"Vergi nəzarətinin
elektronlaşdırılması sahəsində ciddi hədəflər
müəyyənləşdirmişik"
Vergilər naziri Fazil Məmmədov
Prezidentin "Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" fərmanından irəli gələn vəzifələr
barədə söhbət açır
- Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" fərmanı dövlət orqanları
qarşısında hansı vəzifələri qoyur?
- Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixində imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının ölkəmizdə tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. Qloballaşma dövrünün reallıqları nəzərə alınaraq, çevik və təkmil idarəetməni təmin edəcək "elektron hökumət"in yaradılması ideyası da ilk dəfə məhz bu sənəddə vacib məsələlərdən biri kimi önə çəkilmişdir.
İnformasiya-kommunikasiya texnologiyaları modern və çevik idarəetmənin həyata keçirilməsində, dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunmasında, vətəndaşların keyfiyyətli xidmətlər əldə etməsində mühüm rol oynayır. Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliyinin və keyfiyyətinin artırılmasına, eləcə də korrupsiya və süründürməçiliyin qarşısının alınmasına şərait yaradır.
Prezident İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq, Azərbaycan hökuməti son illər idarəetmənin bütün sahələrində müasir texnologiyaların nailiyyətlərindən istifadə olunması və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə bağlı xeyli iş görmüşdür. Bir sıra dövlət qurumları, o cümlədən də Vergilər Nazirliyi vətəndaşlara göstərilən xidmətləri elektron vasitələrdən geniş istifadə etməklə həyata keçirməyə başlamış, elektron məlumat bazaları yaradılmışdır. Lakin bunlar görüləcək böyük işlərin yalnız başlanğıcı hesab oluna bilər və şübhəsiz ki, Prezidentin son fərmanı dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi işinin təkmilləşdirilməsi və sürətləndirilməsinə ciddi təkan verəcək. Fərmanla müəyyən edilmiş tapşırıqlar dövlət qurumları tərəfindən elektron xidmətlərin göstərilməsi sahəsində çox ciddi dəyişikliklər aparılmasını tələb edir.
Hesab edirəm ki, bu, çox vaxtında verilmiş, ölkəmizin hazırkı inkişaf səviyyəsinə uyğun olan bir fərmandır və onun icrası dövlət idarəetmə sistemini ən müasir standartlar səviyyəsinə yüksəltməyə imkan yaradacaq. Digər tərəfdən, elektron xidmətlərin tətbiqi sahəsinin genişləndirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində sistemli islahatların tərkib hissəsi kimi də dəyərləndirilməlidir. Çünki elektron xidmətlər dövlət qurumlarının vətəndaşlarla təmasını azaltmaqla onların fəaliyyətində şəffaflığın artmasına yardım edir. Sözsüz ki, bu, həm də korrupsiyaya qarşı mübarizə sahəsində çox səmərəli bir mexanizmdir.
- Vergilər Nazirliyi elektron xidmətlərin
tətbiqi sahəsində Azərbaycanda aparıcı dövlət
qurumlarından biri hesab olunur. Nazirliyin bu istiqamətdə
gördüyü işlər barədə nə deyə bilərsiniz?
- Müasir texnologiyaların tətbiqi vergi sisteminin müasirləşdirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində sistemli islahatların mühüm tərkib hissəsidir. Vergilər Nazirliyinin elektron xidmətlər sahəsində tətbiq etdiyi bir sıra layihələr bu gün beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. 2006-cı ildən etibarən ən müasir texnologiyaları tətbiq etməklə yaradılmış vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqini mən xüsusilə qeyd etmək istərdim. Bu sistem Vergilər Nazirliyinin bütün strukturlarına vahid informasiya məkanında məlumatların saxlanılması və emalı imkanını yaratmış, elektron sənəd dövriyyəsini, operativ informasiya mübadiləsini təmin etmişdir. Hazırda Vergilər Nazirliyinin sənəd dövriyyəsi tamamilə elektronlaşdırılmışdır. AVİS-in işə salınması bizə elektron xidmətlər sahəsində mövcud olan ən müasir təcrübələri tətbiq etməyə imkan verir.
2007-ci ildə ölkəmizin ən böyük dövlət portallarından biri olan Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı fəaliyyətə başlamış və bununla da bəyannamələrin elektron variantda göndərilməsinə start verilmişdir. Bu sistem vergi ödəyicilərinə xüsusi proqramlar vasitəsilə bəyannamələrin düzgün tərtib olunmasına, onları elektron formada saxlamağa və vergi ödəyicilərinin şəxsi vərəqələrinə real vaxt rejimində baxmağa şərait yaradır. E-bəyannamə sisteminin tətbiqi ümumilikdə bəyannamələrin tərtib edilməsi və onların vergi orqanına göndərilməsi üçün lazım olan vaxtı 3 dəfəyədək azaltmışdır. İndi vergi bəyannamələrini təqdim etmək üçün vergi orqanlarına gəlmək lazım deyil, vergi ödəyiciləri bunu istədikləri vaxtda və istədikləri yerdən həyata keçirə bilərlər. Qısa müddətdə e-bəyannamədən istifadə edən vergi ödəyicilərinin sayı əhəmiyyətli şəkildə artmışdır. 2010-cu ilin yekunlarına görə, vergi ödəyiciləri tərəfindən nazirliyə daxil olan bəyannamələrin orta hesabla 90 faizi e-formatda göndərilmişdir. Müqayisə üçün deyim ki, istər MDB-də, istərsə də Şərqi Avropa ölkələrində bu göstərici 60-75 faiz çərçivəsindədir.
2010-cu ildən Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanmışdır. Bu da öz növbəsində elektron vergi xidmətləri sahəsində ciddi bir addımdır və biz postsovet məkanında belə sistemi tətbiq etmiş ilk ölkələrdən biriyik. Elektron vergi hesab-fakturalarının tətbiqi təkcə kağız dövriyyəsinin və vaxt itkisinin əhəmiyyətli şəkildə azaldılmasına deyil, həm də saxta hesab-fakturalardan istifadə etmək cəhdlərinin qarşısının birdəfəlik alınmasına səbəb olmuşdur.
2010-cu ildə biz daha bir mühüm elektron xidməti vergi ödəyicilərinə təqdim etdik. "On-line kargüzarlıq" sistemi ilk dəfə vətəndaşlara dövlət qurumu ilə elektron formada məktublaşmağa imkan yaratdı. Biz hər bir vergi ödəyicisi üçün nazirliyin www.e-taxes.gov.az internet səhifəsində şəxsi elektron qutu yaratdıq. Bu, elektron poçta oxşar bir sistemdir və onun vasitəsilə vergi ödəyiciləri vergi sisteminə aid informasiya xarakterli istənilən sənədi əldə edə bilərlər.
Sənəd dövriyyəsi, sənədlərin vahid qeydiyyatı və ödəyicilərin müraciətlərinin operativ emalı prosesi sürətlənmişdir. İndi vətəndaş öz müraciətinin vergi orqanı daxilində hərəkətini izləyə və onun kimin icrasında olduğunu, həmin şəxsin əlaqə telefonlarını öyrənə və onunla əlaqə saxlaya bilər. "On-line kargüzarlıq" sistemində bir sıra ərizələrin elektron formada təqdim edilməsi imkanı da yaradılmışdır. Ümumilikdə, hazırda sahibkarlıq subyektləri üçün nəzərdə tutulan ərizələrin 46 faizinin elektron qaydada təqdim edilməsi mümkündür.
ƏDV inzibatçılığı sahəsində islahatlar çərçivəsində ƏDV depozit hesablarının tətbiqinə başlanması da bu sahədə vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan vermişdir. Vahid depozit hesabın tətbiqi vergi ödəyicilərinə banka getmədən başqa ödəyicilər, büdcə və gömrük orqanlarına ödənişlərin həyata keçirilməsinə, həmçinin ƏDV-nin hərəkətinə və əvəzləşdirilməsi prosesinə səmərəli nəzarət etməyə imkan yaradır. Vahid ƏDV depozit hesabının tətbiqi ƏDV üzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da səbəb olmuşdur. Bizim qiymətləndirmələrə görə, bu sistemin tətbiqi nəticəsində ƏDV ödəyiciləri indiyə kimi təxminən 61 milyon manatdan çox vəsaitə qənaət ediblər. Azərbaycanda 2008-ci ildən tətbiq olunan bu sistem bir sıra beynəlxalq institutların və digər ölkələrin vergi administrasiyalarının ciddi marağına səbəb olmuşdur.
Ölkəmizdə ilk dəfə sahibkarlıq subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipi tətbiq edilməklə Vergilər Nazirliyi tərəfindən aparılması təcrübəsi də özünü doğrultmuşdur. Dövlət başçısının müvafiq fərmanı ilə başlanmış və elektron xidmətlərin mühüm tərkib hissəsi olan bu layihə də beynəlxalq təşkilatlar tərəfindən çox müsbət qiymətləndirilmişdir. 2008-ci ildən başlanmış bu proses ötən müddət ərzində bir sıra yeni xidmətlərin tətbiq olunması ilə daha da təkmilləşdirilmişdir. Beynəlxalq ekspertlərin rəyinə əsasən, təkcə bu sistemin tətbiqi nəticəsində qeydiyyatdan keçən şəxslərin sərf etdikləri inzibati xərclər 19 milyon manat məbləğində azaldılmışdır.
Biz elektron xidmətlərdən istifadə edən ödəyicilərin sayının artırılmasına çalışırıq. İnternet xidmətlərin tətbiqi səviyyəsinin yüksək olmadığı regionlarda dövlətin ayırdığı vəsait hesabına 27 (onlardan 10-u cari ildə) vergi ödəyicilərinə xidmət terminalı tikilib istifadəyə verilmişdir ki, bu da vergi ödəyicilərinə, eləcə də istənilən vətəndaşa elektron xidmətlərdən pulsuz istifadə etmək imkanı yaradır.
- Dövlət
başçısının müvafiq fərmanı dövlət
qurumları qarşısında mühüm vəzifələr
müəyyən etmişdir. Vergilər Nazirliyi yaxın gələcəkdə
bu vəzifələrin icrası və eyni zamanda elektron
hökumət layihəsinin genişləndirilməsi prosesinə
hansı töhfələri vermək niyyətindədir?
- Fərmandan irəli gələn məsələlər Vergilər Nazirliyinin kollegiyasında geniş müzakirə olunmuş və onların icrasını təmin etmək məqsədilə konkret tədbirlər planı təsdiq edilmişdir. Bütövlükdə həyata keçirmək istədiyimiz işlər sırasında ilk növbədə "bir pəncərə" prinsipi üzrə fiziki şəxslərin və sonrakı mərhələdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının elektron şəkildə həyata keçirilməsini qeyd etmək istərdim. Hazırda bu layihə üzərində ciddi iş aparılır. Fiziki şəxslərin qeydiyyatı ilə bağlı texniki və qanunvericiliklə bağlı məsələlər həll olunduqdan sonra yaxın gələcəkdə bu prosesə başlamaq niyyətindəyik. Kommersiya hüquqi şəxslərə gəlincə, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi araşdırılmışdır və biz gələcəkdə bunu da həyata keçirməyi nəzərdə tuturuq.
2011-ci il ərzində rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin fəaliyyətinin təkmilləşdirilməsini və portal vasitəsilə göstərilən xidmətlərin genişləndirilməsini təmin edəcəyik. Qeyd etdiyim kimi, hazırda "on-line kargüzarlıq" sistemi vasitəsilə sahibkarlıq subyektləri üçün uçotla əlaqədar tələb olunan ərizələrin təxminən yarısının elektron qaydada təqdim edilməsi mümkündür. Biz bu göstəricini qısa müddət ərzində ciddi surətdə artırmağa çalışacağıq. Nazirlikdə internet resurslarından istifadə edilməklə vətəndaşların, xüsusilə də ucqar rayonlarda yaşayan vergi ödəyicilərinin Bakıya gəlmədən audio-vizual qəbulunun təşkili nəzərdə tutulur. Bunlardan əlavə, vətəndaşların elektron xidmətlərdən daha geniş istifadə edə bilməsini təmin etmək məqsədilə vergi ödəyicilərinə xidmət terminallarının fəaliyyətinin təkmilləşdirilməsinə, göstərilən xidmətlərin spektrinin genişləndirilməsinə, bu terminalların tədricən vergi ödəyicilərinin elektron xidmət mərkəzlərinə çevrilməsinə nail olmaq niyyətindəyik.
Çox mühüm layihələrdən biri də vergilərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi imkanının yaradılması məsələsidir. Yaxın perspektivdə Azərbaycanda vergi ödəyiciləri vergi və rüsumların Vergilər Nazirliyinin internet portalı vasitəsilə ödənilməsi üçün elektron ödənişin aparılması imkanını əldə edəcəklər. Bu, olduqca mühüm bir məsələdir və dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanır. Eyni zamanda, Prezidentin fərmanında xüsusi qeyd olunan elektron imza ilə bağlı məsələlərin qısa müddətdə həlli fiziki şəxslərin elektron dövlət qeydiyyatı layihəsinin tətbiqinə imkan verəcək.
Hazırda mütəxəssislərimiz daha bir mühüm layihə - vergi bəyannamələrinin vergi orqanları tərəfindən əvvəlcədən doldurulması sisteminin tətbiqi imkanlarının araşdırılması üzərində çalışırlar. İlkin olaraq bu sistemin ƏDV bəyannamələri sahəsində tətbiq olunması nəzərdə tutulur. Sistemin mahiyyəti bundan ibarətdir ki, vergi ödəyicisinin təqdim etməli olduğu bəyannamə mövcud sənədlər əsasında əvvəlcədən vergi orqanı tərəfindən doldurulur və vergi ödəyicisinə göndərilir. O isə elektron formada alınmış bu bəyannaməni yoxlayıb razılaşarsa, sadəcə, təsdiqləyir, yox əgər razılaşmazsa, müvafiq dəlillərini vergi orqanına təqdim edir. Beləliklə, vergi ödəyicisinin işi qat-qat yüngülləşdirilir.
Qarşımızda duran mühüm məsələlərdən biri də yaxın 2-3 il ərzində elektron audit sisteminin tətbiqidir. Artıq Avropa İttifaqının maliyyə dəstəyi ilə Niderlandın Vergi Administrasiyasının mütəxəssisləri ilə birlikdə e-auditin tətbiqi üzrə Tvinninq layihəsinin reallaşdırılmasına başlanmış, bu məqsədlə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanmışdır.
Ölkə başçısının fərmanından irəli gələn və eyni zamanda dövlət orqanları qarşısında duran mühüm vəzifələrdən biri də dövlət qurumları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi üçün qurumlararası informasiya sistemlərinin tam inteqrasiyasını və onların təkmilləşdirilməsini təmin etməkdir.
Vergilər Nazirliyi Prezidentin göstərişlərini
rəhbər tutaraq, vergi nəzarətinin
elektronlaşdırılması sahəsində çox ciddi hədəflər
müəyyən etmiş və bu hədəflərə
çatmaq üçün məqsədyönlü və
sistemli şəkildə ardıcıl tədbirlər həyata
keçirir. Biz informasiya
texnologiyalarının tətbiqi sahəsində əldə
olunan nailiyyətləri bundan sonra da artıraraq, vergi ödəyicilərinə
göstərilən elektron xidmətlərin çeşidini
genişləndirməyə, ölkə
başçısının elektron hökumətin
qurulması ilə bağlı verdiyi
tapşırıqların vaxtında yerinə yetirilməsi
üçün bütün imkanlardan səmərəli
istifadə etməyə çalışacağıq.
Azərbaycan.- 2011.-14 iyun.- S. 7.