Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dünyaya tanıtmış, onu beynəlxalq aləmdə nüfuz sahibi etmişdir

 

Azərbaycan Respublikaının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Elmi əsaslara söykənən strategiya müasirləşmə və davamlı inkişafın mühüm amili kimi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə akademiyanın birinci prorektoru professor Əlikram Abdullayev müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi problemlərdən danışmış, 1993-cü il iyunun 15-nin tariximizə mühüm bir hadisə kimi daxil olduğunu vurğulamış, bu əlamətdar günün əhəmiyyətindən danışmışdır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 1993-cü il iyunun 15-nin ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmişdir. Natiq 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqın israrlı və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olmuşdur.

Ulu öndər Heydər Əliyevin misilsiz, titanik fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur. Dahi şəxsiyyət Azərbaycanı dünyaya tanıtmış, onu beynəlxalq aləmdə nüfuz sahibi etmişdir.

Tədbirdə "Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası: əsas nailiyyətlər və perspektivlər" mövzusunda məruzə dinlənilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 2.