Monteneqroda görkəmli Azərbaycan
rəssamı Hüseyn Əliyevin fərdi sərgisi
açılmışdır
İyunun 11-də Monteneqronun Mədəniyyət Nazirliyi, Bar Şəhər Meriyası və ölkəmizin Rumıniyadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bar şəhərinin Kral Nikola Sarayında görkəmli rəssamın fərdi sərgisi açılmışdır.
Ölkəmizin Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan tərəfindən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Hüseyn Əliyevin nəvəsi, "Lider TV və radio-Azərbaycan" MMC-nin prezidenti Ədalət Əliyev, dünya şöhrətli musiqiçi Dmitri Yablonski, Rəssamlar ittifaqı idarə heyətinin üzvü Əsmər Nərimanbəyova, Dövlət Rəsm Qalereyasının direktoru Arif İbrahimov, Monteneqro tərəfindən elm naziri Sanya Vlahoviç, mədəniyyət nazirinin müavini Dragitsa Miliç, xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini Ramiz Başiç, turizm və davamlı inkişaf nazirinin müavinləri Andro Gretsun və Zoran Duletiç, Bar şəhərinin meri Jarko Paviçeviç, yaradıcı ziyalılar, tanınmış rəssamlar, mədəniyyət və incəsənət xadimləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların başçıları, yerli KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Sərginin açılış mərasimində Azərbaycanın Rumıniyada, eyni zamanda Serbiya və Monteneqrodakı səfiri Eldar Həsənov çıxış edərək görkəmli rəssamın həyat və yaradıcılıq yoluna nəzər salmışdır. Bildirmişdir ki, Hüseyn Əliyev Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi olmaqla yanaşı, ölkəmizin rəngkarlıq məktəbinin yaradıcılarından biridir. O, Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil almış ilk azərbaycanlı olmuşdur. Görkəmli fırça ustası Hüseyn Əliyevin yaradıcılığında portret, peyzaj, karikatura, qrafika janrlarında rəsm əsərləri mühüm yer tutur.
Səfir Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu sərginin ölkəmizin Monteneqroda keçirdiyi ilk mədəni tədbir olduğunu diqqətə çatdırmışdır. Həmçinin o, xalqlarımızın və mədəniyyətlərimizin yaxınlaşmasına xidmət edən bu sərginin iki ölkənin humanitar və mədəni əlaqələrində mühüm rol oynayacağını söyləmişdir. Səfir son vaxtlar Azərbaycan ilə Monteneqro arasında bütün sahələrdə dostluq və əməkdaşlıq əlaqələrinin hərtərəfli inkişaf etdiyini bildirmişdir.
E.Həsənov Monteneqronun Prezidenti Filip Vuyanoviçin cari ilin sentyabrında Azərbaycana gerçəkləşəcək rəsmi səfəri və Bar şəhərinin meri Jarko Paviçeviçin bu ilin avqustunda Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun dəvəti əsasında Bar şəhəri ilə Bakının Qaradağ rayonu arasında qardaşlaşma sənədinin imzalanması məqsədilə Bakıya nəzərdə tutulan səfərinin iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini demişdir.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov görkəmli fırça ustası Hüseyn Əliyevin həyat və yaradıcılığından, onun ərsəyə gətirdiyi əsərlərin özünəməxsusluğundan danışmışdır.
Monteneqro mədəniyyət nazirinin müavini Dragitsa Miliç və Bar şəhərinin meri Jarko Paviçeviç görkəmli Azərbaycan rəssamı Hüseyn Əliyevin sərgisinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini bildirmişlər.
Sonda Hüseyn Əliyevin nəvəsi, "Lider TV və radio-Azərbaycan" MMC-nin prezidenti Ədalət Əliyev tədbirin yüksək səviyyədə təşkilinə görə Monteneqro tərəfinə və səfirliyimizə dərin təşəkkürünü bildirmişdir.
Sərgi iyunun 16-dək davam edəcəkdir.
Azərbaycan.- 2011.-14 iyun.- S.2.