"Müstəqillik"dən
müstəqilliyə gedən yol
Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə hazırlaşan Azərbaycan Respublikası ötən illərdə nail olduğu böyük nailiyyətlərlə bu gün Cənubi Qafqazın lokomotiv dövləti kimi çıxış edir, iqtisadi və siyasi maraqlarını əzmlə qoruyur. İqtisadi sahədə keçid dövrü kimi səciyyələnən çətin və mürəkkəb mərhələni geridə qoyan respublikamız üzləşdiyi bütün təzyiqləri inamla dəf edərək regionda tam müstəqil siyasət yeridir. Azərbaycan bu gün həm də regional məsələlərdə əsas rol oynayan ölkələrdən biridir - respublikanın iştirakı olmadan regionda heç bir strateji layihənin gerçəkləşdirilməsi mümkün deyildir.
Ötən 20 ilin reallıqları sübut edir ki, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək onu əldə etməkdən daha çətindir. Bu həqiqət dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Respublikasının yaxın tarixi keçmişinə nəzərən bir daha təsdiqini tapır. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktını qəbul edən, müstəqilliyini deklorativ olaraq təsdiqləyən respublikamızda cərəyan edən xaotik proseslər - ictimai-siyasi sabitliyin olmaması, qanunların addımbaşı pozulması, hüquqi nihilizmin baş alıb getməsi, vətəndaş qarşıdurması meyillərinin güclənməsi göstərdi ki, müstəqilliyin qazanılması hələ onun qorunub saxlanılacağı və dövlətçiliyin dayanıqlı təməllər üzərində formalaşacağı anlamına gəlmir.
Müstəqilliyini qanı, canı bahasına bərpa etmiş müdrik xalqımızın 1991-ci ildən 1993-cü ilin iyun ayınadək böyük sarsıntı və fəlakətləri yaşamaq məcburiyyətində qalması, son nəticədə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Yaranmış vəziyyət Azərbaycanın müstəqilliyinin də deklorativ səciyyə daşımasına gətirib çıxarmış, dövlətin suveren hüquqlarının reallaşdırılmasında əsaslı maneəyə çevrilmişdi. Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların de-yure tanıdığı Azərbaycanda de-fakto dövlət təsisatlarının qurulması, müstəqil dövlətçilik atributlarının formalaşdırılması obyektiv sosial zərurətə çevrilmişdi. Xüsusən də, AXC-Müsavat iqtidarının 1 illik naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi.
Respublikada xaos və anarxiya hökm sürürdü, iqtisadiyyat tamamilə dağıdılmış, gənclər müxtəlif qanunsuz silahlı birləşmələrə cəlb edilərək üz-üzə qoyulmuşdu. Azərbaycanın ərazisi müxtəlif "xanlıq" və "nüfuz dairələri"nə parçalanmış, Dağlıq Qarabağda isə torpaqlarımızın müdafiəsi taleyin ümidinə buraxılmışdı. Qanunsuz odlu silah gəzdirmək və tətbiq etmək adi məişət hadisəsinə çevrilmişdi. Ağır zirehli texnikaya və qanunsuz silahlı dəstələrə sahib olan siyasi partiyalar bir-birinə "əzələ" nümayiş etdirir və ölkədəki xaos və özbaşınalığı daha da mürəkkəbləşdirirdilər. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi, milli parlamentin formalaşdırlıması barədə düşünmək belə, istəməyən AXC-Müsavat cütlüyünün yüksək dövlət vəzifəsi tutan nümayəndələri məsuliyyətsiz siyasi bəyanatlar verməklə Azərbaycanı həm qonşu dövlətlərlə, həm də regionda geosiyasi maraqları olan dövlətlərlə az qala müharibə vəziyyətinə gətirmişdilər. Cinayətkarlığın səviyyəsi kritik həddə çatmışdı. Respublikada hakimiyyətsizlik hökm sürürdü. Azərbaycan xalqı vətəndaş müharibəsinin astanasına, Azərbaycan dövlətçiliyi isə məhv olmaq ərəfəsinə gətirilmişdi. Çünki Azərbaycanın coğrafi ərazisində dövlət deyil, AXC-Müsavat cütlüyünün nümayəndələrindən təşkil olunmuş "siyasi özfəaliyyət dərnəyi" mövcud idi. Heç bir idarəçilik təcrübəsi olmayan, səriştəsiz, dövlət quruculuğundan xəbərsiz "mitinq qəhrəmanları"ndan bundan artıq nə gözləmək olardı?!
1993-cü ilin iyun ayında o zamankı iqtidarın "milli qəhrəman" statusuna qaldırdığı Surət Hüseynovun Gəncədəki qanunsuz hərəkətləri, mərkəzi hakimiyyətə tabe olmaması isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, o zamankı iqtidara qarşı inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi bu silahlı qiyam respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Yaranmış münbit şəraitdən istifadə edən "Sadval" hərəkatı və həmin dövrdə mövcud olmuş digər etnik-hərbi qruplaşmalar dövlətçilik əleyhinə təxribatçı fəaliyyətlərini genişləndirirdilər. Cənubda qondarma "Talış-Muğan Respublikası"nın yaradılması Azərbaycanın ərazi bütövlüyünün pozulması, ölkədəki hakimiyyətsizliyin, xaos və anarxiyanın, qanunsuzluğun bariz təcəssümü idi.
Xalqın etimadsızlıq göstərdiyi hakimiyyəti zorla qorumaq üçün silaha əl atan AXC rəhbərləri 1993-cü il iyun ayının əvvəllərində Gəncədə ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdikdən sonra ölkədə vəziyyət daha dramatik vəziyyət almış, respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir. Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC iqtidarının Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında qeyd olunduğu kimi, "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi".
1993-cü ilin iyun ayında AXC-Müsavat iqtidarının Gəncə şəhərində baş qaldırmış silahlı olayları yatırmaq üçün məxfi əməliyyat keçirərək güc tətbiq etməsi isə ölkədəki siyasi böhranı daha da dərinləşdirdi. Ölkəni idarə etmək imkanında olmayan o zamankı naşı və səriştəsiz iqtidar belə bir gərgin vəziyyətdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyevi hakimiyyətə dəvət etmək məcburiyyətində qaldı. Ümummilli lider çox sonralar - 2002-ci il iyunun 15-də Naxçıvanda olarkən bu hadisəni xatırlayaraq deyirdi: "Xatirinizdədir, 1992-ci ilin oktyabr ayında, biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman, - bəziləri bunu da bizə çox gördülər, - Naxçıvanda dövlət çevrilişi etmək istədilər... Ancaq mən 9 il bundan öncə iyun ayında - 1992-ci ilin oktyabrından 1993-cü ilin iyun ayı arasında 7-8 ay fərq var idi - bizə hücum edənlərin, bizi devirmək istəyənlərin nə qədər aciz vəziyyətdə olduqlarını gördüm. Onlar nə qədər aciz vəziyyətdə idilər ki, hətta özləri devirmək istədikləri adama - Heydər Əliyevə müraciət etməyə məcbur oldular".
AXC-Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və riskdən çəkinməyərək silahlı dəstələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası, xalqın istəyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlancığına çevrildi.
1993-cü il iyunun 15-də Azərbaycan parlamentində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev respublikanı xaos və anarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağını bəyan etdi: "...Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".
Ulu öndər Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri seçilməsi böyük strateqin sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış, ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Heydər Əliyev iqtisadi islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atdı. İlk günlərdən Azərbaycanın perspektiv inkişaf prioritetlərini açıqladı, demokratik inkişafa doğru sürət götürmüş müstəqil Azərbaycan dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, habelə dünyada əhəmiyyətli dərəcədə artan sosial-siyasi reallığa çevirdi. Ordu quruculuğu, dövlət orqanlarının formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi, insanların maddi rifahının yaxşılaşdırılması, cinayətkarlıqla mübarizə, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, Azərbaycana investisiyaların cəlb edilməsi, xarici siyasət və digər sahələrdə ciddi uğurlar əldə edildi.
Azərbaycan dövlətinin de-fakto qurulması prosesini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayan xalqımız Heydər Əliyevi dəstəkləyir və bu proseslərin işıqlı gələcəyinə inanırdı. Mütərəqqi iqtisadi inkişaf strategiyasının seçilməsi, yeni neft strategiyasının məntiqi nəticəsi kimi "Əsrin müqaviləsi"nin imzalanması, özəlləşdirmə adı altında dövlət əmlakının ayrı-ayrı biznes maqnatlarının əlinə keçməsinin qarşısının alınması, dövlət aparatının və idarəçiliyinin təkmilləşdirilməsi, planlı iqtisadiyyat və bölgü sisteminin dağıdılaraq əvəzində milli sahibkarlıq sinfinin formalaşdırılması Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin yalnız cüzi qismidir.
Ulu öndərin 1993-cü ilin 15 iyununda Ali Sovetin sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etdi. Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başladı, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını aldı. Müzakirə və diskussiyaların sivil demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərdi, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına çıxarıldı. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Ümummilli liderin Milli Məclisdəki səlist, rəvan və yüksək məntiqə əsaslanan nitqləri, qətiyyətli mövqeyi, mürəkkəb vəziyyətlərdə çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün də böyük rəğbətlə xatırlanır.
Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil respublikamız hələ 1991-ci ildə müstəqilliyini dünyaya bəyan edərkən sivil, demokratik, hüquqi dövlət quracağı, hakimiyyətlərin bölgüsü prinsipinə sadiq qalacağı ilə bağlı üzərinə müəyyən öhdəlik götürmüşdü. Lakin Heydər Əliyevə qədər hakimiyyətdə olan qüvvələr Azərbaycanın müstəqilliyinin əsas atributlarından olan konstitusiyanın qəbulu istiqamətində heç bir addım atmamışdılar. Ulu öndər ölkədəki ictimai-siyasi sabitliyi və qanunçuluğu bərpa etdikdən dərhal sonra ilk milli Konstitusiyanın qəbulu istiqamətində qətiyyətli addımlar atdı. Böyük strateqin təşəbbüsü və rəhbərliyi altında, eyni zamanda, demokratik cəhətdən inkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi əsasında hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk müstəqil Konstitusiyanın 7-ci maddəsində hakimiyyətlərin bölgüsü prinsipi birmənalı əksini tapdı. Əsas Qanunun "Qanunvericilik hakimiyyəti" adlanan 5-ci fəslində Milli Məclisin vəzifə və səlahiyyətləri, fəaliyyət istiqamətləri, Milli Məclisin say tərkibi, deputatların seçilməsi, səlahiyyət müddəti və sair məsələlər dolğun əksini tapdı.
1995-ci ilin 12 noyabrında Konstitusiyanın ümumxalq referendumuna çıxarılması ilə paralel şəkildə Azərbaycan Respublikası Milli Məclisinə ilk demokratik, azad seçkilərin keçirilməsi təmin edildi. Müstəqil Azərbaycanın tamamilə şəffaf şəraitdə formalaşmış I çağırış Milli Məclisi ilk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurdu, çevik və məhsuldar fəaliyyət göstərməyə başladı. Azərbaycan parlamenti milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması naminə gərgin fəaliyyət göstərdi, ictimai etimadı doğrultmağa çalışdı. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmini məqsədilə aparılan islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanırdı.
Ölkəmizin başçısının "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında bununla bağlı deyilir: "1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir".
İslahatların uğurla aparılması üçün sovet dövründən qalmış qanunların müasirləşdirilməsi, habelə yeni qanunların qəbulu son dərəcə vacib idi. Geniş miqyaslı islahatlara başlayan ulu öndər yaxşı bilirdi ki, bu prosesin ağrısız keçməsi, vətəndaşların mənafeyinə ziyan vurmaması üçün ilk növbədə mükəmməl qanunvericilik bazası formalaşdırılmalıdır. Qanunvericilik təşəbbüsü əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanunları Milli Məclisin müzakirəsinə göndərən Heydər Əliyev onların demokratik prinsiplərlə və aşkarlıq şəraitində müzakirəsini də vacib sayırdı. Bu qanunların bir qismi ölkənin gələcək taleyi baxımından müstəsna əhəmiyyətə malik idi. Milli Məclisin 1995-ci il iyulun 3-də keçirilən iclasında Heydər Əliyev milli maraqları əsas tutaraq AXC-Müsavat iqtidarı dövründə xarici şirkətlərlə neft yataqlarının mənimsənilməsi sahəsində aparılan bütün danışıqların müvəqqəti olaraq dayandırıldığını bəyan etdi. 1994-cü il sentyabrın 20-də imzalandıqdan sonra parlamentdə ratifikasiya edilmiş "Əsrin müqaviləsi" isə xalqın və dövlətin maraqlarına tam cavab verməklə, Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Daha sonra xarici şirkətlərlə imzalanmış neft müqavilələrinin parlamentdə təsdiqi ölkə iqtisadiyyatına yatırılan sərmayələrin etibarlı şəkildə qorunacağına Azərbaycan Prezidenti və Milli Məclisi səviyyəsində verilən yüksək təminat idi.
Sonrakı illərdə də Milli Məclis ölkənin iqtisadi sahədə suveren hüquqlarını möhkəmləndirmək, müstəqil iqtisadi siyasət aparılmasını təmin etmək üçün qanunvericilik bazası üzərində fəal iş apardı. Azərbaycanın iqtisadi siyasətinin başlıca istiqamətini müxtəlif mülkiyyət formalarından geniş istifadə etməklə yeni iqtisadi sistemə, bazar iqtisadiyyatına keçid və dünya təsərrüfat sisteminə inteqrasiya prosesi təşkil edirdi. Milli iqtisadiyyata investisiya qoyuluşları, habelə sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün normativ-hüquqi bazanın formalaşdırılması vacib məsələlərdən idi. Bu baxımdan 1994-cü il iyulun 1-də Milli Məclisdə qəbul olunmuş "Müəssisələr haqqında" qanun Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrin təşkilati-hüquqi formaları, onların yaradılması, idarə edilməsi və fəaliyyəti şərtlərini müəyyən edir, müəssisələrin təsərrüfat müstəqilliyinə və hüquq bərabərliyinə təminat verirdi. 1994-cü il 16 sentyabr tarixli "Auditor xidməti haqqında" qanunda isə təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, eyni zamanda, təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidmətinin əsas vəzifəsi kimi müəyyən edilirdi.
Torpaq islahatı kimi taleyüklü problemin uğurlu həllində də Milli Məclisin tarixi xidmətlərini xüsusi vurğulamaq lazımdır. Belə ki, 1996-ci il iyulun 16-da parlament torpaq islahatının aparılmasının hüquqi əsaslarını müəyyən edən "Torpaq islahatı haqqında" qanun qəbul etdi. Qanuna əsasən torpaq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz olaraq verilirdi. Respublikanın vahid torpaq fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti formaları müəyyən olundu. Torpaq mülkiyyətçisinin torpağa sahiblik, ondan istifadə və sərəncam hüququ təsbit edildi. Torpaq islahatının məqsədini müəyyən edən qanun, iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatı və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədini daşıyırdı.
Milli Məclis iqtisadi münasibətlərdə inhisarçılığın qarşısının alınması və haqsız rəqabətə yol verilməməsi üçün 2 iyun 1995-ci il tarixdə "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununu qəbul etdi. Bu qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini müəyyən edirdi.
Ali qanunverici orqanın iqtisadi sahədə qəbul etdiyi mühüm sənədlərdən biri də 13 iyun 1995-ci il tarixli "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanılması, icrası və ləğv edilməsi qaydaları haqqında" qanun idi. 5 fəsil 26 maddədən ibarət qanunun məqsədi ölkə Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq hüququn prinsip və normalarına müvafiq surətdə Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydalarını müəyyənləşdirirdi.
Ümumiyyətlə, 1993-cü ildən 2003-cü ilədək Milli Məclisdə qəbul olunmuş iqtisadi qanunlar mükəmməlliyi ilə seçilərək, Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Bu illərdə parlamentdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.
Ulu öndər milli dövlət quruculuğu baxımından demokratik parlament seçkilərinin əhəmiyyətini də xüsusi olaraq önə çəkirdi. 2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər ölkədə demokratiyanın inkişafı və hüquqi dövlət quruculuğu yolunda irəliyə doğru addım oldu. 2001-ci il yanvarın 17-də respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi, milli qanunvericiliyin Avropa standartlarına uyğun təkmilləşdirilməsi sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Xüsusi vurğulamaq lazımdır ki, 2000-2003-cü illərdə AŞ PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri olmuş cənab İlham Əliyev təşkilat çərçivəsində Azərbaycanın milli maraq və mənafeyini layiqincə təmsil etdi, respublikamızın bu coğrafi arealda sivil, demokratik, dünyəvi dövlət imicinin daha da möhkəmlənməsinə nail oldu. Həmin dövrdə həm də Azərbaycanı təşkilatda təmsil edən parlament nümayəndə heyətinin fəaliyyətinin taktiki və strateji istiqamətləri müəyyənləşdi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 8 illik prezidentliyi dövründə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələri daha da genişləndi. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın Avropanın enerji təhlükəsizliyindəki rolunun güclənməsi, ümumilikdə Azərbaycanın regionda sülh, sabitlik və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarı qismində çıxış etməsi parlamentin beynəlxalq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadı.
Bu gün Milli Məclis Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin, Türkdilli Ölkələrin Parlament Assambleyasının tamhüquqlu, NATO Parlament Assambleyasının assosiativ üzvüdür. Bu əlaqələr Azərbaycanın haqq səsinin - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da mövcud imkanları genişləndirmişdir. Təsadüfi deyil ki, Avropa Parlamenti, o cümlədən İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin qanunverici orqanları Cənubi Qafqazla bağlı qəbul etdikləri qətnamələrdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini dəstəkləmişlər. Bütün bunlar isə Azərbaycan Respublikası Milli Məclisinin diplomatiya sahəsində də uğurlu fəaliyyət göstərdiyindən xəbər verir.
Hazırda parlamentdə 70-dən çox ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır. Bu qruplar qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsində, parlamentin beynəlxalq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayırlar. Azərbaycanın parlament nümayəndə heyətləri xarici ölkələrdə işgüzar səfərlərdə olur, habelə Milli Məclisdə xarici ölkələrin siyasi və dövlət xadimləri, parlament üzvləri ilə görüşlər təşkil edilir. Bütün bunlar həm də qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir. Azərbaycan parlamenti ölkənin beynəlxalq əlaqələrinin inkişafına layiqli töhfəsini verməklə yanaşı, respublikanın demokratik imicinin yüksəlməsində də sözünü deyir.
Ölkə həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi fond Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsi ilə bağlı dünya icimaiyyətinin obyektiv məlumatlandırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyevin lider və şəxsiyyət kimi böyüklüyü həm də özündən sonra layiqli siyasi davamçı yetişdirməsidir. Ötən 8 ildə irs-varislik ənənələrini rəhbər tutan Azərbaycan Prezidenti İlham Əliyev ötən illərdə Milli Məclisin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, xüsusən də, maddi-texniki bazasının təkmilləşdirilməsi, Milli Məclis deputatlarının normal iş şəraiti ilə təmin olunması sahəsində mühüm tədbirlər həyata keçirmişdir.
Dövlət başçısının qayğısı ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası müasir tələblər səviyyəsində əsaslı təmir olundu, onun yeni korpusu inşa edildi, ekstreyeri və interyeri əsaslı şəkildə müasirləşdi, ətraf ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparıldı. Nəticədə ulu öndərin yadigarı olan bu möhtəşəm kompleks hazırda paytaxt Bakının ən modern, görkəmli tikililərindən biri kimi şəhərimizin qonaqlarında da yüksək təəssürat doğurur. Deputatların normal iş fəaliyyətinin təmini istiqamətində mühüm addımlardan biri də onlara xüsusi köməkçilərin ayrılması oldu.
2010-cu ilin 7 noyabrında IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin tamamilə azad, ədalətli və demokratik şəraitdə keçməsi son illərdə əldə olunmuş inkişaf göstəricilərinin qorunub saxlanılması, habelə ictimai həyatın bütün sahələrini əhatə edən mütərəqqi qanunların qəbulu baxımından müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, indiki inkişaf mərhələsi bir sıra yeni qanunvericilik aktlarının qəbulunu, habelə mövcud qanunlara əlavə və dəyişiklikləri zəruri edir. IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin tərkibi deməyə əsas verir ki, parlament qarşıdakı illərdə bu missiyanın öhdəsindən layiqincə gəlməyə qadirdir.
IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev deputatlara gələcək fəaliyyətlərində uğurlar arzuladı, onların qarşıdakı fəaliyyətinin məhsuldar olacağına ümidvar olduğunu bildirdi. Cənab İlham Əliyev son parlament seçkilərinin Azərbaycanın demokratik, hüquqi və siyasi inkişafında keyfiyyətcə yeni mərhələ açdığını da razılıqla vurğuladı: "Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək, Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır".
Milli qanunvericilik sisteminin təkmilləşdirilməsi prosesinə xüsusi qayğı ilə yanaşan dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında son 8 ildə ölkə həyatı üçün son dərəcə vacib əhəmiyyətə malik çoxlu sayda qanun və qərarlar qəbul edildi, parlamentin ölkənin ictimai-siyasi həyatında rolu daha da yüksəldi. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının yekunları isə deməyə əsas verir ki, bu gün parlamentdə qəbul edilən qanunlar hüquqi bazanı möhkəmləndirməklə yanaşı, Azərbaycan hakimiyyətinin kompleks inkişafına dair həyata keçirdiyi siyasi kursa mühüm töfhədir.
Əminliklə demək olar ki, Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi əbədiyaşarlıq zirvəsinə yüksəlmiş Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı parlamentarizm ənənələri son illərdə möhkəmlənmiş, sivil Qərb təcrübəsinin pozitiv elementləri ilə zənginləşmişdir. Bu gün hüquqi, demokratik dövlət quruculuğu prosesındə yaxından iştirak edən Milli Məclis ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən mütərəqqi ruhlu qanunlar, qərarlar qəbul edir, ölkəmizin milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir.
Ölkə parlamenti Heydər Əliyev ideallarına sadiq qalaraq hər bir məsələdə məhz ölkə vətəndaşlarının mənafeyini uca tutur, yeni qanunların insanların maraqlarına maksimum dərəcədə cavab verməsinə çalışır. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə öz səmərəli fəaliyyəti ilə dəstək verən Azərbaycan Respublikasının Milli Məclisi qarşıdakı müddətdə də ölkənin hərtərəfli inkişafı üçün bütün səy və imkanlarından istifadə edəcəkdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.-15 iyun.- S. 8.