Heydər Əliyev yeni Azərbaycan
yaratdı
Hər bir xalqın, ölkənin tarixində tərəqqi dövrləri də olur, tənəzzül dövrləri də. İstiqamətindən asılı olmayaraq bu dönüş dövrləri mövcud tarixin, ictimai-siyasi reallıqlardan irəli gələn hadisələr kimi qəbul edilsə də, tarixi şəxsiyyətlərin adları ilə daha çox bağlıdır. Azərbaycanın da istər qədim, istərsə də yeni tarixində bu cür dönüş zamanları çox olmuşdur. Amma onların arasında çağdaş Azərbaycanın inkişafının ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan iki mühüm dövrü özəlliklə seçilir. Həmin dövrlər bütün siyasi, ictimai, iqtisadi xüsusiyyətlərinə görə bir-birlərindən köklü surətdə fərqlənsələr də, mahiyyət və məram baxımından eyni məqsədə - Azərbaycanın inkişafına və Azərbaycan xalqının xoşbəxtliyinə xidmət etmişdir.
Tarix
üçün çox qısa zaman kəsiyi olan bu dövrləri
birləşdirən ikinci bir məqam da var. Bunlar Heydər Əliyevin
sələflərindən təhvil götürdüyü Azərbaycanın
bütün sahələrdə tənəzzülə
uğraması idi. Hər iki dəfədə də
ümummilli lider tarixin onun üzərinə qoyduğu məsul
missiyanın öhdəsindən bacarıqla gəlmək
iqtidarında olduğunu sübut etdi. Sübut etdi ki, xalqa və
Vətənə olan sevginin qarşısında hətta ən
ciddi problemlər və çətinliklər də acizdir. Bu
problem və çətinliklər isə az deyildi.
Miras
Ötən əsrin 90-cı illərinin başlanğıcında Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, yenicə müstəqilliyə qovuşmuş Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatını iflic vəziyyətə salmışdı. Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın görünür. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye məhsulları istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faizə qədər aşağı düşmüşdü. İstehsal potensialının isə, demək olar ki, üçdə ikisi itirilmişdi. Eyni zamanda, istehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. Bunlardan əlavə, 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5 faizə çatmışdı.
Bunlar da hələ
hamısı deyildi. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti
1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə
13 faizə qədər artmışdı və büdcə kəsiri
bütövlükdə Milli Bank (indiki Mərkəzi Bank) tərəfindən
maliyyələşdirilirdi. 1992-1994-cü illərdə
xarici ticarət dövriyyəsinin həcmi 42 faiz
azalmış, 1994-cü ilədək ölkə
iqtisadiyyatına bir manat da olsun xarici sərmayə
qoyulmamışdı. 1994-cü ildə
Milli Bankın uçot dərəcəsi 250 faizə
çatmışdı. Əslində,
ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə
düşmüşdü.
Təbii ki,
bütün bunlar ölkədə əhalinin həyat səviyyəsinə
təsir etməyə bilməzdi. 1991-1995-ci illərdə əhalinin
pul gəlirləri real ifadədə 3,3,
adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə
aşağı düşmüşdü. 1991-ci ildən
başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı 5,7 dəfə azalmışdı.
Xalq seçimində yanılmır
Yalnız
ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra
bütün geriləmələrə son qoyuldu. Qısa zamanda
ulu öndərin zəngin dövlətçilik təcrübəsi,
qətiyyəti, uzaqgörənliyi sayəsində ölkədə
siyasi sabitlik bərqərar oldu, Dağlıq Qarabağ cəbhəsində
atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi
islahatlara başlandı. Bunun nəticəsində
ölkədə maliyyə vəziyyəti sabitləşdi,
iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə
artdı, xalqın həyat səviyyəsi
yaxşılaşmağa başladı.
1994-cü il
sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil
edən 11 transmilli neft şirkəti ilə "Əsrin
müqaviləsi"nin imzalanması və icrasına
başlanması isə Azərbaycanın dünya iqtisadi
sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin
təməlini qoydu. Azərbaycan neftinin dünya
bazarlarına çıxarılması üçün
1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə
Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə
və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə
də ixrac marşrutlarının diversifikasiyasına nail
olundu.
Heydər Əliyevin
1999-cu ildə imzaladığı fərmanla neft
yataqlarının xarici şirkətlərlə birgə
işlənməsindən əldə edilən mənfəət
neftinin satışından daxil olan vəsaitlərin səmərəli
idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin
inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət
kəsb edən layihələrin həyata keçirilməsinə
yönəldilməsini təmin etmək üçün
Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq
təşkilatlar tərəfindən fondun fəaliyyəti və
bu sahədə şəffaflığın təmin edilməsi
yüksək qiymətləndirilir. Azərbaycan
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsünü
tətbiq edən və namizəd statusuna malik 26 ölkədən
tamhüquqlu üzv statusunu almış ilk və yeganə
ölkədir.
İqtisadiyyatın lokomotivi
Azərbaycanın
yeni neft strategiyasının hazırlanaraq həyata
keçirilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı ən
böyük xidmətlərindən biridir. Son 10 ildə
ölkəmizə böyük uğurlar gətirən neft
strategiyasının əsas mahiyyəti malik olduğumuz təbii
sərvətlərdən Azərbaycan xalqının rifahı
naminə daha uğurlu şəkildə istifadə etməyə
əsaslanır. Bu strategiyanın həyata
keçirilməsi sosial-iqtisadi inkişafla yanaşı, milli
təhlükəsizlik maraqlarının təmin olunmasına
yönəlmişdir. Heydər Əliyevin
təməlini qoyduğu yeni neft strategiyası təkcə
dövlətin iqtisadi maraqlarının realizə olunmasına
deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub
saxlanmasına yönələn siyasi xəttin
yürüdülməsinə, buna uyğun əlverişli
situasiyanın formalaşdırılmasına xidmət edir.
Məhz bu strategiya sayəsində Azərbaycan
dünyanın siyasi xəritəsində öz geostrateji
mövqeyini möhkəmləndirə bilmiş, qlobal məkanda
gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə
nail olmuşdur. 2006-cı il iyulun 13-də
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi isə
böyük tarixi hadisə olmaqla Azərbaycana daha
böyük siyasi-iqtisadi dividendlər gətirir.
Azərbaycanın
təbii sərvətlərinə əzmlə sahib
çıxaraq müasir dünyanın enerji təhlükəsizliyində
mühüm rol oynaması ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş əsaslı təmələ söykənir. Ümummilli
liderin hələ respublikaya birinci rəhbərliyi
dövründə formalaşdırdığı
güclü neft sənayesi 90-cı illərin əvvəllərində
müstəqillik qazanmış Azərbaycanın
inkişafında mühüm rol oynamışdır. 1994-cü ildən Heydər Əliyevin rəhbərliyi
altında həyata keçirilən yeni neft strategiyası
respublikamızın sosial-iqtisadi tərəqqisi və beynəlxalq
iqtisadi sistemə inteqrasiyası üçün əlverişli
zəmin formalaşdırmışdır. Neft gəlirlərinin artımı nəticəsində
iqtisadiyyatın davamlı inkişafı təmin olunmuş,
iqtisadi potensialın formalaşmasında həlledici rol oynayan
sahibkarlar ordusunun mövqeləri möhkəmlənmiş,
onun inkişafında əhəmiyyətli uğurlar
qazanılmış, habelə əhalinin rifah halının
yaxşılaşdırılması, sosial müdafiəyə
ehtiyacı olan vətəndaşlara dövlət
qayğısının artırılması istiqamətində
mühüm addımlar atılmışdır.
Sükan etibarlı əllərdədir
Azərbaycanın
ulu öndər Heydər Əliyev tərəfindən təməli
qoyulan iqtisadiyyatını bu gün Prezident İlham Əliyev
yeni dövrün tələblərinə uyğun inkişaf
etdirir. Dövlət
başçısı İlham Əliyevin iqtisadi siyasətinin
prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin
sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi,
regionların tarazlı inkişafı, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması,
sahibkarlığa hərtərəfli dəstək verilməsi,
əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində
ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuş və bu sahələrdə
əhəmiyyətli nailiyyətlər əldə
edilmişdir. Ölkədə makroiqtisadi
sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli
istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş,
sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş,
qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.
Dünyada
baş verən son qlobal böhran fonunda Azərbaycanın
davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə
və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın
möhkəm təməllər üzərində
qurulduğunu və əsası xalqımızın
ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu
bir daha əyani şəkildə sübut etdi.
Azərbaycan
Prezidenti İlham Əliyev hesab edir ki, ökədə həyata
keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi
islahatların uğurları davamlı və tarazlı
inkişaf baxımından zəruri olan zəngin intellektual
resursların formalaşmasına, insan kapitalının
formalaşmasına xidmət göstərməlidir.
"İnkişaf
etmiş ölkələrin təcrübəsinə nəzər
salsaq görərik ki, onlarda uğurun əsas səbəbi
neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə
həm bu olmalıdır, həm də, əlbəttə ki, təbii
ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox
qabaqcıl, müasir ölkəyə çevirəcəkdir"
deyən dövlət başçısının müəyyənləşdirdiyi
sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində
dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin
formalaşdırılması məqsədi dayanır. Bu siyasət neftdən asılılığı
azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit
saxlamağa imkan verən fundamental əsasların
yaradılmasını nəzərdə tutur. "Neft tükənən, bərpa olunmayan təbii
sərvətdir" deyən Prezident İlham Əliyev bu əvəzsiz
təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin,
ilk növbədə insan faktorunun inkişafına yönəldilməsini,
elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi
yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini
zəruri sayır.
Regionların inkişafı diqqət mərkəzindədir
Ölkədə
müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və
bir sıra iri şəhərlərdə qabarıq
görünsə də, bölgələrdə bu prosesin nisbətən
ləng getməsi nəticəsində regional
tarazlığın pozulması cənab İlham Əliyevi
prezidentliyinin ilk günlərindən qayğılandıran
başlıca məsələlərdən biri idi. Məhz bu səbəbdən
cənab İlham Əliyevin dövlət
başçısı kimi imzaladığı ilk sənədlərdən
biri "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci
illər)" olmuşdur. Proqramın əsas
qayəsi regionlarda sahibkarlığın inkişafını
sürətləndirməklə və oradakı əmək
ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər
səmərəli istifadə etməklə iqtisadiyyatın
dinamik inkişafına, əhalinin məşğulluğunun
artırılmasına, yoxsulluğun səviyyəsinin
azaldılmasına nail olmaqdan ibarət idi. Dövlət
proqramının icrası çərçivəsində Azərbaycan
hökuməti 2004-2008-ci illər ərzində regionlarda kənd
təsərrüfatının, qeyri-neft sektorunun
inkişafına xüsusi yardım göstərmiş, o
cümlədən emal müəssisələrinin
yaradılmasını, xidmət və digər infrastruktur
obyektlərinin, turizmin inkişafını və bütün
bunların fonunda çox sayda yeni iş yerlərinin
açılmasını təmin etmişdir. Aqrar
təsərrüfatların inkişafı, fermerlərə
uzunmüddətli kreditlərin verilməsi, habelə yerlərdə
infrastrukturun yeniləşməsi, nəqliyyat-kommunikasiya
sisteminin bərpası, elmi-texniki tərəqqi, mədəni
yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi
məsələləri də diqqət mərkəzində
olmuşdur.
Regional
inkişafa olduqca vacib məsələ kimi yanaşan dövlət
başçısı İlham Əliyev birinci Dövlət
Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin
gerçəkləşdirilməsi üçün 2009-2013-cü
illəri əhatə edən analoji sənədin
hazırlanmasını da diqqət mərkəzində
saxlamışdır. Prezident belə bir sənədin
hazırlanması barədə hələ 2007-ci ildə -
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının imzalanmasının dördüncü ilinə
həsr olunmuş müşavirədə məlumat verərək
bildirmişdir ki, qarşıda duran vacib vəzifələrdən
biri də məhz Azərbaycanın bölgələrində
formalaşdırılan infrastrukturun Avropa İttifaqı
meyarlarına çatdırılmasıdır.
Ölkə rəhbərinin
14 aprel 2009-cu il tarixli fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın da
başlıca məqsədi bu sahədə həyata
keçirilən siyasətin davamı olaraq qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır. Bu
proqramın icrasını da şəxsi nəzarətinə
götürən Prezident təkcə ötən il regionlara
27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil,
səhiyyə, mədəniyyət, idman, turizm və digər
sahələr üzrə 170-dən çox müəssisənin
açılış və təməlqoyma mərasimlərində
iştirak etmiş, verilən tapşırıqların
icrası ilə tanış olmuşdur. Müntəzəm
surətdə həyata keçirilən belə səfərlər
regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində
mühüm rol oynamaqla yanaşı, hər bir rayonun
inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin
müəyyənləşdirilərək yerinə yetirilməsini
təmin edir. Belə səfərlərdən
sonra dövlət başçısı bir sıra şəhər
və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar
imzalayıb. Təkcə bir faktı qeyd etmək kifayətdir
ki, regionların inkişafına 2004-cü ildən 2011-ci ilin əvvəlinədək
bütün maliyyə mənbələri hesabına 15,5 milyard, o cümlədən ötən il 3,4
milyard dollar məbləğində investisiya yönəldilmiş,
bunun sayəsində yüzlərlə əhəmiyyətli
layihələr icra olunmuşdur.
Artıq
regionlar elektrik enerjisi ilə tam təchiz olunurlar. Təkcə 2010-cu ildə
Ordubadda Biləv SES, Qəbələdə, Salyanda və
Bakıda yeni yarımstansiyalar və yüksəkgərginlikli
xətlər istifadəyə verilmiş, 4 kiçik SES-in təməli
qoyulmuş, 5 elektrik stansiyasının tikintisi davam
etdirilmişdir. Görülmüş işlərin nəticəsidir
ki, əvvəllər enerji problemləri yaşamış
Naxçıvan MR bir neçə ildir ki,
elektrik enerjisi ixrac edir. Keçən il həmçinin
dövlət proqramı çərçivəsində
regionlarda 3770 kilometr yeni qaz kəmərləri çəkilmiş,
500 kilometr qaz xətti təmir və bərpa edilmiş, 49
yaşayış məntəqəsi "mavi yanacaq"la təchiz
olunmuşdur. Əhalinin keyfiyyətli su ilə təminatının
yaxşılaşdırılması üçün isə
Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156
yaşayış məntəqəsində sutəmizləyici
qurğular quraşdırılmışdır ki, bu da 300 min
nəfərdən artıq əhalinin içməli su
problemini həll etmişdir. Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsini də bu tədbirlər
sırasına əlavə etmək olar. Paytaxta
gələn yeni su xətti təkcə bakılıların
yox, eyni zamanda ətraf qəsəbə və kəndlərdə
yaşayanların keyfiyyətli su ilə təmin olunmasına
xidmət edir. Bunlardən əlavə,
suvarılan torpaq sahələrinin artırılmasında,
torpaqların meliorativ vəziyyətinin
yaxşılaşdırılmasında mühüm rolu olan
Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının,
Tovuzçay su anbarının tikintisi davam etdirilir. Hazırda bölgələrdə müasir turizm xidməti
infrastrukturunun yaradılması istiqamətində
ardıcıl tədbirlər görülür. 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən
Qusar rayonunda Şahdağ Qış-Yay turizm kompleksinin
tikintisinin aparılması buna sübutdur.
Aqrar sektorun yeni tələblərə cavab verməsi
üçün tədbirlər görülür
Yaradılmış
infrastruktur, həmçinin dövlət dəstəyi
regionlarda kənd təsərrüfatının,
sahibkarlığın inkişafına, yeni müəssisələrin
və iş yerlərinin yaradılmasına təkan
vermişdir. Yalnız ötən il bölgələrdə
160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət
və ticarət müəssisəsi tikilib istifadəyə
verilmiş, 200-dən çox müəssisənin, o cümlədən
12 kənd təsərrüfatı məhsullarının
emalı müəssisəsinin, bir çox rayonlarda tikinti
materialları istehsal edən zavodların və digər müəssisələrin
tikintisi davam etdirilmişdir.
Həmin müəssisələrin
112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli
kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində,
demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin
maliyyələşdirilməsinə 115 milyon manat güzəştli
kreditlər verilmişdir. Müasir texnologiyaların tətbiqi
ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə
20 min ton quş əti, 60 milyon damazlıq, 17 milyon əmtəəlik
yumurta istehsal edən 14 müasir quşçuluq, illik
gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150
başlıq 5 südlük cins heyvandarlıq kompleksi güzəştli
kreditlər hesabına maliyyələşdirilmişdir.
Sahibkarlara, o cümlədən
kiçik fermer təsərrüfatlarına dövlət dəstəyi
tədbirləri çərçivəsində keçən
il 20 milyon manat güzəştli kreditlər
verilmişdir. Eyni zamanda, regionlarda istixana
komplekslərinin, toxumçuluq bazasının
yaradılması, heyvandarlıq, süd məhsulları, duz və
digər ərzaq məhsullarının istehsalının təşkili
ilə bağlı bir sıra səmərəli layihələr
həyata keçirilmişdir. Kənd təsərrüfatı
məhsullarının saxlanılması infrastrukturunun
yaradılması üçün isə bütün
regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və
ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı kompleksləri
inşa olunur. Onların tikintisinə
Sahibkarlığa Kömək Milli Fondunun güzəştli
kreditləri hesabına maliyyə dəstəyi göstərilir.
Bundan əlavə, Gəncədə 60 min tonluq
elevatorun tikintisi davam edir. Səngəçalda
100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl
elevatorları isə istismara verilmişdir və bununla da
sözügedən sahədə tələbat əsasən təmin
edilmişdir. Həmçinin fermer təsərrüfatlarında
xidmətlərin müasir səviyyədə qurulması məqsədilə
2010-cu ildə 4 rayonda yeni aqroservis filialları
yaradılmış, 5 rayonda isə belə filiallar təşkil
olunmaqdadır.
Bundan əvvəlki
mövsümdə əlverişsiz iqlim şəraiti və təbii
fəlakətlərlə bağlı dənli bitkilərin
istehsalının azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin
stimullaşdırılması və kompleks dövlət dəstəyi
tədbirləri sayəsində kənd təsərrüfatının
digər sahələrində artım davam etmiş və
ölkənin bir sıra əsas ərzaq məhsulları
üzrə tələbatı yerli istehsal hesabına təmin
olunmuşdur.
Bu tədbirlər dünyada ərzaq təminatında
problemlərin olduğu bir dövrdə ölkəmizin ərzaq
təhlükəsizliyinin möhkəmləndirilməsini,
idxaldan asılılığın azaldılmasını təmin
etməklə yanaşı, ixracın şaxələndirilməsində,
qeyri-neft məhsullarının ixracının
artırılmasında əhəmiyyətli rol oynayır.
Sosial siyasət və struktur yeniləşir
Əhalinin
sosial müdafiəsi sahəsində dövlətin həyata
keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən
biri sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə,
o cümlədən əlillərə, veteranlara, aztəminatlı
vətəndaşlara, qaçqın və məcburi
köçkünlərə xüsusi qayğı göstərilməsidir. Təkcə ötən il
Bakıda 243 mənzilli 3, regionlarda 272 mənzilli 12
yaşayış binası və 200 fərdi
yaşayış evi tikilib istifadəyə verilmişdir. Bununla
yanaşı, qaçqın və məcburi
köçkünlər üçün Qəbələdə
2 yaşayış binası və 188 şagirdlik məktəb
binası, Yevlaxda 612, Ağdamda 689 ailə üçün zəruri
infrastruktura malik qəsəbələr inşa olunmuşdur.
2010-cu ildə həmçinin
25-i regionlarda olmaqla 45 səhiyyə müəssisəsi tikilib
istifadəyə verilmiş, 43-ü regionlarda olmaqla 70 məktəb
binası inşa və əsaslı təmir olunmuş, 4
olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə
verilmişdir.
Ötən illərdə
olduğu kimi, 2010-cu ildə də Heydər Əliyev Fondu
çoxşaxəli fəaliyyəti ilə regional inkişaf
proqramının icrasına öz töhfəsini vermişdir. Məhz fondun təşəbbüsü
ilə əhalinin daha çox ehiyac duyduğu bir çox obyektlər,
o cümlədən 1100 şagirdlik 3 məktəb,
Ağdaş şəhər musiqi məktəbi, Qəbələdə
uşaq bağçası, məhdud fiziki imkanlı insanlar
üçün Naxçıvan Regional İnformasiya Mərkəzi
inşa olunmuş, bir sıra xeyriyyə tədbirləri həyata
keçirilmişdir.
Bunlardan savayı, ötən
il baş vermiş daşqınlarla
bağlı əhaliyə dəyən ziyan aradan
qaldırılmış, evləri dağılan insanlar
üçün 1500-dən artıq yeni ev tikilmiş, 3000-dən
artıq ev təmir edilmişdir. Ümumiyyətlə,
yalnız 2010-cu ildə 4300-ə yaxın yeni müəssisə
yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri
açılmışdır. Ötən il
xüsusilə regionların sosial-iqtisadi inkişafı sahəsində
görülmüş işlər sayəsində
yoxsulluğun səviyyəsi 9 faizə enmişdir. Təsadüfi
deyil ki, 2000-2010-cu illər üzrə ölkəmiz insan
inkişafı indeksinin orta illik artım tempinə görə
MDB məkanında birinci yerə layiq görülmüş və
"orta insan inkişafı" ölkələri qrupundan
"yüksək insan inkişafı" qrupuna
keçmişdir.
Bütün bunlar Qurtuluşun Azərbaycan dövlətinə və xalqına bəxş etdiklərinin kiçik bir hissəsidir. Əslində, bugünün bəhrəsini, nəticəsini ölkənin yaşından asılı olmayaraq hər bir vətəndaşı, sakini öz gündəlik həyatında görür və hiss edir. Görür ki, Azərbaycan daha xaos və böhranlar içində çabalayan ölkə deyil. Bu gün Azərbaycan bütün sahələr üzrə nəinki regionda, hətta dünyada tanınan, söz və mövqe sahibi olan qüdrətli dövlətdir. Hiss edir ki, ətraf büsbütün dəyişir, dolanışığı, güzəranı yaxşılaşır, vətəndaşı olduğu ölkə yeniləşir, müasirləşir. Bir sözlə, Qurtuluşun bəhrəsini yaşayır.
Azərbaycan.- 2011.-15 iyun.- S. 3.