Ümumrusiya Azərbaycanlılar
Konqresi Azərbaycan vətəndaşları üçün
Rusiyanın ali məktəblərinə qəbul imtahanları
keçirmişdir
Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün Rusiyanın ali məktəblərinə Moskvada qəbul imtahanları keçirmişdir. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçirilmiş test imtahanlarında Rusiya ərazisində yaşayan 146 soydaşımız iştirak etmişdir. Bu il həmvətənlərimizin Moskvadakı və Rusiyanın regionlarındakı ali məktəblərə daxil olmaları üçün Rusiyanın Təhsil və Elm Nazirliyi 42 yer ayırmışdır.
İmtahan başlamazdan əvvəl təntənəli yığıncaq keçirilmişdir. ÜAK-ın icraçı direktoru Eldar Quliyev yığıncağı açaraq həmvətənlərimiz üçün imtahan keçirilməsinin əhəmiyyəti barədə danışmışdır. O demişdir: "Azərbaycan dövləti ÜAK-ın təşəbbüsünü dəstəkləmiş və Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının Rusiyanın aparıcı ali məktəblərinə daxil olması üçün nadir imkan yaratmışdır. Bu gənclər həmin şansdan ləyaqətlə istifadə etməlidirlər".
ÜAK-ın Təhsil və Humanitar Məsələlər üzrə Komitəsinin sədr müavini Xumar Əliyeva gənclərə xeyir-dua verərək qeyd etmişdir ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının Rusiya ali məktəblərində təhsil almaları üçün budəfəki qəbul sayca səkkizincidir. O, xüsusi vurğulamışdır ki, bu ideya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur. Məhz onun köməyi ilə Rusiya hökuməti, Rusiya Federasiyasının Təhsil Nazirliyi və Rusiyanın ali məktəbləri ilə əldə edilmiş razılaşmaya görə azərbaycanlı gənclər bu ali məktəblərdə güzəştli şərtlərlə təhsil ala biləcəklər. X.Əliyeva xüsusi vurğulamışdır ki, artıq neçə ildir bu tədbir Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi və köməyi ilə keçirilir. O, auditoriyadakı gənclərə müraciətlə demişdir: "Siz Rusiya Federasiyasının ali məktəblərində təhsil alacağınız müddətdə Azərbaycanı ləyaqətlə təmsil etməlisiniz".
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından çıxış edən Tamilla Əhmədova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın abituriyentlərə salamlarını və qəbul imtahanlarında uğur diləklərini çatdıraraq vurğulamışdır ki, bu imtahanlar hər bir insanın həyatında çox mühüm addımdır. T.Əhmədova xüsusi vurğulamışdır ki, ölkə rəhbərliyi və Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirir. Ölkə büdcəsinin beşdəbir hissəsi məhz bu sahəyə sərf edilir. Tamilla Əhmədova Leyla Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəaliyyəti barədə qısa məlumat verərək xatırlatmışdır ki, bu günlərdə həmin qurum Sankt-Peterburqda özünün üçüncü illik konfransını keçirmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Tamilla Əhmədova demişdir: "Qəbul imtahanlarından uğurla çıxaraq Rusiyanın ali məktəblərinə təhsil alacaq abituriyentlər Azərbaycanlı gənclər hərəkatına qoşula biləcəklər. Bu hərəkat artıq təkcə Moskvanı və Sankt-Peterburqu deyil, bütün Rusiyanı əhatə edir. RAGT sizin doğma vətənlə daim əlaqə saxlamağınız və onun layiqli təmsilçiləri olmağınız üçün nə lazımdırsa edir. Yaxşı təhsil çox şeyi həll edir. Bizə yaxşı mütəxəssislər, peşəkarlar lazımdır".
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparatının rəhbəri Nərminə Bayramova, ÜAK Moskva regional bölməsinin sədri İlqar Hacıyev, tələbə Jalə Baxşəliyeva və valideyn Lətifə Xələfova da çıxış edərək abituriyentlərə xeyir-dua vermişlər. Onlar Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının Rusiyanın aparıcı ali məktəblərinə daxil olması üçün Azərbaycan dövləti tərəfindən nadir imkan yaradılmasını vurğulamış və öz tarixi vətənlərinin hüdudlarından kənarda yaşayan vətəndaşlara göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.
Qeyd etmək lazımdır ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının Rusiya ali məktəblərində təhsil almaları üçün ÜAK tərəfindən keçirilən budəfəki qəbul sayca səkkizincidir. Bu gün Rusiyada 190 azərbaycanlı tələbə təhsil alır. Builki qəbulda, orta hesabla, bir tələbə yerinə dörd abituriyent sənəd vermişdir. Həmvətənlərimizə təklif edilən ali məktəblərin və ixtisasların sayı ilbəil artır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi muxbiri
Moskva
Azərbaycan.- 2011.-14 iyun.- S.11.