Özbəkistan Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır

 

Azərbaycanda səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyev iyunun 14-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Oqtay Əsədov demişdir ki, Azərbaycan və Özbəkistan xalqları arasında çox qədim mədəni, dini, tarixi dostluq əlaqələri vardır. Hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlamışdır. Əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Prezidentlərimizin qarşılıqlı səfərləri zamanı əlaqələrimizin hərtərəfli inkişafına dair çoxsaylı sənədlər imzalanmışdır. Bu sənədlər, həm də hərbi sahədə əməkdaşlığımızı genişləndirməyə imkan yaradır. İnanırıq ki, sizin bu səfəriniz əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəkdir.

Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonağa ətraflı məlumat vermiş, problemin həlli ilə bağlı rəsmi Bakının ədalətli mövqeyini diqqətə çatdırmışdır. Azərbaycanın haqq səsini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Özbəkistan xalqına və dövlətinə minnətdarlığını bildirmişdir.

Oqtay Əsədov parlamentlərarası əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini vurğulamış, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir.

Azərbaycana ilk dəfə 2009-cu ildə səfər etdiyini bildirən Kabul Berdiyev ötən müddət ərzində paytaxt Bakının çox sürətlə inkişaf etdiyini, çiçəkləndiyini qeyd etmişdir. O demişdir ki, bu həm də bütövlükdə ölkənin inkişafının göstəricisidir.

General-mayor demişdir ki, Özbəkistan Azərbaycan ilə bütün sahələrdə, eləcə də hərbi sənaye potensialının inkişafı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. İki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair hökumətlərarası saziş də vardır. Səfərin əsas məqsədi Azərbaycanın müdafiə sənayesi məhsulları ilə tanış olmaq, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 2.