Qurtuluşdan başlanan inkişaf

 

Azərbaycan Respublikası dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsindədir. Bu 20 il ərzində respublikamız bir çox tarixi sınaqlara məruz qaldı, hətta 1991-1993-cü illərdə hakimiyyətdə olan naşı siyasi qrupların səbatsızlığı ucbatından müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. O zaman ölkəni ağır durumdan ən çətin anda düzgün çıxış yolu tapmağı bacaran qüdrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin çıxara biləcəyinə bütün Azərbaycan xalqı qəlbən inanırdı.

Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev 6 gün sonra - iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.

Azərbaycanın 1993-cü il iyunun 15-dən başlanan qurtuluşu ilə dövlət quruculuğuna start verildi, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıldı. Azərbaycan dünya birliyində layiqli yerini tutdu.

 

Ordu quruculuğu başladı

 

Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə o zaman gəldi ki, cəbhə xəttində ermənilər hərbi əməliyyatlarını genişləndirir, yaşayış məskənlərini işğal edir, dinc azərbaycanlılar məcburi köçkün vəziyyətinə düşürdülər. Ulu öndər o zaman üçün ən doğru olan addımı ataraq A.Mütəllibov və AXC-Müsavat cütlüyü iqtidarlarının uğursuz ordu quruculuğunun təzahürü olan, mərkəzi komandanlığa tabe olmayan bütün silahlı dəstələrin buraxılması barədə qərar verdi. Belə silahlı dəstələrin fəaliyyəti qanunsuz elan edildi. Ulu öndərin 1993-cü il noyabrın 2-də Azərbaycan xalqına tarixi müraciətindən sonra hərbi nizamnamələr çərçivəsində və mərkəzdən idarə edilən nizami hərbi hissələr formalaşdırıldı. Peşəkar hərbçilər bu hərbi hissələrin komandiri təyin edildilər. Birbaşa cəbhəyə yola düşən yeni Azərbaycan Ordusunun ilk hərbi hissələri 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində uğurlu əməliyyatlar həyata keçirdilər. İşğal olunmuş bir çox yaşayış məskənlərimiz, strateji yüksəkliklər azad edildi.

Cəbhə xəttində atəşkəsin elan edilməsindən sonra ulu öndərin komandanlığı ilə həyata keçirilən ordu quruculuğu daha da gücləndi. Tezliklə Silahlı Qüvvələrin strukturu tam formalaşdırıldı, bütün növ hərbi birləşmələr, piyada, tank, artilleriya qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qoşunları, əlahiddə taborlar yaradıldı. Hərbi hissələrin tam komplektləşdirilməsi başa çatdırıldı və hərbi xidmətin müddəti nizama salındı. Hərbi təhsil məsələləri də diqqətdən kənarda qalmadı.

Bu gün Azərbaycanda ordu quruculuğu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Qarşıya qoyulan əsas məqsəd Silahlı Qüvvələrdə modernləşmə islahatlarının həyata keçirilməsi, ordumuzun döyüş qabiliyyətinin müasir standartlar səviyyəsinə çatdırılmasıdır. Azərbaycan hakimiyyəti ildən ilə hərbi məqsədli xərcləri artırmaqla silahlı qüvvələrimizi döyüşkən ruhda və yalnız qələbə əzmində olan güclü bir orduya çevirib. Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə düzənlənən hərbi parad bunu bir daha təsdiq etdi. Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə iyunun 26-da - Silahlı Qüvvələr Günündə Azərbaycan Ordusunun növbəti paradı keçiriləcək. Bu parad ordumuzun müasir döyüş imkanlarına malik olduğunu bir daha nümayiş etdirəcək.

 

Demokratikləşmə proseslərinə start verildi

 

Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda demokratik dəyərlər yalnız Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həqiqi mahiyyət kəsb etməyə başlamış, söz, vicdan, sərbəst toplaşmaq azadlığı praktikada öz yerini tapmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elə ilk aylarda gördüyü işlər göstərdi ki, Azərbaycan yalnız demokratiya yolu ilə gedəcəkdir. 1993-cü ildə prezident seçkiləri ərəfəsində Heydər Əliyev öz proqramında bəyan edirdi ki, Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək. Ölkəmizin demokratiya yolu ilə gedəcəyini, demokratik dəyərlərə böyük önəm verəcəyini 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya da təsdiq edirdi.

Ümummilli lider Heydər Əliyevin xalqın milli ənənələri və sivil dəyərlər əsasında formalaşdırdığı Azərbaycanın demokratikləşmə strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğunlaşdırılır, effektiv nəticələr əldə edilir, respublikamız demokratik nailiyyətlərdən yetərincə bəhrələnməklə, demokratiya anlayışının bəşəriyyətdə möhkəmlənməsi prosesinə də əvəzsiz töhfəsini verir. Prezident İlham Əliyev demokratik dəyərlərin cəmiyyətimizdə dərindən bərqərar edilməsinə yönəlik uğurlu siyasət həyata keçirir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 8 ilə yaxın müddətdə demokratikləşmə istiqamətində işlər davam etmiş, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurulmuşdur.

 

Milli Məclisə demokratik, ədalətli və şəffaf seçkilər keçirildi

 

1993-cü il iyunun 15-nə qədər insanlar parlamentin meydan mitinqlərini xatırladan iclaslarına şou-tamaşalar kimi baxırdı. Heç kəs Milli Məclisin xalq və dövlət naminə ağıllı və səmərəli iş görəcəyinə inanmırdı. Lakin xalqın arzu və istəyi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi qanunvericilik orqanının fəaliyyətində və xalqın ona münasibətində böyük dəyişiklik yaratdı. Heydər Əliyev özü ilə bərabər parlamentə siyasi mədəniyyət, işgüzarlıq gətirdi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə respublikamızda seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi ənənəsi formalaşdı. Heydər Əliyevin zəhməti sayəsində 1993-cü ildən etibarən respublikamızda demokratik seçkilərin keçirilməsi üçün son dərəcə zəruri sayılan ictimai-siyasi sabitlik təmin edildi, Azərbaycanın demokratik dünyaya inteqrasiyasının əsası qoyuldu, o cümlədən beynəlxalq təcrübəyə söykənən mütərəqqi, hüquqi seçki qanunvericiliyi bazası yaradıldı.

1995-ci ildə demokratik əsaslarla seçilmiş ilk parlament ölkəmizin siyasi tarixində dirçəliş və inkişaf dövrünün başlandığını nümayiş etdirdi. İlk çağırış parlament qarşısına qoyduğu vəzifələri uğurla yerinə yetirmiş, qanun yaradıcılığı işində dünyanın qabaqcıl demokratik ölkələrinin təcrübəsindən bəhrələnmiş, qanunvericilik fəaliyyətində istər kəmiyyət, istərsə də keyfiyyət göstəriciləri baxımından böyük nailiyyətlər qazanmışdı. Qanunvericilk fəaliyyəti ilə yanaşı, parlament Ermənistanın ölkəmizə təcavüzü, Azərbaycan torpaqlarının beşdə bir hissəsini işğal altında saxlaması, bir milyondan artıq soydaşımızı yerindən, yurdundan didərgin salması barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, xalqımızın haqq işinin dünya miqyasında dəstəklənməsinə nail olmaq üçün mümkün olan bütün tədbirləri görmüş, müstəqil dövlətimizin xarici əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə dəyərli töhfələr vermişdir.

2000-ci ildə keçirilmiş ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ölkəmizdə demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu yolunda irəliyə doğru mühüm addım olmuşdur. İkinci çağırış Milli Məclisin fəaliyyəti dövründə Azərbaycan Respublikası Avropa Şurasının tamhüquqlu üzvü seçilmişdir, ölkəmizi AŞ Parlament Assambleyasında təmsil etmək üçün cənab İlham Əliyevin rəhbərliyi ilə daimi nümayəndə heyəti yaradılmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti AŞ PA-nın iclaslarında böyük fəallıq nümayiş etdirmiş, ölkəmizə mühüm diplomatik nailiyyətlər qazandırmışdır.

2005-ci il noyabrın 6-da keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər Azərbaycan xalqının Heydər Əliyevin siyasətinə inamını və ehtiramını növbəti dəfə aydın şəkildə təcəssüm etdirdi. Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının uğur qazanması, ən çox deputat mandatına layiq görülməsi, həm bu hörmət və ehtiramın nəticəsi, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin bəhrələrinin, nəticələrinin insanlar tərəfindən yüksək qiymətləndirilməsi idi.

Üçüncü çağırış Milli Məclis Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərini təsis etmişdir. Parlamentdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq amnistiya aktı qəbul olunmuşdur.

Nəhayət, ötən il noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələri Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Bu seçki respubulikamızda demokratik dəyərlərin möhkəm bərqərar edildiyini nümayiş etdirdi.

 

Konstitusiya qəbul olundu

 

1995-ci ildə Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ilə ilk milli Konstitusiyasını qəbul etdi və ictimai həyatın bütün sahələrində köklü islahatlara başladı. Humanist və insanpərvər xarakteri ilə MDB məkanında ən mütərəqqi Konstitusiya olan bu fundamental sənədin qəbulu milli dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da yüksəlməsi baxımından çox mühüm ictimai-siyasi hadisə olmuşdur. Əsas Qanunun preambluasında Azərbaycan dövlətinin müstəqilliyini, süverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir.

Ölkəmizin siyasi-iqtisadi və sosial-mədəni həyatında baş verən dəyişikliklərin qanuni nəticəsi olaraq qəbul edilən və tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanun cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla həyatımızın bütün sahələrinin inkişafına təkan vermiş, xalqımızın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması işində mühüm addım olmuşdur.

Konstitusiyanın dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu olmaqla, digər qanunlar kimi daim təkmilləşməyə məruz qalması təbii prosesdir. Konstitusiya cəmiyyətin inkişafından geri qalırsa, o inkişafın buxovuna çevirilir. Bu isə heç bir halda normal hesab edilə bilməz. İlk dəfə 2002-ci il avqustun 24-də keçirilmiş referendum nəticəsində Konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişikliklər edilmişdir.

Bu əlavə və dəyişikliklər Konstitusiyanın qəbulundan sonrakı dövrdə ölkəmizdə demokratiyanın sürətli inkişafından irəli gəlməklə, onların çox hissəsi respublikamızın Avropa Şurası kimi, mötəbər beynəlxalq quruma tamhüquqlu üzv kimi qəbul edilməsi və ölkəmizin bu qurum qarşısında götürdüyü bir sıra öhdəlikləri yerinə yetirməsi, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması məqsədi ilə bağlı olmuşdur.

2009-cu il martın 18-də keçirilən referendumda isə Konstitusiyanın 29 maddəsinə 11 dəyişik, 39 əlavə edilmişdir. Bu əlavə və dəyişikləklər respublikamızda hüquqi dövlət quruculuğu inkişafına xidmət etməklə, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunmasına təminat verir.

 

Ölüm hökmü ləğv edildi

 

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə mərhələsinə qədəm qoyan Azərbaycanda həmçinin, cəmiyyətin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulmuşdur. Ulu öndər bütün dövrlərdə bu məfkurədən çıxış edərək, mərhəmət və insanpərvərlik kimi ən ali insani keyfiyyətləri əldə rəhbər tutmuşdur. Heydər Əliyevin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan etimadını daha da artırmışdır. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılmış, 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilmiş və 32 əfv fərmanı imzalanmışdır.

Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. Xatırladaq ki, cəmi bir il hakimiyyətdə olmalarına baxmayaraq AXC-Müsavat iqtidarı, bir az da konkretləşdirsək İsa Qəmbər bir neçə nəfərə ölüm cəzası vermək üçün imkan tapmışdı.

Ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə baglı müraciətlərini nəzərə alan dövlət başçısı bayram və əlamədar günlərdə imazaladığı əfv sərəncamları ilə onları cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edib.

 

Mətbuat üzərində senzura aradan qaldırıldı

 

Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə qazanmağına baxmayaraq demokratiyanın əsas göstəricilərindən biri mətbuatın və söz azadlığının təmin edilməsi də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Yalnız bundan sonra siyasi həmlələrdən, senzuradan əziyyət çəkən mətbuat bütün təzyiqlərdən azad oldu, azad sözün inkişafı məqsədilə KİV-in sərbəst istehsalı və yayımı təmin edildi, mətbuatın dövlət tənzimlənməsindən imtina olundu. Azad sözün təmin edilməsini 1995-ci ildə qəbul edilən Konstitusiya da hüquqi baxımdan təsdiqlədi. Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirmiş ümumilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi ilə bağlı milli mətbuatımızın tarixində ən mühüm hadisə oldu. KİV-in inkişafında və ölkədə azad sözün təmin olunmasında tutduğu mövqeyinə və xidmətlərinə görə Heydər Əliyev 2001-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsüyyət qurması bu reallığın təzahürləridir. Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illik, 2010-cu ildə isə 135 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, yubiley münasibətlə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirildiyini və mətbuatın dövlət qayğısından kənarda qalmadığını nümayiş etdirdi. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən redaksiyaların "Azərbaycan" nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2008-ci il 31 iyul tarixli sərəncam ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" da təsdiqlədi ki, respublikamızda mətbuata dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu isə uğurla fəaliyyət göstərərək mətbuatın inkişafına, o cümlədən qəzetlərin ayrı-ayrı layihələrinin maliyyələşdirilməsinə dəstək verir.

Ölkəmizdə mətbuata dövlət qayğısının mühüm nümunələrindən biri də Mətbuat Şurasının yeni bina ilə təmin edilməsidir. Prezident İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış mərasimində iştirak etməsi isə bu qurumun fəaliyyətinə dövlətin verdiyi önəmin təzahürü idi. Azərbaycan mətbuatı üçün son illərin digər böyük hadisəsi jurnalistlər üçün yaşayış evinin tikintisidir.

 

Beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndi

 

Beynəlxalq təşkilatlara üzv olmaq, onların işində yaxından iştirak etmək hər bir dövlət üçün istər problemlərini dünyaya çatdırmaq, istərsə də nüfuz məsələsi baxımından mühüm əhəmiyyət təşkil edir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda geosiyasi vəziyyət dərindən təhlil edilməklə və mövcud reallıqlar nəzərə alınmaqla ölkəmizin mənafelərinin qorunmasına, beynəlxalq imicinin çoxalmasına yönəlik əməli dəyişikliklər edildi. Ulu öndər beynəlxalq təşkilatlarla faydalı əməkdaşlığı uzaq hədəflərə hesablanan və milli maraqları özündə ehtiva edən xarici siyasət doktrinasının mühüm istiqamətlərindən biri elan etdi, Avratlantik məkana inteqrasiya yoluna üstünlük verdi, bu istiqamətdə qətiyyətli addımlar atdı.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanla NATO arasında əlaqələrin əsası qoyuldu və yüksələn xətlə inkişaf etməyə başladı. Ölkəmiz 1994-cü ilin may ayından NATO-nün "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu. Sonrakı dövrdə Azərbaycan NATO-nun strukturları ilə də əməkdaşlıq etməyə başladı. Belə ki, Azərbaycan 1999-cu ilin mayından NATO Parlament Assambleyasının daimi müşahidəçisi, 2002-ci ilin noyabrından isə assosiativ üzvüdür.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın Avropanın ən mötəbər təşkilatlarından sayılan Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin inkişafı da müşahidə olunmağa başladı. Ölkəmizin Aİ-nın 1993-cü ildən qəbul etdiyi TRASEKA (Trans-Europe-Caucasus-Asia) proqramında fəal iştirakına start verildi. Avropa İttifaqı Komissiyası və TRASEKA proqramının iştirakçısı olan ölkələrin birgə qərarı ilə "Tarixi İpək Yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfrans" 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirildi.

1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Aİ-Azərbaycan əlaqələrinin hüquqi bazasını təşkil etdi. Bu sazişə əsasən demokratiya, beynəlxalq hüquq prinsipləri, insan hüquqları və azad bazar iqtisadiyyatı prinsipləri Aİ-Azərbaycan tərəfdaşlığının əsaslandığı mühüm ünsürlərdir. Saziş siyasi dialoq, ticari-iqtisadi, hüquq və mədəniyyət sahələrində əməkdaşlığın qurulmasının və davam etdirilməsinin əsaslarını müəyyən edir.

Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbulu da ulu öndər Heydər Əliyevin xarici siyasətinin böyük uğuru idi. 2000-ci il mayın 15-də AŞ Siyasi Komitəsinin Dublin şəhərində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi olmuş Jak Bomelin hesabatı dinlənilərək respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı rəy verildi. AŞ Parlament Assambleyasının 2000-ci il iyunun 26-28-də keçirilmiş növbəti sessiyası zamanı 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının AŞ-nın tamhüquqlu üzvlüyünə qəbul edilməsi məsələsi dəstəkləndi. 1996-cı ildən təşkilatda xüsusi qonaq statusu ilə təmsil olunan Azərbaycan 2001-ci ilin 17 yanvarında qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edildi.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət konsepsiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının - BMT, ATƏT, AŞ, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Bununla yanaşı Azərbaycan Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatlarla da fəal əməkdaşlıq edir.

Göründüyü kimi müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri ulu öndər Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Bu dahi şəxsiyyətin dövlətçiliyimizin qüdrətlənməsi, Azərbaycanda demokratiyanın inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi ilə bağlı xidmətləri ölçüyəgəlməzdir. Fərəhli haldır ki, ulu öndərin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurlar Prezident İlham Əliyevin sayəsində daha da zənginləşdirilir.

Təbii ki, bütün bunlar Azərbaycanın həm bölgədə, həm beynəlxalq aləmdə nüfuzunu və imicini daha da artıran çox mühüm amillərdir. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin, bu siyasətin müasir dövrün çağırışlarına cavab olaraq Prezident İlham Əiyev tərəfindən yeni mərhələyə qaldırılmasının nəticəsidir ki, Azərbaycan regionun əsas söz sahibi olan, dinamik inkişaf edən ölkəsidir. Ən əsası Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya birliyinin bu regionda hesablaşdığı və önəm verdiyi bir ölkəyə çevrilib.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-15 iyun.- S.1, 11.