Ədliyyə Akademiyasında Milli
Qurtuluş Gününə həsr edilmiş tədbir
keçirilmişdir
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir.
Akademiyanın prorektoru - hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov Azərbaycanın müstəqillik tarixindən, müstəqilliyinin ilk illərində qarşılaşdığı problemlərdən danışmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən qurtulmuş, ölkədə hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində çox mühüm işlər görülmüşdür. Xalqımızın maddi rifah halı yüksəlməyə başlamışdır.
Çıxışlarda qeyd edilmişdir ki, mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialının yaradılması üçün əlindən gələni etmişdir.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunu inamla davam etdirir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artmış, mövqeləri möhkəmlənmişdir.
Natiqlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə ümidvar olduqlarını bildirmiş, bu müqəddəs işində dövlətimizin başçısına uğurlar arzulamışlar.
AzərTAc
Azərbaycan.- 2011.-14 iyun.- S.11.