Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyasının -
BSANNA-nın V Baş Assambleyası keçirilmişdir
İyunun 13-də Bakıda Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın ev sahibliyi ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyası keçirilmişdir.
"İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə" mövzusunda keçirilən assambleyada üzv ölkələrin - Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Bolqarıstan, Rumıniya, Yunanıstan və Makedoniya Respublikasının milli informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan, çoxsaylı qonaqları salamlayan AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirmişdir ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası - BSANNA bu gün dünyanın nüfuzlu media qurumları sırasındadır. BSANNA 2006-cı ilin mayında Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş təsis konfransında yaradılmışdır.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin BSANNA-nın təsisçilərindən biri olduğunu deyən baş direktor Assosiasiyanın V Baş Assambleyasının Bakıda keçirilməsini AzərTAc-ın bu təşkilatdakı fəaliyyətinə verilən yüksək qiymət və agentliyə göstərilən etimad kimi dəyərləndirmişdir.
A.Aslanov vurğulamışdır ki, "İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə" mövzusunun toplantının gündəliyinə çıxarılması heç də təsadüfi deyildir. Çünki yeni minillik özü ilə birlikdə yeni reallıqlar, yeni çağırışlar gətirmişdir. Son illər informasiya texnologiyalarının sürətli inkişafı informasiya agentliklərinə xəbərlərini çatdırmaq üçün yeni yollar təklif edir. İnternet, mobil telefonlar, mobil video, ismarıc və müxtəlif sosial şəbəkələr informasiya sahəsində kommunikasiyanın sonsuz imkanlarını təqdim edir. Bu, saysız-hesabsız seçim imkanları daim dəyişən dünyamızın reallıqlarıdır. Bakı toplantısı üçün belə bir mövzunun seçilməsində də məqsəd bu sahədə əldə etdiyimiz təcrübəni bölüşmək və mövcud problemləri aradan qaldırmaq üçün yeni yolar tapmaqdır.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirin əhəmiyyətindən danışaraq növbəti bir il ərzində BSANNA-ya rəhbərlik edəcək AzərTAc-ın bu missiyanı çox məsuliyyətlə və müvəffəqiyyətlə yerinə yetirəcəyinə əmin olduğunu demişdir.
Dünyada vahid informasiya məkanının formalaşdığını vurğulayan Ə.Həsənov xəbərlərin ayrı-ayrı bölgələr və bütövlükdə transmilli dünyada müxtəlif sahələr üzrə paylaşdığını qeyd etmişdir. Şöbə müdiri bildirmişdir ki, hazırda dünyada Avropa Xəbər Agentlikləri Alyansı, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı kimi çox mötəbər media qurumları vardır. Bu gün biz Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyasının işində iştirak edirik. Bundan başqa, türkdilli və rusdilli xəbər agentliklərinin birlikləri də mövcuddur. Biz, həmçinin müasir dünyamızda həm ərazi, həm dil, həm də bir çox digər amillərə görə xəbər agentlikləri arasında birliklərin, assosiasiyaların şahidiyik. Bütün bunlar informasiya sahəsində sərhədsiz dünyamızın, geniş vüsət almış qloballaşmanın yeni təzahürləridir.
Qara dəniz hövzəsi Xəzər və Cənubi Qafqaz bölgələri də daxil olmaqla bütün Avrasiyanı əhatə etdiyini və onun çox əhəmiyyətli geosiyasi məkan olduğunu vurğulayan Ə.Həsənov demişdir ki, bu baxımdan burada baş verən hadisələr dünyanın hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, dünyada baş verən hadisələrin bilavasitə bu regiona aidiyyəti vardır. Buna görə də Rusiya, Ukrayna, Türkiyə kimi böyük dövlətlər də daxil olmaqla bölgənin on dörd ölkəsini birləşdirən BSANNA bu təşkilata üzv olan dövlətlərin, ümumiyyətlə, regionun siyasi, iqtisadi, mədəni, ictimai həyatında baş verən hadisələrə dair informasiyaların geniş coğrafiyada yayılmasında mühüm rol oynayır.
Azərbaycanın BSANNA-nın fəaliyyətinə, onun mexanizmlərinin inkişaf etdirilməsinə lazımi dəstək verdiyini vurğulayan Əli Həsənov, eyni zamanda, AzərTAc-ın da işini yüksək qiymətləndirərək son illərdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin sürətlə inkişaf etdiyini, onun dünyanın nüfuzlu media qurumlarının üzvü olduğunu demişdir.
Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırmışdır ki, hazırda AzərTAc-ın bölgədə və dünyada baş verən hadisələri əks etdirən, eləcə də yerli xəbərləri, fotoinformasiyaları bu media qurumlarının və milli agentliklərin saytlarında və bülletenlərində yer alır. Eyni zamanda, həmin ölkələrdə baş verən hadisələri AzərTAc operativ şəkildə Azərbaycan və xarici oxucularına çatdırır. Bu ildən başlayaraq AzərTAc-ın BSANNA-da rəhbərlik etməsi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən hadisələrin də dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu olacaqdır.
Şöbə müdiri BSANNA-nın Azərbaycanda bu il keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumunun və gələn il "Eurovision-2012" musiqi yarışmasının geniş şəkildə işıqlandırılmasında əhəmiyyətli rol oynayacağına da əminliyini vurğulamışdır. Qeyd etmişdir ki, AzərTAc-ın BSANNA-ya rəhbərlik etməsi, eyni zamanda, onun tərəfdaşları olan digər ölkələrin milli agentliklərinin əməkdaşları da bu tədbirlərdən daha çevik və obyektiv informasiya yaymaq hüququna və imkanına malik olacaqlar.
Tanınmış rusiyalı jurnalist Yakov Borovoyun xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra BSANNA-nın prezidenti, Gürcüstanın GeoHotNews Agentliyinin baş direktoru Qoça Mirtsxulava ötən bir ildə görülmüş işlər və qarşıda duran məsələlər barədə danışmışdır.
Q.Mirtsxulava təşkilatın işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər də irəli sürmüşdür. Bu sırada BSANNA-nın veb-resursunun texniki imkanlarının genişləndirilməsi, assosiasiyanın üzvlərinin sayının artırılması, təşkilat üzvlərinin bu sayta administrativ çıxışının təminatı, qurumun nizamnaməsinə müəyyən dəyişikliklərin edilməsi və digər təkliflər vardır.
Sonda gürcüstanlı qonaq V Baş Assambleyanın Bakıda yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirərək növbəti ildə BSANNA-da sədrlik etmək üçün Azərbaycan Dövlət Teleqraf Agentliyinin böyük imkanları olduğunu vurğulamışdır.
Mövzu ilə bağlı çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov demişdir ki, hazırda bəşəriyyət öz inkişafının informasiya texnologiyaları ilə sıx bağlı olan yeni mərhələsinə - informasiya cəmiyyətinə qədəm qoymuşdur. İndi informasiya-kommunikasiya texnologiyalarının hansısa bir növündən istifadə etməyən insan təsəvvür etmək çətindir. Bəşəriyyət tarixinin informasiya cəmiyyəti adlandırılan yeni mərhələsində artıq terminləşmiş "şəffaflıq və modernləşmə" olmadan inkişafın və tərəqqinin istənilən mərhələsində irəliyə getmək, uğur qazanmaq mümkün deyildir. Çünki qloballaşan müasir dünyada tərəqqi, uğur, inkişaf ən müasir texnologiyalar və innovasiyalardan düşünülmüş və səmərəli istifadə etmək bacarığı ilə sıx bağlıdır. Bu məsələlər Azərbaycanın dövlət siyasətinin prioritetləridir.
Baş direktor bildirmişdir ki, Azərbaycan haqqında məlumatların operativ yayılmasında, habelə dünyada baş verən hadisələr barədə ictimaiyyətin dolğun məlumatlandırılmasında AzərTAc-ın xüsusi əhəmiyyəti nəzərə alınaraq onun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən xüsusi sərəncam imzalanmış, agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir sıra mühüm addımlar atılmışdır. AzərTAc öz strukturunda yenidənqurma və coğrafi genişlənmə timsalında iddialı bir proqram həyata keçirməyə başlamışdır. İndiyədək Azərbaycan, rus və ingilis dillərində informasiya yayan AzərTAc-da alman, fransız, ərəb dillərində informasiya redaksiyaları, həmçinin milli xəbər agentlikləri üçün ən müasir tələblərə, yüksək standartlara cavab verən yeni multimedia və videoxəbər redaksiyası fəaliyyətə başlamışdır.
İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman assambleyaya ev sahibliyi edən və çağdaş informasiya proseslərinin sağlam məcrada inkişafına çalışan AzərTAc-a minnətdarlığını bildirmişdir. M.Qusman vurğulamışdır ki, bu gün informasiya dünyasında baş verən mühüm hadisələrə AzərTAc da fəal müdaxilə edir. Təbii ki, AzərTAc-ın uğurlarını təmin edən əsas amil Azərbaycan dövlətinin dünyada artan nüfuzudur. Azərbaycan getdikcə dünya proseslərinin fəal və mühüm oyunçusuna çevrilir.
İnformasiya işində yeni müasir texnologiyaların tətbiqindən danışan M.Qusman vurğulamışdır ki, bu, çox vacibdir. Çünki indiki zəmanədə hər bir agentliyin gələcəyi multimediadan, ən müasir texnologiyaların tətbiqindən asılıdır. Fotoinformasiyaya da yeni yanaşmalar olmalıdır. Fotoinformasiyanın hər bir insan üçün əlyetən olması, onun eksklüzivliyi bu işə daha peşəkar yanaşma tələb edir.
Assambleyada çıxış edən Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Maksim Minçev, Anadolu Agentliyinin baş direktorun müavini Ahmet Tek, Ukrayna Milli Xəbər Agentliyinin Xarici əlaqələr departamentinin rəhbəri Yaroslav Dovqopol, Moldpresin baş direktorunun müavini Fidel Qalayko, Rumıniya Milli Xəbər Agentliyinin - AGEPRES-in baş redaktoru Simona Tatu, Yunanıstan Xəbər Agentliyinin - ANA-MPA-nın multimedia şöbəsinin müdiri Petros Demetroulos, Makedoniya Xəbər Agentliyinin - MİA-nın baş direktorunun müavini Haljiti Ajdini V Baş Assambleyanın yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirərək BSANNA-nın Bakı toplantısını bu beynəlxalq qurumun həyatında mühüm hadisə kimi qiymətləndirmişlər. Bakı toplantısında "İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə" mövzusunun çox aktual olduğunu vurğulayan natiqlər qeyd etmişlər ki, yeni minillik özü ilə bərabər yeni reallıqlar, yeni çağırışlar gətirmişdir. Son illər informasiya texnologiyalarının heyrətamiz inkişafı xəbərlərin daha sürətli, daha geniş coğrafiyada yayılması üçün böyük imkanlar açır. Bu imkanlar informasiya agentliklərinə əlaqələrini genişləndirməyə kömək edir.
İştirakçılar Bakı toplantısının bundan sonrakı əməkdaşlıq üçün daha da böyük imkanlar yaradacağına əmin olduğunu vurğulamışlar.
Sonra assambleyada təşkilati məsələlər müzakirə olunmuşdur.
BSANNA-da sədrlik Gürcüstanın GeoHotNews agentliyindən Azərbaycan Dövlət Teleqraf Agentliyinə - AzərTAc-a keçmişdir.
BSANNA-nın prezidenti Q.Mirtsxulava assosiasiyada prezidentliyi AzərTAc-ın baş direktoru A.Aslanova təhvil verərək ona rəhbərliyi dövründə uğurlar arzulamışdır.
Bakı Assambleyasında BSANNA-nın tarixində ilk dəfə olaraq qurumun rəhbər orqanı - bürosu yaradılmışdır. Büroya BSANNA-nın prezidenti rəhbərlik edəcəkdir. İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru Maksim Minçev, Gürcüstanın GeoHotNews agentliyinin baş direktoru Qoça Mirtsxulava büro üzvü seçilmişlər.
BSANNA-nın VI Baş Assambleyasının gələn il iyunun əvvəlində Rusiyanın Soçi şəhərində keçirilməsi qərara alınmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 14 iyun.- S. 4.