Azərbaycanın Tacikistandakı səfirliyində Milli Qurtuluş Günü münasibətilə mərasim keçirilmişdir

 

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın Tacikistandakı səfirliyində mərasim keçirilmişdir. Tədbirdə Tacikistanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, paytaxtdakı Heydər Əliyev adına Dostluq və Mədəniyyət Mərkəzinin üzvləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri, jurnalistlər iştirak etmişlər.

Səfirliyin müşaviri İlham Zamanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat vermişdir.

Diplomat demişdir ki, Vətənimiz üçün ağır bir dövrdə xalqın tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi və 1993-cü il iyunun 15-də ulu öndər Azərbaycan parlamentinin sədri seçildi. Beləliklə də 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyini nəzərə alaraq, həmin günü bayram elan etmişdir.

Heydər Əliyev adına Dostluq və Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Əsədov bildirmişdir ki, yalnız Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində ölkədə ciddi islahatlar keçirilmiş, qısa müddət ərzində Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutmağa başlamışdır.

Sonra səfirlik tərəfindən rus və ingilis dillərində nəşr olunmuş, ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr edilmiş "Milli Qurtuluş yolunda böyük dönüş" adlı kitabının təqdimatı keçirilmişdir. Kitaba ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən disk də əlavə olunmuşdur.

Kitab Tacikistanın Xarici İşlər Nazirliyinə, səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə və yerli mətbuat orqanlarına göndərilmişdir.

Tədbir iştirakçıları Heydər Əliyev Fondunun hazırladığı "Dünyaya açılan pəncərə" sənədli filminə baxmışlar.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 15.