BSANNA-nın Bakıda keçirilən V Baş Assambleyasının iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyində, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində və  Müasir İncəsənət Muzeyində olmuşlar

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçirilən V Baş Assambleyasının iştirakçıları iyunun 14-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.

AzərTAc xəbər verir ki, qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilmiş Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır.

Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

150-dən çox işçinin çalışdığı muzey həm Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.

Xüsusi olaraq qonaqların diqqətinə çatdırılmışdır ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuşdur.

BSANNA-nın Bakı toplantısının iştirakçıları Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatlarına da maraqla tamaşa etmişlər. Buradakı məişət əşyaları tarixi sənədlər onlarda böyük təəssürat yaratmışdır.

 

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi

 

BSANNA-nın Bakıda keçirilən V Baş Assambleyasının iştirakçıları iyunun 14-də Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə tanış olmuşlar.

Qonaqlara məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabalar, evlər, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. vardır.

Bu abidələrin daha etibarlı qorunması üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. İki hektar ərazisi olan muzey-kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədərki dövrü əhatə edən qayaüstü rəsmlər, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.

Qonaqlar muzey kompleksini gəzmiş, buradakı eksponatlarla tanış olmuşlar.

Bildirmişdir ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycan ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Tarixi abidələr baxımından Abşeron yarımadasının da xüsusi yeri vardır. Yarımadanın şimal-şərqində yerləşən Qala qəsəbəsində və ona bitişik ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur.

Muzey-komplekslə tanışlıq zamanı Azərbaycanın ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq, nalbənd emalatxanaları da maraq doğurmuşdur.

Qonaqlar qədim abidələrdən olan Qavaldaş, Şüvəlan, Ağdaş düzü, Xaşaxuna, Zirə yaşayış məskənlərinin planına, qədim toyxana yerinə, tacir evinin maketinə, dəvələrə, Dübəndi və digər ərazilərdə arxeoloji qazıntılar zamanı aşkar olunmuş tapıntılara, qədim qəbiristanlıqdakı abidələrə də baxmışlar.

Daha sonra qonaqlar dəniz sahilində “Xəzər” turizm kompleksi ilə tanış olmuşlar.

 

Müasir İncəsənət Muzeyi

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının – BSANNA–nın Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilən V Baş Assambleyasının iştirakçıları iyunun 14-də Müasir İncəsənət Muzeyində olmuşlar.

Qonaqlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyası ilə tanış olmuşlar. Qeyd edək ki, ekspozisiyanın əsasını Azərbaycan rəssamlarının XX əsrin ikinci yarısından tutmuş bu günümüzədək avanqard üslubda yaratdıqları ən yaxşı rəngkarlıq və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın tanınmış, gənc rəssam və heykəltəraşlarının yüzədək əsəri nümayiş etdirilir. Xüsusi şöbədə isə avanqardçı rəssamlarımızın əsərlərini almaq olar.

Qonaqlara məlumat vermişlər ki, muzeydə Azərbaycan rəssamlarından Səttar Bəhlulzadənin, Böyükağa Mirzəzadənin, Tahir Salahovun, Ömər Eldarovun, Rasim Babayevin, Altay Sadıqzadənin, Bəhram Xəlilovun və başqalarının əsərləri nümayiş etdirilir. Qonaqlar, həmçinin Salvador Dali, Pablo Pikasso və Mark Şaqal kimi dünya şöhrətli rəssamların bəzi əsərlərinin orijinalları ilə tanış olmuşlar.

Qonaqlar Mehriban Əliyevanın ötən il Bakıda, “Qız qalası” Beynəlxalq incəsənət festivalında təqdim olunmuş əsərinə maraqla tamaşa etmişlər. Qız qalası formasında yerinə yetirilmiş əsərdə bir sıra ölkələrin müxtəlif tarix və mədəniyyət abidələrinin təsvirləri yer almışdır. Maket üzərində qurulan avanqard üslubda çətir mədəni irsin qorunub saxlanmasına çağırışın rəmzidir. Bu çağırış “Abidələri qoruyun” əsərinin adında da əksini tapmışdır.

Tanınmış rəssam Altay Sadıqzadənin dizaynı əsasında yaradılmış muzeydə uşaq incəsənəti salonu, kitabxana, videozal, restoran və art-kafe fəaliyyət göstərir.

 

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 2.