın maarifçi ziyalıları tərəfindən inkişaf etdirilmişdir. Bildirilmişdir ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür sürsə də "Azərbaycan" sözünün dünya siyasi-hüquq sisteminə daxil olmasına və Azərbaycan kimliyinin ortaya qoyulması baxımından mühüm rol oynamışdır.

Qeyd olunmuşdur ki, Sovet dövründə Azərbaycan kimliyi - Azərbaycan dili və azərbaycanlı ön plana çıxmışdır. Məhz bu dövrdə Azərbaycan kimliyi, mədəniyyəti, elmi, təhsili yüksək inkişaf həddinə çatmışdır. H.İsaxanlı qloballaşma prosesinin Azərbaycan milli kimliyinə təsiri məsələlərinin bugünkü müzakirələrin əsas mövzusu olduğunu diqqətə çatdırmışdır.

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə qloballaşma dövründə milli ideya və ideologiyanın çox mühüm və mürəkkəb anlayış olduğunu vurğulamışdır. Bildirmişdir ki, müasirləşmə ölkəmizin qloballaşma prosesinə verdiyi cavabdır və bu prosesdə Azərbaycan xalqının fəal iştirakı zəruridir. Biz keçmişə müasir yanaşma ilə baxmalıyıq, deyən İ.Məmmədzadə müasirləşmənin elmi, fəlsəfi aspektlərinə toxunmuşdur. Alim son zamanlar ölkəmizdə mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı beynəlxalq tədbirlərin keçirildiyini, belə müzakirələrin təşkilində Azərbaycanın təşəbbüskar ölkə olduğunu qeyd etmişdir.

Bizim milli ideyamızın kökündə duran ən vacib məsələ işğalın dəf edilməsi, bununla da Azərbaycanın təhlükəsizliyinin təmin edilməsidir, - deyən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirmişdir ki, müasir dünyada qloballaşmanın səviyyəsi kommunikasiyanın imkanları ilə ölçülür. Təsadüfi deyil ki, indi Azərbaycanda mobil telefon istifadəçilərinin sayı 7 milyona yaxınlaşmışdır və əhalinin böyük əksəriyyəti kompüter və internetin imkanlarından geniş istifadə edir.

Dünya əhalisinin ünsiyyət imkanlarının artmasının yeni vəziyyətin yaranmasına səbəb olduğunu, nəticədə "bu vəziyyətdən necə yararlanmaq lazımdır" sualının indi daha çox aktuallığını diqqətə çatdıran politoloq demişdir ki, sosial şəbəkələr millətlərin dünyada öz mövcudluqlarını qoruyub saxlamalarına təsir göstərir.

Politoloq qeyd etmişdir ki, bütün bunlarla yanaşı, biz dünyada Azərbaycanın rəqabət imkanlarının artmasına çalışmalıyıq. Bunun üçün iqtisadiyyat, təhsil və digər sahələrdə ümumi inkişaf, eləcə də modernləşmə və digər istiqamətləri əhatə edərək onlar vahid bir sistemə salınmaqla ölkənin rəqabət gücü artırılmalıdır. Bildirilmişdir ki, Azərbaycan hazırda iqtisadi baxımdan rəqabət gücünə görə dünyanın ilk əlli ölkəsi arasında yer alsa da, digər sahələrdə hələ çox iş görülməlidir. Bizim rəqabət gücümüzün artırılması milli ideya kimi gündəlikdə duran əsas məsələ olmalıdır.

Sonra Rasim Musabəyov cəmiyyətdə hakim kəsilən milli prioritetləri sadalamış və onları təhlil etmişdir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" məqaləsini bu il müstəqilliyinin 20-ci ildönümünü qeyd edən ölkəmizin prioritetlərini araşdırmaq baxımından mühüm konsepsiya adlandırmışdır. Bildirmişdir ki, milli ideya və müasir Azərbaycan mövzusu bu gün olduqca aktualdır və bu yolda çalışan insanların xidmətlərini cəmiyyət hər zaman təqdir etmişdir.

Azərbaycanda milli ideyanın təşəkkül tarixindən danışan R.Aslanova bildirmişdir ki, bu ideya Azərbaycan Xalq Cümhuriyyəti dövründə etatizmə çevrilə bilməsə də yalnız sonradan - üçüncü respublika dövründə ən vacib amil olan siyasi lider amilinin əsasında reallaşmışdır.

Milli ideya milli quruculuğun əsas təməl prinsipidir, - deyən komitə sədri bildirmişdir ki, bu gün Azərbaycanın sosiallaşma institutlarının üzərinə böyük vəzifələr düşür. Bu gün gənc nəsildə milli şüurun, milli ideyanın əqidə rəmzinə çevrilməsi üçün Azərbaycan xalqının və dövlətinin nə etməli olduğu, vətəndaş obrazını formalaşdırmaq üçün hansı işlərin görülməsinin əhəmiyyətini vurğulayan R.Aslanova milli identiklik anlayışının müsbət və çatışmayan tərəflərini təhlil etmişdir.

Milli ideya məsələsində dövlətçilik anlayışı mühüm istinad nöqtəsidir, - deyən Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycanın çox ciddi və sağlam dəyərlər üzərində qurulan, inkişaf edən dövlət olduğunu diqqətə çatdırmışdır. Bu dövlət milli mədəniyyətin inkişafını, hər bir azərbaycanlının inkişafına yönəlmiş perspektivləri görən və bununla yanaşı, dünya dəyərlərinə də açıq olan bir dövlətdir. Deputat bildirmişdir ki, bu gün Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa layiqli töhfəsini verir. Bu baxımdan ölkəmizdə formalaşan mədəni dəyərlər cəmiyyətin hər bir üzvünün inkişafı və onun malik olduğu mədəni səviyyə ilə bağlıdır.

Dövlətimizin başçısı tərəfindən Azərbaycan gəncliyinin inkişafının xüsusi diqqətdə saxlanıldığını bildirən A.Mollazadə qeyd etmişdir ki, ölkəmizin gələcəyi məhz yeni nəslin intellektual gücündən asılıdır və bu nəslin inkişafı üçün biz heç nəyi əsirgəməməliyik.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, ziyalıların, elm və təhsil sahəsi işçilərinin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin təmsilçilərinin qatıldığı müzakirələrdə bildirilmişdir ki, bütün zamanlarda müəyyən ideyalar meydana gəlsə də onların bəziləri zamanla uzlaşmamışdır.

Toplantıda milli ideyanın gerçəkləşməsi, milli kimliklə bağlı fikir mübadiləsi aparılmışdır. Çıxış edənlərin əksəriyyəti vurğulamışlar ki, ulu öndər Heydər Əliyevin ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsində "Azərbaycan vətəndaşı" ifadəsinin göstərilməsi ilə bağlı atdığı addım milli birliyin həyata keçirilməsində və cəmiyyətdə milli ideyanın hakim olmasında mühüm istiqamətdir. Bu, bütün azərbaycanlıları birləşdirən amilə çevrilmişdir.

Müzakirələrə qoşulanlar akademik Ramiz Mehdiyevin məqaləsinin əhəmiyyətini vurğulayaraq onun cəmiyyət həyatına təsirindən danışmışlar. Bu məqalədə ölkəmizin inkişaf dinamikasının açıqlandığı, milli ideya və milli ideologiya anlayışının öz nəzəri əksini tapdığını vurğulamışlar. Bildirilmişdir ki, akademik Ramiz Mehdiyevin məqaləsində qarşılıqlı məsuliyyət, qarşılıqlı şüurlu vətəndaşlıq məsələləri, dövlətin şəxsiyyət, eləcə də şəxsiyyətin dövlət qarşısında məsuliyyəti məsələləri ayrıca bir tədqiqat problemi kimi araşdırıla bilər.

Qeyd olunmuşdur ki, akademik Ramiz Mehdiyevin bir sıra kitablarında irəli sürülən tezislər, həqiqətlər tədris vəsaitlərində də öz əksini tapmalı, təbliğ olunmalıdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 2.