Almaniyada Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi şərəfinə poçt markası buraxılmışdır

 

Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri, həmvətənimiz Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində Almaniyada Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi şərəfinə poçt markası buraxılmışdır.

Mərkəzi Şuranın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, markanın üzərində ingilis dilində "Eurovision Song Contest - Azerbaijan Winner 2011" sözləri yazılmışdır.

Yeni poçt markasının buraxılması ilə əlaqədar Tengis Sade Baron zu Romkerhall demişdir: "Mən özüm də "Eurovision-2011" mahnı müsabiqəsinin finalında iştirak edirdim və Azərbaycanın qələbəsinin Almaniyanın küçələrində bayram ovqatında qeyd olunmasını ilk dəfə görürdüm. Bu qələbə gözəl və unudulmaz bir hadisədir. "Eurovision-2011" mahnı müsabiqəsinin başa çatmasından təxminən dörd həftə keçməsinə baxmayaraq, bugünədək bizim təşkilata alman vətəndaşları və Almaniyanın dövlət məmurları tərəfindən təbriklər ünvanlanır. Bu qələbəni və sevinci nəzərə alaraq poçt markasının buraxılmasını təşkil etməyi qərara aldım. Bu işdə zəhməti olan, əməyi keçən hər kəsi bir daha təbrik edirəm".

 

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 9.