Azərbaycan-Serbiya əməkdaşlığı
yeni mərhələyə qədəm qoyub
Bu günlərdə Serbiya Respublikasında iki məşhur azərbaycanlının - ümummilli lider Heydər Əliyevin və dahi bəstəkar, ictimai-siyasi xadim Üzeyir bəy Hacıbəylinin abidələri ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfəri zamanı hər iki abidənin, eləcə də serb xalqının böyük oğlu Milorad Paviçin abidəsinin açılış mərasimində iştirak edib. Belqradda Taşmaydan parkının açılışında çıxış edən dövlət başçısı hər iki xalqı birləşdirən dostluq münasibətlərinə toxunaraq demişdir: "Bu gün Serbiya-Azərbaycan əlaqələrinin inkişafında çox gözəl və əlamətdar bir gündür. Bu gün bizim tariximizdə dostluq günü kimi qalacaq. Bu gün Belqradın gözəl guşələrindən birində iki xalqın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılıb. Bu dostluq rəmzi, əminəm ki, hər iki xalqın qəlbində gözəl əks-səda verəcəkdir. Serb xalqının böyük oğlu, filosof və yazıçı Milorad Paviçin abidəsi, Azərbaycan xalqının böyük oğlu, dövlət xadimi, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin abidəsi bir-birinin yanında iki qədim xalqın dostluq rəmzinə çevrilibdir."
Yaxın günlərdə Bakıda serb xalqının dünya şöhrətli oğlu Nikola Teslanın abidəsinin ucaldılması da nəzərdə tutulur. "Bu gözəl hadisələr xalqlarımızı bir-birinə daha da yaxın edəcəkdir. Əminəm ki, ölkələrimiz də gələcəkdə bir-biri ilə daha da sıx əməkdaşlıq edəcəkdir," - deyə bu münasibətlə dövlət başçımız bildirib.
Serbiyanın Voyevodina muxtar diyarının paytaxtı Novi Sad şəhərində isə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin büstü açılıb. Azərbaycan Prezidenti İlham Əliyev büstün açılış mərasimində iştirak edib. Onu da xatırladaq ki, Novi Sad şəhəri 1864-cü ildə inşa olunub. XVII-XIX əsrlərdə bütün Serbiyanın mədəniyyət ocağı olan bu şəhəri bəzən "Serb Afinası" da adlandırırlar. Ölkənin ilk teatrı 1861-ci ildə məhz bu şəhərdə fəaliyyətə başlayıb. İndinin özündə də ən qədim mədəniyyət mərkəzləri, muzeylər, teatrlar bu şəhərdədir.
Hazırda Novı Sad şəhəri ölkənin sənaye və maliyyə, eləcə də əsas mədəniyyət mərkəzlərindən biri olaraq qalmaqdadır. Büstün yerləşdiyi park Avropanın ən böyük çaylarından biri olan Dunayın sahilindədir və şəhər sakinlərinin ən çox sevdiyi istirahət yerlərindən biridir. Son vaxtlar görülən abadlıq işlərindən sonra park daha da gözəlləşib, Üzeyir bəyin büstü isə bu gözəlliyə təkrarsız bir yaraşıq gətirib. Milli olduğu qədər də bəşəri olan Ü.Hacıbəylinin sənəti 100 ildən artıqdır ki, Vətənində olduğu kimi, xarici ölkələrdə də xüsusi bir rəğbətlə, məhəbbətlə sevilir. Bu dahi insanın yaratdığı əsərlər elə ilk gündən dünya mədəniyyətinin qızıl fonduna daxil olub.
Dahi bəstəkarın büstünün açılışı zamanı həmin parkda aparılan abadlıq və yenidənqurma işlərinə toxunarkən Serbiya Prezidenti Boris Tadiç bunu xüsusi qeyd etmişdir: "Zənnimcə, gözəl bir yerdir. Musiqiçilər gəlib burada əsərlərini ifa edə bilərlər. Təbii ki, burada yaşayan sakinlər, vətəndaşlarımız parka gəlib asudə vaxtlarını keçirə, istirahət edə bilərlər. Hesab edirəm ki, bu gün bu hadisənin baş tutması mədəni sahədəki əlaqələrimizə böyük bir töhfədir."
Elə həmin günlərdə Serbiyada Azərbaycan səfirliyinin iqamətgahının açılış mərasimində də iştirak edən Prezident İlham Əliyev görülən işlərə yekun vuraraq demişdir: "Bu gün yaddaşımızda gözəl gün kimi qalacaq, xüsusilə nəzərə alsaq ki, artıq Serbiyada Azərbaycan dövlətinin bir parçası da mövcuddur. Bizim səfirliyimiz, əminəm ki, fəal işləyəcək və iki ölkə arasındakı münasibətlərin inkişafı üçün dəyərli töhfəsini verəcəkdir. Deyə bilərəm, mən və əminəm ki, mənimlə bərabər buraya gəlmiş nümayəndə heyətinin üzvləri özümüzü Bakıdakı kimi hiss edirik."
Bir sözlə, hər üç hadisə - hər üç abidə Azərbaycanın artan gücündən və nüfuzundan xəbər verir. Buna isə illər, bəzən əsrlər tələb olunur. Axı heykəllər həmişə qoyulmur və heykəl ömrü yaşamaq hər kəsə nəsib olmur.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-17 iyun.- S. 1.