Həmişə öndə olan
ziyalı
Yüksək intellekti, ictimai-siyasi fəaliyyəti və imzası ilə elmi-ədəbi mühitə yaxşı məlum olan ziyalılarımızdan biri də fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərovdur. Təbiət elmləri sahəsində elmi məktəbi, dəyərli araşdırmaları, dəst-xəttilə seçilən Ş.Əsgərov eyni zamanda dövrünün sosial problemlərinə də özünəməxsus təhlil prizmasından yanaşan, mürəkkəb nəzəri məsələlərin elmi həllinə dair yeni modellər təklif edən novator alimlərdəndir.
1941-ci ildə Kəlbəcər rayonunda dünyaya göz açan Şahlar Əsgərov 1958-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olub. 1964-1967-ci illərdə ADU-nun aspirantı kimi Sankt-Peterburq Sabit Cərəyan İnstitutunda elmi-tədqiqat işi üzərində çalışıb. Aspiranturanı bitirdikdən sonra ömrünü doğma universitetə bağlayaraq burada müəllim, dosent, dekan müavini və prorektor vəzifələrində çalışıb.
Şahlar Əsgərov elmi fəaliyyəti dövründə bir sıra uğurlara imza ataraq, fiziki elektronika və bərk cisimlər elektronikasının inkişafına sanballı töhfələr verib. O, elmi yaradıcılığını 4 istiqamətdə inkişaf etdirib: alçaq enerjili ionlarla tozlanmanın öyrənilməsi; metal-yarımkeçirici kontaktın tədqiqi; ictimai elmlər və sosial fəlsəfə; təhsil və pedaqogika.
Elmdə yüksək pillələri qət etmək hər bir tədqiqatçının arzusudur. Bu prizmadan Şahlar Əsgərovun elmi yaradıcılığı özünün ictimai dəyəri, aktuallığı ilə diqqət çəkir. Ən maraqlısı odur ki, tanınmış alim hər hansı mövzu üzrə araşdırma apararkən ilk növbədə onun fəlsəfi-metodoloji sxemini işləyib hazırlayır, dünya miqyasında maraqla qarşılanan yeni elmi model təklif edir və konsepsiyalarını inandırıcı dəlil və sübutlarla əsaslandırır. Şahlar müəllim hazırda həm də milli düşüncə, pedaqogika və mentalitetlə bağlı müasir təmayüllü fəlsəfi araşdırmaları ilə tanınır, dünya fundamental və ictimai elmlərinin mütərəqqi təcrübəsindən layiqincə bəhrələnir. İxtisasca təbiətşünas-fizik olan alimin sosial fəlsəfəyə dair maraqlı tədqiqatları, çoxsaylı nəşr və məqalələri onun təkcə vətəndaş və ziyalı mövqeyini deyil, həm də yüksək erudisiyasını, dərin analitik qabiliyyətini, dünyagörüşünü təcəssum etdirir.
Ş.Əsgərov alçaq enerji səthində metal və metal xəlitələrin katod tozlanmasını öyrənmişdir. Qeyd edək ki, alçaq enerji səthində tozlanma əmsalının (bir ionun çıxardığı atomların sayı) qiyməti çox kiçik olduğundan tozlanma prosesini öyrənmək çətin idi. 1960-cı ilin ortalarına kimi bir çox elmi mərkəzlər bu problemi araşdırmış, ancaq qənaətbəxş nəticələr əldə edilməmişdir. Həmin çətinliyi aradan qaldırmaq üçün aspirant Ş.Əsgərov rekord cərəyan sıxlığına malik ion mənbəyi yaratmış və tozlanma əmsalının çox kiçik qiymətini (104 ionun çıxara bildiyi bir atomu) qeyd edə bilmişdir. Nəticədə tozlanma əmsalı ilə ionların enerjisi arasında ilk dəfə kubik asılılıq müəyyənləşmiş və bir çox metallar üçün astana enerjisinin (astana enerjisi o enerjidir ki, ondan kiçik enerjilərdə tozlanma prosesi baş vermir) təcrübi qiymətini təyin edə bilmişdir. Bu nəticələr etibarlı olduğu üçün son 40 ildir ki, nəzəriyyəçilər öz ideyalarını, təcrübəçilər öz nəticələrini Ş.Əsgərovun nəticələri ilə tutuşdururlar. O, səthin mikrostrukturunun tozlanmaya təsirini öyrənmiş və tozlanma əmsalı ilə plastik deformasiya arasında asılılıq müəyyən etmişdir. Astana ətrafı enerjidə tozlanmanın energetik asılılığını izah etmək üçün tozlanmanın həndəsi mexanizmi təklif etmiş və göstərmişdir ki, polikristallar üçün tozlanmanın energetik asılılığının kubik olması fiziki proseslərin deyil, səth effektinin nəticəsidir.
Ş.Q.Əsgərov 1970-ci ildə "Alçaq enerjili civə ionları ilə metalların tozlanmasının tədqiqi" mövzusunda dissertasiya müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
Professorun hələ
40 il öncə çap etdirdiyi məqalələr
(Ş.Q.Askerov, L.A.Sena, İssledovanie katodnoqo raspıleniə
metallov medlennımi ionami, 1951,1968; Ş.Q.Askerov,
O xaraktere zavisimosti kogffiüienta, raspıleniə ot gnerqii
ionov v poroqovoy oblasti gnerqiy, 1970) bu gün də "NASA"nın
elmi-tədqiqat mərkəzləri və AİAA (Amerika
Aeronavtika və Astronavtika İnstitutu) öz kosmik tədqiqatlarında
geniş istifadə edirlər. Məlumdur
ki, orijinal elmi nəticələrin "orta ömrü",
adətən, qısa olur. Çünki elm sürətlə
inkişaf etdiyindən, sonrakı illərin nəticələri,
əvvəlkilərin elmi nəticələri üzərinə
yığılır, köhnələri tez "yaddan"
çıxarır. Çox nadir hallarda elmi nəticələr
uzunömürlü olur və klassik elmi iş statusu
qazanır. Ş.Əsgərovun bir neçə elmi işi
uzun ömürlü olmuşdur.
Professorun elmi nəticələrinin uzun ömürlülüyü, bir tərəfdən təcrübi nəticələrin dəqiqliyi, digər tərəfdən bu nəticələrin tətbiq olunduğu sahələrin aktuallığı ilə bağlıdır. Keçən əsrdə kosmik raketlər kimyəvi yanacaqla işləyirdisə, bu əsrdə onları ion mühərrikləri əvəz edəcək. Katod tozlanması hadisəsi ion mühərriklərinin işinə güclü təsir edən amildir. Digər tərəfdən bu hadisənin öyrənilməsi həm də termonüvə qurğularının işi üçün də müstəsna əhəmiyyət kəsb edir. ABŞ-ın Klivlend şəhərində yerləşən Levis Araşdırmalar Mərkəzinin mütəxəssisi M.A.Mantenieks "Ağır ionlarla tozlanmanın astana enerjisi" memorandumunda Ş.Əsgərovun tədqiqatlarına böyük yer ayıraraq qeyd edir ki, bu problemin araşdırılmasına hələ ötən əsrin 70-ci illərində Ş.Əsgərov və L.Sena tərəfindən başlanılıb: "Şahlar Əsgərovun və L.Senanın apardığı araşdırmaların nəticələri sonradan bu sahədə böyük nailiyyətlərin əldə olunmasına geniş yol açıb". Məruzənin müəllifi məqalənin bir səhifəsində 9 yerdə Ş.Əsgərov və L.Senanın elmi araşdırmalarının nəticələrindən istifadə edib. Bu gün də Kaltexdə (Kaliforniya Texnologiyalar İnstitutunda) ion mühərriklərinin eroziyası üzrə müdafiə olunan dissertasiya işlərində Ş.Əsgərovun araşdırmalarının nəticələrindən geniş şəkildə istifadə olunur.
Qeyd edək ki, Şahlar Əsgərovun tozlanma ilə bağlı iki işi 2001-ci il iyunun 3-dən Office of Scientific and Technical İnformation (OSTİ-nin) Energy Citations Database (ECD) məlumat bazasında ingilis dilində saxlanılır. Bununla da Şahlar Əsgərov bu elmi işləri ilə dünya alimləri sırasında layiqli yerini tutmuşdur.
Ş.Əsgərov Danimarka Texniki Universitetindən birillik ezamiyyətdən qayıtdıqdan sonra (1974) ölkəmizdə ilk dəfə olaraq metal-yarımkeçirici kontaktını tədqiq etməyə başlayıb. Bu problemlə bağlı birinci məqaləni 1976 - ci ildə Bakıda, 1977-ci ildə Moskvada çap etdirmişdir.
Adətən,
real kontaktlar bircins yox, qeyri-bircins olurlar. Metal səthinin emissiya
qeyri-bircinsliyini nəzərə alaraq, Ş.Əsgərov real
metal-yarımkeçirici kontaktı üçün
qeyri-bircins model təklif etmişdir.
Professor
"Qeyri-bircins metal-yarımkeçirici kontaktın
fizikasının" yaradıçılarından biri
olduğu üçün onun əməyi xarici həmkarları
tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Moldova və
Ukrayna Elmlər Akademiyası alimlərinin birgə
yazdıqları monoqrafiyada (E.F.Venqer, R.V.Konakova,
Q.S.Korotçenkov, V.V.Milenin, G.V.Russu, İ.V.Prokopenko,
"Mejfaznıe vzaimodeystviə i mexanizmı deqradaüii v
strukturax metall- İnP i metall-GaAs) bu elmin formalaşmasına və
inkişafına töhfə vermiş S.M.Zi (ABŞ), E.Roderik
(Böyük Britaniya), A.B.Rjanov (RF) kimi dünya şöhrətli
alimlər sırasında Şahlar Əsgərovun da adı
çəkilir.
Görkəmli
alim istənilən emiterin çıxış işinin
geniş intervalda dəyişməsinin səbəbini izah
etmiş və göstərmişdir ki, səthin emission
xarakteristikası kimi potensial çəpərin
hündürlüyünün (və ya çıxış
işinin) qiyməti zəruridi, ancaq kafi deyildi. O, yeni emissiya resursu
(Ş)-parametr daxil edərək xüsusi
vurğulamışdır ki, səthi ya Ai və Fi parametrləri
ilə birlikdə, ya da tək Ş-parametri ilə xarakterizə
etmək lazımdır. Ş.Əsgərov
müxtəlif emiterlər üçün Ş-parametrin qiymətini
hesablamışdır. Bu tədqiqatlar eyni bir metal
üçün çıxış işinin müxtəlif
alimlər tərəfindən təcrübədə
alınmış yüzlərlə nəticələrdən
gerçək olanı seçməyə imkan verir. Bu deyilənlər metal - yarımkeçirici kontaktı
üçün də doğrudur.
1979-cu ildə
Helsinki Universitetində bir neçə aylıq elmi ezamiyyətdə
olarkən professor M.Luukalla ilə "Fotoakustik mikroskopla
mikrostruktur deffektlərin qeyd edilməsi" problemi üzərində
işləmiş və maraqlı nəticələr
almışdır. Bu nəticələrə Nobel
mükafatı laureatı Alen Kormax tərəfindən
böyük maraq göstərilmiş və həmin səbəbdən
də Böyük Britaniyanın "Elektron Letters"
jurnalında çox qısa müddətdə (29 gün)
çap edilmişdir.
Mikroelektronikanın
inkişafı ilə bağlı Sov.İKP və SSRİ
Nazirlər Sovetinin 30 iyun 1980-ci il tarixli qərarına əsasən
SSRİ Ali və orta ixtisas təhsili naziri V.P.Elyutinin 109 cc
¹-li (cc - çox məxfi deməkdir) əmri ilə Azərbaycan
Dövlət Universiteti Ş.Q.Əsgərovun işləri
bazasında "Çox böyük inteqral sxemlərin
(ÇBİS) ion-plazma texnologiyası əsasında
istehsalının elmi əsaslarını hazırlamaq"
probleminin həllinə baş müəssisə kimi cəlb
edilmişdi. Universitet əməkdaşları
Zelneqradda yerləşən "Elmi Mərkəzlə" və
"İdarəetmə Problemləri İnstitutu" (Moskva)
ilə əlaqəsini qurmuş mikroelektronikanın və onun
texnoloji problemlərinin həllində yaxından iştirak
etmişdir.
Ş.Əsgərov
"Qeyri-bircins metal-yarımkeçirici kontaktın
fizikası"nın yaradılmasına
100-dən çox məqalələr həsr etmiş və
onların bir qismini sanballı jurnallarda çap etdirmişdir.
1992-ci ildə
"Toxunma sərhədlərinin qeyri-bircinslik dərəcəsinin
metal-vakuum, metal-yarımkeçirici strukturlarının
elektrofiziki xassələrinə təsiri" mövzusunda
dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri
doktoru elmi dərəcəsi almışdır. Şahlar
müəllim elmi-pedaqoji kadrların hazırlanmasında fəal
iştirak edir. Ş.Q.Əsgərov 20-yə
yaxın namizədlik və doktorluq işinə rəhbərlik
etmişdir. Onun rəhbərliyi altında
fiziki elektronikanın müxtəlif sahələri üzrə
onlarla gənc dissertasiyalar, yüzlərlə tələbə
diplom işləri və maqistr dissertasiyaları müdafiə
etmişlər. 1970-ci ildən Ş.Əsgərov
universitetdə "Fizika", "Emissiya elektronikası",
"Vakuum texnikasının fiziki əsasları",
"Mikroelektronika", "Radioelektronika" və digər fənlərdən
mühazirələr oxuyur. Qeyd etmək
lazımdır ki, o, "Mikroelektronika" fənninin
proqramını tərtib edərək ilk dəfə onun
BDU-da tədrisinə nail olmuş və həmin fənn
üzrə ilk mühazirələri özü oxumuşdur.
O, ətrafda baş verən
hadisə və proseslərə münasibətdə passiv
müşahidəçi mövqeyindən
çıxış edərək biganəlik, laqeydlik
nümayiş etdirməmişdir. Məşhur
91-lərin biri kimi dövrünün ictimai-siyasi hadisələrinə
laqeyd qalmayıb, fəaliyyətinin bütün mərhələlərində
məhz Azərbaycanın gələcəyini
düşünmüşdür. Şahlar
Əsgərov ulu öndərin siyasi kursunu dönmədən
müdafiə edərək Heydər Əliyevin rəhbərliyi
altında həyata keçirilən dövlət quruculuğu
prosesinə layiqli töhfəsini verməyə
çalışıb. Ulu öndərin
siyasi fəaliyyətinə YAP-ın fəallarından biri kimi
daim dəstək verən, dövlətçilik
maraqlarının keşiyində dayanan alim
Şahlar Əsgərov
200-dən çox elmi, 600-dən artıq publisistik məqalənin,
11 kitabın, 3 monoqrafiyanın müəllifidir. Numuzmatika,
kriminalistika və tətbiqi incəsənət sahələrində
ixtira və patentlər almışdır.
Keçid dövrünü yaşayan ölkəmizdə ictimai-siyasi mühiti aydınlaşdırmağa kömək niyyəti ilə ulu öndərimiz Heydər Əliyevin söylədiyi müdrik kəlamları, fəlsəfi fikirləri toplayaraq 1997-ci ildə üç kitab - "Müstəqillik yolu", "Aforizmlər" və "Quotations, Aforizmı, Aforizmlər" çap etdirmişdir. Onun yazdığı "Keçid dövrünə fəlsəfi baxış" kitabı (Bakı, 1998) böyük oxucu rəğbəti qazanmışdır. Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Toplantının fəlsəfəsi", "Rüşvətin fəlsəfəsi və dinamikası"(2005), "Heydər Əliyevin liberal-maarifçilik ideyaları", (2005), "Heydər Əliyevin fəlsəfəsi" (2004) "Tarixi şəxsiyyət" (2003), "Konfliktlərin qloballaşması", (2001)," Səkkizguşəli ulduz " (2003), "Birliyin mayası haqq-ədalətdir" (Bakı-1998), "Hamımızın bir vətəni var, bu da Azərbaycandır" (Bakı-2000) və s. əsərləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər əsərləri özünün yüksək ideya məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.
Son zamanlar Ş.Əsgərovun tədqiq etdiyi digər sahə sosial fəlsəfə və pedaqogikadır. Alimin "Biliyin qiymətləndirməsinin yeni şkalası", "Biliyin qiymətləndirməsinin yeni kriteriyası", "Pedaqogika üçün yeni paradiqma", və "Biliyin qiymətləndirməsinin fəlsəfəsi" kimi məqalələri 2009-2010-ci illərdə Rusiya Federasiyasının mötəbər jurnallarında çap olunub. Bu işlərdə biliyin qiymətləndirilməsinin yeni modeli və yeni qiymətləndirmə meyarı təklif edilir.
O, 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2000-ci ildə İkinci çağırış Milli Məclisin deputatı seçilmiş və 2005-ci ilə qədər parlamentin Elm və təhsil məsələləri daimi komissiyasına sədrlik etmişdir.
Professor Ş.Əsgərov
elmi məktəbi olan alimlərimizdəndir. Bu səbəbdən
də onun elmi fəaliyyəti haqqında məlumat Rusiya
Federasiyasında çap olan "Rossiyskie nauçnıe
şkolı" (t.3, str. 32, Moskva, 2010) kitabında
verilmiş, elmi məktəbin banisi kimi "Nauçnaə
şkola imeni Ş.Q.Askerova" sertifikatı ilə təltif
edilmişdir. Həmçinin onun elmi fəaliyyəti
və tərcümeyi-halı "Vıdaöhiysə
uçenıe Rossii" ensiklopediyasının 6-cı cildinə
daxil edilmişdir.
BDU-nin "Fiziki
Elektronika" kafedrasının professoru Ş.Əsgərov
bir neçə beynəlxalq akademiyaların ("Rossiyskaə
Akademiə Estestvoznaniə", "Akademiə
pedaqoqiçeskix i soüialğnıx nauk" "Beynəlxalq
Elmi İnkişaf Şurasının Beynəlxalq Elmlər
Akademiyası"nin (BEIŞ /BEA)
üzvüdür. O, BEIŞ / BEA həqiqi üzvü olmaqla bərabər,
həm də həmin akademiyanın qızıl
medalının laureatıdır.
Amerika Bioqrafiya İnstitutu
Ş.Q.Əsgərovun adını "The International Directory
of Distinquished Leadership", ABI, Eleventh Edition, p.11 və
İngiltərənin International Biographical Center tərəfindən
çap olunan "2000 Outstanding Intellectuals of the 21st
Century" "Cambridqe, 2002, p.103 birinci cildinə daxil
etmişdir.
Respublikanın ictimai-siyasi həyatındakı
fəaliyyətinə görə o, "Şöhrət"
ordeni, elm və təhsil sahəsində xidmətlərinə
görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Rasim MƏMMƏDOV,
BDU-nun fizika fakültəsinin dekanı,
professor
Bəhram ƏSGƏROV,
Bərk cisimlər kafedrasının müdiri,
akademik
Azərbaycan.- 2011.- 14 iyun.- S. 10.