Özbəkistanın müdafiə naziri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olmuşdur

 

Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyunun 14-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elektron Hesablayıcı Maşınlar Zavodunda olmuşdur.

MSN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqlara Elektron Hesablayıcı Maşınlar Zavodunun fəaliyyəti ilə bağlı geniş məlumat verilmişdir.

Özbəkistan nümayəndə heyəti zavodda zirehli texnikaların istehsal prosesini izləmişlər. Sonra nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların sərgisinə baxış olmuşdur.

Qonaqlar nazirliyin "Şərq" İstehsalat Birliyinin "AZAD Systems Co." müəssisəsində pilotsuz uçan aparatların istehsal prosesini izləmiş, Bakı "Cihazqayırma" zavodunda modernizasiya edilən zirehli maşınlara baxmışlar.

 

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 11.