Türkiyə sabitliyə və inkişafa səs verdi

 

Srağagün Türkiyədə keçirilmiş növbəti parlament seçkilərinin ilkin nəticələri artıq məlumdur. Gözlənildiyi kimi, seçki marafonu hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) qələbəsi ilə başa çatmışdır. ƏİP 49,95 səslə (326 deputat) birinci yeri tutmuşdur. Ana müxalifət - Cümhuriyyət Xalq Partiyasını (CXP) seçicilərin 25,94 faizi (135 deputat) dəstəkləmişdir.

Digər bir müxalifət partiyası - Milliyyətçi Hərəkat Partiyası (MHP) isə 12,98 faiz səslə Böyük Millət Məclisinə (BMM) 53 mandat qazanmışdır. Kürd azlığını təmsil edən Sülh və Demokratiya Partiyasının (SDP) dəstəklədiyi müstəqil namizədlərdən 36-sı millət vəkili seçilmişdir.

Beləliklə, ƏİP növbəti dəfə hökuməti təşkil etmək hüququ qazanır. Hakim partiya ölkənin son 60 illik tarixində ilk dəfə olaraq qazandığı səslərin sayını artırmaqla dalbadal üçüncü dəfə qalib gəlir. Xatırladaq ki, ƏİP 2002-ci il seçkilərində 41 milyon seçicinin 10 milyonunun, 2007-ci il seçkilərində 42 milyonunun səsini almışdı. Budəfəki seçkilərdə isə 44 milyon seçicinin 21,5 milyonu hakim partiyanı dəstəkləmişdir. Lakin ƏİP bundan əvvəlki seçki ilə müqayisədə 5 milyon çox səs toplamasına baxmayaraq, qazandığı mandatların sayı azalmışdır. Ötən seçkidə 46,8 faiz səslə 341 mandat almış hakim partiya bu dəfə 326 mandatla kifayətlənmişdir. Məsələ burasındadır ki, ötən dörd il ərzində ƏİP-in mövqelərinin güclü olduğu vilayətlərdə əhalinin başqa yerlərə, xüsusən ölkənin qərb bölgələrinə köçməsi ucbatından deputat mandatlarının sayı azalmışdır. Digər tərəfdən, həm ana müxalifətdən seçilən namizədlərin, həm də müstəqil deputatların sayı artmışdır.

Seçkilərdə deputat yerlərini artırmış yeganə partiya CXP-dir. Müstəqil deputatların da sayı artmış, amma qazandıqları səslərin sayı azalmışdır.

 

Parlamentdə yeni simalar

 

Müşahidəçilərin fikrincə, BMM-in yeni tərkibi Türkiyənin siyasi mənzərəsini, siyasi qüvvələr nisbətini əks etdirir. Parlamentdə qadın deputatların sayının artması diqqəti cəlb edir. Əvvəlki tərkibdə 50 qadın deputat təmsil olunurdu. Bu dəfə qadınların sayı 78-dir. Onlardan 45-i ƏİP-i, 20-si CXP-ni, 3-ü MHP-ni təmsil edir. SDP-nin dəstəklədiyi müstəqil deputatlardan isə 11-i qadındır.

Başqa bir maraqlı məqam. Terrorçu təşkilat yaratmaq və dövlət çevrilişi həyata keçirmək cəhdində ittiham edilərək həbs olunmuş şəxslərdən üçü - istefada olan general Əngin Alan (MHP), dünya şöhrətli cərrah, professor Məhmət Haberal (CXP) və jurnalist Mustafa Balbay (CXP) millət vəkili seçilmişlər. Onlar həbsxanadan birbaşa parlamentə gedəcəklər. Mardindən seçilmiş Ərol Dora isə ölkə tarixində ilk süryani millət vəkilidir.

Yeni deputatlar arasında bir çox tanınmış şəxslər var. Onlardan türk futbolunun əfsanəsi Hakan Şükürü, Türk Tarix Qurumunun sabiq sədri Yusif Halacoğlunu, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Osman Faruq Loğoğlunu və başqalarını göstərmək olar.

 

ƏİP yeniləşir

 

Seçkilərdə diqqəti cəlb edən başqa bir mühüm məqam hakim partiyanı təmsil edən deputatların tərkibində dəyişiklikdir. ƏİP 167 millət vəkilinin namizədliyini yenidən irəli sürməmişdir. Yeniləşdirmə prosesi gələn seçkilərdə də davam edəcək. ƏİP-in nizamnaməsinə görə, partiya üzvü üç dəfədən çox dalbadal deputat seçilə bilməz. Ona görə də partiyanın sədri, Baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, 73 deputat növbəti seçkilərdə namizəd göstərilməyəcək. Onların arasında BMM-in sədri Məhmət Əli Şahin, Baş nazirin müavinləri Bülənd Arınç, Cəmil Çiçək, Əli Babacan, nazirlər Bəşir Atalay, Faruq Çəlik, Məhmət Mehdi Əkər, Sədulla Ərgin, Əgəmən Bağış, Nemət Çubukçu, Həyati Yazıçı, Vəcdi Könül, Tanər Yıldız, Nihat Ərgün, Mustafa Dəmir və Faruq Nafiz Özak var. Eləcə də indiyədək ƏİP hökumətlərində nəqliyyat və səhiyyə nazirləri vəzifələrində çalışmış Binəli Yıldırım və Rəcəb Akdağ bu qrupda yer alır. Partiya sədrinin müavinləri Əbdülqadir Aksu, Haluk İpək, Bülənd Gədikli, Rəha Dənəməç, Hüseyn Çəlik, Əhməd Ədib Uğur, Ömər Çəlik, Hüseyn Tanrıverdi və Saleh Kapusuz da gələcək seçkilərdə deputatlığa namizəd olmayacaqlar.

 

Konstitusiya islahatları sürətlənməlidir

 

Seçkilərin birpartiyalı hökumətin iqtidara gəlməsi ilə nəticələnməsi ictimai dairələr tərəfindən razılıqla qarşılanmışdır. "Sabitlik sürsün, Türkiyə böyüsün" şüarı ilə seçkilərə qatılmış ƏİP xalqın inandığı, gələcəyini etibar etdiyi siyasi qüvvə olduğunu sübut etdi. Xüsusilə biznes dairələri çox rahatdır. Siyasi sabitliyin davam etməsi iqtisadiyyatı irəli aprmağa zəmin yaradır. Milli valyutanın dəyər qazanacağı, yerli şirkətlərin səhmlərinin qiymətlərinin artacağı gözlənilir. Biznes aləmi struktur islahatlarının həyata keçiririlməsi, büdcə kəsirinin azaldılması istiqamətində yeni hökumətin növbəti tədbirlərini gözləyir.

Siyasi mənsubiyyətindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri, həmçinin beynəlxalq müşahidəçilər etiraf edirlər ki, türk seçicisi ƏİP hökumətinin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın son 8,5 il ərzində yeritdiyi daxili və xarici siyasəti bəyənmiş, siyasi sabitlik şəraitində ölkənin inkişafı naminə atdığı addımlara səs vermişdir. Qazanılmış qələbədə hökumət başçısının xarizması şəksiz rol oynamışdır. Hakim partiya seçkiqabağı təşviqat kampaniyasını peşəkar səviyyədə qurmuş, ötən müddət ərzində əldə edilmiş böyük uğurları vurğulayaraq xalqı bu nailiyyətləri davam etdirəcəyinə inandırmışdır.

Qazanılmış qələbəyə baxmayaraq, ƏİP "zəfər sərxoşu" deyil. Səsvermənin ilkin nəticələri elan olunduqdan sonra Baş nazir bəyan etmişdir ki, yeni iqtidar bütün xalqı, 74 milyon nəfəri təmsil edəcək.

Qarşıda isə böyük vəzifələr durur. İlk növbədə, Cümhuriyyətin 2023-cü ildə qeyd ediləcək 100 illik yubileyinədək elan edilmiş iri inkişaf layihələrini reallaşdırmaq üçün elə indidən işə başlamaq lazımdır. Seçici bundan sonra verilmiş vədlərin yerinə yetiriləcəyini izləyəcək.

İnkişaf xəttini davam etdirmək üçün hərtərəfli islahatların keçirilməsi həyati zərurətdir. Bunun üçünsə hər şeydən əvvəl, ölkənin yeni konstitusiyasını hazırlayıb qəbul etmək lazımdır. Amma ƏİP-in qazandığı mandatların sayı təkbaşına konstitusiya islahatları həyata keçirməyə imkan vermir. Partiya parlamentdə üçdəiki səs çoxluğu qazansaydı, bununla bağlı heç bir çətinliklə üzləşməzdi. Hətta 330 deputat yeri əldə etsəydi, ən azı konstitusiya islahatlarını referenduma çıxarmaq imkanına malik olardı.

Yeri gəlmişkən, siyasi qüvvələrin parlamentin yeni tərkibində təmsilçilik nisbəti ƏİP iqtidarının avtoritarizmə meyillənməsi ilə bağlı bəzi dairələrdə yaranmış narahatlığı aradan qaldırmışdır. Bu nisbət konstitusiya islahatlarını həyata keçirmək üçün iqtidarın müxalifətlə dialoqa girməsini şərtləndirir. Başqa sözlə, islahatların konsensus əsasında aparılmasından başqa yol qalmır. Özü də söhbət dövlətin siyasi sisteminin dəyişdirilməsindən gedir. Hələ səsvermə ərəfəsində Baş nazir Ərdoğan bildirmişdi ki, dövlət başçısının səlahiyyətləri artırılmalıdır. Söhbət prezident respublikasının bərqərar edilməsindən gedir. ƏİP-in lideri seçkilərdən sonra da bu mövqeyini təkrarlamışdır. Ərdoğan onu da vurğulamışdır ki, hakim partiya seçkilərdə mütləq səs çoxluğu qazansaydı belə, islahatlar digər siyasi qüvvələrin, vətəndaş cəmiyyəti təşkilatlarının, digər dairələrin fikirləri nəzərə alınaraq keçiriləcəkdi.

Ümumiyyətlə, Türkiyənin sivil konstitusiyaya ehtiyacı olduğunu bütün siyasi qüvvələr etiraf edirlər. 1982-ci ildə fövqəladə rejim şəraitində qəbul edilmiş əsas qanuna sonradan dəyişikliklər edilsə də, o, sivil yox, hərbi konstitusiya olaraq qalır. Amma ana müxalifətin yeni konstitusiyaya baxışı müxtəlifdir. CXP-nin lideri Kamal Kılıçdaroğlu gələcək siyasi sistemdə parlamentin mövqeyinin zəifləyəcəyindən ehtiyat edir. Hər halda, yeni konstitusiyanın konturları iqtidarla müxalifət arasında müzakirələr nəticəsində ortaya çıxacaq. İki düşərgənin də qarşılıqlı güzəştlərə getməkdən başqa yolu yoxdur. Əks təqdirdə, ölkədə davam edən sabitliyə xələl gələr. Bunu isə heç kim istəmir.

 

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 9.