Görkəmli alimin fəlsəfi düşüncələri

 

Hərtərəfli və zəngin dərrakəsi, nəcib insani keyfiyyətləri ilə seçilən fəlsəfə elmləri doktoru Osman Əfəndi Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək yaradıcı təfəkkürə malik, saf əqidəli, nəcib şəxsiyyət kimi tanınan ziyalıdır. Akademik Aslan Aslanovun onun yaradıcılıq istedadı ilə əlaqədar fikirlərini yaxşı xatırlayıram. "Osman qibtə olunacaq yaradıcı təfəkkür sahibidir". Osmanın müəllimi olmuş görkəmli filosofumuz, akademik Fuad Qasımzadə də onun haqqında xoş sözlərini əsirgəməmişdir.

Osmanın doktorluq dissertasiyasının müzakirəsində çıxış edərkən Osman haqqında fəxrlə demişdir: "Osman bizim yetirməmizdir, gözümüzün qabağında böyüyüb, onu çox üstün mənada yaxşı tanıyırıq: zəhmətkeş, təvazökar, səbirli, ədalətli, prinsipial, obyektiv bir insan kimi, saf niyyətli, zərif təbiətli bir ziyalı kimi tanıyırıq. Dediyim sözləri təsdiq etmək üçün uzağa getmək lazım deyil, onun elmi ictimaiyyətdə böyük hörmət və nüfuz sahibi olmasına, estetika elmində göstərdiyi müstəsna xidmətlərinə baxmaq kifayətdir. O, tələsmədən, təmkinlə, səbirlə və böyük bir ləyaqətlə estetika elminin ağır sahələrini tədqiq edir. Bu səbrin, bu təmkinin və bu çalışqanlığın nəticəsidir ki, o estetika elminə "Estetik idrak və onun folklorda təcəssümü" adlı fundamental bir monoqrafiya bəxş etmişdir".

Xatirələrdə dərin iz buraxmış filosoflarımız - Məqsəd Səttarovun və Ziyəddin Göyüşovun Osman Əfəndi haqqında dəyərli fikirlərini də yada salmaq yerinə düşərdi. Məqsəd müəllim gənc Osmanın "ciddi, cəsarətli və prinsipial məziyyətlərə malik və sovet estetika elmində yenilikçi olduğunu" deyərdi. Ziyəddin müəllim isə buna xüsusi diqqət yetirərdi ki, Osman hələ gənclik illərində Türk dünyasında ilk dəfə olaraq aşıq poeziyasının fəlsəfəsini yaratmağa və bu missiyanı "Aşıq poeziyasının estetik problemləri" - kitabında reallaşdırmağa nail olmuşdur. Ziyəddin Göyüşov o dövrün mərkəzi mətbuatında Osman haqqında yazdığı məqalədə onun estetik fikir tariximizin öyrənilməsində ciddi səylərinə, əvəzsiz xidmətlərinə və onun istedadına üstünlük verirdi.

Mən Osmanı lap cavan vaxtlarından tanıyıram. Onun fəlsəfəyə məftunluğunu, bu sahədə çox ciddi çalışqanlığını indi də yaxşı xatırlayıram. Hələ gəncliyində o, özünü istedadlı estetik kimi tanıdıb. Mənim Osmana onun lap cavan vaxtlarından inamım olub. Buna onun istedadı, mədəniyyəti, tərbiyəsi, nəcib davranışı, ciddi təbiəti, mehriban ünsiyyəti, həm də ağır işə qatlaşmaq qabiliyyəti, böyük zəhmətkeşliyi səbəb olub. Ona indi də dərin hörmət bəsləyirəm və buna tam layiqdir. Onun dünyanın məşhur estetikləri M.Kaqanla, Zislə, Y.Boryevlə, B.Banslovla və başqaları ilə apardığı elmi mübahisələri söylədiyi tənqidi mülahizələri xatırlatmaq kifayətdir ki, elmi təfəkkürünə bələd olasan.

O.Əfəndi filosof kimi tanınmış, ictimaiyyətdə nüfuz qazanmış, sayılan, seçilən alimlərdəndir. Sanballı əsərlərin müəllifidir. Bu əsərlər ona ölkəmizdən kənarda da hörmət qazandırmışdır. Məşhur türk şairi Ziya Paşa yaxşı demişdir:

"Ayinəsi işdir kişinin, lafa baxılmaz, şəxsin görünür rütbeyi-əqli əsərində".

O.Əfəndinin zəngin fəlsəfi təfəkkürü onun dilinin-nitqinin aydınlığına, gözəlliyinə, rəvanlığına da təsir göstərmişdir.

Akademik A.Aslanov deyərdi: "Osman yaradıcı təxəyyül sahibi, dərin təfəkkür adamıdır. Onun zəkası da, düşüncəsi də, qələmi də yeniliklərlə köklənib". Burada sözümüzə dayaq üçün bir xatirəni yada salmaq yerinə düşər: Osman müəllimə aid böyük bir elmi müzakirədə o, utancaqlıqla "Bağışlayın, müəllimlərimin qarşısında "mən-mən" deyirəm" - ifadəsini işlətdi. Bu zaman akademik F.Qasımzadə fikrini bildirdi: "Buna sənin haqqın var, sən idrak nəzəriyyəsinə yenilik gətirən, burada yeni qanunauyğunluqlar ortaya qoyan, anlayışlara yeni təriflər verən, yeni təzahür formalarını üzə çıxaran, fəlsəfə sahəsində yeni problemlər həll edən, yeni estetik idrak meyarları tapan yaradıcı alimimiz, filosofumuzsan, sənin "mən" deməyə haqqın var!".

Estetika elmində, xüsusilə estetik idrak nəzəriyyəsi sahəsində Osmanın yenilikləri barədə geniş danışmaq olar. O, yaradıcılığının xeyli hissəsini "estetik idrak" kateqoriyasının sistemli tədqiqinə həsr etmişdir. Bir elmi problem üzərində uzun illər gərgin iş aparmaq alimdən təkcə zəhmət və istedad tələb etmir, bununla yanaşı, burada böyük səbir, geniş təmkin, möhkəm iradə tələb olunur. Bu iradənin, bu səbrin nəticəsidir ki, O.Əfəndi estetik idrak sahəsində heç də asan olmayan, əksinə, çox çətin olan yeni elmi problemlərin tədqiqinə girişmişdir.

Estetik idrak problemlərinin tədqiqi sahəsində Osman müəllimin elmi yanaşmaları müasir estetika elmində diqqətəlayiq əhəmiyyət kəsb edir. Doğrudan da, qədim yunan fəlsəfəsindən bəri işlənilən bir sahədə, xüsusilə kateqoriyalar sahəsində yeni elmi mövqe ilə çıxış etmək, yeni ideyalar irəli sürmək, predmet və hadisələrin fəlsəfi-estetik mahiyyətindən doğan yeni təzahür formaları tapmaq, yeni yaradıcılıq üslubu nümayiş etdirmək əhəmiyyətli və xeyirli sayılmalıdır. Onun elmi-fəlsəfi yaradıcılığının ən mühüm cəhətini "estetik idrak", "estetik ideal", "ülvilik", "gözəllik", "rəzillik", "eybəcərlik" və başqa kateqoriyaların sistemli tədqiqi səciyyələndirir. Məhz bu cəhətlərinə görədir ki, O.Əfəndi estetika nəzəriyyəçisi kimi ölkəmizdə və ondan kənarda bacarıqlı və dəyərli mütəxəssis kimi tanınır.

Tədqiqata obyekt götürdüyü anlayışların fəlsəfi mahiyyətinin dərinliyi ilə açılması, aydınlığı ilə təhlil və şərh olunması, bu anlayışların barəsində yeni mülahizə və mühakimələrin irəli sürülməsi O.Əfəndinin elmi-fəlsəfi yaradıcılığını ifadə edən cəhətlərindən biridir. Diqqətəlayiq bir haldır ki, o, estetik kateqoriyaların mahiyyətini açarkən yeni estetik qanunauyğunluqları meydana çıxarmış və bu qanunauyğunluqların təsdiqini ortaya qoymaq üçün onun tətbiqini spesifik formalarda və müxtəlif sahələrdə aydınlığı ilə verə bilmişdir.

Estetik idrak kateqoriyasının tədqiqinə həsr etdiyi əsərində onun mahiyyətinin açılmasında, bu mahiyyətin təzahürü formalarının, estetik qanunauyğunluqlarının ilk dəfə olaraq tanınıb estetika nəzəriyyəsinə təqdim olunmasında diqqətəlayiq orijinallıq nümayiş etdirmişdir.

O, estetik idrak nəzəriyyəsinə həsr etdiyi əsərlərində estetik kateqoriyaların məzmun dairəsinin genişliyini və zənginliyini ortaya çıxartmağa xüsusi səy göstərmişdir. Təsadüfi deyil ki, o, hər hansı bir estetik kateqoriyanın digər fəlsəfi-estetik kateqoriyalarla, hətta digər elm sahəsinin kateqoriyaları ilə dialektik əlaqələri haqqında yeni nəzəri mühakimələr irəli sürmüşdür. Estetik idrak nəzəriyyəsinə dair estetika elminə gətirdiyi bir çox nümunələrin adını qeyd etmək mümkündür.

Onun estetika elminə gətirdiyi yeniliklər təkcə estetik idrak kateqoriyası daxilində deyil, həm də bu kateqoriyanın digər fəlsəfi kateqoriyalarla dialektik əlaqəsi sahəsində də özünü göstərir. Bütün bunlarla yanaşı, estetik idrak kateqoriyasının bir çox elmi sahələrlə dialektik əlaqələrinin yeni xüsusiyyətləri üzə çıxarılır. O, estetik idrakın psixologiya, tarix, ədəbiyyat, sənətşünaslıq və s. kimi elmlərlə qarşılıqlı münasibətlərinə yeni şərhlər verməklə məzmun etibarı ilə bu kateqoriyanın sərhədlərinin genişliyini göstərməyə nail olmuşdur.

Təsadüfi deyil ki, O.Əfəndi psixologiya elminə aid olan bəzi kateqoriyalara, filologiya elminə aid bəzi janrlara, sənətşünaslıq sahəsində bəzi sənət növlərinə, tarix sahəsindəki bəzi hadisələrə dair yeni elmi münasibət və yanaşmalar ortaya qoymuşdur. Fikrimizi açıqlamaq məqsədilə bu barədəki faktların bəzilərinə ötəri toxunmaq istəyirəm. O, psixologiyanın "duyğular", "hisslər", "anlayış, "təxəyyül", "təfəkkür" və s. kateqoriyaları; ədəbiyyatşünaslığın "əsatir", "əfsanə", "nağıl", "bayatı", "dastan", "satira", "yumor", "sarkazm" janrlarının, sənətşünaslıqda "musiqi", "xalçaçılıq", "təkəlduz", "rəngkarlıq" sahələri; estetika elminin tarixi; ictimai tarixi hadisələrin fəlsəfə mahiyyəti və s. haqqında yeni fikirlər söyləmişdir.

O, fəlsəfə tarixində estetika elminin alman filosofu Baumharten tərəfindən XVII əsrdə yaranması barədəki müddəa ilə razılaşmayaraq, fəlsəfənin bir sahəsi kimi bu elmin meydana gəlməsinin tarixini XI əsrə aid etmiş və onun banisinin türk - Azərbaycan filosofu Bəhmənyar olması ilə əlaqədar yeni dəlillərlə çıxış etmişdir.

O.Əfəndinin elmi yaradıcılığının mühüm tərəflərindən biri də estetik idrak kateqoriyasına dair nəzəri ideyalarının birinci dəfə olaraq türk-Azərbaycan folkloruna tətbiq edilməsidir. Lakin burada bir məsələyə də aydınlıq gətirmək lazımdır. Osman müəllim folklorumuza təkcə tətbiq niyyəti ilə deyil, həm də milli folklorumuzun fəlsəfi mahiyyətini açmaq, onun estetik problemlərini aydınlaşdırmaq, dünyaya tanıtmaq, estetik fikir tariximizin çox vacib mərhələsini meydana çıxarmaq məqsədilə müraciət etmişdir. Fərəhlə qeyd edə bilərik ki, o, bu niyyətinə, bu amalına sadiq qalıb, uğurlar qazana bilmişdir. Məsələn, "Aşıq poeziyasının estetik problemləri" kitabı həm estetik ideyaların tətbiqi, həm də estetik fikir tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir. Eləcə də "Dədə Qorqudun estetik idrakı" kitabı həmin məqsədi daşıyır.

O.Əfəndi Azərbaycan folklorunun estetik problemlərini ilk dəfə olaraq birincilər sırasında tədqiqat obyektinə gətirmiş və bu problemin elmi-fəlsəfi-estetik cəhətdən mükəmməl araşdırılmasına nail olmuşdur. Məhz buna görə də onu folklorumuzun fəlsəfi-estetik tədqiqinin əsasını qoyan ilk mütəxəssis hesab edə bilərik. Osman müəllim haqqında formalaşmış elmi-ictimai rəy də belədir. Bundan əlavə, dünya səviyyəsində "folklorun estetik idrakı" probleminin O.Əfəndinin adı ilə bağlı olmasına dair mütəxəssislərin fikirlərini təqdir edirəm. Doğrudan da, Azərbaycan folklorunun estetik problemlərinin bu səviyyədə meydana çıxarılması yalnız estetika sahəsi üçün deyil, həm də Azərbaycanın elmi-ictimai fikir tarixinin, xüsusilə fəlsəfə tarixinin öyrənilməsi sahəsində tərifəlayiq olan və arzu olunan nailiyyətdir.

Məlum olduğu kimi "Dədə Qorqudşünaslıq" dünya alimləri tərəfindən XVII əsrdən bəri öyrənilir və bu gündə də öyrənilməkdədir. Dünyanın məşhur alimlərinin diqqət mərkəzində olan bu problem bir alim kimi O.Əfəndinin də diqqətindən kənarda qalmamışdır. O, Qorqudşünaslıq elminin fəlsəfi-estetik sahəsini ilk dəfə tədqiqat obyektinə çevirmiş və burada yeni mövzular, yeni ideyalar, yeni yaradıcılıq üslubu əsasında "Dədə Qorqudun estetik idrakı" monoqrafiyasını Qorqudşünaslığa bəxş etmişdir. Bütün türk dünyasının bədii yaradıcılığının növü olan "aşıq poeziyasının" türk xalqları tərəfindən yalnız bədii-filoloji cəhətdən geniş şəkildə öyrənilməsinə baxmayaraq, onun fəlsəfi-estetik tədqiqinin, eləcə də folklorun bir çox fəlsəfi-estetik problemlərinin əsasını qoymaq O.Əfəndiyə nəsib oldu.

 

 

İzzət RÜSTƏMOV,

BDU-nun Sosiologiya kafedrasının

müdiri, fəlsəfə elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 10.