Müasir Azərbaycan - 20:
regionların yüksəliş mərhələsi
Bu il Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci ili
tamam olur. Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il
tarixli Sərəncamına əsasən müstəqilliyimizin
20-ci ildönümü böyük təntənə ilə
qeyd ediləcək.
Sərəncamda deyildiyi
kimi, bu illər ərzində demokratik, hüquqi və dünyəvi
dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Bu dövr Azərbaycanın tarixində ağır və
qanlı-qadalı günlərlə də yadda qalıb. 1991-1993-cü
illərdəki hərc-mərclik az qala müstəqilliyimizin
itirilməsi ilə nəticələnəcəkdi. 1993-cü
ildə özbaşınalıqdan, hərc-mərclikdən,
ümidsizlikdən, dözülməz və ağır
iqtisadi durumdan, sonu görünməyən qiyam və
qarşıdurmalardan cana doyan xalq ayağa qalxdı,
üzünü Naxçıvana tutdu - Heydər Əliyevi
Bakıya dəvət etdi. Heydər Əliyevin iyunun 9-da
Bakıya gəlişi ilə Azərbaycanın müasir
tarixində tamamilə yeni mərhələ başladı.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəni gözləyən bütün təhlükələri dəf etdi, Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ulu öndər müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Onun uzaqgörənliklə işləyib hazırladığı mütərəqqi dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin bünövrəsində dayanaraq gələcək inkişafın əsasını qoydu.
Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın
müstəqillik tarixi uğurlarla zənginləşdi. Bu mənada
20 illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir
ki, bu gün Azərbaycan, sözün əsl mənasında,
artıq tam müstəqil ölkədir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə gerçəkləşdirilən
siyasət daim Azərbaycan dövlətinin və
xalqının maraqlarına xidmət edir.
"Azərbaycan" qəzetinin
Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə
keçirdiyi "dəyirmi masa"nın
iştirakçıları da Azərbaycanın dövlət
müstəqilliyinin 20-ci ildönümü və Gəncə
şəhərinin müstəqillik illərində
keçdiyi inkişaf yolu ilə bağlı mülahizələrini
bölüşdülər.
"Dəyirmi
masa"nı giriş sözü ilə "Azərbaycan"
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
SADIQOV açaraq dedi:
- Hörmətli "dəyirmi masa" iştirakçıları! Sovet imperiyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. Lakin digər ölkələrdən fərqimiz onda idi ki, xalqımız müstəqilliyin nə demək olduğunu yaxşı bilirdi. Çünki Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyin sevincini bir dəfə yaşamışdı və nail olduğu növbəti - əbədi müstəqillik əsrin sonlarına doğru tariximizin möhtəşəm hadisəsi idi.
Xatırladım ki, hələ buna qədər - 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması, milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.
Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə təxminən 11 ay sonra - 1991-ci il oktyabrın 18-də hüquqi müstəvidə münasibət bildirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi. Dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumu ilə müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi və XX əsrin sonlarında, SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.
Təəssüf ki, sonrakı illərdə cərəyan edən proseslər nəticəsində bu sənəd deklarativ xarakter daşımağa başladı. Çünki o zaman hakimiyyətdə bir-birini əvəzləyən siyasi qruplar müstəqillik aktının prinsiplərinə əməl etmədilər, bu sənəddən irəli gələn vəzifələri həyata keçirə bilmədilər. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni dövrün, müstəqilliyin tələblərini dərk edə bilmədilər. Ümumiyyətlə, istər A.Mütəllibov, istər AXC-Müsavat iqtidarı dövlət quruculuğu işini həyata keçirmək qabiliyyətində deyildi və bunun nəticəsi olaraq tədricən hələ kövrək olan müstəqilliyimiz məhvə doğru sürüklənməyə başladı. Bu iqtidarlar daha çox vəzifələrini qoruyub saxlamağa çalışır və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Ona görə yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına imkan yaratdılar. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.
Milli Qurtuluş Günü ərəfəsində keçirdiyimiz bu "dəyirmi masa"da o dövrün hadisələrini xatırlatmaq xüsusilə vacibdir. 1993-cü ilin iyununda Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin tələb və istəyi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. Ulu öndərin 1993-cü il 15 iyun tarixində Azərbaycanın Ali Sovetinin Sədri seçilməsi isə Azərbaycanın Milli Qurtuluş tarixinə çevrildi.
1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən ümummilli lider xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Heydər Əliyevin qayıdışı ilə hakimiyyətsizliyə son qoyuldu, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi, nizami silahlı qüvvələr yaradıldı, dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem quruldu. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi. Demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi. Beləlikə, ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi tam təmin edildi. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu. Yalnız bundan sonra ulu öndərin "1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır" deyərək dəyərləndirdiyi Konstitusiya Aktının prinsipləri real həyata vəsiqə qazanmağa başladı.
Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən respublikamızın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, qazandığımız uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir.
"Azərbaycan" qəzetinin təşəbbüsü ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa"nın Gəncə şəhərində keçirilməsi təsadüfi deyil. Gəncənin adı Azərbaycanın tarixi keçmişinə, dövlətçilik salnaməsinə, mədəniyyətinə qızıl hərflərlə yazılıb. Bu şəhər söz sənətinin ən yüksək zirvələrini fəth etmiş böyük mütəfəkkir Nizami Gəncəvinin, rus işğalçılarına baş əyməyərək qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olan Cavad xanın yurdudur.
Gəncə həm də Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olub. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Milli Şura və Azərbaycan hökuməti iyulun 16-da Gəncəyə köçdü. Azərbaycanın müstəqil dövlət kimi bütün təsisatları Gəncədə yaradıldı. O cümlədən "Azərbaycan" qəzetinin ilk sayları Gəncə şəhərində işıq üzü görməyə başladı. Gəncə 92 gün Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi şərəfli bir dövr yaşadı.
Bakının erməni daşnaklarından və bolşeviklərdən azad edilməsindən sonra paytaxt Gəncədən Bakıya köçürüldü. Sovet dönəmində Gəncənin adı dəyişdirilmişdi. Lakin aparılan bolşevik və süni beynəlmiləlçilik siyasəti gəncəliləri milli ruhdan, Gəncənin tarixindən uzaqlaşdıra bilmədi. Azərbaycanın tarixinin, milli-mənəvi və mədəni dəyərlərinin yaşaması üçün əlindən gələni edən xalqımızın böyük oğlu Heydər Əliyev də bunu görür və qiymətləndirirdi. Təsadüfi deyil ki, sovet illərində Kirovabad adlanan şəhərin yeni salınan qəsəbələrindən birinin Yeni Gəncə adlandırılması məhz Heydər Əliyevin təşəbbüsü idi.
Azərbaycan tarixində özünün xüsusi yeri olan Gəncə şəhəri bu gün dövlətimizin müstəqilliyinin bəhrəsini hiss edir. 20 illik müstəqillik tariximizdə qədim Gəncənin dövlətçilik tariximizdəki yerinin daha dərindən öyrənilməsi, tarixi abidələrin bərpası, ümumən şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq son illərdə Azərbaycanın bütün şəhər və rayonları kimi, Gəncə şəhəri də xeyli inkişaf edib. Hələ 2004-cü ildə cənab İlham Əliyev Gəncəyə səfəri zamanı deyib: "Gəncə də mənim üçün çox əziz, doğma şəhərdir. Mən burada dəfələrlə olmuşam. Gəncə bizim qədim şəhərimizdir, Azərbaycanın tarixidir. Müstəqil Azərbaycanın ikinci şəhəridir. Ona görə Gəncəyə xüsusi diqqət, münasibət olmalıdır. Abadlıq, quruculuq işlərini görəndə, yolların salınmasını, camaatın əhvali-ruhiyyəsinin yüksəlməsini görəndə mən çox sevinirəm. Mən istəyirəm ki, bu şəhər daha da gözəlləşsin, abadlaşsın".
Aradan ötən illər təsdiq edir ki, dövlətimizin başçısının bu fikri real həyatda öz təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin son 7 ildə Gəncəyə 10 dəfə səfər etməsi dövlət başçısının şəhərin inkişafına xüsusi diqqətinin təcəssümüdür. Tarixilik və özünəməxsus gözəlliyi qorunmaqla Nizami yurdu son dövrlərdə həqiqətən müasirləşib, bölgənin aparıcı şəhərinə çevrilib.
Bu gün Gəncədə regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası uğurla davam edir. İnanırıq ki, bu proqramla şəhərlə bağlı qarşıya qoyulan məqsədlər müvəffəqiyyətlə gerçəkləşəcək və Azərbaycanın şanlı dövlətçilik tarixində özünün xüsusi yeri olan Gəncə bütövlükdə Qafqazın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qədim Nizami yurdu tarixi ənənələrinə sadiq qalaraq hər zaman Azərbaycan dövlətçiliyinin inkişafına və möhkəmlənməsinə böyük töhfələr verəcək.
Ötən illərdə keçilən yola nəzər salmaq üçün söz Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar VƏLİYEVə verilir.
Elmar VƏLİYEV:
- İlk növbədə 15 iyun Milli Qurtuluş Günü münasibətilə hamını təbrik etmək istərdim. Bu tarix həqiqətən də müasir Azərbaycanı xaos və anarxiyadan yüksəlişə doğru aparan yolun başlanğıcı kimi qəbul edilir. Məhz bu tarixdən Azərbaycanın müstəqilliyi şərtilikdən çıxaraq praktik məzmun kəsb etmişdir.
Milli müstəqillik hər bir xalqın əzəli arzusudur. Bu yolda zaman-zaman mübarizələr getmiş, xalq həmişə, hər yerdə öz sözünü deməyə çalışmışdır. Bütövlükdə Azərbaycanın tarixində olduğu kimi, Gəncənin taleyində də bu sahədə önəmli səhifələr çoxdur. Sənətkar Bəndərdən, igid Cavad xandan, Xalq Cümhuriyyətinin fədailərindən üzü bəri elin mərd oğulları azadlıq uğrunda aramsız mübarizə aparıblar.
Nəhayət, sovet imperiyasının süqutundan sonra respublikamızın müstəqillik əldə etmək imkanı yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Xalq Cümhuriyyətinin varisi kimi müstəqil Azərbaycan öz suverenliyini beynəlxalq aləmə bildirdi. Doxsanıncı illərin ortalarından başlayaraq elə bu müstəqilliyin işığında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan əsaslı surətdə dəyişməyə başladı. "Əsrin müqaviləsi" imzalandı, yeni neft strategiyası reallaşdı, müstəqil dövlətimizin Konstitusiyası qəbul edildi, ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı.
Hər sahədə islahatlar aparıldı, sahibkarlığa geniş meydan açıldı. Azərbaycanın hər yerində olduğu kimi, Gəncədə də iqtisadiyyatın yüksəlişinə, abadlığa, quruculuğa yeni təkan verildi. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Prezident İlham Əliyevin sərəncamında deyildiyi kimi: "Regionların inkişafı proqramı çərçivəsində böyük nailiyyətlər əldə edilmişdir. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yaranan tibb müəssisələri, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləridir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir".
Biz bu yüksəlişin bəhrələrini Gəncənin timsalında da aydın görürük. Yeri gəlmişkən, son illər həyata keçirilən bəzi tədbirləri yada salmaq istəyirəm. Şəhər üzrə ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2010-cu ildə 3,4 dəfə artaraq 336,2 milyon, sənaye məhsulunun həcmi 2 dəfə artaraq 110,0 milyon manata çatmış, əsas kapitala yönəldilən investisiyalar 15,9 dəfə artaraq 70,1 milyon, tikinti-quraşdırma işlərinin həcmi 18 dəfə artaraq 50,4 milyon manat təşkil etmişdir. 2011-ci ilin birinci rübündə isə ümumi daxili məhsulun həcmi 88,4 milyon manat olmuşdur ki, bu da ötən ilin birinci rübünə nisbətən 27 faiz çoxdur. Ümumi daxili məhsulun 67,1 faizi qeyri-dövlət sektorunun payına düşür.
Gəlir, qazanc artdıqca abadlıq və quruculuq işlərinə geniş meydan açılır. Prezidentin tapşırığına əsasən, 2004-2010-cu illərdə şəhərin abadlıq və quruculuq işlərinə 27,7 milyon manat vəsait ayrılmışdır. Bu hesaba küçə və meydanlar, parklar, yol və elektrik təsərrüfatları, yaşayış binalarının liftləri yenidən qurulmuş, tarixi abidələr, o cümlədən Şah Abbas məscidi bərpa olunmuşdur. Həmin vəsait həmçinin İmamzadə kompleksində və "Xan bağı" Mədəniyyət və İstirahət parkında təmir-tikinti işlərinə yönəldilmişdir. Hazırda İmamzadə kompleksində işlər davam etdirilir.
Prezident İlham Əliyev həmişə qədim Gəncənin inkişafına xüsusi qayğı və diqqət göstərir. Yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat məbləğində vəsait ayrılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Gəncədə uğurla icrası nəticəsində şəhərimizdə Müalicə Diaqnostika Mərkəzi, Gəncə Beynəlxalq Hava Limanı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 40 və 36 mənzilli yaşayış binaları, Olimpiya idman kompleksinin üzgüçülük hovuzu, "Jardin-Royal" fabriki, kərpic zavodu, sement, asfalt-beton istehsal edən müəssisələr, mebel sexləri inşa edilib. İllər boyu işləməyən avtomobil zavodu fəaliyyətə başlayıb. İndi Gəncə markalı MAZ və traktorlar istehsal olunur. Gəncə traktorları çox yerdə tanınır.
Şəhərin sənaye strukturu daim genişlənir. Prezident İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş "Daşkəsən Filiz Saflaşdırma" ASC-nin, "Gəncə Polad Kompleksi"nin və "DETAL.AL" MMC-nin inşası davam etdirilir. Bu yeni müəssisələrdə elmitexniki tərəqqinin son nəticəsində əldə olunmuş avadanlıq və texnologiyanın tətbiqi və minlərlə iş yerinin açılması nəzərdə tutulur.
"DETAL Alüminium" zavodu və Gəncə Polad Kompleksi üçün 330 kv-luq yarımstansiya tikilmişdir. "Gəncə-Tekstil" müəssisəsi, "Gəncə Sənaye Cihaz" ASC-lər və digər müəssisələr şəhərin iqtisadiyyatında mühüm rol oynayır. Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin regional mərkəzlərinin, Dövlət Arxivi Gəncə filialının, Dövlət Enerji Nəzarəti İdarəsi Gəncə şöbəsinin binaları tikilmiş, beşulduzlu "Ramada Plaza", "El otel", "Emon", "My-way" hotelləri istifadəyə verilmişdir.
"Yeni Gəncə" yaşayış massivində bir sıra binaların, su sayğacları istehsal edəcək cihazqayırma zavodunun və Gəncə şəhəri Nizami və Kəpəz dövlət sosial müdafiə fondlarının, Nizami rayon Məhkəməsinin, şəhər Statistika İdarəsinin inzibati binalarının inşası davam etdirilir.
Gəncədə məktəb binalarının tikintisinə və təmirinə də böyük diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan və digər maliyyə mənbələrindən ayrılmış vəsait hesabına 960 şagird yerlik 13 məktəb binası əsaslı təmir olunub, 1043 şagird yerlik 2 orta məktəb binası, 13 və 38 nömrəli məktəblər üçün müvafiq olaraq 970 və 480 şagird yerlik yeni korpuslar tikilib. "Yeni Gəncə" yaşayış massivində isə Qarabağ əlili və şəhid ailələri üçün 2 ədəd 36 mənzilli bina istifadəyə verilib.
Şəhərin ən intensiv hərəkətli küçələrindən olan Z.Hacıyev küçələrində minlərlə metr sahədə səki daşları düzülmüş, asfalt-beton örtüyü salınmış, işıqlandırma sistemi yenidən qurulmuşdur. Şəhərdə ümumən 20-dən çox küçə və prospektdə 1500 ədəd ticarət obyektinin və yaşayış binasının fasadı milli görkəm saxlanılmaqla müasirləşdirilmişdir.
Heydər Əliyev meydanı başdan-başa yenidən qurulur. Mərkəzi meydanın ətrafındakı beşmərtəbəli yaşayış binalarının fasadları müasir layihə əsasında bərpa olunur. İstinad divarları qəhvəyi qranitlə üzlənmiş, muzeyətrafı əraziyə qranit piltə düzülmüşdür.
Heydər Əliyev və Atatürk prospektlərində, N.Şeyxzamanov, Qaçaq Nəbi, Həsənli qardaşları, Kimyaçılar küçələrində genişmiqyaslı abadlıq işləri görülüb. Bu küçələrdə kommunikasiya, eldektrik və qaz hava xətləri yeraltı xətlərlə əvəz olunub. Şəhərin müxtəlif yerlərində 30 minə qədər şam, sərv, qoz və cökə ağacları, habelə minlərlə çiçək və gül kolları əkilib.
Cənab İlham Əliyev 2011-ci il fevral
ayının 9-da Gəncəyə növbəti səfəri
zamanı əsaslı təmir və yenidənqurma işləri
aparılmış "Xan bağı" Mədəniyyət
və İstirahət parkının və fiziki qüsurlu
insanlar üçün Gəncə Regional İnformasiya Mərkəzinin
açılışında iştirak etmişdir.
Füzuli parkı yenidən əsaslı təmir edilərək
istifadəyə verilmiş, Fikrət Əmirov parkının
ikinci hissəsinin təmirinə və beşbulaq sahəsinin
abadlaşdırılmasına başlanılmışdır.
Hazırda Gəncədə abadlıq və quruculuq işləri
sürətlə davam edir.
Bəxtiyar SADIQOV:
-
Çıxışlarda Gəncənin dövlətçiliyimiz
tarixindəki yerinə toxunuldu. Ümumiyyətlə, Gəncə
Azərbaycanın hər zaman əsas mədəni mərkəzlərindən
biri olmuşdur. Tarixi karvan yolları da burdan keçmiş, ətraf
ərazilərdə yaşayan insanlar iş dalınca buraya
üz tutmuşlar. Bu gün Gəncə müstəqilliyimizin
verdiyi imkanlardan bəhrələnərək tarixi ənənələrini
davam etdirir, yenidən bölgənin mədəni-maarif mərkəzinə
çevrilir. Bu mövzuda çıxış
üçün söz Regional Elm Mərkəzinin direktoru, əməkdar
elm xadimi, Milli Elmlər Akademiyasının müxbir
üzvü Fuad ƏLİYEVə verilir.
Fuad ƏLİYEV:
- Azərbaycanın ən qədim mədəniyyət, sivilizasiya mərkəzindən biri olan Gəncə şəhəri bitib tükənməyən mənəvi bir xəzinədir. Qədimliyi, əzəmətli və şanlı tarixi ilə fərqlənən Gəncə şəhəri elm, mədəniyyət mərkəzi kimi şöhrət tapmışdır.
Tarixin müxtəlif dövrlərində Gəncə Arranın mərkəzi, ərəb xilafətinin yerli canişinliyinin iqamətgahı, Şəddadilərin paytaxtı, Atabəylər dövlətinin mühüm mərkəzi şəhərlərindən biri, Səfəvilər dövrü Gəncə bəylərbəyliyinin mərkəzi, Azərbaycan tarixinin ən şanlı səhifələri sırasında özünəməxsus yeri, mövqeyi olan Gəncə xanlığının mərkəzi, habelə Xalq Cümhuriyyəti dövrünün ilk paytaxtı olmuşdur.
Qədim tarixə, zəngin dövlətçilik ənənələrinə malik olan bu şəhər müəyyən zaman kəsiklərində tənəzzül mərhələsi dövrünü yaşamış, sanki unudularaq tarix səhnəsindən uzaqlaşmışdır. Parlaq tərəqqi, intibah dövrünü yaşamasına baxmayaraq, həyatının qaranlıq dövrünü də yaşamışdı doğma şəhərimiz. Xüsusilə kommunist rejiminin hökm sürdüyü 70 ildən artıq müddətdə bütün Azərbaycanda olduğu kimi, Gəncədə də xalqın milli mənəviyyatına ağır zərbələr vurmaq, azərbaycanlıları tarixən yaranmış və ululardan miras alınmış milli maddi və mənəvi dəyərlərdən uzaqlaşdırmaq, bununla da xalqın qan yaddaşını məhv etmək əsas məqsədə çevrilmişdi. Vətənimizdə qədim tariximizi əks etdirən minlərlə memarlıq abidəsi yerlə yeksan edildi, xalqın neçə-neçə ziya nuru ilə işıqlanmış zəka sahiblərinin məhvinə fərman verildi. Beləliklə, dünya tarixi səhnəsində əzəmətli yeri və fəaliyyəti olan böyük bir millətə qarşı istər cismani, istərsə də mənəvi repressiyalar başlandı.
Belə bir çətin və son dərəcə mürəkkəb bir dövrdə Azərbaycan dövlətçiliyi tarixində yeni bir parlaq sima tarix meydanına çıxdı. Bu, xalqın, bütövlükdə Azərbaycan türklərinin yeni xilaskarı Heydər Əliyev idi. Məhz bu şəxsiyyətin, uzaqgörən siyasətçinin, nəhayət əsl vətənpərvər vətəndaşın dövlət rəhbərliyinə gəlişi ilə bütün Azərbaycanda olduğu kimi, Gəncədə də xalqın tarixi, milli-mənəvi, maddi və mədəni simasının qorunması, bərpası və inkişafı sahəsində incə siyasətlə böyük, cəsarətli işlər görülməyə başlandı. Bu işlərdən ən əsası uzun illərdən bəri yasaqlanmış Gəncə adının yenidən işlənməsi oldu. Bu taleyüklü məsələni böyük məharət və cəsarətlə həll edən dövlət xadimi məhz ulu öndər Heydər Əliyev oldu. Ötən əsrin 80-ci illərində Kirovabadda 2 rayonun yaradılması və bu rayonlardan birinin Lenin və ya Kirov, digərinin isə Sovet və ya Zavod adlandırılması haqda şəhər Partiya Komitəsinə tapşırıq verilmişdi. Heydər Əliyevin cəsarətlə məsələyə qarışması ilə 1980-ci il oktyabrın 19-da Gəncə və Kəpəz rayonlarının yaradılması haqda qərar qəbul edildi. Beləliklə, xalqın milli mənəviyyatında ən önəmli dəyərlərdən olan Gəncə adı yenidən yaddaşlardan dillərə qayıtdı. Eləcə də 1989-cu ildə bütöv bir şəhərin tarixi adının özünə qaytarılması da Heydər Əliyevin şəxsi təşəbbüsünün bəhrəsi idi.
Ümummilli liderin bütün fəaliyyətində tariximizə, mədəni irsə qayğı, xalqın milli ruhunun qan yaddaşının dirçəldilməsi kimi vətənpərvər hisslər mühüm yer tutmuşdur. Xüsusən bu sahədə milli-mənəvi dəyərlərə, adət-ənənələrə, azərbaycançılığa, milli mənsubiyyətinə böyük fəxarət və cəsarətlə arxa duran, Gəncə şəhərinin tarixi simasının qaytarılmasına, onun daha da inkişaf etdirilməsinə xüsusi önəm verən Heydər Əliyev demişdir: "Biz hamımız - harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik".
Ulu öndər Heydər Əliyevin başladığı taleyüklü problemləri bu gün onun varisi, yüksək intellekt və praqmatik düşüncəyə malik böyük siyasətçi cənab İlham Əliyev inamla davam etdirir. Prezident İlham Əliyev xalqın köməyi və dəstəyi ilə Azərbaycan dövlətinin inkişafı və xalqın firavanlığı yolunda bir-birindən qətiyyətli addımlar atır. Gəncə şəhəri daim ölkə rəhbərinin diqqət və qayğısı əhatəsindədir.
Gəncə
bu gün sürətlə abadlaşır, yeni simasına
qovuşur. Qədimliklə
müasirlik bir-birini tamamlayır. Tarixinə arxa
çevirmədən gələcəyə inamla addımlayan
Azərbaycan kimi, qədim Gəncə də hər bir sahədə
quruculuğunun intibah dövrünü yaşayır. Ölkə rəhbəri İlham Əliyevin
xüsusi tapşırığı ilə Gəncənin
müqəddəs məkanlarından olan Nizami Gəncəvinin
əbədi uyuduğu Şıx düzündə aparılan
böyük quruculuq işləri görənləri heyran
edir. Eləcə də orta əsr
memarlığının qiymətli nümunələrindən
olan İmamzadə dini kompleksinin təmiri, bərpası və
ətrafında abadlaşdırma işlərinin
aparılması ilə bağlı ölkə rəhbərimizin
diqqət və qayğısı hər bir gəncəlini
ürəkdən sevindirir. Prezident İlham Əliyev Gəncə
görüşlərindən birində demişdir: "Biz
milli dəyərlərimizə, dini milli ənənələrimizə
sadiqik. Bu, Azərbaycan xalqının bir xalq kimi qorunmasına
imkan verdi".
Heydər Əliyev
ənənələrinə sadiq olan Gəncə öz
möhtəşəm tarixi simasını saxlamaqla
qloballaşan dünyamıza inamla qovuşan şəhər
görkəmi alır. Gəncəni başdan-başa
bürüyən tikinti, quruculuq, abadlıq işləri bu
sözləri böyük inamla söyləməyə əsas
verir. Beləliklə, Gəncə öz
tarixi simasına, tarixi ənənəsinə qayıdaraq
bölgənin maddi-mədəni mərkəzinə
çevrilir. Burada 4 ali məktəb, 5 elmi-tədqiqat
institutu, 49 ümumtəhsil məktəbi, bir neçə
peşə məktəbi və liseyi, regional elm mərkəzi
fəaliyyət göstərir. Təkcə tədris
ocaqlarında 70-dən çox elmlər doktoru, altı yüzə
qədər fəlsəfə doktoru çalışır.
Nizami mərkəzi fəaliyyətə
başlayanda Gəncənin potensialı daha da artacaqdır.
Bəxtiyar SADIQOV:
- Ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra müəyyənləşdirilən
inkişaf strategiyası və bu siyasətin Prezident İlham Əliyev
tərəfindən yeni keyfiyyət mərhələsinə
qaldırılması Azərbaycanın dinamik
inkişafını təmin etmişdir. Fərəhli
haldır ki, bu bizə inkişafın Azərbaycan modelini
dünyaya qürurla təqdim etməyə imkan verir. Bu
model Azərbaycanın bütün bölgələri kimi, Gəncə
şəhərinin də kompleks inkişafına, sosial-iqtisadi
dirçəlişinə yaxşı imkanlar açıb. Bu barədə danışmaq üçün
söz Dövlət Aqrar Universitetinin rektoru, professor, əməkdar
elm xadimi Mirdamət SADIQOVa verilir.
Mirdamət SADIQOV:
- Müstəqillik
dövründə ölkədəki mövcud iqtisadi
inkişafı iki əsas mərhələyə ayırmaq
olar. Birincisi, 1991-1994-cü illəri əhatə
edən iqtisadi xaos və ya tənəzzül dövrü.
İkincisi, 1996-cı ildən başlayaraq davam
edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf
dövrü. 1993-cü ildə təsdiq
edilmiş "Azərbaycanda sahibkarlığın
inkişafı (1993-1995)" adlı Dövlət
Proqramını bu baxımdan xüsusi qeyd etmək olar. 1993-cü ilə qədər ölkədə
sahibkarlıq sektorunun yaradılması istiqamətində ciddi
islahatların həyata keçirilməməsi, sistemsiz,
epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul
edilməsi və onun həyata keçirilməsinə
başlanması bu sahədə nisbi uğurların əldə
edilməsinə imkan yaratdı. Ölkədə
fəaliyyət göstərən kiçik və orta
sahibkarların sayı çoxaldı, onların xarici iqtisadi
fəaliyyəti genişləndi və digər tədbirlər
görüldü.
Ümummilli
lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin
fəaliyyəti nəticəsində 1995-ci ildən
başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və
dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində
böyük nailiyyətlər əldə olunmuşdur. Ən
böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə
ölkəmizdə aparılan müstəqil dövlət
quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan
modeli yaranmışdır.
Təqdirəlayiq
haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində
Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin
rəsmi bazası kimi bir sıra irimiqyaslı hüquqi sənədlər,
konsepsiya, strategiya və proqramlar qəbul olunmuşdur. Bu baxımdan 1997-2000-ci illəri
əhatə edən "Azərbaycanda kiçik və orta
sahibkarlığa dövlət yardımı Proqramı",
2002-2005-ci illəri əhatə edən "Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı" və
"Azərbaycan Respublikasında maşınqayırma sənayesinin
inkişafının Dövlət Proqramı",
2002-2006-cı illəri əhatə edən "Azərbaycan
Respublikasında aqrar bölmənin inkişafının
Dövlət Proqramı", "Azərbaycan Respublikasında
2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət
Proqramı", 2003-2005-ci illəri əhatə edən
"Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı", 2004-2008-ci illəri əhatə edən
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı", 2006-2015-ci illəri
əhatə edən "Azərbaycan Respublikasının Məşğulluq
Strategiyası" və hələ hazırlıq mərhələsində
olan digər sənədləri göstərmək olar.
Davamlı və dinamik
inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri
aşağıdakı kimi səciyyələndirilir: sərbəst
bazar münasibətlərinə əsaslanan və
özünüinkişaf qabiliyyətinə malik olan
sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil
milli iqtisadiyyatın formalaşdırılması; ölkədə
mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki
potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması; milli iqtisadiyyatın
dünya təsərrüfat sisteminə səmərəli
şəkildə inteqrasiyasının təmin olunması.
Bu model üzrə iqtisadi
siyasətin həyata keçirilmə taktikasının fərqləndirici
xüsusiyyətlərini - göstərilən istiqamətlərin
hər biri üzrə fəaliyyətin paralel şəkildə
həyata keçirilən əlaqələndirilmiş
proqramlar üzrə aparılması, qeyri-standart, lakin iqtisadi
inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə
alan, gələcəyə hesablanan və
cəsarətli qərarların qəbul olunması,
sosialyönümlülüyün gözlənilməsi, milli
mentalitetin nəzərə alınması və mütərəqqi
dünya təcrübəsinə arxalanması təşkil
edir.
Azərbaycanın
iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli
və səmərəli olmasının ən yaxşı
sübutu son illər ölkəmizdə sosial-iqtisadi
inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. 1995-ci ildən
etibarən ölkədə aparılan ardıcıl və
sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən
birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi
və azad sahibkarlığın inkişafı
üçün əlverişli şərait
yaradılması təşkil etmişdir. Aqrar-torpaq
və aqrar islahatları institusional baxımdan faktiki olaraq
başa çatmışdır. 1 350 min
hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə
paylanmış, kolxoz və sovxozların yerində fermer təsərrüfatları
yaradılmışdır. Hazırda kənd
təsərrüfatı məhsullarının 99 faizi özəl
bölmədə istehsal olunur. Bu proses ölkədə
mühüm sosial-siyasi dəyişikliklərlə
yanaşı, kənd təsərrüfatı sahələrinin
iqtisadi səmərəliyinin yüksəlməsinə də
təkan vermişdir. Son illərdə bir sıra ərzaq məhsullarının,
məsələn, ət və süd məhsullarının,
kartofun, soğanın və s. idxalının xeyli dərəcədə
azalması buna bariz sübutdur.
Təsadüfi deyildir ki,
Dünya Bankının və Beynəlxalq Maliyyə
Korporasiyası tərəfindən hər il
hazırlanan "Doing Business" reytinqinin 2009-cu il
üçün hesabatında Azərbaycan dünya dövlətləri
sırasında biznesin aparılması sahəsində ən
uğurlu nəticələrə nail olmuş ölkə kimi
qiymətləndirilib. Hesabatın hazırlandığı 10 əsas
qiymətləndirmə istiqamətlərindən 7-si üzrə
Azərbaycan əhəmiyyətli artıma nail olub və
ötən ilin yekunları əsasında
hazırlanmış "Doing Business-2008" hesabatı ilə
müqayisədə "Doing Business-2009"da mövqelərini
digər dövlətlərə nisbətən görünməmiş
templərlə yaxşılaşdırmışdır.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev Sahibkarlığa Kömək
Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə
və genişləndirilməsinə xüsusi önəm
verir və bu diqqətin nəticəsidir ki, son illərdə
fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən
dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət
mexanizmi formalaşdırılmış və dövlət
büdcəsindən güzəştli kreditlərin verilməsinə
ayrılan vəsaitlərin həcmi
artırılmışdır.
Sahibkarlığa Kömək
Milli Fondunun fəaliyyətinin Azərbaycan
iqtisadiyyatının inkişafının prioritetləri və
mərhələlər üzrə həlli tələb olunan
vəzifələrlə uzlaşdırılması,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi
və bu fəaliyyətin genişləndirilməsinin təmin
edilməsi məqsədilə Prezidentin müvafiq fərmanları
ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı və 2009-cu illərdə
onun statusu və vəsaitlərin istifadə edilməsi
qaydaları təkmilləşdirilmiş, güzəştli
kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə
və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli
istifadə etməsinə əlverişli şərait
yaradılmışdır.
Respublikanın
ikinci böyük şəhəri olan Gəncə də həyata
keçirilən dövlət proqramlarının, Prezident
İlham Əliyevin diqqət və qayğısı sayəsində
son illərdə xeyli inkişaf edib. Şəhərimizin
siması dəyişib, gözəlləşib. Bu
gün Gəncədə hara baxırsan,
iş gedir, küçələr
abadlaşdırılır, işıq dirəkləri, asfalt
örtük yenisi ilə əvəz olunur, kommunikasiya xətləri
yenidən qurulur, parklar yüksək zövqlə təmir
olunur, binalara yeni üzlüklər çəkilir. Ən əsası, əhalinin məşğulluğunun
təmin edilməsi üçün ardıcıl tədbirlər
həyata keçirilir. Abadlıq və
quruculuq işləri elə bir səviyyədə həyata
keçirilir ki, 6 aydan, yaxud 1 ildən sonra Gəncəyə gələn
buraları tanımaz.
Bizim
üçün qürur doğuran odur ki, bu inkişafla Gəncənin
mədəni şöhrəti də özünə
qaytarılır. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev
Gəncə şəhərinin qədim mədəni tarixini,
mənəvi zənginliklərini həmişə yüksək
qiymətləndirərdi. Biz sevinirik ki,
indi Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun diqqət
və qayğısı sayəsində Gəncənin mədəni
irsi dirçəldilir. Böyük
Nizaminin məqbərəsi yenidən qurulur, İmamzadə
kompleksində təmir-quruculuq işləri aparılır.
Bir müddət əvvəl Cavad xanın qəbri üzərində
türbənin tikilməsi hamımızın ürəyindən
xəbər verdi. Bütün
bunlar xalqımızın zəngin tarixinin, mədəni
irsinin yaşadılması, təbliği, gələcək nəsillərə
çatdırılması üçün olduqca vacibdir.
Gəncəlilər buna görə həmişə
dövlət başçısı cənab İlham Əliyevə
minnətdar olacaqlar.
Bəxtiyar Sadıqov:
- Mərhəmət və
xeyirxahlıq ünvanı olan Heydər Əliyev Fondu həm də
ölkəmizin bütün bölgələrində məktəb,
xəstəxana və digər sosial təyinatlı obyektlərin
tikintisinə, təmir olunmasına, tarixi-mədəni abidələrin,
komplekslərin yenidən qurulmasına böyük töhfələr
verir. Fondun xətti ilə Gəncə şəhərində
də böyük işlər görülür. Bu
mövzuda çıxış üçün söz Gəncə
Dövlət Universitetinin kafedra müdiri, sənətşünaslıq
elmləri doktoru, professor Sevda QURBANƏLİYEVAya
verilir.
Sevda QURBANƏLİYEVA:
- Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 7-ci ili tamam oldu. 7 rəqəmi Şərqdə müqəddəs
hesab edilir. 7 illik zaman kəsiyində Heydər
Əliyev Fondu ulu öndərin humanist fəlsəfəsinin,
elmi-nəzəri irsinin, azərbaycançılıq
ideologiyasının öyrənilməsi, təbliği, gələcək
nəsillərə çatdırılması kimi müqəddəs
missiyanı ləyaqətlə həyata keçirir,
ümummilli liderin adını şərəflə
daşıyır. Heydər Əliyevin
siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev
tərəfindən uğurla həyata keçirilməsi, Heydər
Əliyevin müqəddəs ocağının qoruyucusu
Mehriban xanım Əliyevanın ulu öndərin ideyalarına
sədaqəti böyük mənəvi əhəmiyyətə
malik amillərdir. Bu amillər ilk öncə
mərhəmətlə, xeyirxahlıqla bəhrələnir.
Mehriban xanım Əliyevanın
müəllifi və rəhbəri olduğu layihələr ali mərama xidmət edir. 2004-cü ildə
YUNESKO, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri
adına layiq görülməsi bir
sıra dəyərli keyfiyyətlərlə yanaşı,
Mehriban xanım Əliyevanın ardıcıl surətdə həyata
keçirdiyi xeyirxah əməlləri ilə
bağlıdır.
"Yeniləşən Azərbaycana
yeni məktəb", "İnternat məktəbləri və
uşaq evlərinin inkişafı", "Diabetli uşaqlara
ən yüksək qayğı", "Talassemiyasız həyat",
"Kor və görmə qabiliyyəti zəif olan insanlar
üçün informasiya-kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsi", "Hərəmiz
bir ağac əkək" kimi layihələrin çərçivəsində
ölkəmizin bütün bölgələrində, o
cümlədən doğma Gəncəmizdə yüksək vətəndaşlıq
duyğusu və peşəkarlıqla həyata keçirilən
tədbirlər insanlarda Heydər Əliyev Fonduna böyük
inam, məhəbbət və hörmət hissi
yaratmışdır.
Ölkənin
birinci xanımının müəllifi və rəhbəri
olduğu layihələrin mərkəzində milli genofondumuz
olan uşaqlar və xalqımızın minilliklərdən
bugünə çatdırdığı mədəni-etnoqrafik
ənənələr dayanır. Son illərdə getdikcə
qloballaşan dünyada milli "Mən"nin,
mənəvi dayaqlarımızın qorunması
üçün bütün bu layihələr mühüm əhəmiyyətə
malikdir və biz gəncəliləri çox sevindirir.
Mən bu barədə
fikirlərimi "Şəxsiyyət və musiqi" adlı
monoqrafiyamda qeyd eləmişəm. Oradakı bir fikri bu gün də
vurğulamaq istərdim: "Məhz Mehriban xanımın gərgin
əməyi nəticəsində artıq bütün
dünyada muğam sənəti Azərbaycan xalqının mədəni
dəyərlər sisteminin tərkib hissəsi kimi qəbul
edilir, Azərbaycan muğamı özünün ən parlaq
dövrünü yaşayır. Azərbaycan
muğamının dünya miqyasında tanınması Azərbaycan
xalqının, onun tarixinin, zəngin mənəviyyatının
tanınması deməkdir".
Heydər Əliyev
Fondunun qısa müddətdə mədəniyyət abidələrinin
mühafizəsi və onların bərpası sahəsində
həyata keçirdiyi layihələr qədim Gəncədə
də öz təcəssümünü tapmışdır. Fondun dəstəyi ilə Gəncənin
sonuncu xanı, vətənpərvərlik simvolu olan Cavad
xanın qəbri üzərində məqbərinin tikilməsi,
yeddinci əsrdə Gəncədə öz
xeyirxahlığı ilə məşhur olan Comərd Qəssabın
məzarüstü türbəsinin bərpası, ölkəmizi
avropalılara tanıdan və onların diqqətini Azərbaycan
ədəbiyyatına cəlb etməyə müvəffəq
olan gəncəli şair Mirzə Şəfi Vazehin Tiflisdə
qəbirüstü abidəsinin yenidən qurulması və
xiyabanın yaradılması məqsədilə mühüm
işlərin aparılması, İmamzadə kompleksinin əsaslı
şəkildə yenidən qurulması milli-mənəvi dəyərlərimizin
təbliğinə xidmət edən layihələrdəndir və
qədirbilən gəncəlilər tərəfindən
böyük minnətdarlıqla qarşılanır.
Bu gün şəhərimizdə
aparılan əsaslı quruculuq və abadlıq işləri
hər birimizin iftixar və qürur mənbəyinə
çevrilmişdir. Hər yerdə, hər sahədə
görülən misilsiz işlər doğma
diyarımızın çiçəklənməsi deməkdir.
Bu sahədə önəmli yer tutan Heydər Əliyev
Fondunun fəaliyyəti hər birimiz üçün
xeyirxahlığın, mərhəmətin və
quruculuğun əsas ünvanıdır.
Bəxtiyar SADIQOV:
- Son illər tikinti-quruculuq
işləri Gəncədə böyük vüsət
alıb. Küçə və meydanların, parkların,
yaşayış məhəllələrinin
abadlaşdırılması istiqamətində xeyli iş
görülüb. Tarixiliyin və müasirliyin
sintez olunduğu Gəncə regionun ən gözəl şəhərlərindən
birinə çevrilməkdədir. Bununla
bağlı çıxış etmək üçün
söz fizika-riyaziyyat elmləri doktoru, professor, respublikanın əməkdar
müəllimi Ramiz MƏMMƏDOVa verilir.
Ramiz MƏMMƏDOV:
- Hər iyun ayı gələndə
istər-istəməz 1993-cü il
yadıma düşür. Həmin il iyunun
4-də AXC-Müsavat iqtidarının səriştəsizliyi
üzündən Gəncədə vətəndaş
müharibəsi başlanırdı. Şəhərin
ən ağır günündə, müstəqilliyin üzərini
qara buludlar alanda xalqımızın xilaskarı Heydər Əliyev
Gəncəyə gəldi. Ulu öndərin
iyunun 13-də on minlərlə şəhər sakininin
qarşısında çıxışı zamanı nurlu,
işıqlı, inamlı siması gözlərim
önünə gəlir. Bunları nəyə
görə xatırlayıram? Məhz o
iyun günlərində Heydər Əliyevin qətiyyəti
olmasaydı, biz bu gün müstəqillikdən, gözəl,
xeyirxah, böyük işlərdən danışa bilməzdik.
Ulu öndərin
müdrikliyi sayəsində qədim Gəncə, eləcə
də bütövlükdə Azərbaycan Respublikası qan-qadadan
xilas oldu. Açıq deyirəm, bir şəhər sakini kimi
Gəncədə bu gün gedən işlərə baxanda qəlbim
dağa dönür. Şəhər
hamının gözü qarşısında dəyişir,
sanki yeni libas geyinir. Xüsusən son
vaxtlarda görülən işlər bizim hər birimizi heyrətə
gətirir.
Hörümçək
toru kimi hər yerə səpələnən, eybəcər
görünən qaz boruları, əyri-üyrü dirəklər,
kabellər, müxtəlif naqillər torpağın altına
basdırılır, həmin yerlərə səliqə ilə
asfalt döşənir, səkilər, hasarlar zövqlə, nəfis
şəkildə yenidən tərtib olunur. İllərlə
həllini gözləyən su və kanalizasiya sisteminin yenidən
qurulması üçün son hazırlıq işləri
görülür. Tarixi abidələrə,
o cümlədən yaşayış və inzibati binalara
yenidən əl gəzdirilir, yüzillərlə qabaqkı
gözəlliyi üzə çıxarılır, onlara
"ikinci həyat" verilir.
Gəncənin
elə bir sahəsi yoxdur ki, yenilənmə, müasirləşmə
hiss olunmasın. Bir tərəfdən Nizami məqbərəsinin
ətrafında, Nizami küçəsində geniş
abadlıq, quruculuq, yenidənqurma işləri aparılır,
digər tərəfdən Nizami poeziya günlərinə
hazırlıq gedir. Şəhidlər
xiyabanında xatirə abidəsi ucaldılır. İmamzadə kompleksi yenidən qurulur. Şəhər rəhbərliyi vaxtaşırı
görüşlər keçirir, biz ziyalıların, təcrübəli
işçilərin arzu və təkliflərini öyrənir.
Baş
meydanımız sayılan Heydər Əliyev meydanı öz
görkəmini dəyişir, şəhər icra hakimiyyətinin,
onun yaxınlığındakı binaların fasadları
yenidən qurulur. Yeri gəlmişkən qeyd edim ki, şəhərdə
elə bir guşə yoxdur ki, orada az da
olsa müəyyən iş getməsin. Hazırda Gəncədə
eyni vaxtda 1300 obyektdə iş gedir. Ticarət,
ictimai iaşə obyektləri, təhsil, mədəniyyət,
səhiyyə ocaqları, bir sözlə, hara baxırsan, yeniləşir.
Zarafat deyil, çox qısa vaxt ərzində
çox sayda yaşayış binasının dam
örtüyü dəyişdirilib, fasadları milli üslubda
bəzədilib.
Park və
xiyabanların salınması, boş qalan sahələr hesabına
şəhərin ərazisinin genişləndirilməsi, yeni mərkəzlərin
inşası və sair işlər bizim qəlbimizi dağa
döndərir. İndi də söhbət Nizami mərkəzinin
yaradılmasından, filarmoniya üçün müasir
görkəmli binanın ucaldılmasından və digər
mühüm işlərdən gedir. Bütün
bunlar dövlət başçısının qədim Gəncəyə
olan tükənməz qayğısının, bir qədər
geniş desək, milli müstəqilliyimizin bəhrələridir.
Bəxtiyar SADIQOV:
- Gəncənin
Azərbaycanın dövlətçilik tarixində xüsusi
yeri var. Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasında böyük rol oynayıb. Bu şəhər
cümhuriyyətin ilk paytaxtı olub. 1918-ci
ildə müstəqil dövlətimizin təsisatlarının
bir qismi burada yaradılıb. Eyni zamanda Gəncə
şəhəri 20 illik müstəqillik tariximizdə də
dövlətçiliyimizin möhkəmlənməsində fəal
rol oynayıb. Bu mövzuda
çıxış etmək üçün söz Gəncə
şəhər 10 nömrəli məktəbin direktoru Mahmud
MAHMUDZADƏyə verilir.
Mahmud MAHMUDZADƏ:
- Gəncə
ziyalıları həmişə milli müstəqillik
uğrunda mübarizə aparıblar. 1918-ci ilin may ayında
Zaqafqaziya Seymi dağıldı. May ayının
26-da onun son iclası oldu. Gürcü
nümayəndələri yığıncaqdan çıxan
kimi Gürcüstanın müstəqilliyini elan etdilər.
Mayın 27-də Seymin müsəlman
fraksiyası Azərbaycanın idarə olunması vəzifəsini
öz üzərinə götürərək müvəqqəti
Milli Şura yaratdı.
Səhəri günü -
mayın 28-də axşam saat səkkizdə canişin
sarayının göy rəngli salonunda Həsən bəy
Ağayevin sədrliyi ilə 24 səslə Azərbaycanın
dövlət müstəqilliyi haqqında məşhur
"İstiqlal Bəyannaməsi" qəbul olundu. May
ayının 30-da Nazirlər Şurasının sədri Fətəli
xan Xoyski bu barədə dünyanın siyasi mərkəzlərinə
radioqramla xəbər verdi.
1918-ci il
iyunun 16-da yeni hökumət Gəncəyə
köçdü. İyunun 17-də Gəncədə
Milli Şuranın ilk iclası açıldı və
yaranmış gərgin vəziyyətlə əlaqədar
olaraq Milli Şuranın fəaliyyəti dayandırıldı.
Fətəli xan Xoyski yeni müvəqqəti
hökumətin tərkibini elan etdi. Hökumətin
başçısı Fətəli xan Xoyski dedi ki, bizim
proqramımız Azərbaycanın şərəfini, azadlığını və müstəqilliyini
müdafiə etməkdir.
Azərbaycan
Xalq Cümhuriyyəti 23 aylıq ömrünün üç
ayını Gəncədə keçirdi. Cümhuriyyətin
Gəncə dövrü bir sıra mühüm hadisələrlə
zəngindir. Burada Gəncənin 1804-cü
ildən Yelizavetpol olmuş tarixi adı özünə
qaytarıldı. Azərbaycan dili dövlət
dili elan olundu. İlk dəfə
üçrəngli, ay-ulduzlu bayrağımız ucaldı,
"Azərbaycan" qəzeti nəşrə başladı.
Üç ay ərzində burada xalqın taleyi
ilə bağlı yüzə yaxın qərar və qanun qəbul
edildi.
Ən əsası
isə budur ki, məhz Gəncədə Azərbaycan milli
ordusunun təşkili sahəsində ilk cəsarətli
addımlar atıldı. Gəncədəki müsəlman korpusu Əlahiddə
Azərbaycan Korpusu adlandırıldı. Hərbi
Nazirlik təsis edildi. Məcburi mükəlləfiyyət
elan olundu. Əvvəlcə zabit
kadrlarının hazırlanması üçün
qısamüddətli kurslar yaradıldı, sonra isə hərbi
məktəb açıldı. Hərbi
zavod fəaliyyətə başladı. Nəhayət,
ilk Azərbaycan alayı formalaşdı. Beləcə, Gəncə
torpağında dirçəlib güc-qüvvət toplayan Azərbaycan
Xalq Cümhuriyyəti 1918-ci il sentyabr
ayının 15-də real bir qüvvə kimi Bakıya
köçdü. Qədim Gəncənin
mövqeyi həmişə sağlam olub. Dövrün
ən çətin anlarında, burulğanlı
doxsanıncı illərdə öz təmkinini,
tarazlığını qoruyaraq saxlayan, xüsusən
1993-cü ilin qanlı 4 iyun günündə gəncəlilər
öz mərdliklərini, doğma Azərbaycana sədaqətli
olmalarını bir daha nümayiş etdirdilər. Bəlli olduğu kimi, AXC-Müsavat iqtidarı
özünün yetirib yüksəltdiyi Surət Hüseynovu
ipə-sapa yığa bilməyəndə onun fəaliyyət
göstərdiyi 709 saylı hərbi hissəyə ən
müxtəlif döyüş texnikası ilə hücum
etdi. Gəncəlilər vətənin bu
ağır günündə səbirlə, təmkinlə vətəndaş
müharibəsinin qarşısını almağa
çalışırdılar. Dövrün
səriştəsiz iqtidarı hadisələri sahmanlamaq əvəzinə
daha qeyri-ciddi tədbirlərə əl atır,
külli-ixtiyar sahibi Fəhmin Hacıyev və qeyriləri tələb
edirdilər ki, "hərbi qüvvəyə tam ixtiyar
verilsin. Şəhərdən əhalinin
çıxarılmasına, orada hərbi əməliyyat
keçirilməsinə imkan yaradılsın".
Gərginlik
getdikcə artır, Gəncə dəniz kimi
çalxalanırdı. Təkcə Gəncənin yox,
bütövlükdə Azərbaycanın taleyi tükdən
asılı idi. Xalqın bu ağır
günündə ölkəmizin səmasında Heydər Əliyev
günəş kimi parladı. Ölkənin
belə bir həlledici məqamında xalqın təkidli tələbi
ilə Heydər Əliyev Bakıya gəldi. Ondan
respublikanın ən ali orqanlarından olan
Ali Sovetə rəhbərlik etmək xahiş olunurdu. Ulu öndər isə özünəməxsus
müdrikliklə hərəkət etdi. İyunun
13-də Gəncəyə gəldi. Dahi şəxsiyyət
heç nəyə baxmadan həyatını təhlükə
altına ataraq bilavasitə hadisə yerinə getdi, vəziyyətlə
ətraflı
Meydanlarda vətən
və xalq adından bar-bar bağıran AXC-Müsavat
başbilənləri başıpozuq halda siyasət
meydanından sivişib getməyə məcbur oldular. Ulu öndər
ölkəni hər cür bəlalardan xilas etdi. İndi
ən nüfuzlu beynəlxalq məclislərdə adı
iftixarla çəkilən, ən ali mərtəbələrdə
üçrəngli bayrağı iftixarla ucalan Azərbaycanı
bugünkü yüksək mərtəbəyə ucaltdı.
O qanlı günlərdə
mətanətlə dayanan qədim Gəncə bu gün
müstəqil Azərbaycanın abad və yaraşıqlı
diyarına çevrilib. Xüsusən son
vaxtlarda qədim diyar sözün tam mənasında yenidən
qurulur. Binaların, küçələrin,
yolların görkəmi dəyişir, şəhər
başdan-başa yaşıllıq diyarına çevrilir,
gül-çiçəyə bürünür. Gözəl Gəncə dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümünə layiqli
töhfələrlə hazırlaşır.
Bəxtiyar SADIQOV:
- Dinamik inkişafda, təbii
ki, sahibkarların böyük xidmətləri var. Ölkə
üzrə istehsal olunan ümumi daxili məhsulun xeyli hissəsi
özəl sektorun payına düşür. Gəncənin
inkişafında yeni yaranan müəssisələrin də
rolu danılmazdır. Burada da iş adamlarının fəaliyyətinə
dövlət tərəfindən yüksək səviyyədə
qayğı göstərilir. Bu mövzuda
çıxış etmək üçün söz
"NEON" firmasının baş direktoru Arif HƏSƏNOVa
verilir.
Arif HƏSƏNOV:
- Gəncədə sənayenin
bütün sahələri sürətlə inkişaf edir. Xüsusən ulu öndər Heydər Əliyevin irəli
sürdüyü yüksəliş xəttinə uyğun
olaraq, özəl sektorun uğurları getdikcə artır.
Cari ilin ilk 4 ayında şəhərdə 120 milyon
manatlıq ümumi məhsul istehsal edilmişdir ki, onun da 61,1
faizi qeyri-dövlət sektorunun payına düşür.
Gəncədə
adlı-sanlı özəl müəssisələr
çoxdur. Onlardan biri də "NEON" firmasıdır.
Firmamız kiçik bir çörək
zavodunun bazasında yaranmış, 2000-ci ildən fəaliyyətə
başlamışdır. İlk vaxtlar
burada cəmi qırx üç nəfər işçi
çalışırdı. Əsasən
çörək bişirilirdi. Sonralar un
dəyirmanı tikərək sutkada 5 ton un istehsal etməyə
başladıq.
Ulu öndər
Heydər Əliyevin sahibkarlığın inkişafına
verdiyi böyük dəstəyə arxalanaraq tədricən fəaliyyətimizi
genişləndirdik. İndi sutkada 150 ton buğda
üyüdülür. İki makaron zavodu
fəaliyyət göstərir. İşçilərin
sayı xeyli artıb. Beləliklə, biz əsasən un, makaron və çörək istehsalı,
taxıl tədarükü və satışı ilə məşğul
oluruq. Müəssisəmizdə 182 nəfər
işçi çalışır. Orta
aylıq əməkhaqqı 300 manatdır. Müəssisəmizin çörəyi Gəncədə,
Şəmkir, Gədəbəy və Göygöl
rayonlarında yerləşən hərbi hissələrin tələbatını
ödəmək üçün Müdafiə Nazirliyinə
satılır. Makaron zavodunun məhsullarının
da təqribən yarısı Müdafiə Nazirliyi mərkəzi
ərzaq anbarına gedir. Qalan hissəsi
ticarət şəbəkələrinə verilir. Makaronumuzun 5 faizi Gürcüstana ixrac edilir. Unumuzun da bir hissəsi Gürcüstana və
İrana gedir. Xammalı isə əsasən
Qazaxıstandan, Rusiya və Özbəkistan respublikalarından
alırıq. Əlbəttə, yerli məhsuldan
da istifadə edirik.
Ulu öndər
Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident
İlham Əliyevin sahibkarlığa göstərdiyi
qayğı və köməyin nəticəsidir ki, biz
yeni-yeni layihələr həyata keçiririk. Çox
xoşdur ki, dövlət başçısının
tapşırığı ilə qanunsuz müdaxilələrin,
əsassız yoxlamaların qarşısının
alınması üçün tədbirlər
görülür. Bütün bunlar bizi
daha yaxşı işləməyə ruhlandırır.
Özəl
bölmənin inkişafına dövlətin qayğı və
diqqəti barədə bir faktı söyləmək istəyirəm. Son bir
neçə ay ərzində Gəncə şəhərində
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına maliyyələşən investisiya layihələrinə
aşağı faizlə 1 milyon manat kredit verilmişdir.
Gəncə Avtomobil Zavodunun, "SemSan" Kiçik Müəssisəsinin,
"Elba" MMC-nin istehsal sahələri xeyli genişləndirilmiş,
"Gəncə qənnadı" ASC-də, "Gəncə
əlvan metal emalı" müəssisəsində yeni
avadanlıqlar quraşdırılmış, həmçinin
"Gəncə dəyirman" ASC tam özəlləşdirilərək
sahibkarlıq subyekti kimi fəaliyyətə
başlamışdır.
Bizim müəssisəmiz
də daim dövlətin bu qayğısından bəhrələnir. Hazırda
Sahibkarlığa Kömək Milli Fondundan alınan güzəştli
kredit hesabına on min tonluq taxıl təmizləmə və
saxlama kompleksinin tikintisi başa çatdırılıb.
İndi isə sutkalıq gücü otuz ton olan
tam avtomatlaşdırılmış çörək
zavodunun inşasına başlanılıb. Həmin zavodun avadanlığı Türkiyədən
alınmışdır. Bu mühüm
obyektin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə
tutulmuşdur.
Bir sözlə,
müstəqilliyin bəhrələrindən biri özəl
bölmənin sürətli inkişafıdır. Sahibkarlığa
göstərdiyi bu böyük qayğı və köməyə
görə dövlətimizin başçısı İlham Əliyevə
ürəkdən minnətdarıq.
Bəxtiyar SADIQOV:
- Azərbaycan
Prezidentinin həyata keçirdiyi sosial siyasət ölkə vətəndaşlarının
bütün zümrələrini əhatə edir. Bu siyasətdən
kənarda qalan kimsə yoxdur. Son illər Gəncədə
vətəndaşların etibarlı sosial müdafiəsinin təşkil
edilməsində, aztəminatlı insanlara ünvanlı sosial
yardımların verilməsində xeyli iş
görülüb. Gəncə şəhərində
bu istiqamətdə görülən işlərlə
bağlı ətraflı məlumat almaq üçün
söz Dövlət Sosial Müdafiə Fondunun Gəncə
şəhər Nizami rayon şöbəsinin müdiri Nizami ƏHMƏDOVa verilir.
Nizami ƏHMƏDOV:
- Ulu öndər Heydər Əliyevin
yolunu uğurla davam etdirən Prezident İlham Əliyev
bütün fəaliyyətini insana qayğı və diqqət
prinsipi üzərində qurmuşdur. Bu,
müstəqil dövlətimizin həyat amalıdır.
Cənab İlham Əliyevin apardığı məqsədyönlü
siyasət nəticəsində ölkənin iqtisadi
inkişafında əldə olunan uğurlar pensiyaların və
minimum əməkhaqlarının ilbəil artımına imkan
verir. Son 5 ildə əmək
pensiyalarının yalnız baza hissəsinin artırılması
ilə bağlı dövlət başçısı 7 sərəncam
imzalamışdır. Nəticədə əmək
pensiyasının orta aylıq məbləği 24,7 manatdan 112 manata çatmış, artım
4,5 dəfə olmuşdur.
Dövlət
başçısının apardığı uğurlu siyasət
Gəncə şəhərində də ardıcıl surətdə
həyata keçirilir. Ümumiyyətlə, əhali ilə sıx ünsiyyətin
və vətəndaşlarla daha effektiv münasibətin
qurulması, sakinlərin problemlərinin operativ öyrənilməsi
və çevik həlli Gəncədə yeni iş
üslubuna çevrilib. Müəyyən mənada icra
orqanlarının iş yerləri şəhərin ən
müxtəlif guşələrinə
"köçürülüb". İcra
başçısı Elmar Vəliyev bilavasitə
yaşayış yerlərində görüşlər
keçirir, əhalinin arzu və ehtiyaclarını öyrənir,
operativ surətdə tədbirlərin görülməsi
üçün konkret tapşırıqlar verir. Ən əsası budur ki, sonra o, həmin
tapşırıqlarının icrasını şəxsən
özü yoxlayır. Gəncənin bu yeni iş
üslubu hamının qəlbindən xəbər verir. Elmar Vəliyev genişmiqyaslı abadlıq-quruculuq
işləri ilə yanaşı, müntəzəm surətdə
əhalinin günü-güzəranı ilə maraqlanır.
Axı müstəqillik ilk növbədə
insanların firavan yaşamasına xidmət edir.
Gəncədə
ölkəmizin müstəqilliyi və azadlığı
uğrunda xüsusi xidmətləri olan şəxslərlə
işlər daha yüksək səviyyədə qurulub. İcra
başçısı cənab E.Vəliyevin iştirakı ilə
bir neçə görüş keçirilmiş, şəhid
ailələrinin üzvləri və Qarabağ əlillərinin
hər biri ayrı-ayrılıqda dinlənilmiş, onları
maraqlandıran məsələlər yerindəcə həll
olunmuşdur. Azərbaycan Respublikasının müstəqilliyi
və azadlığı uğrunda şəhid olmuş vətəndaşların
ailə üzvləri və Azərbaycan Respublikasının
müstəqilliyi və azadlığı uğrunda əlil
olmuş vətəndaşların problemlərinin həllini
asanlaşdırmaq məqsədilə Elmar Vəliyevin təşəbbüsü
ilə vahid fond yaradılmış, könüllülük əsasında
həmin hesaba vəsaitlər keçirilməyə
başlanılmışdır.
Sosial
qayğıya ehtiyacı olan vətəndaşların mənzil
tələblərinin yaxşılaşdırılması
üçün yeni yaşayış binalarının tikilməsi
ilə bağlı qaldırılmış məsələ
müsbət həll olunur. Həmin tələblər
səviyyəsində də hər bir idarə, müəssisə
və təşkilatda müəyyən işlər
görülür. Əhali ilə sıx
ünsiyyətdə işləyən təşkilatlardan biri
də Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələridir.
Mənim çalışdığım Nizami
rayon şöbəsi də öz işini bu tələblər
səviyyəsində qurmuşdur. Vətəndaşlar
bütün iş günlərində qəbul olunur. Bu məqsədlə şöbədə daimi fəaliyyət
göstərən növbətçilik sistemi
yaradılmışdır. Prezident İlham Əliyevin
verdiyi tapşırığa əsasən hazırda Dövlət
Sosial Müdafiə Fondu tərəfindən 2006-cı ilə
qədər təqaüdə çıxanların
pensiyalarının yenidən iş stajına görə
hesablanması ilə bağlı müvafiq işlər
görülməkdədir. Bu işlər
başa çatdıqda əvvəllər təyin olunmuş
pensiya məbləğlərinin də orta hesabla 150 manata
çatacağı gözlənilir. Bu isə
pensiya sisteminin əsas göstəricisi olan əvəzetmə
əmsalına, yəni orta aylıq pensiyanın əməkhaqqına
nisbətinə birbaşa təsir göstərəcək və
həmin rəqəm 34 faizdən təqribən 47 faizə
qalxacaqdır.
Müstəqilliyin
verdiyi imkanlar səviyyəsində hər bir vətəndaşa
göstərilən qayğı və köməyə
görə qədirbilən gəncəlilər dövlət
başçısına öz dərin minnətdarlıqlarını
bildirirlər.
Bəxtiyar SADIQOV:
- Həqiqətən də
müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən
qat-qat çətindir. Ötən 20 ildə Azərbaycan
müstəqil dövlət kimi çox təlatümlər
yaşadı. Hətta ilkin dönəmlərdə
azadlığını itirmək təhlükəsi
qarşısında qaldı. Xalqın istək
və arzusu ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı
Azərbaycanın dövlət müstəqilliyinin məhvinin
qarşısını aldı. 1993-cü
ildən başlanan bu siyasət Azərbaycanın müstəqil
dövlət kimi dünya birliyi sıralarına öz
adını yazmasını təmin etdi. Demokratik,
hüquqi və dünyəvi dövlət quruldu. Heydər
Əliyevin uzaqgörənliyi ilə mütərəqqi
dövlət quruculuğuna start verildi, dövlətçiliyin
başlıca prinsipləri formalaşdırıldı. Vətəndaşla dövlətin
qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan
sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin
bütövlüyünün tam təminatçısına
çevrildi. Bütün bunlar
böyük tarixi nailiyyətlərdir.
Bugünkü
çıxışlarda səslənən faktlar Gəncənin
də dinamik inkişaf yolu keçdiyini göstərir. Regionların
sosial-iqtisadi inkişafına dair həyata keçirilən
dövlət proqramlarının nəticəsi olaraq son illərdə
Azərbaycanın bütün şəhər və
rayonları kimi, Gəncə şəhəri də xeyli
abadlaşıb. Birinci proqram uğurla
başa çatıb, ikinci proqramın isə icrası hələ
davam edir. 2013-cü ilə qədər Gəncə
şəhərində bu proqram çərçivəsində
böyük işlər görüləcək. Bu gün Gəncə həqiqətən nəhəng
tikinti meydanını xatırladır. Təbii
ki, şəhərin inkişafı həm də onun sakinlərinin
məşğulluğunun təmin edilməsi ilə
müşayiət olunur. İstifadəyə
verilən yeni istehsal və xidmət sahələri həm də
insanların işlə təmin edilməsi deməkdir. Burada qeyd edildi ki, Gəncədə şəhər
təsərrüfatının daim yeniləndirilməsi,
bütün sahələrdə idarəçiliyin dinamik və
çevik olması, əhaliyə göstərilən kommunal
xidmətlərin səviyyəsinin durmadan yüksəldilməsi,
eləcə də əhalinin sosial qayğılarının həlli
diqqət mərkəzindədir. Gəncə
Şəhər İcra Hakimiyyətinin bu istiqamətlərdə
atdığı addımlar olduqca təqdirəlayiqdir.
Bugünkü
"dəyirmi masa" göstərir ki, Azərbaycanın son
illərdə əldə etdiyi uğurların böyük bir
qismi məhz regionların payına düşür. Regional inkişaf tədbirlərinin
nəticəsi olaraq sahibkarlıq inkişaf edir, qeyri-neft
sektoru dirçəlir, infrastruktur müasirləşir, yeni
iş yerləri açılır. Regionların
siması dəyişir, vətəndaşların mənəvi-psixoloji
ovqatı yüksəlir. Xüsusən də
Gəncə şəhərində əldə olunmuş
yüksək göstəricilər ümumən Azərbaycanda
regional inkişaf proseslərinin hansı miqyasda olduğu
haqqında kifayət qədər dolğun təsəvvür
formalaşdırır. Bir vaxtlar çətin
vəziyyətdə olan Gəncə bu gün respublikanın ən
müasir, abad, səliqəli şəhərlərindən
biridir.
Bazar iqtisadiyyatı
yolunu seçmiş bir çox ölkələrdən fərqli
olaraq, Azərbaycan dövləti regionlarda sosial infrastruktur
layihələrinin gerçəkləşməsinə,
heç bir gəlir gətirməyən sosial layihələrə
böyük maliyyə vəsaiti ayırır. Bu bir daha
göstərir ki, əslində, regional inkişaf istiqamətində
həyata keçirilən tədbirlər də dövlətin
sosialyönümlü siyasətinin əsas prioritetlərindən
biridir. İnanırıq ki, bu siyasətin
qarşıdakı illərdə də uğurla davam etdirilməsi
nəticəsində Azərbaycanın bütün
regionları yeniləşəcək, respublikamız ən
inkişaf etmiş dövlətlər səviyyəsinə
yüksələcəkdir.
Əlbəttə,
Gəncə şəhərinin inkişafı, şəhərin
ənənələrinin bərpa olunması, tarixinin
yaşadılması məhz dövlət müstəqilliyimizin
verdiyi imkanlar sayəsində mümkün olmuşdur. Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi
siyasət nəticəsində neft gəlirləri qeyri-neft
sektoruna yönəldilir, bütün bölgələr kimi, Gəncənin
də inkişafına xüsusi diqqət yetirilir.
Hesab edirəm ki, "dəyirmi masa"da ötən
dövrdə görülən işlərə işıq
salındı, burada çox maraqlı fikirlər səsləndirildi.
20 illik müstəqillik tariximizə və regionların
sosial-iqtisadi inkişafına Gəncə şəhərinin
timsalında nəzər yetirdik. Əminliklə deyə bilərik
ki, dövlət başçısı İlham Əliyevin
diqqət və qayğısı nəticəsində Azərbaycanın
bütün guşələri kimi, Gəncə şəhəri
də daim müasirləşəcək, gözəlləşəcəkdir.
Azərbaycan.- 2011.-15 iyun.- S. 4, 5.