KONKRET FƏALİYYƏT - REAL İŞ

 

Prezident İlham Əliyevin bu siyasi kursu Nərimanov rayonunun sosial-iqtisadi inkişafında həlledici amildir

 

 Xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə keçidin - QURTULUŞun bəhrələri bu gün hər bir Azərbaycan vətəndaşının həyatında, o cümlədən ölkənin iqtisadi, siyasi, sosial və mədəni spektrində real, aydın təzahürlərlə əksini tapıb. Xalqımızın və dövlətimizin böyük xilaskarı olan dahi Heydər Əliyevin şah əsəri - Müasir Azərbaycan indi dünyada, sözün həqiqi mənasında, inkişaf fenomeni kimi qəbul olunur. İnkişafın özünəməxsus modelini yaradan Azərbaycanda yaşanan tərəqqi bütün ölkə üzrə proporsional qaydada paylanmaqla kompleks xarakter daşımaqdadır. Məhz bunun nəticəsidir ki, qısa zaman kəsiyində Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişərək daha da gözəlləşib və müasirləşib.

 

Bakının simasını daha da gözəlləşdirəcək yeni möhtəşəm proqram

 

 Eyni zamanda mövcud inkişaf tempinin daha mütəhərrik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı tərəqqisini, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını uğurla təmin edib. Bütün bunların davamlı xarakter daşıması, o cümlədən qeyri-neft sektorunun daha da möhkəmlənməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, infrastrukturun yeniləşdirilməsi məqsədilə görülən işlərin miqyasının mütəmadi olaraq genişləndirilməsi xüsusi diqqət mərkəzindədir.

Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən birinci və ikinci dövlət proqramları qeyd edilənlərin əyani təsdiqi olmaqla yanaşı, son 7 il ərzində Azərbaycanın bölgələrini inanılmaz dərəcədə dəyişdirən tarixi əhəmiyyətli sənədlər kimi çıxış edir. Faktdır ki, sözügedən proqramlar ölkənin bütün regionlarında məqsədyönlü şəkildə ardıcıl həyata keçirilməklə iqtisadiyyatda keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoyub. Regionlarla yanaşı, paytaxt Bakının və onun ətraf qəsəbələrinin də proqramlarla təsbit olunmuş inkişafı istiqamətində konkret addımlar atılıb. Bu məqsədlə hələ 2006-cı ilin fevralında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" təsdiq edilib. Həmin proqramın böyük müvəffəqiyyətlə icrası Bakı qəsəbələrinin tərəqqisində yeni bir mərhələnin başlanmasına gətirib çıxarıb. Bu istiqamətdə görülən işlərin davamı, şəhərətrafı qəsəbələrin infrastrukturunun daha da müasirləşdirilməsi, burada yaşayan insanların həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinin təmini üçün dövlət və onun rəhbəri tərəfindən zəruri addımlar atılır.

 Cari ilin martın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirə bunun daha bir konkret təzahürüdür. Faktdır ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində paytaxtda, eləcə də onun ətraf qəsəbə və kəndlərində sosial-iqtisadi və mədəni inkişaf yeni vüsət alıb. Kommunal xidmətlər əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, sosial təyinatlı obyektlərin, o cümlədən məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, onların müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı xeyli işlər görülüb. Bu işlərin daha geniş vüsət almasının, aparılan abadlıq və quruculuq işlərinin uğurla davam etdirilməsinin proqram təminatı məqsədilə elə həmin müşavirədə Prezident tərəfindən konkret tapşırıqlar verildi. Az sonra isə Bakını daha da gözəlləşdirəcək, onu dünyanın ən müasir şəhərlərindən birinə çevirəcək proqram hazırlandı və cari il mayın 4-də Prezident İlham Əliyev bu mühüm sənədin təsdiq olunması ilə bağlı sərəncam imzaladı.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" adlanan sənədin icrası Bakı və onun qəsəbələrinin daha da modern hala gəlməsini təmin etməklə yanaşı, bütövlükdə paytaxtın yeni rəngarəng gözəlliyə qovuşmasına gətirib çıxaracaq. Bunu proqramın məqsədlərindən də aydın görmək mümkündür. Belə ki, sözügedən sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlər aparılacaq. Həmçinin yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələri həyata keçiriləcək. Bundan başqa, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı, yeni iş yerlərinin və müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması təmin olunacaq.

Qeyd edilənlər sözügedən sənədin Bakı və onun qəsəbələrinin həyatında nə dərəcədə mühüm rola malik olduğunu, yeni inkişaf mərhələsinin əsasını qoyduğunu bariz formada nümayiş etdirir. Beləliklə, bütün bunlar qarşıdakı iki il ərzində paytaxtın sosial-iqtisadi həyatında daha bir məhsuldar dövrün yaşanacağına, eyni zamanda insanların yaşayış səviyyəsinə müsbət istiqamətdə əhəmiyyətli dərəcədə təsir göstərəcəyinə heç bir şübhə yeri qoymur.

Yaşanacaq yeni dinamik inkişafın əsas ünvanlarından biri qismində hər zaman öz yüksək tərəqqi tempilə seçilən Nərimanov rayonu çıxış edəcək. Son bir neçə il ərzində görülən işlər nəticəsində Nərimanov rayonunun siması daha da gözəlləşib və burada təkcə ölkəmizdə yox, bütün regionda analoqu olmayan bir sıra memarlıq abidələri, sosial obyektlər ərsəyə gətirilib və gətirilməkdədir. Bunun əsas səbəblərindən biri sözügedən rayonun inkişafına respublikanın digər inzibati ərazi vahidləri kimi Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilməsidir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda da Nərimanov rayonuna geniş yer ayrılıb. Burada həm əsaslı şəkildə modernləşmə, həm də yeni obyektlərin inşası həyata keçiriləcək. Bununla da sözügedən proqramın yerinə yetirilməsi nəticəsində paytaxtın mərkəzi rayonlarından biri olan Nərimanovda həyata keçirilən geniş abadlıq və quruculuq işləri uğurla davam etdiriləcək.

 

Prezidentin qayğısı əldə edilən uğurların əsas təminatçısıdır

 

 Bu gün dünya miqyasında Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri dinamizmə əsaslanan sürətli sosial-iqtisadi inkişaf və geniş şəkildə aparılan quruculuq, abadlıq işləridir. Nərimanov rayonunda da özünü qabarıq formada büruzə verən bu inkişafın əsas müəllifi kimi cənab İlham Əliyev çıxış edir. Faktlara nəzər salmaqla, görülən konkret işlərə diqqət yetirməklə də bunu kifayət qədər aydın şəkildə görmək mümkündür. Bu kontekstdə ilk növbədə onu qeyd etmək vacibdir ki, 2005-2010-cu illər ərzində müxtəlif tədbirlərdə, açılışlarda, təməlqoyma mərasimlərində iştirak məqsədilə dövlət başçısı 31 dəfə Nərimanov rayonu ərazisində olub. Yenə də Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və himayəsi sayəsində rayonda xeyli sayda mühüm obyektlərin tikintisinin təməli qoyulub və inşası uğurla başa çatdırılıb.

Göstərilən müddət ərzində ölkə rəhbərinin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirib, eyni zamanda əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsində mühüm rol oynayıb. Bunun nəticəsidir ki, Nərimanov həm müasir görünüşü, həm malik olduğu infrastruktur və sosial obyektləri ilə, həm də ümumi sosial-iqtisadi inkişafda oynadığı rola görə təkcə Bakının yox, eləcə də respublikanın ən qabaqcıl rayonları sırasındadır. Elə bu da rayonun tərəqqi tempinin qloballaşma əsrinin diktə etdiyi əsas tələblərdən biri olan dinamizmə əsaslandığının real təsdiqi kimi çıxış edir.

2006-2010-cu illər ərzində bu rayonun iqtisadi göstəricilərinə diqqət yetirməklə qeyd edilənlərin konkret faktlar əsasında təsdiqini görmək mümkündür. Məsələn, 2006-cı ildə rayonda sənaye məhsulunun ümumi həcmi 171,3 milyon manat təşkil edirdisə, artıq 2010-cu ildə bu göstərici 2 dəfəyə yaxın artaraq 300,7 milyon manata yüksəlib. Eləcə də özəl sektorun, sahibkarlığın istehsal olunan məhsullarda xüsusi çəkisi illər üzrə artıb. Sahibkarlığın inkişafına yaradılan münbit şərait rayon iqtisadiyyatına qoyulan investisiyaların həcminin artmasına stimul yaradıb və son 5 ildə əsas kapitala 892 milyon manat investisiya qoyulub ki, bunun da 95 faizi özəl sektorun payına düşür.

Həyata keçirilən məqsədyönlü siyasət və dövlət qayğısı nəticəsində son illər Nərimanov rayonunda müasir standartlara cavab verən məhsul istehsal edən bir çox orta və kiçik müəssisələr yaradılıb və hazırda fəaliyyətlərini uğurla davam etdirirlər. Bu müəssisələrdə yüksək keyfiyyətli yeyinti məhsulları, məişətimizdə istifadə etdiyimiz avadanlıqlar, tikintidə işlədilən mal və materiallar və digər məhsullar istehsal olunur. Bu gün Nərimanov rayonunda elə məhsullar istehsal olunur ki, onlar əvvəllər respublikamıza kənardan gətirilirdi. Sevindirici haldır ki, inşaat armaturları və polad tökmələr, plastik və şüşə butulkalar, kabel məmulatları, plastik borular, elektrik sayğacları, müxtəlif boyalar və yuyucu vasitələri, bir çox inşaat materialları və onlarla digər məhsullar məhz Nərimanov rayonunda istehsal olunur.

Yeni müəssisələrin yaradılması, həmçinin mövcud müəssisələrin fəaliyyətinin bərpa olunması nəticəsində ötən ildə rayonda 27517 daimi iş yeri açılıb. Daha bir mühüm göstərici əhalinin həyat səviyyəsini xarakterizə edən əsas kateqoriyalar sırasında yer alan pullu xidmətlərlə bağlıdır. Əgər 2006-cı ildə rayon əhalisinə 51,5 milyon manatlıq pullu xidmətlər göstərilirdisə, 2010-cu ildə bu rəqəm 3 dəfədən çox artaraq 167,2 milyon manat təşkil edib. Bununla yanaşı, əhalinin pul gəlirlərinin artması onların alıcılıq qabiliyyətinin yüksəlməsinə böyük stimul yaradıb. Belə ki, 2006-cı ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 453,8 milyon manat təşkil etmişdisə, bu rəqəm illər üzrə xeyli artaraq 2010-cu ildə 721,2 milyon manata çatıb.

İqtisadiyyatın liberallaşdırılması, müasir standartlara cavab verən yeni texnika və texnologiyaların tətbiq olunması nəticəsində bazar iqtisadiyyatının tələblərinə uyğun, rəqabətə davamlı, Nərimanov rayonuna ənənəvi olmayan yeni növ məhsulların istehsalı mənimsənilib, rayon iqtisadiyyatının çoxşaxəli inkişafı təmin olunub. Məsələn, bu gün Nərimanov rayonunda illik gücü 280 min ton təşkil edən "Baku Steel Company" kimi sənaye müəssisəsi fəaliyyət göstərir ki, bu da respublikamızda tikinti armaturu və polad tökmələr istehsal edən yeganə iri müəssisədir. MKT İstehsalat Kommersiya Şirkətinə məxsus Bakı iplik fabriki də bu qəbildən olan müəssisədir. Ümumiyyətlə, son 5 il ərzində Nərimanov rayonunda çoxsaylı səhiyyə və təhsil müəssisələri, yolötürücülər və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, istehsalat müəssisələri, yeni inzibati binalar inşa olunaraq istifadəyə verilib və onların bir çoxunun açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib.

Cari ilin ilk rübündə də bu rayonun hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda da uğurla davam etdirilir. Bu ilin birinci rübünün yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı yaşanıb və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 405,1 milyon manatlıq məhsul istehsal olunub. Həmçinin yeni iş yerləri açılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib, bütün mənbələr hesabına əsas kapitala yeni investisiya qoyulub, pullu xidmətlərin həcmi artıb, iri infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilib. Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində birinci rüb ərzində müvafiq işlər görülüb. Enerji, su təchizatı və digər kommunal xidmətlərin göstərilməsi sahəsində vəziyyət daha da yaxşılaşdırılıb. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə qazanılan uğurların miqyası daha da genişləndirilib. Rayonda əldə edilmiş bütün nailiyyətlərin, qazanılmış uğurların kökündə Prezident İlham Əliyevin diqqət və qayğısı, onun uzaqgörən, düşünülmüş, reallığa söykənən, möhkəm təməl üzərində qurulmuş praqmatik siyasəti durur.

 

Dünyada analoqu olmayan mərkəz

 

Cənab İlham Əliyevin himayədarlığı və diqqəti bütün ölkədə olduğu kimi, Nərimanov rayonu sakinlərində də dövlətə inamı, Prezidentə etimadı möhkəmləndirir. Prezidentin rayona böyük qayğısının bariz nümunəsi kimi Nərimanov ərazisində hazırda dünyada analoqu olmayan mərkəzin - Heydər Əliyev Mərkəzinin inşası həyata keçirilir. Heydər Əliyev Mərkəzində aparılan tikinti işlərinin gedişatı ilə tanış olmaq üçün dövlət başçısı bir neçə dəfə rayonda olub. İnşaat işləri ilə bağlı öz tapşırıq və tövsiyələrini verib. Mərkəzin təməli 2007-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Mərkəzin ümumi ərazisi təxminən 9 hektar olacaq. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin adını daşıyan memarlıq abidəsi kimi ucaldılan bu Mərkəz ən son texnologiyalarla təchiz ediləcək.

Tikinti üslubuna görə Yaxın Şərq bölgəsində ilk belə layihə olan Heydər Əliyev Mərkəzi dünya memarlığında layiqli yerini tutacaq. Mərkəzin əsas binasının fasadının qarşısındakı maili landşaft buraya gələnlər üçün elit bir keçid yolu olmaqla bərabər, həm də şəhər əhalisinin mədəni istirahəti üçün ən gözəl yerlərdən birinə çevriləcək. Xüsusi dizayna malik ərazidə yaşıllıq zonası, istirahət meydançaları, fəvvarələr, eskalatorlar və müasir işıqlandırma sistemlərinə malik geniş və yaraşıqlı park salınması istiqamətində artıq xeyli işlər görülüb.

Mərkəzin layihəsi onun əsas binasının daxili və xarici görünüşünün möhtəşəm bir vəhdət yaratdığını göstərir. Bununla yanaşı, Mərkəzin landşaft ərazisindən muzeyin və konfrans salonunun girişi Heydər Əliyev prospektindən görünəcəkdir. Bu tərəf günəş şüalarını tənzimləyən şüşə və alüminium konstruksiyalardan düzəldilir. Landşaft ərazisinin altında 1350 yerlik avtomobil dayanacağı yerləşəcək.

Ümumi sahəsi 20,5 min kvadratmetr, hündürlüyü isə 22 metrə bərabər konfrans salonunda müasir texnologiyanın bütün imkanlarından istifadə ediləcək. Əsas səhnənin hərəkət edən ön hissəsinin hündürlüyü 7-14 metr, ümumi sahəsi isə 315 kvadratmetr olacaq. Mərkəz beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verən müasir texnologiyalarla təchiz olunmuş və bir məkanda konfrans zalı, muzey və mədəni irs mərkəzi, açıq foye, kitabxana və digər məqsədlər üçün nəzərdə tutulan salonları özündə birləşdirən çoxşaxəli struktura malik olacaq.

İstifadəyə verildikdən sonra Heydər Əliyev Mərkəzi dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi baxımından ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynayacaq.

Prezident İlham Əliyev belə bir mərkəzin yaradılmasını yüksək qiymətləndirərək onun Bakının yeni simvoluna çevriləcəyini bildirmişdir: "Azərbaycanın inkişafı, ölkəmizdə əldə edilmiş uğurlar indi bizə imkan verir ki, belə binaları yaradaq. Əminəm ki, bu bina onilliklər və əsrlər boyu yaşayacaq və Bakının növbəti simvoluna çevriləcəkdir. Eramızın ilk əsrlərində yaradılmış "Qız qalası" Bakının qədim simvoludur. Heydər Əliyev Mərkəzi növbəti simvol olacaq və bütün dünya miqyasında öz gözəlliyi ilə, nadirliyi və funksional keyfiyyətləri ilə seçiləcəkdir".

 

Heydər Əliyev Fondunun xeyirxahlıq missiyasının daha bir ünvanı

 

Nərimanovda yaşanan sürətli inkişafdan, əhalinin daim yaxşılaşan sosial durumundan söz açarkən Heydər Əliyev Fondunun rayona misilsiz qayğısına, böyük himayədarlığına xüsusi toxunmaq lazım gəlir. Müasir Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu rayonda sosial sferada görülən işlərdə bu gün dövlətin ən yaxın yardımçısına çevrilib.

Azərbaycan cəmiyyətinin inkişafında, səhiyyə, təhsil kimi mühüm sferalarda yaranan problemlərin həllində, milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan vətəndaşlarının, o cümlədən Nərimanov rayonu sakinlərinin inam ünvanına, mərhəmət və xeyirxahlıq rəmzinə çevrilib. Azərbaycanın birinci xanımının gördüyü nəhəng miqyaslı işlərin bir hissəsi Nərimanov rayonu ilə bağlıdır. Məhz onun təşəbbüsü və yaxından iştirakı ilə rayon ərazisində neçə-neçə sosial obyektlər inşa olunaraq istifadəyə verilib. 2006-2010-cu illər ərzində Mehriban xanım Əliyeva Nərimanov rayonunda 12 dəfə olub, bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib, tövsiyələrini verib.

Sözügedən kontekstdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərsəyə gələn obyektlər siyahısında Talassemiya Mərkəzi, Psixonevroloji Uşaq Evi, kor və zəif görən uşaqlar üçün musiqi məktəbi, məktəb kompleksi, Zərifə xanım Əliyeva adına uşaq bağçası, parklar və digərləri xüsusi qeyd olunmalıdır. Kor və zəif görənlər üçün respublika internat məktəbində olarkən Heydər Əliyev Fondunun prezidenti gözdən əlil uşaqlara 18 xüsusi kompüter bağışlayıb. Bu xeyirxah missiya internatda təhsil alan 300 nəfər gözdən əlil şagirdin kompüterdən istifadəsinə və internet şəbəkəsinə qoşulmasına imkan verib. Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın iştirakı ilə açılan Psixonevroloji Uşaq Evi 4800 kvadratmetr sahəni əhatə edir. Bu beşmərtəbəli yeni binada uşaqların müalicəsi və təlim-tərbiyəsi üçün hər cür şərait var. Milli memarlıq üslubunda inşa olunan binanın həyətində də yenidənqurma işləri aparılıb, uşaqların və işçilərin istirahəti üçün hər cür şərait yaradılıb, işıqlandırma sistemi ilə təmin olunmuş fəvvarə kompleksi tikilib, 2 min kvadratmetr ərazidə yaşıllıq salınıb.

Ən müasir avadanlıqlarla təchiz olunmuş Talassemiya Mərkəzinin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsinə və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olunub. Əhalinin istirahətinin mənalı və səmərəli keçməsinə də böyük diqqətlə yanaşan Mehriban xanım Əliyevanın iştirakı ilə əsaslı təmir və yenidənqurma işlərindən sonra akademik Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsində yeni salınmış parkın açılışları olub.

Bütün bunlar çoxşaxəli fəaliyyətində daim mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri prinsiplərə sadiq qalan Mehriban xanım Əliyevanın şəxsiyyətində nəciblik, qayğıkeşlik, insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlərin öz təcəssümünü tapdığını aydın göstərir. Heydər Əliyev Fondunun və onun prezidentinin təkcə Nərimanov rayonunda yox, bütün ölkədə milli-mənəvi dəyərlərin qorunması, elmin, təhsilin səviyyəsinin yüksəldilməsi, səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təmini yönümündə gördüyü işlər onun əməli fəaliyyətinin bariz sübutudur. Konkret olaraq Nərimanovda görülən işlər rayon sakinləri tərəfindən Fondun, Mehriban xanım Əliyevanın hər zaman böyük qayğısı və diqqəti kimi qiymətləndirilir. Bu mənada sakinlər Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıq ifadə edirlər və qarşıdakı dövr ərzində də hər zaman onun qayğısını öz üzərlərində hiss edəcəklərinə tam əmindirlər.

 

Yeni inkişaf mərhələsi

 

Qeyd edilənlər bir daha ötən illər ərzində Nərimanov rayonunda coşğun inkişaf yaşandığını konkret faktlar əsasında nümayiş etdirir. İndi rayon öz tərəqqisinin yeni və daha dinamik hesab edilən növbəti mərhələsinə hazırlaşır. Söhbət "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ndan, burada qarşıdakı iki il ərzində rayonda görülməsi nəzərdə tutulan işlərdən gedir. Proqramın icra müddəti ərzində rayonda 48 müxtəlif tədbirlərin görülməsi, müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar qaz, elektrik enerjisi, istilik, su təchizatlarından tutmuş kanalizasiya, rabitə və informasiya, yol təsərrüfatı, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrinə kimi ən müxtəlif sferaları əhatə edir.

Yeni proqrama əsasən, rayon ərazisində Əzizbəyov QPS-dən başlayaraq yeraltı orta təzyiqli qaz kəmərlərinin yenidən qurulması, mövcud mexaniki sayğacların "Smart-kart" tipli elektron qaz sayğacları ilə əvəz olunması həyata keçiriləcək. Burada yerləşən 110 kV-luq hava elektrik verilişi xətləri də yenidən qurulacaq, istehlakçıların elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə digər müvafiq tədbirlər həyata keçiriləcək. Rayonda olan 6 uşaq bağçası və 4 səhiyyə müəssisəsi, 2 məktəb, həmçinin müxtəlif ünvanlar üzrə yaşayış binaları üçün yeni istilik mənbəyinin yaradılması, qazlaşdırılması, məhəllədaxili və binadaxili istilik sistemlərinin yenidən qurulması reallaşdırılacaq. 30 obyekt üzrə rayonun ayrı-ayrı küçələrində su və kanalizasiya xətlərinin və kollektorların yenidən qurulması da proqramda öz əksini tapıb. Yeni poçt şöbəsinin yaradılması, müxtəlif telefon xətt şəbəkələrinin fiber optik kabelin tətbiqi ilə qurulması, rayon və məhəllədaxili yolların tikintisi və təmiri də görüləcək işlər sırasındadır.

Təhsil sahəsində də həyata keçiriləcək işlərin miqyası olduqca genişdir. Buraya Nərimanovda olan bir neçə orta məktəbin və körpələr evi - uşaq bağçasının, peşə liseyinin əsaslı təmiri, 82 və 200 saylı orta məktəblərdə isə bununla yanaşı, müvafiq olaraq 25 və 40 əlavə sinif otağının tikintisi, bərpa-gücləndirmə işləri daxildir. 2011-2012-ci illər ərzində Səhiyyə Nazirliyi və Rayon İcra Hakimiyyəti tərəfindən 7 saylı yoluxucu uşaq xəstəlikləri xəstəxanasının əsaslı təmiri, avadanlıq və inventarla təchiz olunması proqramda öz əksini tapan məqamlar sırasındadır. Bununla yanaşı, rayonda yerləşən üç musiqi məktəbinin əsaslı təmiri və texniki təchizatı növbəti iki il müddətində həyata keçiriləcək.

Bütün bunlar Nərimanov rayonunda indiyə qədər olduğu kimi, bundan sonra da dinamizmə əsaslanan tərəqqinin yaşanacağını, Bakının bu mərkəzi hissəsinin daha da gözəlləşəcəyini, sakinlərinin həyat səviyyəsinin daha da yüksələcəyini qətiyyətlə deməyə əsas verir.

Prezident İlham Əliyev "Əsl siyasət - real iş və konkret fəaliyyətdən ibarətdir" mülahizəsini siyasi kursunun əsas amalı kimi elan edib. Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünü qeyd etdiyimiz bir dönəmdə özünü aydın büruzə verən həqiqət odur ki, bu siyasət Nərimanov rayonu timsalında bütün Azərbaycanın inkişaf rəmzi və strateji tərəqqi kursunun alternativsiz ünvanı kimi təsdiq olunub.

Bu baxımdan ölkəmizin və hər bir vətəndaşın həyatında müsbət dəyişikliklərin və rifahın başlanmasının əsasını qoyan QURTULUŞ gününü rayon əhalisi də böyük coşqu, qürur hissi ilə qeyd edirlər. Ulu öndərin irsinə sədaqətinin dönməzliyi və Prezident İlham Əliyevin fəaliyyətinə birmənalı dəstək Nərimanov sakinləri üçün artıq əsl vətəndaşlıq missiyasına çevrilib!

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 5.