QİƏT üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının V Baş Assambleyasının iştirakçıları İçərişəhərlə tanış olmuşlar

 

İyunun 13-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçirilən V Baş Assambleyasının iştirakçıları dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olmuşlar.

AzərTAc xəbər verir ki, qonaqlar gəzintiyə yeni istifadəyə verilmiş Çin məscidi ilə tanışlıqdan başlamışlar. Tədbir iştirakçıları burada numizmatik ekspozisiya ilə maraqlanmışlar. Məlumat verilmişdir ki, ekspozisiyaya daxil olan sikkələr eramızdan əvvəl IV əsrdən eramızın XIX əsrin birinci yarısınadək böyük bir dövrü əhatə edir. Burada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələrini, Azərbaycan ərazisində yerləşən dövlətlərin və onlarla iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini görmək mümkündür.

Gəzinti zamanı qonaqlara YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

İçərişəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə davam etmiş və tədbir iştirakçılarına kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında məlumat verilmişdir.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı BSANNA-nın Bakı toplantısının iştirakçıları təndir çörəyinə qonaq edilmişlər.

Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların marağına səbəb olmuşdur.

Qız qalasına baxan tədbir iştirakçılarına Bakının rəmzi sayılan abidənin tarixi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulan bu abidə XII əsrdə bərpa olunmuşdur. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan qala silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Sonra qonaqlara Cümə məscidi və burada aparılmış təmir-bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Gəzinti Kiçik Karvansara abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı" ilə tanışlıqla başa çatmışdır.

BSANNA-nın Bakı toplantısının iştirakçıları paytaxtımızın qədim guşəsindən xoş təəssüratlarla ayrılmışlar.

 

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 4.