LİDERLİK ZİRVƏSİ

 

Tarix sübut edir ki, yeni müstəqillik qazanmış hər hansı bir dövlətin milli inkişaf yolunun başlanğıcdan düzgün müəyyənləşdirilməsi ilk növbədə onun mövcudluğunun qorunub saxlanılması, gələcək tərəqqisi baxımından vacib amildir. Dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarının elmi təməl üzərində qurulması, cəmiyyətin potensial imkanlarının milli intibah prosesinə məqsədyönlü şəkildə cəlb olunması son nəticədə xalqları davamlı, sabit inkişaf yoluna çıxarır, dövrün ağır sınaqlarından, təbəddülatlarından qoruyur. 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz milli strategiyanın olmaması üzündən meydana çıxmışdı.

1991-ci ildən 1993-cü ilin iyun ayınadək respublikanın üzləşdiyi böyük problemlər ölkədə xalqın dəstəklədiyi legitim hakimiyyətin, eyni zamanda, yeni ictimai-iqtisadi formasiyada dövlətin gələcək inkişaf yolunu düzgün müəyyənləşdirə biləcək qətiyyətli və müdrik siyasi rəhbərin olmaması ilə bağlı idi. Bu dövrdə müşahidə olunan hakimiyyət boşluğu dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. İki ilə yaxın müddətdə ölkədə müşahidə olunan hərc-mərclik və özbaşınalıq mühiti təsdiqlədi ki, milli dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində qoruyub saxlamaq, inkişaf etdirmək olar.

Tarixdə bir çox xalqların və dövlətlərin dünya səhnəsindən yox olmaq həddinə çatmasına dair misallar gətirmək olar. Fəqət, hansısa konkret vəziyyətdə millətin iradəsinə söykənən yüksək xarizmalı liderlər bu təhlükənin aradan qaldırılmasında misilsiz rol oynamış, dövlətin xilaskarına çevrilmişlər. Bu mənada, əminliklə demək olar ki, Azərbaycanın dövlət kimi mövcudluğunun qorunub saxlanılması, xalqın bir çox böyük fəlakətlərdən qurtulması 1993-cü ilin 15 iyun tarixindən - Milli Qurtuluş Günündən başlayır. Azərbaycanın ağır bir vaxtda heç bir riskdən çəkinməyərək Naxçıvandan Bakıya dönən ulu öndər Heydər Əliyev məhz bu tarixdən xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəlmiş, respublikamızı parçalanmaq və milli dövlətçiliyini itirmək təhlükəsindən xilas etmişdir. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.

 

Elmi-intellektual inkişafın təminatçısı

 

Ulu öndər 1993-cü ildən dövlət quruculuğu istiqamətində başladığı islahatları ictimai rəyə, sosial sifarişə əsaslanmaqla həyata keçirmiş, ölkənin böhranlı vəziyyətdən çıxarılması prosesində hər bir vətəndaşın iştirakını vacib saymış, xüsusən də, cəmiyyətin üzdə olan intellektual kəsimi ilə sıx ünsiyyətə böyük üstünlük vermişdir. Ümummilli liderin 1993-cü il sentyabrın 21-də isə AMEA-da alimlərlə, 22-də isə gənclərlə keçirdiyi görüşləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Azərbaycanın elm məbədi olan AMEA-da keçirilən görüşə Bakı Dövlət Universitetinin də nüfuzlu alim və professorları dəvət edilmişdi. Həmin tədbirdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın üzləşdiyi ağır vəziyyətin səbəblərini təhlil etmiş, vəziyyətdən çıxış yollarını göstərmiş, cəmiyyətin bütün təbəqələrini, o cümlədən intellektual potensialın daşıyıcısı olan alimləri milli problemlərin həllində fəal iştiraka çağırmışdır.

Böyük strateqin ictimaiyyətlə ilk görüş yerlərindən biri kimi akademiyanı seçməsi, alimlərlə görüşməsi həm də AXC-Müsavat cütlüyünün 1 illik hakimiyyəti dövründə bu elm məbədinin dağılmaq, məhv olmaq təhlükəsi ilə üzləşməsi, çətin vəziyyətə düşməsi ilə bağlı idi. 1991-1993-cü illərdə AMEA-nın nüfuzlu alimləri bir parça çörək dalınca ölkəni tərk etmək məcburiyyətində qaldıqlarından intellektual potensialımız təhlükə ilə üzləşmişdi. Həmin illərdə hətta akademiyanın elmi-tədqiqat institutlarının aspiranturasına qəbul prosesi də həyata keçirilməmişdi. Səbəb sadə idi - səbatsız AXC-Müsavat iqtidarının bir çox məmurları akademiyanı "köhnə sistemin qalığı" hesab edir, onun ləğvinə çalışırdılar. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra bu ziyanlı meyillərin qarşısını qətiyyətlə almış və akademiyanın inkişafı istiqamətində əməli tədbirlər həyata keçirməyə başlamışdır. 1993-cü il sentyabrın 21-də alimlərlə görüşündə Heydər Əliyev akademiyanın qorunub saxlanılması və inkişaf etdirilməsi vacibliyini bir daha diqqətə çəkmişdir: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir".

Ölkənin ağır sosial-iqtisadi, siyasi problemlərinin həlli ilə məşğul olan ulu öndər Heydər Əliyev elmin, təhsilin problemlərini də diqqət mərkəzində saxlamış, bu sahələrdə yeni dövrün tələblərinə cavab verən islahatların aparılmasını təmin etmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin çoxalması ölkədə tədricən elmi-intellektual intibah mərhələsinin əsasını qoymuşdur.

Ulu öndər müstəqillik illərində Azərbaycanın aparıcı elm və təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin üzləşdiyi qayğı və problemlərin həlli istiqamətində də mühüm addımlar atmış, vaxtı ilə məzunu olduğu bu ali təhsil ocağına xüsusi həssaslıqla yanaşmışdır. Ümumiyyətlə, universitetin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. BDU-nun 1994-cü ildə 75 illik, 1999-cu ildə isə 80 illik yubiley mərasimlərinin keçirilməsi də ümumilli liderin adı ilə bağlıdır.

Universitetin indiyədək keçirilmiş 5 yubiley mərasiminin 4-ü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. BDU dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Təsadüfi deyil ki, universitetin Böyük Elmi Şurası tərəfindən elmin və təhsilin inkişafında göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəklərə qaldırdığına görə ulu öndər Heydər Əliyevə BDU-nun fəxri doktoru adı verilmişdir. Universitetin 75 illik yubiley mərasimində iştirak edən Heydər Əliyev keyfiyyətcə yeni mərhələdə bu ali təhsil ocağının qarşısında duran vəzifələrdən söz açmış, onun milli elm və təhsil sistemindəki yerini yüksək dəyərləndirmişdir: "Azərbaycanda ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında Bakı Dövlət Universitetinin xidmətləri əvəzsizdir. Universitetin 75 illik tarixi Azərbaycan Respublikasının elminin, mədəniyyətinin, təhsilinin inkişaf tarixidir. Bakı Dövlət Universitetinin Azərbaycanda ali təhsilin inkişafı sahəsindəki xidmətlərini xüsusi qeyd etmək lazımdır. İndi Azərbaycan böyük ali təhsil ölkəsidir. Xalqımızın hamısı savadlıdır. Bu 75 il müddətində xalqımızın savadlanmasında, eyni zamanda, təhsilin yaranmasında, inkişafında böyük işlər görülmüşdür. Yeni-yeni təhsil ocaqlarının - ali məktəblərin, universitetlərin yaranması indi müstəqil Azərbaycan Respublikasının böyük ali təhsil potensialına malik olmasının əsasını qoymuşdur. Əgər bu 75 il ərzində həmin işlər görülməsəydi, indi müstəqil Azərbaycan Respublikası özünün böyük elmi, mədəni, intellektual potensialı ilə fəxr edə bilməzdi".

Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə Bakı Dövlət Universiteti böhranlı vəziyyətdən çıxaraq maddi-texniki bazasını və elmi potensialını, habelə beynəlxalq əlaqələrini gücləndirmiş, flaqman ali təhsil müəssisəsi statusunu bərpa etmiş, cəmiyyətin inkişafına öz töfhələrini vermişdir. 2000-ci ildə ulu öndərin sərəncamı əsasında universitetə özünüidarəetmə - muxtariyyət statusunun verilməsi onun dinamik inkişafında yeni mərhələ açmış, tədris prosesinin keyfiyyətinin daha da yüksəlməsini, tədris-tərbiyə prosesinin müasir standartlara uyğun qurulmasını təmin etmişdir.

 

Azərbaycançılığı milli ideologiyaya çevirən rəhbər

 

Mürəkkəb tarixi şəraitdə Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev milli problemlərin həlli baxımından xalqın mənəvi-ideoloji birliyinə, vətəndaş həmrəyliyinə nail olmağı, konkret milli ideya və ideologiya ətrafında birləşməsini də vacib saymışdır. Ulu öndər milli ideologiyanı konkret dövr üçün gündəlikdə olan milli ideyanın həyata keçirilməsi vasitəsi kimi dəyərləndirmiş, onun səfərbəredici rolunu daim önə çəkmişdir. Heydər Əliyevin Vətən və xalq qarşısında böyük xidmətlərindən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir.

Azərbaycanın müasir fəlsəfi fikir tarixinin görkəmli tədqiqatçısı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində bu məsələyə xüsusi toxunaraq yazır: "Son 20 ildəki siyasi inkişaf göstərmişdir ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyildir, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır. Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, "azərbaycançılıq" ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürmüşdür. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni, biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcəkdir".

Ümumilli lider demişdir ki, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.

Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun, Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır.

Azərbaycan hakimiyyəti son 10 ildə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışır. 2001-ci ilin yaddaqalan hadisələrindən biri də noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.

Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olmuşdur.

 

Modernləşməyə xidmət edən demokratik-hüquqi islahatlar

 

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında mühüm xidmətlərindən biri də modernləşmə yönümündə demokratik və huquqi islahatların həyata keçirilməsidir. Bütün səylərini səfərbər edərək dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanat səviyyəsindən çıxararaq möhkəmləndirən böyük strateq Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyasının təkamül yolu ilə reallaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirmişdir.

Ulu öndər Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi ilə ölkədə sivil parlamentarizm ənənəsinin qoyulduğunu, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən qanunların müasirləşməsi prosesinin geniş vüsət aldığını da xüsusi vurğulamaq lazımdır. Ümummilli lider kifayət qədər mürəkkəb və ziddiyyətli bir dövrdə parlamentə rəhbərlik etməsinə baxmayaraq, qanunverici orqanın effektiv, məqsədyönlü fəaliyyətini təmin etmiş, bir sıra qanunların qəbuluna nail olmuşdur. Məhz bu mərhələdən parlamentin cəmiyyətidəki rolu artmış, hüquqi dövlət quruculuğu prosesindəki fəaliyyəti güclənmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması respublikamızın gələcək inkişaf prioritetlərini müəyyənləşdirmiş, iqtisadi, siyasi və hüquqi islahatların bazisinə çevrilmişdir. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini ali məqsəd kimi önə çəkilmişdir.

1995-ci ilin 12 noyabrında Konstitusiyanın qəbulu ilə yanaşı, həm də Azərbaycan Respublikası Milli Məclisinə I çağırış seçkilər keçirilmiş, demokratik şəraitdə ilk parlament formalaşdırılmışdır. Parlament qarşısına qoyduğu vəzifələri - ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycanın Avropa xalqları ailəsinə inteqrasiyası, bu məqsədlə cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü islahatların həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması, möhkəmləndirilməsi və təkmilləşdirilməsi kimi vəzifələri uğurla yerinə yetirmiş, qanun yaradıcılığı işində dünyanın qabaqcıl demokratik ölkələrinin təcrübəsindən bəhrələnmiş, qanunvericilik fəaliyyətində istər kəmiyyət, istərsə də keyfiyyət göstəriciləri baxımından böyük nailiyyətlər qazanmışdı.

Milli Məclis qanunların təkmilləşdirilməsi mərhələsində təkcə beynəlxalq təcrübəni öyrənib tətbiq etməklə kifayətlənməmiş, eyni zamanda, müxtəlif beynəlxalq konvensiya və sazişləri ratifikasiya etməklə insan hüquq və azadlıqlarına sadiqliyini sübuta yetirmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında sistemli şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının, siyasi liberallaşmaya xidmət edən tədbirlərin əsasında insana qayğı, şəxsiyyətə və insan ləyaqətinə hörmət amili dayanmışdır. 1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyevin imzaladığı "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili təsisatının, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da ulu öndər Heydər Əliyevin necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü təsdiqləyir. Bu humanizmin nəticəsidir ki, respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Müqayisə üçün bildirək ki, o vaxt Avropa Şurasının üzvü olan bir sıra dövlətlər belə analoji addımı atmamışdılar. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.

Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğuna xidmət edən mütərəqqi hüquqi-siyasi islahatları davam etdirməklə yanaşı, həm də milli maraqlara xidmət edən çevik xarici siyasət xətti yürütmüş, ölkənin milli maraq və mənafelərini daim uca tutmuşdur. Son 15 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

 

İslahatlar prosesində yeni mərhələ

 

Hər bir ölkədə demokratik inkişafın leytmotivini çoxluğun iradəsinə söykənən fundamental qərarların qəbulu təşkil edir. 2003-cü ilin 15 oktyabr seçkilərinin nəticəsi olaraq xalqımız uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış, siyasətin davamlığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoymuşdur. Heydər Əliyev siyasətinin alternativsizliyi qənaətini özü üçün tam yəqinləşdirmiş Azərbaycan xalqının cənab İlham Əliyevi strateji islahatlar kursunun layiqli davamçısı görməsi bir sıra reallıqlarla şərtlənmiş, obyektiv zərurətdən irəli gəlmişdir. 1995-2003-cü illərdə fəalliyyət göstərdiyi sahələrdə özünü vətənpərvər, praqmatik, təşkilatçı və yüksək idarəçilik keyfiyyətlərinə malik şəxsiyyət kimi təsdiqləyən cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun etimad və inamını qazanmaqla şəksiz qələbəsini təmin etmişdir.

Dövlətə rəhbərlik missiyasını üzərinə götürən liderin şəxsiyyətcə bütöv, iradəli və sarsılmaz olması xalqın özünə inamını təmin etməklə bahəm, hər bir vətəndaşın sabit yaşam tərzinə imkan yaradır. Bu mənada cənab İlham Əliyev elə ilk andan dövlət maraqları ilə bağlı həlledici məqamlarda qətiyyətli mövqe tutduğunu, bir çoxları üçün çətin və riskli görünən siyasi gedişlərdən belə çəkinmədiyini sübuta yetirmişdir. 2003-cü ilin məlum 15-16 oktyabr iğtişaşlarının qarşısını xalqın iradəsi ilə alan dövlət başçısı ictimai-siyasi sabitliyin etibarlı təminatçısı olduğunu bir daha nümayiş etdirmiş, üzləşdiyi ilk dövlətçilik imtahanından uğurla çıxmışdır. İfrat radikal qüvvələrin dağıdıcı addımlarını zərərsizləşdirən Prezident İlham Əliyev, ilk növbədə, xalqa dövlətçilik sükanının etibarlı əllərdə olduğu mesajını vermişdir. 2003-cü ilin 15 oktyabr seçkiləri, eyni zamanda, respublikamızda möhkəm, heç bir qüvvənin sarsıtmağa gücü çata bilməyəcək siyasi həmrəyliyin, dövlət idarəçilik mexanizmlərinin mövcudluğunu göstərmişdir.

Ümummilli liderin 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən ona özüm qədər inanıram" deyə layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azərbaycan xalqının seçimində yanılmadığını bir daha təsdiqləyir. Cənab İlham Əliyevin son 8 illik fəaliyyətinin üstün cəhəti bundan ibarətdir ki, dövlət başçısı praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

Konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasını yeni mərhələdə inamla davam etdirən dövlət başçısı qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması naminə bir sıra mühüm addımlar atmışdır. 1994-cü ildən respublikamızda inamla reallaşdırılan yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

İqtisadi inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.

Dövlət başçısı İlham Əliyevin 8 illik fəaliyyəti, eyni zamanda, ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə də zəngindir. Bu müddətdə elmin və təhsilin inkişafına diqqət artırılmış, maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Büdcədə elm və təhsil üçün nəzərdə tutulmuş xərclərin ildən-ilə artırılması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması da bu diqqətin əyani təzahürüdür.

Prezident İlham Əliyev praqmatik lider kimi yeni dünya nizamının inkişaf meyillərini nəzərə alaraq neftdən qazanılan böyük vəsaitlərin ilk növbədə insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə inkişafın təmin edilməsini zəruri sayır. Respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması bu sahələrə diqqətin artırılmasını zərurətə çevirir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində haqlı olaraq yazır: "İstənilən genişmiqyaslı sosial dəyişikliklər motivasiyalı sosial qrup olmasını tələb edir, bunsuz həmin dəyişiklikləri həyata keçirmək mümkün deyildir. Tədqiqatçıların fikrincə, "biliklər cəmiyyəti", "biliklər iqtisadiyyatı", "informasiya sivilizasiyası", "innovasiya modernləşməsi" trendinə keçid dövründə kreativ modernləşdirmə qrupu bu cür sosial komponent ola bilər. Məhz həmin qrup insan kapitalının təkrar istehsalının subyekti, mədəni resursların və informasiya resurslarının daşıyıcısı kimi innovasiyaların əsas generatorudur".

Ölkədə elmin, təhsilin, informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən sistemli və ardıcıl siyasət Bakı Dövlət Universitetinin də həlledici uğurlarını təmin etmişdir. Möhtərəm Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə universitet əsaslı təmir olunmuş, yeni korpusu istifadəyə verilmiş, maddi-texniki bazası daha da möhkəmləndirilmişdir.

Bu gün milli tərəqqi və inkişaf istiqamətində həyata keçirilən islahatların uğurlu nəticələri universitetdə tədris-tərbiyə prosesinin keyfiyyətini yüksəldir, müasir düşüncəli, kreativ ruhlu Azərbaycan vətəndaşının formalaşdırılması məqsədinin gerçəkləşməsini təmin edir. Universitetin professor-müəllim heyəti və tələbələri əmindirlər ki, ulu öndərin xaos və anarxiyadan qurtarıb yüksəliş yoluna çıxardığı Azərbaycan qarşıdakı illərdə daha da inkişaf edəcək, qarşıya qoyduğu bütün məsələlərin uğurlu həllinə nail olacaqdır.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 6.