Hüquqi və demokratik inkişaf konsepsiyasının müəllifi

 

Taleyin sərt hökmü ilə neçə əsrlər gerçəkləşməyən xalqımızın müstəqil dövlət qurmaq arzusu dərin nisgilə çevrilsə də, daxili inama söykənən azərbaycanlılar qərinələr boyu milli kimliklərini qoruya, millət kimi mövcudluğunu təsdiq edə bilmişlər. Məhz bu inamın, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qalmış, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilməmişdir.

Bu gün 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində Vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi yoluna çıxaracaq yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

Xalqın Heydər Əliyev fenomeninə olan sarsılmaz inamı və bu inama olan yüksək ehtiram sarsılmaz vəhdət yaradaraq bütövlükdə Azərbaycan dövlətçiliyini məhv olmaq, ölkəni parçalanmaq, vətəndaşı isə qardaş qırğını təhlükəsindən hifz etmişdi. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. Dövlətçiliyin taleyi baxımından ağrılı, çətin günlərdə xalq gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə qəlbən güvəndiyi liderə - Heydər Əliyevə etibar etmiş, onun rəhbərliyi altında üzləşdiyi fəlakətdən xilas olacağına böyük ümid bəsləmişdir. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır yükün altına vermiş, məsuliyyətdən çəkinməmiş, əsl liderlərə xas bir şəkildə dövlətinin üzləşdiyi faciələrə biganə qalmamışdır.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından qaynaqlanmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyanın keçid müddəalarında, Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq, bir sıra demokratik hüquqi islahatların həyata keçirilməsi öhdəlik kimi qəbul edilmiş və bu öhdəliyin yerinə yetirilməsi yönündə bir sıra mühüm addımlar atılmışdır.

Avropa ölkələrində hamılıqla qəbul edilmiş standart və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual Məcəllənin, habelə məhkəmə-hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasının əsası qoyulmuşdur. Ulu öndərin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların təkmil beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında" 10 iyun 1997-ci il tarixli, "Konstitusiya məhkəməsi haqqında" 21 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunları, həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında" və 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanları insan hüquq və azadlıqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açmışdır.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, hər bir ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi məhkəmələrlə yanaşı, məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən və təkmil mexanizmlər üzərində qurulmasından bilavasitə asılıdır. Ümummilli lider hələ 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhkəmə sistemində aparılan islahatları hüquqi dövlət quruculuğunun mühüm şərti saymışdır. Azərbaycan Konstitusiyasında məhkəmə hakimiyyəti ilə bağlı geniş əksini tapmış prinsiplər beynəlxalq standartlara tam cavab verməklə yanaşı, respublikamızda tamamilə azad, şəffaf və müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına hüquqi zəmin yaratmışdır. Əsas Qanunda təsbit olunmuş məsələlər bir daha təsdiqləyir ki, respublikada məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan müdafiə edən, dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən müstəqil dövlət hakimiyyəti qoludur.

BMT-nin 1985-ci il 29 noyabr tarixli qətnaməsi ilə bəyənilmiş "Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri"ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən "Məhkəmələr və hakimlər haqqında" qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi xüsusi təsbit olunmuşdur. Məhkəmə-Hüquq Şurası qanuna müvafiq olaraq hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə ilk dəfə 2000-ci ildə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Bu məqsədlə bir sıra zəruri tədbirlər görülmüş, müstəqil və demokratik məhkəmə hakimiyyətinin formalaşdırılması sahəsində zəngin ənənələri olan dövlətlərin qabaqcıl təcrübəsi öyrənilmiş, Azərbaycan Respublikasında hakimliyə namizədlərin seçilməsi qaydaları təsdiq edilmişdir.

2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş mütərəqqi ruhlu dəyişikliklərin mühüm bir qismi də məhkəmə hakimiyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apelyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək, onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları son illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilir. Həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin müstəsna olaraq məhkəmələrin səlahiyyətinə aid edilməsi, cəmiyyətin sürətli inkişafı və ölkənin beynəlxalq qurumlara daha sıx inteqrasiya etməsi Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi zərurətini doğurmuşdur. Bu baxımdan son illərdə ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatında bu müstəqil hakimiyyət institutunun rolunun artırılmasına xüsusi diqqət yetirilir.

Tarixə çevrilmiş 2010-cu il müstəqil Azərbaycan üçün təkcə mühüm sosial-iqtisadi göstəricilərlə deyil, eyni zamanda, məhkəmə-hüquq sistemində uğurlu nəticələrin qazanılması, əvvəlki illərdən start verilmiş mütərəqqi islahatların ardıcıl şəkildə davam etdirilməsi ilə əlamətdar olmuşdur. Məhkəmə sisteminin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi, obyektiv və şəffaf şəraitdə peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini məqsədinə xidmət edən mütərəqqi islahatlar il ərzində uğurla davam etdirilmişdir. 2010-cu ildə regionlarda və paytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Məhkəmələrdə iş yükünün çoxluğu nəzərə alınaraq Məhkəmə-Hüquq Şurasının təklifi ilə hakimlərin sayı bu il 25 faiz, məhkəmə aparatı işçilərinin sayı 60 faizədək artırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatı təsis olunmuşdur.

Ümumiyyətlə, son illər ardıcıl şəkildə gerçəkləşdirilən məhkəmə islahatları yalnız bir məqsədə - insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına xidmət edir. Bütün bunlar həm də Azərbaycanda həyata keçirilən islahatların əsasında insan və vətəndaş amilinin dayandığını əminliklə söyləməyə ciddi əsaslar verir.

 

 

Hikmət MİRZƏYEV,

Azərbaycan Respublikası Ali Məhkəməsinin

inzibati-iqtisadi kollegiyasının sədri

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 7.