Qız qalasında muzey konservasiyası işlərinə başlanılmışdır

 

Qız qalası abidəsinin muzey konservasiyası işlərinə başlanılmışdır. Bərpa işləri Avstriyanın "Atelier Erich Pummer" şirkəti tərəfindən aparılır.

Bu barədə AzərTAc-a məlumat verən şirkətin Azərbaycandakı nümayəndəliyi müdirinin müavini Çingiz Neymanzadə bildirmişdir ki, işlərin aparılmasında məqsəd abidənin fasadını konservasiya etməkdir. Ç.Neymanzadə demişdir ki, Qız alasının fasadı bərbad vəziyyətdədir. Qalanın daşları arasında böyük boşluqlar yaranmışdır. Həmin boşluqlar da tikili üçün böyük təhlükədir. Biz xüsusi hazırlanmış məhlullar vasitəsilə boşluqları dolduracağıq. Bərpa zamanı tarixi abidəyə heç bir zərər gəlməməlidir. Qala heç bir kənar element əlavə edilmədən bərpa ediləcəkdir.

Çingiz Neymanzadənin sözlərinə görə, konservasiya işlərində xarici mütəxəssislərlə yanaşı, 4 nəfər yerli mütəxəssis də çalışacaqdır. Onlar xarici mütəxəssislərdən bərpa elminin sirlərini öyrənəcəklər. Sonradan həmin insanlar "Atelier Erich Pummer" şirkətinin rəhbərliyi altında Qız qalasının içərisində konservasiya işlərini davam etdirəcəklər.

İyunun 16-da "Atelier Erich Pummer" şirkətinin rəhbəri Erich Pummerin rəhbərliyi altında tarixi abidələrin problemləri ilə məşğul olan qrup Bakıya gələcəkdir. Qrup Qız qalası ilə bağlı xüsusi tədqiqat aparacaqdır. Qalanın konservasiyası 2013-cü ilin noyabrına kimi başa çatdırılmalıdır. Hələlik qalanın çöl tərəfində işlər gedir. Hazırda buraya ziyarətçilərin gəlməsi üçün heç bir problem yoxdur. Qalaya sərbəst şəkildə girib-çıxmaq mümkündür.

 

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 13.