Böyük Britaniyanın nüfuzlu "The Sun" qəzetində Azərbaycan haqqında geniş məqalə dərc edilmişdir

 

Böyük Britaniyanın nüfuzlu "The Sun" qəzetinin 13 iyun tarixli nömrəsində Azərbaycan haqqında geniş məqalə dərc edilmişdir.

Məqalədə məşhur oçerklər müəllifi Oliver Harvi Bakıya Ceffri Çarlz Herst ilə birgə səfərindən yazır. Ser Ceffri Herst İngiltərə yığmasının keçmiş hücumçusu olmuşdur. Britaniya Ordeninin üzvüdür. O, idman tarixində 1966-cı ildə Londonda keçirilən futbol üzrə dünya çempionatının finalında Almaniya yığması ilə görüşdə rəqib qapısına üç top vurması ilə yadda qalmışdır. Ancaq Herstin Bakı ilə bağlı öz tarixçəsi var...

Məqalədə deyilir ki, Bakı Xəzərin sahilində sürətlə inkişaf edən, çiçəklənən bir Cənubi Qafqaz ölkəsidir. Burada inşaat bumu müşahidə olunur, qədim şəhərin köhnə tikililəri ilə yanaşı ucalan göydələnlər maraqlı təzad doğurur. Burada həyat İngiltərə ilə müqayisədə aramla axır.

Artıq 69 yaşı olmasına baxmayaraq, qədd-qamətli və gümrah olan Herst deyir ki, Bakıda onu böyük hörmətlə qarşılamışlar. Azərbaycan çox sevdiyi ölkələrdən biridir. 1966-cı ilin dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Ceffri Hertsin o vaxt mübahisə doğuran qolunu məhz azərbaycanlı hakim Tofiq Bəhramov qeydə almışdı. Onun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Məşhur həmyerlimiz "Qızıl fit" mükafatına layiq görülmüş, Britaniya kraliçası isə "Qızıl İlahə" mükafatını ona şəxsən təqdim etmişdi.

Müəllif daha sonra yazır ki, bu günlər isə Ell & Nikki bütün dünyanı yalnız Azərbaycan haqqında danışmağa məcbur etmişlər. "Eurovision-2011" müsabiqəsində onların inamlı qələbəsi böyük əks-səda doğurmuşdur. Beynəlxalq Avropa mahnı müsabiqəsi növbəti dəfə məhz Bakıda keçiriləcək və bütün dünyadan buraya qonaqlar gələcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-14 iyun.- S.2.