Milli Qurtuluş Günü ərəfəsində Rotterdamın Bakı küçəsinin təqdimatı və məlumat lövhəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirilmişdir

 

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin, Benilüks Azərbaycanlılar Konqresinin və Azərbaycan Holland Dostları Təşkilatının dəstəyi ilə Azərbaycanın Milli Qurtuluş Günü ərəfəsində Rotterdam şəhərində Bakı küçəsinin təqdimatı və Bakıya həsr edilmiş məlumat lövhəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirin açılış hissəsində Rotterdamın Huqvliyet bölgəsi bələdiyyənin başçısı Smid mərasim iştirakçılarını salamlayaraq Bakı şəhəri haqqında məlumat vermiş, Rotterdamda Bakı adına küçənin mövcudluğunun Azərbaycan paytaxtının Avropa tarixində xüsusi yeri olmasının nümayişi kimi qiymətləndirmiş, mərasimin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir.

Səfir Fuad İsgəndərov çıxışında müstəqil Azərbaycanın tarixi və müasir inkişafı barədə ətraflı məlumat vermiş, Rotterdam şəhərinin tarixində Bakı adına küçədə məlumat lövhəsinin açılmasının əhəmiyyətini vurğulamış, paytaxtımızın Rotterdam şəhəri ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə hazır olduğunu söyləmiş, Azərbaycan-Niderland ikitərəfli münasibətlərinin sürətlə inkişaf etdiyini bildirmişdir. Diplomat bəyan etmişdir ki, Azərbaycanın müvafiq dövlət qurumu tərəfindən qəbul edilmiş qərara əsasən Hollandiya şirkətlərinin iştirakı ilə ərazisində yeni dəniz limanı inşa olunan Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin küçələrinin birinin Rotterdam şəhərinin şərəfinə adlandırılması ilə bağlı mərasimin keçirilməsi planlaşdırılır.

Rotterdam şəhərinin meri Əhməd Abutaleb mərasimi Niderland paytaxtında tarixi hadisə kimi qiymətləndirmiş, Rotterdam sakinləri adından Azərbaycan tərəfinə məlumat lövhəsinin qoyulmasına dair dərin təşəkkürünü çatdırmış, təmsil etdiyi şəhərin Bakı ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu söyləmiş, Bakıda Rotterdamın adına küçənin açılmasında şəxsən iştirak etmək arzusunda olduğunu bildirmişdir.

Rəsmi çıxışlardan sonra səfir və Rotterdamın meri məlumat lövhəsini birgə açmışlar.

Səfir Fuad İsgəndərov Rotterdamın meri Abutalebə bu əlamətdar hadisə ilə bağlı təbriklərini çatdırmış, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından Bakı şəhərinin emblemini əks etdirən xalça nümunələrini Rotterdamın şəhər və bölgə rəhbərlərinə təqdim etmişdir. F.İsgəndərov merin başçılığı altında nümayəndə heyətinin Bakıda Rotterdam küçəsinin açılış mərasimində iştirak etməsini ölkələrimiz arasında ikitərəfli münasibətlərə xüsusi töhfə verəcəyini vurğulamışdır.

Tədbirin sonunda verilmiş ziyafət çərçivəsində qonaqlara Bakı haqqında sənədli filmlər nümayiş olunmuş, paytaxtımıza dair çoxsaylı bröşürlər və digər materiallar paylanmış, küçədə yaşayan sakinlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış hədiyyələr toplusu verilmiş, qonaqlara Azərbaycanın zəngin mətbəxinin nümunələri təqdim olunmuşdur.

Tədbirdə Niderlandın rəsmi qurumlarının nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Hollandiyanın biznes dairələrinin və elmi tədqiqat mərkəzlərinin təmsilçiləri, yerli sakinlər və KİV-lərin əməkdaşları, eləcə də Azərbaycan diaspor təşkilatlarının fəalları iştirak etmişlər.

Tədbir yerli televiziya və mətbuat orqanları tərəfindən geniş işıqlandırılmışdır.

 

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 11.