Azərbaycan Ağsaqqallar Şurasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir

 

Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbiri şuranın sədri, akademik Budaq Budaqov açaraq Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkənin qarşısında çox ciddi və mühüm vəzifələr dayanmışdı. Bir tərəfdən müstəqil dövlət qurulmalı, digər tərəfdən Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısı alınmalı, sosial-iqtisadi sahələrdə mühüm vəzifələr islahatlar yolu ilə həll edilməli idi.

Lakin çox təəssüf ki, həmin dövrdə hakimiyyətdə olan dairələr bu vəzifələrin öhdəsindən gələ bilmədilər. Əvəzində vəziyyət daha da pisləşmiş, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Belə ağır vəziyyətdən çıxış yolunu Heydər Əliyevi Bakıya, hakimiyyət sükanının arxasında dayanmağa dəvət etməkdə görən Azərbaycan xalqı məhz ümummilli liderin gərgin səyi nəticəsində təhlükələrdən qurtulmuşdur.

Tədbirdə AAŞ sədrinin müavini, Milli Məclisin deputatı Fəttah Heydərov və başqaları çıxış edərək vurğulamışlar ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcraya yönələ bilərdi. Azərbaycan parçalanar, erməni işğalı daha geniş ərazini əhatə edərdi. Ümummilli liderin yenidən hakimiyyətə qayıdışı və xalqın onun ətrafında sıx birləşməsi Azərbaycanı həmin təhlükəli məqamlardan uzaqlaşdırdı. Odur ki, indiki və gələcək nəsil bu dövləti bizə bəxş etdiyinə görə ulu öndər Heydər Əliyevə borcludur. Bu baxımdan da Milli Məclisin 15 iyunu müasir tariximizə Milli Qurtuluş Günü kimi daxil etməsi çox düzgün qərar idi. Hər il bu bayramın təntənəli surətdə qeyd olunması, Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi xalqın öz xilaskarına ehtiramının əyani təcəssümüdür.

 

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 11.