Xalqın muğam xəzinəsi
"Balaca muğam
ifaçılarını, adətən, Qarabağ
bülbülləri adlandırırlar. Bu gün
Qarabağın sakinləri olan məcburi köçkünlərin
düşərgələrində böyüyən
uşaqlar daha muğam oxumurlar, onların arasında belə
Qarabağ bülbülləri son dərəcə azdır.
Oxumaq üçün onlara Qarabağ dağları,
Qarabağ təbiəti, Qarabağ torpağı
lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir
Hacıbəyli və Bülbül kimi belə böyük
korifeylərinin Şuşada doğulduqlarını demək
kifayətdir".
Mehriban ƏLİYEVA,
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri,
Milli Məclisin deputatı
Əvvəlcə səs olub, sonra
söz...
Səs həm də yaddaşdır. Dinlədikcə min illəri adlayıb keçirsən, eyni zamanda, həm cavanlaşırsan, həm də qocalırsan. Bütün bunları insanın bir anda yaşaması nə qədər təkrarsız, nə qədər gözəldir!.. Keçmişindən ayrılmaq, kökdən ayrı düşmək, yaddaşını itirmək - insanın əbədi problemidir və manqurtluq, bu manqurtluqdan doğan faciə çox vaxt belə başlayır. Axı hər bir kəs öz yerində-yurdunda, öz təbiətində, bir də öz səsində, ifasında, öz mahnılarında, öz nəğmələrində gözəldir, təkrarsızdır! Allah-taalanın bəxş etdiyi hər bir gözəllik və harmoniya da elə burada, bunların daxilindədir.
Böyük mütəfəkkir Mirzə Fətəlinin sözləridir, deyir ki, "Bəşər xəlq olunanda hər millətin ürəyinə xas bir xüsusiyyət qoyulub - birinə gülmək, o birinə ağlamaq. Bizim xalq daha çox kədərə meyillidir". Bu, yəqin onunla əlaqədardır ki, öz-özlüyündə sevincin, xoşbəxtliyin o qədər də dərinliyi, fəlsəfəsi olmur. Xoşbəxtlərin hamısı bir-birinə bənzəyir, bədbəxtlərin isə hərəsi bir cür bədbəxtdir - deyirlər...
Biz bəzi millətlər kimi hamılıqla bir yerdə - xor oxumağı nə xoşlayırıq, nə də bacarırıq! Amma tək də olsa, oxuyan bir qəlbi də "xor"la, birlikdə dinləməyi öyrənmişik. Xalq yazıçısı Anar vaxtilə sovetlər birliyində yaşadığımız illərdə ömrünü-gününü daha çox Azərbaycan radiosunun proqramlarını, Nərminə Məmmədovanın ifalarını və bir də hər bazar günü muğamlarımızı dinləməklə keçirən, Vətəni hər dəfə o səslərdə, mahnılarda yenidən tapan bir azərbaycanlını yada salaraq yazırdı ki, bu səslər, ifalar olmadan onun həyatı necə olardı - təsəvvür etmək çox çətindir.
Bunları əbəs yerə xatırlamadım. İndinin özündə də müxtəlif səbəblərdən ayrı-ayrı yerlərdə bu həsrəti yaşayanlar var və xoşdur ki, dünyanın harasında yaşamasından asılı olmayaraq artıq neçə müddətdir hər həftə minlərlə azərbaycanlı bir ekran - Az.TV ekranları qarşısında əyləşib muğam müsabiqəsini seyr edir, oradakı qeyri-adi səsləri və ifaları dinləyirlər. O ifaları gözəlləşdirən, daha təsirli, daha cazibədar edən isə ekranın hər iki tərəfində oturan tamaşaçıların - həmvətənlərimizin eşidilən səsləri, duyulan nəfəsləri, bir də ürək çırpıntılarıdır. Azərbaycanlı qəlbinin incəliyinə, böyüklüyünə və bütövlüyünə bundan da gözəl nümunə ola bilməz. Böyük şairimiz Bəxtiyar Vahabzadə demişkən: "Nə xəyal eyləmisən ondakı tilsimləri sən..."
Heydər Əliyev Fondu və
Qarabağ bülbülləri
İyunun 10-da yekunlaşan 3-cü televiziya muğam müsabiqəsinin ünvanına gələn 15 mindən artıq məktubun, demək olar hər birində Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevaya bu möhtəşəm sənətin dirçəlməsinə, təbliğinə, inkişafına göstərdiyi qayğı və diqqətə görə xüsusi minnətdarlıq ifadə olunur. Doğrudan da, fondun birbaşa dəstəyi və köməyi olmasa idi, digər layihələr kimi muğam sənətinin inkişafında da belə güclü sıçrayış olmazdı. Müsabiqədən başqa görülən digər işlərə nəzər salmaq, bəzi faktları xatırlamaq kifayətdir. Ümumiyyətlə, YUNESKO çərçivəsində keçirilən mədəni tədbirlərdə də fəal iştirak edən Heydər Əliyev Fondu bu beynəlxalq təşkilatla əməkdaşlığı sayəsində qısa müddətdə şifahi musiqi ənənələrinin təbliği və qorunması sahəsində böyük işlər görüb. Belə ki, 2006-cı ilin yayında qurumun Litvada keçirilən illik toplantısında Azərbaycan tarixinin əzəmətli yadigarı sayılan Qobustan Milli Qoruğu YUNESKO-nun irs siyahısına daxil edilib, Fondun təşəbbüsü ilə aşıq sənətinin də YUNESKO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına salınması təklifi irəli sürülüb.
Fond Azərbaycan xalqının kökü çox qədimlərə gedib çıxan digər sənət xəzinəsinə - muğama da sahib çıxaraq xeyli vaxtdır bu sahəyə yaxından himayədarlıq edir. Fondun ilk layihələrindən biri kimi "Qarabağ xanəndələri" adlı albomun nəfis tərtibatla 2005-ci ilin martında Parisdə YUNESKO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında təntənəli şəkildə təqdim olunmasını göstərmək olar. Bu fakt böyük ideoloji-siyasi məzmun kəsb etməklə yanaşı, Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu da bir daha bütün dünyaya nümayiş etdirdi. Bu, adi musiqi layihəsi olmaqdan əlavə, ermənilərin yalanını və xəyanətini ifşa etmək baxımından da mühüm əhəmiyyət daşıdı. Hələ o vaxt albomun təqdimat mərasimində çıxış edən Mehriban xanım Əliyeva Azərbaycanda bir neçə muğam məktəbinin olduğunu, onların arasında Qarabağ muğam məktəbinin də aparıcı muğam məktəblərindən sayıldığını diqqətə çatdırmışdır. Azərbaycan muğamının YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilməsi də bilavasitə bu fəaliyyətin nəticəsidir.
2008-ci il sentyabrın 17-də "Gülüstan" sarayında Heydər Əliyev Fondunun "Üzeyir dünyası" və "Azərbaycan muğamı ensiklopediyası" layihələrinin təqdimatı milli mədəniyyətə diqqət və qayğının gözəl nümunəsinə çevrildi. 2009-cu ilin mart ayında Heydər Əliyev Fondunun xətti ilə keçirilən "Beynəlxalq muğam festivalı" da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qaldı.
Heydər Əliyev Fondu Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində görülən böyük işlər göz qabağındadır.
Bu mənada, Heydər Əliyev Fondunun prezidentinin şəxsi təşəbbüsü ilə 2005-ci ildən başlayaraq keçirilən və Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də xalqımızın milli sərvəti olan müğamın təbliği baxımından olduqca təqdirəlayiqdir. Azərbaycan mədəniyyətinin incisi olan muğamın dünyada geniş təbliği məqsədilə Bakıda müasir üslubda Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi fondun qlobal layihələri sırasında mühüm yer tutur. 2005-ci il aqvustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə əsası qoyulan Beynəlxalq Muğam Mərkəzinin 2008-ci ilin dekabr ayında təntənəli açılışı olmuşdur. Artıq xeyli vaxtdır burada gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin gözəl nümunələri ilə tanış olur, muğam sənətinin incəliklərinə yiyələnirlər. Eyni zamanda, mərkəzdə bu sənətin görkəmli nümayəndələrinin - muğam ustalarının konsertləri, gecələri keçirilir, beynəlxalq konfrans və festivallar təşkil olunur. Fond regionlarda muğam mərkəzlərinin yaradılmasına da ciddi dəstək verir - 2008-ci ilin sentyabrında fondun təşəbbüsü əsasında Qarabağda - Ağcabədidə Üzeyir bəy Haçıbəylinin adını daşıyan Qarabağ Müğam Mərkəzi tikilib istifadəyə verilib. 20 ildən artıqdır ki, qaçqın-köçkün adı ilə, sənətdən daha çox gün-güzəran, dolanışıq, bir də yurd həsrəti ilə yaşayan qarabağlılara Mehriban xanım Əliyevanın bu fikirləri isə həm dəstəkdir, həm təsəllidir, həm də əzəli torpaqlarımıza qayıtmaq üçün bir çağırışdır: "Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir".
Bir daha muğam müsabiqəsi
haqqında
Fevralın 14-dən başlayaraq start götürən 3-cü televiziya muğam müsabiqəsi ölkənin mədəni həyatında əsl hadisəyə çevrildi desək, yanılmarıq. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən bu müsabiqəyə uzun seçim mərhələsindən sonra 20 nəfər vəsiqə qazana bilmişdi.
Müsabiqənin açılış mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirildi. Müsabiqə ilə bağlı bütün materiallar, məlumatlar 4 ay ərzində mütəmadi olaraq Az.TV və "Mədəniyyət" kanalı ilə canlı yayımlanırdı. Yeri gəlmişkən, bu müddətdə müsabiqəni izlədikcə niyyət təmiz, məqsəd aydın olduqda tamaşaçının ürəyinə yol tapmağın necə asan olduğunu görür, tamaşaçı "axtarışı"nda ucuz qeybət və səs-küy yaratmaqdan ötrü dəridən-qabıqdan çıxan bəzi televiziyaları, onların "məhsul"u olan mənasız şouları düşünürsən. Az.TV-nin yayımladığı, təşkilində fəal iştirak etdiyi bu layihə bir çoxuna yaxşı bir dərs oldu desək - yanılmarıq. Həftələrlə davam edən dinləmələr SMS "dilənçiliyi"nə, sədəqəyə deyil, sözün həqiqi mənasında, xalq ruhunun, xalq məhəbbətinin üzə çıxmasına xidmət edirdi. İfaçıların geyim mədəniyyəti - səhnə mədəniyyəti belə hamının ürəyincə idi. Bir də bu ilahi musiqiləri - muğamları daha hansı libasda, hansı geyimdə ifa eləmək olardı?
Münsiflər heyəti ilə
tamaşaçı auditoriyası, bir də məktublar
Muğam müsabiqəsinin ən xoş və ən vacib xüsusiyyətlərindən biri də onun hamının yaxşı tanıdığı, sevdiyi peşəkarlardan ibarət münsiflər heyətinə və o qədər də, sözün həqiqi mənasında, "peşəkar" tamaşaçı ordusuna malik olmasıdır. Münsiflər heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov və Nadir Axundovun ifalarla bağlı hər sözü, qeydi, zarafatı, atmacası belə həm tamaşaçı, həm də gənc ifaçıların özləri tərəfindən razılıqla, çox vaxt alqışlarla qarşılanırdı. Səbəb isə çox sadə idi - illərlə qazanılan peşəkarlıq, nüfuz və ən başlıcası, obyektivlik.
Bunları yazarkən müsabiqənin adına Azərbaycan Televiziyasına ünvanlanan məktublar yada düşür. Artıq neçə ildir bu məktubların, telefon zənglərinin ardı-arası kəsilmir. Qarşımızda müxtəlif vaxtlarda yazılan, Heydər Əliyev Fonduna, fondun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya, münsiflər heyətinə və Az.TV-yə ünvanlanan minnətdarlıq dolu çoxsaylı məktublar var. Bu məktubların özü kimi, yazıldığı ünvanlar da müxtəlifdir.
Finlandiyadan Güntay Cavanşir Gəncalp ürək sözlərini belə ifadə edir: "Əziz həmvətənlərim, sizlərin hər birinizi Finlandiyadan salamlayıram. Dünyanın dəyişik yerlərində bulunan bizlərə muğam dərinliyində olan mənəvi zövq yaşatdığınız üçün var olasınız. Mən Ərdəbildən olsam da, hər zaman duyğularım müstəqil Azərbaycan Respublikasının böyüməsini, inkişafını arzu etmişdir. Bu günlər sevinc üstünə sevinc yaşayırıq. Bakıda muğam müsabiqəsinin keçirildiyi bu günlərdə "Evrovizion"da birinci olmamız da içimizi sevinclə doldurdu. Münsiflər heyətində olan böyüklərimizi, muğam ustadlarımızı salamlayıram...
Azərbaycan musiqi mədəniyyətinin inkişafına diqqət yetirən Mehriban xanım Əliyevaya sayqılarımı bildirirəm. Çünki bu sənətə verilən dəyər millətimizin milli kimliyinə verilən dəyərdir", - deyən həmyerlimiz daha sonra Qarabağdakı mücadiləmizə toxunur: "Muğamlarımız və musiqimiz Azərbaycanın ərazi bütövlüyünu hər an bizə anladan böyük sənətdir. Bizim milli ruhumuz və coğrafi bütövlüyümüz musiqi sənətimizdə açıqca görünməkdədir. Heç şübhəm yoxdur ki, Böyük Qələbə günü bu muğamları daha böyük sevinclə Şuşamızda dinləyəcəyik".
Başqa bir məktub Təbrizdəndir. Onu Təbriz Universitetinin tələbələri yazıblar: "Muğam millətimizin sərvəti olaraq Güneylə Quzey Azərbaycanın birlik simvoludur... Muğam yarışı bu sevinci Arazın hər iki tayında olan millətimizə yayaraq müştərək bir ovqat yaşadır. Muğam yarışı Təbrizdə və Güney Azərbaycanın bütün bölgələrində böyük bir maraq yaradıb və hamı onu Azərbaycan Televiziyasından izləyir. Onlarla bərabər biz - Təbriz Universitetinin öyrənciləri (tələbələri) muğam yarışını izləyərək minnətdarlığımızı bu yarışı quranlara və Azərbaycan Televiziyasına bildiririk. Yaşasın Azərbaycan!"
Başqa bir məktub uzaq Avstraliyadandır. Oradakı azərbaycanlıların və türklərin milli ruhunu 2000-ci ildə Sidneydə Yay Olimpiya Oyunlarında iştirak edərkən görmüşdük və tamaşaçılarımız da o günləri, o coşquları yaxşı xatırlayırlar: "Biz - buradakı azərbaycanlı gənclər muğam müsabiqəsini çox zövq, şövq və maraqla izləyirik. Həftələrdir orada oxunan muğamları burada fəaliyyət göstərən öz radiolarımızda səsləndirir, fəxrlə öz kultur və mədəniyyətimizdən danışırıq... Musiqimizin bu gözəllikdə inkişaf etməsi bizlərə xüsusi qürur verir".
Almaniyadan Bürhan Yıldırım hamının sevincinə qoşularaq yazır: "Mən Almaniyada yaşayan Türkiyə türklərindənəm. Yarışmanızı böyük ləzzət və həvəslə izləyirəm. Türk mədəniyyətinə verdiyiniz bu töhfəyə görə sizlərə minnətdarlığımı bildirir, bu cür proqramların davamını istəyirik. "Evrovision" mahnı yarışmasında əldə etdiyiniz birincilik köksümüzü qabartdı, Nigarın səhnəyə Türkiyə bayrağı ilə çıxması isə gözümüzü yaşartdı. Amma ən çox sevinəcəyim və qürur duyacağım gün Qarabağda Azərbaycan bayrağının qalxacağı gün olacaqdır".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Seyran Əzizov müsabiqənin yüksək təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirməklə sövet dövründə muğam sənətinə olan soyuq münasibətdən də söz açır: "Mənim 66 yaşım var, özüm də xanəndə oğluyam. Muğamatın içində olan bir insan kimi onun vəziyyətindən həmişə xəbərim olub. 1948-ci ildə atama bir icazə kağızı vermişdilər ki, o, 1948-1949-cu illər mövsümündə hansı qəzəlləri oxyuya bilər. 1950-ci ildə xanəndə üçlüyü o qədər dəbdən düşmüşdü ki, atam məcbur olub aşıq dəstəsinə keçmişdi. Bu gün Allaha min şükür, vəziyyət tamam başqadır. Dövlət qayğısı sayəsində indi xanəndəlik hörmətli bir sənətə çevrilmişdir".
Cənubi Azərbaycandan, İrandan gələn məktublar xüsusilə diqqəti cəlb edir. Ərdəbildən Yusif Atəşbar yazır: "Xanəndələrin canlı ifası hamıya ləzzət verir. Səbinə Ərəbli oxuyanda Rübabə Muradovanı xatırlayıram... İnşallah, bu müsabiqənin nəticəsi Azərbaycan musiqisini dünyaya bir daha tanıtdırmağa kömək edəcəkdir".
Tehrandan daimi tamaşaçılarımızdan biri bunları bildirir: "Mən və bacım sizləri daim izləyirik. İştirakçıların səslərini və geyimlərini çox bəyənirik, Mehriban xanıma təşəkkürümüzü bildiririk".
Amerikadan Tariyel Azərtürk muğam sahəsindəki tədqiqatlarına toxunaraq onun qədimiliyini və özümüzəməxsusluğunu yada salır: "Muğamın tarixi, yarandığı ilk yer və onun yaranması barədə heç kimə məlum olmayan mixi yazılı gil lövhə sənədləri əsasında tədqiqat işlərimi sizlərə təqdim edirəm. Hər halda, düşünməyə vadar edər. Çünki bu dərəcədə Ali və Ana Musiqini - muğamatı bizim millət heç kimdən almayıb. Əksinə, onu dünyaya biz təqdim etmişik".
Almaniyadan Cahangir İmanov isə bunları yazır: "Öncə Mehriban xanıma öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Az.TV-nin muğam müsabiqəsi yayımlanarkən həftənin 2-ci və 4-cü günləri bizim evdə böyük toy-bayram olur".
Seçim turları və
Muğam mərkəzləri
Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən start götürən televiziya muğam müsabiqəsinin hər biri iştirakçıları və tamaşaçıları ilə hamının yaxşı yadında qalıb. O müsabiqələrdə böyük sənətə vəsiqə alan gənclər çoxdur və bütün bunlar artıq vaxtilə keçirilən seçimin nə qədər yerində və ədalətli olmasından xəbər verir. Sanki hər dəfə ifadan-ifaya daha inamla və daha sənətkarlıqla tamaşaçı gözündə dəyişən, böyüyən bu gənclər belə bir həqiqəti hamıya elan etdilər: həqiqi sənət heç bir qadağaya, ölçüyə-biçiyə sığmır, oxunduqca genişlənir, genişləndikcə müdrikləşir.
İfaçıların təmsil
etdiyi regionlar da çox genişdir. Münsiflər heyətinin
səbrlə, diqqətlə, qayğı ilə seçdiyi
bu gənclər Azərbaycanın müxtəlif muğam məktəblərini
təmsil etməklə yanaşı, ən əsas və vacib
olanı unutmurlar - bu da dahi Üzeyir bəyin işləyib
qoyduğu muğam qaydalarına və prinsiplərinə sədaqətdir.
Bu da həm gözlənilən, həm də gözlənilməyən
final
İyunun 10-da axşam saat
9.00-da
3-cü televiziya muğam
müsabiqəsinin finalı həmişəki kimi, canlı
yayımlanırdı. Akademik Milli Dram Teatrında təşkil
olunan tədbiri dənizkənarı bulvarda istirahət edən,
gəzən insanların arasında izləməli oldum. Və
əvvəlcədən deyim ki, bundan böyük bir zövq
aldım. Hamı ilə birlikdə bulvarda
quraşdırılmış böyük ekrandan bu gözəl
səsləri eşitməyin ayrı ləzzəti vardı.
Hamı ayaq saxlayır, heç kim bu qeyri-adi ifalara laqeyd qala
bilmirdi. Seçilmiş məkan, cəkilişin yüksək
keyfiyyəti və gözəl auditoriya tədbirə
xüsusi bir bayram əhval-ruhiyyəsi verirdi. Ayrı-ayrı
ölkələrdən gəlmiş məktublar səsləndirilir,
musiqilər təqdim olunurdu.
Nəhayət, finala gəlib
çıxmış 6 iştirakçı arasında yerlər
müəyyənləşdirildi, qaliblər elan olundu: Mirələm
Mirələmov və Səbinə Ərəbli - birinci, Məmməd
Nəcəfov və Kamilə Nəbiyeva - ikinci, Ariz
Hüseynov və Nigar Şabanova - üçüncü yerləri
tutdular. Münsiflər heyətinin adından xalq artisti Əlibaba
Məmmədov danışdı. O, ölkəmizdəki
sabitliyə və əmin-amanlığa görə ölkə
başçısına, belə gözəl bir layihəyə
görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya, münsiflər heyətinə,
Azərbaycan Televiziyasının rəhbərliyinə və
tamaşaçılara minnətdarlıq etdi.
Müsabiqənin son səhnələri,
inanıram ki, uzun müddət yaddaşlarda qalacaqdır.
Qaliblər əvvəlcə "Qarabağ şikəstəsi"ni,
ardınca hamı ilə - bütün salondakılarla birlikdə
himnimizi səsləndirdilər. Hamı - yəni
dünyanın hər yerində yaşayan hər bir azərbaycanlı
həmin vaxt ayaq üstə idi və himnimizi oxuyurdu. Bunu
bulvarda toplaşmış insanlarda da görmək olurdu.
Ümumiyyətlə, gəlin 50 milyondan çox azərbaycanlını
birləşdirən tərəflərdən - dərdimizdən,
problemimizdən, sevincimizdən daha çox danışaq. Buna
hamımızın ehtiyacı var... Bu da müsabiqənin dərslərindən
biridir. Bəlkə buna görə heç kim müsabiqənin
başa çatmasını istəmirdi. Hər halda, bu
gözəl duyğuları bizə yaşadanlara - Heydər Əliyev
Fonduna, ifaçılara, Azərbaycan Televiziyasına bir daha
minnətdarıq.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-14 iyun.- S. 8.