Milli Məclisdə görüş

 

İyunun 14-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb. Qonaqları salamlayan Bahar Muradova bildirib ki, BQXK-nin Azərbaycan nümayəndəliyi işini yüksək səviyyədə qurub. Təşkilatın ictimaiyyət, mətbuat, dövlət qurumları ilə əlaqələri genişdir.

Bahar Muradova qaçqın və məcburi köçkünlər məsələsinə toxunaraq bildirib ki, BQXK bu istiqamətdə dəyərli fəaliyyət göstərir. Eyni zamanda komitə itkin düşmüş şəxslərlə bağlı qanunvericiliyin hazırlanmasında iştirak edir. Bahar Muradovanın sözlərinə görə, nə qədər münaqişələr mövcuddur, işğaldan əziyyət çəkənlər var, BQXK-nin işləri çox olacaqdır.

Görüş üçün təşəkkürünü bildirən BQXK-nin beynəlxalq humanitar hüquq üzrə regional məsləhətçisi Mariya Tereza Dutli deyib ki, Azərbaycan hakimiyyət orqanları təşkilatın fəaliyyətinə yüksək dəstək göstərir. BQXK itkin düşmüş şəxslərin tapılmasına, mədəni sərvətlərin qorunmasına diqqətlə yanaşır və bu sahələrdə kompleks tədbirlər həyata keçirir.

BQXK-nin Bakı nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Silvi Qrenişer itkin düşmüş şəxslərlə bağlı məlumatların əldə edilməsindən danışıb. Bildirib ki, BQXK bu məlumatların əldə edilməsində Azərbaycan cəmiyyəti ilə birgə işləyir. İtkin düşmüş şəxslərlə bağlı məlumatların bir yerə toplanması üçün məlumat bazası yaradılıb. Təşkilat üzvləri cəbhə xəttində yaşayan əhalinin maddi vəziyyəti ilə də maraqlanır. Ağdamın 3, Füzulinin 2, Tərtərin 2 kəndində əhalinin maddi ehtiyaclarını ödəmək üçün iqtisadi proqramlar həyata keçiriləcək. Həmçinin təmas xəttində yaşayan insanların içməli suya olan tələbatını ödəmək üçün layihələr nəzərdə tutulur.

Görüşdə itkin düşmüş şəxslərlə bağlı qanunvericiliyin vəziyyətinə də diqqət yetirilib. Bildirilib ki, BQXK itkin düşmüş şəxslərlə bağlı model qanun layihəsi hazırlayıb. Layihədə genetik məlumatın qorunması əks olunur. Azərbaycanda da bu qanun layihəsi müzakirə edilib. Və genetik məlumatın qorunması məqsədəuyğun sayılıb.

Bütün bunları yüksək qiymətləndirən Bahar Muradova bildirib ki, itkin düşən şəxsin qalıqlarının kimliyini təyin etmək baxımından DNT analizlərinin tətbiq edilməsi vacibdir. Bu nöqteyi-nəzərdən DNT analizlərinin qorunması üçün hüquqi bazanın yaradılması əhəmiyyətlidir.

Sonda Mariya Tereza Dutli itkin düşmüş şəxslərin əşyalarının əks olunduğu broşüraları vitse-spikerə təqdim etdi.

 

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 2.